2 Oktyabr 2015 12:04
10 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən və Ramiz Məlik... Ramiz tez-tez mənə baş çəkərdi. Həmişə deyərdi ki, hər şey yaxşı olacaq, Vəfa! Ancaq özü də bilirdi ki, yalan danışır. Ramiz çox sadiq dost idi... Bir dəfə ona dedim ki, istəyirəm bir əsər yazılsın, adı da olsun ”302-ci palata" və orada səninlə baş rolda oynayaq. Əlbəttə, bu, bir xəyal idi. Tamaşanı bir aydan da artıq tək oynadım "Leçkomissiyanın" “302-ci palata”sında".

Bu sözlər Xalq artisti Ramiz Məlikə yazılmış məktubdandır. Ölümündən bir az əvvəl qələmə alınan bu cümlələr əməkdar artist, dövlət mükafatı laureatı, çox sevilən aktrisa Vəfa Fətullayevaya məxsusdur.

“302-ci palata” isə Onun arzularının, xəyallarının boğulduğu palata idi... Geriyə xatirələr qalırdı... Acısı ilə, şirinliyi ilə... Xatirələr və unudulmaz obrazlar qalereyası... Dostları ilə biz də o xatirələrə boylandıq, harayladıq... Beləliklə, böyük sənətkar xatirələrdə...

“Özümü balkondan atmaq istədim”

SSRİ Xalq artisti, sevilən sənətkar Hökümə Qurbanova və Xalq rəssamı Nüsrət Fətullayevin ailəsində dünyaya göz açır Vəfa... 1945-ci ilin avqustun 25-i idi. Hökümə xanım Rəsul Rzanın pyesində oynadığı Vəfa obrazının şərəfinə qızının adını Vəfa qoyur. İlk dəfə 8-9 yaşı olanda böyük səhnəylə tanış olur bu qızcığaz. “Qış nağıl”ı tamaşasında anasının övladı rolunda... 1968-ci ildə Vəfa sevdiyi bir insanla, idmançı Zaur Nağıyevlə ailə qurur. Amma izdivacları uzun sürmür...

Araşdırmalarımız zamanı “Facebook” sosial şəbəkəsində aktrisanın yaxınları tərəfindən yaradılan səhifədə maraqlı bir məqamla qarşılaşdıq. Aktrisanın xatirələrinə və gündəliklərinə istinadla təqdim olunan yazıda belə qeyd olunur: “Zaur mənim aktrisa olmağımı istəmirdi. Deyirdi sənətdə olan qadınların sonu tənhalıqla keçir... Bir gün yenə belə söhbətlərin birində Zaur acıq edib getdi...Mən isə özümə yer tapa bilmirdim, özümü balkondan atmaq istədim. Bacım güclə saxladı məni...Nailə məni apardı Zaurgilə. Biz danışdıq, hətta mən qara kəlağayı götürmüşdüm ki, istəsən, mən başımı bağlayaram...Nəhayət, 1968-ci ildə bizim toyumuz oldu... Çox xoşbəxt idik... İlk dəfə hamilə olduğumu Zaura deyəndə o, necə sevinirdi İlahi... Latviyaya getmişdi, qayıdanda bir çamadan dolu uşaq paltarı alıb gətirmişdi... Ancaq bu xoşbəxtlik uzun sürmədi, heç uşağımız olmadan ayrıldıq... Zaur biləndə ki, dəmir yol xəstəxanasının həkimi Gülçöhrə xanım onu ata olmaqdan məhrum edib mənə dediyi ”Vəfa, nə olmuşdu ki, ağır vedrə qaldırmışdın?!" sözü həyatım boyu yadımdan çıxmadı...."

O, 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Milli Dram Teatrının səhnəsində İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərində Fəridə, “Mahnı dağlarda qaldı” tamaşasında Gülgəz, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasında Şərəfnisə, M.İbrahimovun “Kəndçi qızı” əsərində Bənövşə, Anarın “Sizi deyib gəlmişəm” tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb.

Sevgisiz yaşamadı həyatını gözəl aktrisa, sevdi, hətta çox sevdi... Bu haqda çox danışılmasa da, dillərə dastan bir məhəbbət yaşadı Vəfa Fətullayeva...

“Vəfa o qədər məhəbbətlə dolu idi ki...”

Teatrşünas Məryəm Əlizadə: “Vəfa mənim yaxın rəfiqəm idi. Onu orta məktəbdə oxuyandan bəri tanıyırdım, elə o vaxtlardan da dostluq edirdik. O, incə qara saçları, gözəl gözləri, gülüşü ilə hamını heyran qoyurdu. Nikbin biri idi, yaşamağı sevirdi. Vəfanı görən hər kəs güman edərdi ki, o xoşbəxt həyat yaşayacaq. Mən bu gün o fikirdə deyiləm ki, Vəfa xoşbəxt olmadı. O, xoşbəxt oldu. Onun yanında olan biri kimi bunu hiss edirdim. Onu çox sevdilər, böyük məhəbbətlə sevdilər. Vəfa da böyük məhəbbətlə sevdi.

