Sənət adamları bu gün dünyasını dəyişən xalq artisti Nuriyyə Əhmədova ilə bağlı fikirlərini Teleqraf.com-la bölüşüblər.
Əməkdar artist Xalidə Quliyevanın sözlərinə görə, Nuriyyə Əhmədova çox çətin həyat yaşayıb: “Nuriyyə mənim tələbə və iş yoldaşım olub. Tələbə vaxtı kirayələrdə qalanda evimə gətimişdim. Oğlunun süd anası olmuşam. O indi yox, çoxdan ölmüşdü. Canlı meyit idi. Mən həyatda belə şux meyit görməmişdim. Həyat onun üçün asan olmadı. Amma arzu edirəm ki, Allah o dünyasını versin, ona rəhm etsin. Allah rəhmət eləsin”.
Əməkdar artist Sənubər İsgəndərli xalq artisinin ölümünə inana bilmədiyini dedi: “Hazırda çox pis vəziyyətdəyəm. Nuriyyənin ölümünə inana bilmirəm. Belə bir vəziyyətdə heç nə düşünə bilmirəm”.
Əməkdar artist Naibə Allahverdiyeva aktrisa ilə axırıncı görüşündə onda dəyişiklər hiss etdiyini bildirdi: “Nuriyənin ölümü mənim üçün şok oldu. Düzdür, özünü narahat hiss edirdi, amma belə tez dünyasını dəyişəcəyinə inanmazdım. Nuriyyə xanımla bir müddət əvvəl verilişlərin birində qonaq olduq. Səhnə arxasında oturanda hiss edirdim ki, tamamilə fərqli bir aləmdədir, sanki başqalaşıb. Özünü pis hiss edib-etmədiyini soruşdum. Dedi ki, yox. Həmişə bizi görəndə gülərüz, qayğıkeş, istiqanlı qarşılayırdı. Bu dəfə isə heç kimlə münasibət qurmurdu. O zaman hiss etdim ki, vəziyyəti yaxşı deyil. Hazırda onun yoxluğuna inana bilmirəm. Onu da deyim ki, insana sağlığında qiymət vermək lazımdır. O isti ocağın həsrətilə getdi. Onun-bunun evində yaşayırdı. Həmişə birotaqlı isti ocağının olmasını arzulayırdı. O yaşda insanın kiminsə evində yaşaması çox çətindir. Ruhu şad olsun”.
Əməkdar artist Almaz Mustafayeva da sənət yoldaşının ölümünə inanmır: “Nuriyyə evsiz getdi. Onun-bunun evində ürəyi qubar bağladı. Deməyə söz tapa bilmirəm”.
Xalq artisti Rasim Balayev Nuriyyə xanımın gözəl aktrisa və eyni zamanda çox yaxşı insan kimi yaddaşlarda qalacağını bildirdi: “Azərbaycan mədəniyyətinin gözəl aktrisası idi. Onunla bir filmdə çəkilmişəm. Nuriyyə xanım öz rolları ilə hamını sevindirib. Çox gözəl obrazlar yaradıb, xarakterli aktrisa idi. Yaxşı insan olsa da, talesiz adam oldu. Cavan qızını, oğlunu itirdi. Allah rəhmət etsin. Azərbaycan kinosu üçün böyük itkidir”.
Xalq artisti Nurəddin Mehdixanlı da sənət yoldaşının itkisininin böyük acı olduğunu dedi: “Hələ ki itirə-itirə gedirik. Allah axırını xeyir etsin. Nuriyyə xanım ağır bir həyat yaşadı. Çox yaxşı aktrisa idi. Eyni zamanda gözəl insan idi. Yaxşı adamlar üçün həyatda yaşamaq asan olmur. Onlar ömürləri, taleləri və ətrafdakılarla vuruşurlar. Nəticə etibarilə bu şəkildə dünyadan köçürlər. Bir gün gələn, bir gün də gedir. Amma arzu edərdim ki, sənət adamları həyatlarını başqa cür yaşasınlar. Azərbaycan Respublikasının xalq artistinin evsiz dünyasını dəyişməsi cəmiyyətimizin üz qarasıdır. Allah Nuriyyənin o dünyasını versin. Allah rəhmət etsin, başımız sağ olsun”.
Rəqsanə