“Yaxşı iş yoxdur, keyfiyyətsiz film və seriallara isə çəkilmək istəmirəm”.
Bu sözləri Teleqraf.com-a xalq artisti Rasim Balayev bildirib.
O, qeyd edib ki, keçirdiyi boş vaxtına da heyfi gəlir: “Bekarçılıq, işləməmək adamı əldən salır. İşləyəndə daha yaxşı oluram, nəinki bekar oturanda. Keçmiş günlər üçün çox darıxıram. Hətta boşuna keçirdiyim vaxtıma da heyfim gəlir. Düşünürəm ki, bunun əvəzinə filmə çəkilə bilərdim. Neyləyim, mövcud reallıqla barışmaq lazımdır. Bəzən isə kinostudiyaya gedirəm. Mənim həmkarlarımın çoxu rəhmətə gedib və “Azdrama” ilə əlaqəm yoxdur. Teatra getməməyimin səbəbi odur ki, tamaşalarımızın səviyyəsi filmlərdən də bərbaddır. Səviyyəsiz tamaşalara baxıb, özümü biabır etmək istəmirəm. Bizim vaxtımız gedib, daha qaytarmaq mümkün deyil. Və bundan sonra harasa gedib özümü biabır etmərəm”.
Xalq artisti şəkər xəstəliyindən müalicə aldığını da qeyd etdi: “Şəkər xəstəliyi elədir ki, hər zaman diqqətli olmalısan. Vaxtında dərmanlarımı qəbul edirəm. Bu xəstəliklə 30-40 il yaşayanlar var”.
Rəqsanə