Bir neçə gündür ki, Vəfa haqqında internetdə olan məqalələrə baxıram. Onları oxuyandan sonra təəssüf hissi keçirdim. Bilirsiniz ki, Vəfanın anası bizim gözəl sənətkarımız Hökümə xanım olub. Böyük valideynin, böyük ananın, böyük sənətkarın qızı olmaq, üstəlik onun sənətini davam etdirmək, onunla bir səhnədə çalışmaq asan iş deyildi. Mən sizi inandırım ki, Hökümə xanımın böyük şəxsiyyəti, istedadı, adı çox zaman Vəfaya mane olurdu. Vəfa çox istedadlı idi.

Yazırlar ki, guya anasına görə ona rollar veriblər. Tofiq Kazımov kimi ustad rejissorumuz kimə görəsə teatra gənc aktrisanı dəvət edə bilərdimi? Heç vaxt. Hökümə xanım əyilməz insan idi, həyatda kimdənsə nəsə xahiş etməzdi. Təkəbbürlüydü və buna əsası da vardı. Çünki dövrünün böyük sənətkarı idi. O, qızına görə kimdənsə nəsə xahiş etməyib. Tofiq müəllim bizə dərs deyirdi və Vəfanı çox bəyənirdi. Çünki Vəfanın çox gözəl xarici görkəmi vardı. O, uşaq kimi pak idi. Səhnəyə belə aktrisalar çox lazım idi. Vəfa səhnədə təmizliyin, saflığın, bakirəliyin heykəli idi. Vəfa o bakirəliyi səhnəyə gətirdi və tamaşaçıya ötürdü. Vəfa səhnəyə Tofiq müəllimin dəvəti ilə gəlib. “Məhv olmuş gündəliklər”də özü kimi saf Fəridə obrazı yaratdı və oyunu ilə öz möhürünü qoydu. Bu günə qədər Fəridə obrazı tamaşaçıların yadından çıxmır. “İblis”də Rəna obrazını yaratdı və bu uğurlu işinə görə dövlət mükafatına layiq görüldü. Hətta o, komik obrazları çox ustalıqla yaradırdı və anasının oynadığı bir neçə rolu sonradan Vəfa da canlandırdı.

Yazırlar ki, Vəfanın nitqində ciddi qüsurlar olub. Guya, Hökümə xanım yığdığı qızılları bir qutuda saxlayırmış və hara gedirmişsə ora aparırmış. Bir dəfə onlar Vəfa ilə Moskvaya gedirlər, o qutunu itirirlər və bu, Vəfaya çox pis təsir edir. Hətta bu, onun xəstəliyə düçar olmasına səbəb olur. Bunlar ağ yalandır. Hökümə xanım gözəl qadın idi və əlbəttə ki, çoxlu bəzəkləri vardı. Bəzəklər olan qutu da evdə idi. Nə üçün biz bu iki böyük sənətkarın sənətindən, şəxsiyyətindən danışmırıq, əvəzində böhtanlar yağdırırıq?

Vəfa çox kübar xanım idi. Bu da ailə genetikasından qaynaqlanırdı. Çünki Hökümə xanım böyük bəstəkarımız Müslüm Maqomayevin nəslindən idi. Vəfanın atası bizim görkəmli teatr rəssamımız Nüsrət Fətullayevdir. Vəfanın əmisi istedadlı aktyorumuz Fateh Fətullayevdir. Fətullayevin ailəsi özlərini bütünlüklə teatr, kino sənətinə həsr etmişdilər. Çox qəribə idi, Hökümə xanım Vəfanın atasından ayrılmışdı. Amma Vəfa üçün ayrılıq yox idi. Onun içi o qədər məhəbbətlə dolu idi ki, o həm atasını, həm də anasını sevirdi.

Taleyində gərgin anlar oldu. Ailəsi dağıldı və bu, onun öz istəyi ilə baş verdi. Çox təəssüf ki, ağır xəstəlik Vəfanı vaxtsız apardı. Amma istəmirəm Vəfa haqqında faciəvi notda danışaq. Vəfa 42 il çox dolğun qadın və sənətkar həyatı yaşadı. Əgər ömür vəfa etsəydi, o qalan arzularına çatardı. Nə qədər ki, Vəfanı ananlar yaşayacaq Vəfa da yaşayacaq".

“Hökümə xanım qızının öldüyünü bilmədi”

Xalq artisti Azər Paşa Nemət: “Məni Vəfaya bağlayan çox şeylər var. Birincisi, bizim valideynlər dost olublar. İkincisi, biz yeniyetmə yaşlarından möhkəm dost olmuşuq. Hökümə xanımı çox sevirdim, o mənim üçün qadın simvolu idi. Amma ona yaxın gedə bilmirdim. Vəfaya da həmişə deyirdim ki, mən sənin ananı çox sevirəm. Vəfa da deyirdi ki, get özünə de də. Mümkün deyildi. Amma zaman gəldi, mən Hökümə xanıma öz eşqimi, sevgimi, onun böyüklüyü qarşısındakı heyranlığım dilə gətirdim.

