Rəssamlar Cek Ma və Tszen Fançjinin “Cənnət” adlı rəsm əsəri Honkonqda keçirilən Sotheby’s hərracında 5,4 milyon dollara satılıb.
Yağlı boyalarla çəkilmiş əsərdə Yer planeti təsvir olunub. İlkin olaraq, rəsmin qiyməti 322 min dollar olsa da, hərrac prosesində onun qiyməti 17 dəfə artıb. Məlumata görə, rəssamlar öz əsərləri ilə ətraf mühit məsələlərinə diqqət cəlb etmək istəyiblər: "Yeri, okeanları, hava və suyu qorumaq üçün biz birlikdə Yeri yaratdıq". Toplanan vəsait xeyriyyə məqsədilə, ekologiya məsələləri ilə məşğul olan qeyri-kommersiya təşkilatı "The Paradise International Foundation" fondunun hesabına köçürüləcək.
Qeyd edək ki, Cek Ma Çinin ikinci ən varlı insanı hesab olunur. Onun sərvəti 27 milyard dollar təşkil edir. Tszen Fançji isə Çinin ən məşhur müasir rəssamlarından biridir. 2013-cü ildə onun "Sirli axşamlar" əsəri Sotheby's hərracında 23,3 milyon dollara satıldıqdan sonra o, ən bahalı asiyalı rəssam statusu qazanıb.