Vəfa çox gözəl, istedadlı aktrisa idi. Ola bilsin ki, həmin dövrdə o, bizim üçün əlçatan bir insan idi və biz bunun fərqinə varmırdıq. Amma dönüb dünənə baxsaq, həqiqətən istedadının böyüklüyünü görə bilirik. O, rollar oynayanda qeyri-adi qrim, saç düzümü etmirdi. O adam eyni sima ilə yeni-yeni obrazlar yarada biləcək gücdə idi. İndi şəxsən mənim üçün elə aktrisanın olmaması böyük faciədir. O, çevik, ehtiraslı, həyatı, insanları sevən biri idi. Bunu əminliklə deyirəm, Vəfanın 42 illik ömrü başqasının 200 il yaşadığı ömrə bərabərdir. Xaraktercə Hökümə xanıma oxşayırdı. Qürurlu idi, heç vaxt artıq söz deməz, heç vaxt heç nəyə qoşulmazdı. Hökümə xanım da Vəfanı çox istəyirdi. Onda Vəfaya qarşı ehtiraslı bala sevgisi mövcud idi. Tale elə gətirdi ki, Hökümə xanımın xəbəri olmadı ki, Vəfa vəfat edib. O zaman Hökümə xanımın da vəziyyəti yaxşı deyildi. Nə yaxşı ki, o bilmədi..."

“Ona çox minnətdaram”

Xalq artisti Şükufə Yusifova: “Vəfa mənim üçün bahar, gül-çiçək demək idi. İnanmıram ki, o yoxdur. Çünki mənim üçün o, həmişə var və olacaq. Vəfa haqda düşünəndə mütləq Hökümə xanım göz önünə gəlir. Mən o ailənin evində olmuşam. Vəfanın kiçik bir otağı var idi, orada saatlarla oturardıq, Hökümə xanım qapını açıb deyərdi ”Qızlar, mənsiz darıxmırsınız?" Biz isə gülərdik. Vəfanın göz yaşını da görmüşəm, şaqraq gülüşlərini də eşitmişəm. Həyatımda Vəfayla olan dostluğuma çox minnətdaram. Çünki hər bir insanın içində dərdli, qəmli günləri olur, inanın Vəfanın gözündə həmişə sevinc, gülüşündə həmişə şadlıq olub. Ona görə mən həyatımda illərin, günlərin, saatların yox, hər bir dəqiqənin qədrini bilirəm. Vəfaya görə...Ona çox minnətdaram".

“İçəri girdim, mələfəni qaldırdım və...”

Xalq artisti Ramiz Məlik: “Vəfa mənim üçün əsl dost idi. Qadınlar öz aralarında ”rəfiqə" sözünü işlədir. Hesab edin ki, mən Vəfanın rəfiqəsi idim. Onun füsunkar gözəlliyi, şaqraq gülüşü, ecazkar səsi, zarafatları indi də mənim qulaqlarımda, qəlbimdədir. Vəfa şəxsən mənim üçün göydən düşmüş, əlçatmaz bir mələk idi. Onun uşaqlıq, gənclik, teatra gələndə, uğur qazananda çəkilmiş fotolarına diqqətlə baxın, onda görəcəksiniz ki, Vəfa dəyişmirdi. O, necə idisə, elə də qalmışdı. O, öz daxili aləmi ilə yaşayan və bu aləmdən çıxış edərək obrazlar yaradan istedadlı aktrisa idi. Vəfa həyatdan köçməsinə bir neçə ay qalmış mənə bir məktub yazıb. Daha doğrusu, özü yazmayıb, kiməsə deyib, o da yazıb (yazının əvvəlində qeyd olunan məktubdan söhbət gedir - Red.). Teatrda idim, birdən xəbər çatdı ki, Vəfa dünyasını dəyişib. Mən inanmadım. Maşına mindim, tez "Leçkomissiyaya" getdim. “302-ci palata”nın yerləşdiyi ikinci mərtəbəyə qalxdım. İçəri girəndə bacısı Nailə xanımı gördüm, ağlayırdı. Məni qucaqladı, hönkürdüm. Dedi ki, artıq Vəfa yoxdur. Palataya getmək istəyəndə qabağımı kəsdi, “xahiş edirəm, ora getmə”, - dedi. Dedim, yox, mütləq ora gedəcəyəm. Mütləq Vəfanı görməliyəm. Vəfa “302-ci palata”da yatanda xəbər göndərmişdi ki, yanıma heç kim gəlməsin. Mən bu sözünə əməl etmədim, çünki onu görmək istəyirdim. Nailəyə yalvardım, icazə verdi. İçəri girdim, mələfəni qaldırdım, doğrudan da Vəfa yox idi. Tamam yox idi".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər