“Azərbaycanfilm” kinostudiyasının “Bəstəkar” sənədli filminin təəssüratları
Yəqin ki, kimsə Elnarə Dadaşova haqqında film çəksəydi, xeyirxah, səmimi, dürüst bir insan, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar artist, professor, müxtəlif janrlı musiqi əsərlərinin müəllifi kimi təqdim edərdi. Sənət dostları, qonşuları, tələbələri onun haqqında xoş sözlər, təriflər deyərdi...
Elnarə Dadaşova haqqında özüm belə film çəkmiş olsaydım, qadın kimi, nəcibliyini, zərifliyini vurğulayardım. Göstərərdim ki, biganə deyil, küçədə ana uşağını döyəndə qaçıb uşağı anasının əlindən alan insandır. Göstərərdim ki, dilənçilərdən zəhləsi gedir. Bir bəsətkarın Allaha bu qədər bağlılığını, namaz qılmasını göstərərdim. Göstərərdim ki, xəstəliyi ilə necə vuruşur, əsərləri ilə torpaq həsrətini necə ovundurur...
Amma onu dram nəzəriyyəsi müəllimi, rejissor Aydın Dadaşov tapıb, illərlə öyrənib, izləyib, danışdırıb, haqqında yazdığı ssenarini jurnalda çap elətdirib və nəhayət kağız üzərində hazır olan filmi çəkib. Özü də qurub-qoşduğu ssenaridən kənara çıxmamaq şərti ilə...
Bəstəkar Elnarə Dadaşovanın əsərini Bülbül adına məktəbin şagirdi həvəslə ifa edir. Müəllif özü səhnəyə çıxıb utana-utana danışır. Titrlərdən sonra biz onu al-əlvan rəngli meyvələrin arasında – bazarda görürük... Məlum olur ki, hələ uşaqlıqdan atası onu özü ilə bazara apararmış. Ata dönür olur mərhəm adam. Şura hökumətinin müsadirə etdiyi ata-baba mülkünü qaytarmağı qızına vəsiyyət edən ata. Mənəvi atası isə tələbəsi olduğu Qara Qarayev kimi bir dühadır.
Konservatoriyada müəllim işləyən Elnarə xanım Qara Qarayevin sinif otağında, müəlliminin portreti fonunda dərs aparanda ınöhtəşəm görünsə də, arabir dərman həbləri atması da kameranın diqqətindən yayınmır...
Filmdən öyrənirik ki, Elnara xanımın bir tərəfi bakılı, bir tərəfi şuşalıdır. Onların İçərişəhərdəki evini Sovet hökuməti əllərindən alıb. Elnarə xanım uzun illərin məhkəmə çəkişməsindən sonra ata-baba mülkünü yenidən qaytara bilib. Otaqlarını Qara Qarayevin, divarlarını isə Şuşa ilə bağlı rəsm əsərləri bəzəyir... Ancaq indi qarşısında divar hörülən mülkün giriş qapısında “Burada Elnarə Dadaşova yaşamışdır” lövhəsi vururlur. Dəmir barmaqlıqlar arxasında görünən Elnarə xanım ustaya şəkərbura ilə armudu stəkandakı çayı ötürür. Usta da işinə fasilə verir... Bu lövhənin də ata vəsiyyətinin tərkib hissəsi olduğunu öyrənirik. Mülkün əvvəlki əzəmətindən əsər-əlamət yoxdur. İçərişəhərin dar-düdük məhəlləsində köhnə bir evdir. Ona görə də Elnarə xanımın övladları mərkəzdə, tarixi abidə sayılan məkanda yerləşən bahalı evi satıb, hərəsi özünə şəhərin başqa-başqa yerlərindən mənzil almaq istəyir. Ancaq anaları qətiyyən razı deyil. Çünki bu evdə atası ilə bağlı xatirələri var və bu evi qaytarmağı da elə atasına söz veribmiş. Uğrunda həyatını verdiyi mənzilin bölünəcəyini düşünəndə ürəyi dayanır. Təcili yardımın gəlişi tamaşaçını narahat edir... Şükür, Elnarə xanım sağ salamat ailə qayğısını çəkməkdə davam edir. Eyvanda paltar yuyur. Əri Vaqif müəllim isə samovar tədarükündədir. Tikilən divar isə fonu bağlayır. Şuşa isə hələ də işğal altındadır. Bu yerdə xoruz banlayır...
Film ümid notlarında bitir. İlk olaraq filmi mənimlə birgə izləyən həyat yoldaşım və dostum Mövludun fikrini lal-dinməz soruşdum. Əlimi havada yellətməklə... O da susdu. Bəli, biz heyrətlənmişdik...
Aydın Dadaşovun “Bəstəkar” filminin bir neçə süjet xətti var.
1. Elnarə xanımın anasına vurulan şuşalı tarçalan oğlan İkinci Dünya müharibəsində həlak olmasaydı, bəlkə də Şuşanı ermənilər işğal edə bilməzdilər. Şuşa isə bütün mənzərələri, səsləri ilə Elnarə xanımın yuxularındadır. İndi İçərişəhərdə eyvanında saxladığı xoruz da bizə Şuşanı xatırladır. Sonuncu epizodda qanad çalıb ürəkdən banlamaqla doğma yurda qayıdışa səsləyən xoruz...
2. Elnarə xanımın doğmalarını ata mülkünü yadlara paylayıb bir bölük ailəni zirzəmisində yaşamağa məcbur edən Şura hökumətinin yalançı beynəlmiləlçiliyi yaddaşlara həkk olunur.
3. Elnarə xanımın mülkü məcəlləni əzbərləməklə vəkilsiz-filansız illərlə məhkəmələrdə can qoymaqla qaytardığı ata evinin pəncərələri qarşısında ucalan divar... İçərişəhərin tarixi abidələrini söküb yerində müasir binalar tikən kimdir? Özümüzünkülər...
4. Filmdəki hər bir musiqi nömrəsi də mükəmməl bir süjet üzərində qururlur. Məhz bu süjetlərdə Elnarə xanımın bəstəkarlığı, pedaqoji təcrübəsi, dirijorluğu, nəzəri savadı təsdiqlənir.
5. Bahar bayramına ciddi hazırlaşan Elnarə xanımın xoşbəxt ailəsi; həyat yoldaşı, gəlini, nəvələri ilə yaxından tanış oluruq.
6. Hədiyyəni rüşvət sayan Qara Qarayevə qoyulan mənəviyyat heykəli və Elnarə xanımın heykəltəraş oğlunun sənətkarlığı... Digər oğulun isə yalnız fotoşəklini görürük. Bu savadlı-səviyyəli oğulların daha sərbəst yaşamaq naminə evi satmaq, bu günkü həyatlarını müstəqil qurmaq tələbləri də anlaşılandır. Evin satılmaq ehtimalı şiş kimi bütün süjetlərin içindən ustalıqla keçir.
Aydın müəllimə zəng elədim. O da filmin sirrini mənə açdı: “Anton Çexovun “Gilənar bağı” pyesinin dramaturji modelini fabula mexanizminə gətirmişəm”. Vəssəlam. Pauza yarandı... Di gəl dram nəzəriyyəsi müəlliminə əlavə sual vermək fikrinə düş, səni dolaşdırsın...
Bizim indiyə qədər baxdığımız sənədli filmlər necə olurdu? Beş-on qalstuklu kişi, qızılsep arvad, baş qəhrəmanın tələbə yoldaşı, əmisinin qaynı, uşaqlıq dostu qismində onunla bağlı öz dərin fikirlərini ölüşür. Bəlli olur ki, filmimizin qəhrəmanı məktəbdə hamıdan yaxşı oxuyub, bir dənə də dördü olmayıb, dostlarına kömək edib, bazardan gələnlərin zənbilini əlindən alıb aparıb. Bir sözlə, baş qəhrəmanın həyatında bir dənə də mənfi hadisə olmayıb. Ancaq Elnarə Dadaşova ilə bağlı çəkilən “Bəstəkar” filmində biz tam, dolğun həyatındakı bütün tərəfləri sanki kaleydaskopda izləyirik. Və filmin məğzini tapmağa çalışırıq. Övladları anadan evi satılmağını tələb edir, o isə buna qarşıdır. Məhkəmə çəkişmələrində sağlamlığını itirərək bir xeyli kredit borcuna düşüb. Bütün bunları isə Elnarə xanım məhz özü danışır. Elnarə Dadaşova Şuşaya qayıda bilər, ancaq İçərişəhərdəki evi əlindən çıxsa, onu bir daha qaytara bilməyəcək. O xoruz da ona görə banlayıb dad çəkir. Finalda Elnarə xanımın musiqisindəki qara zurna da xoruz kimi fəryad qoparır.
Filmin operatoru Əli Sultanov: “Filmi jurnalda iki nömrədə ardıcıl nəşr olunan ssenari əsasında çəkmişik. Aydın müəllim operatorların işinə qarışmır. Qırx ildən artıq kinostudiyada çalışıb ey... Nə istədiyini ssenaridə yazıb deyə heç kameraya yaxın da gəlmir. Əsas tələbi çəkiliş meydançasına çatan kimi kameranın yerinin tapılmasıdır. Dubl filan da yoxdur. Hər epizod da bir plana çəkildi. O kişi nə istədiyini yaxşı bilir. Dedi ki, reportaj çəkirəm, pintilik estetikasında, mənə ütülü-sığallı kadrlar yox, fikrin doğulması maraqlıdır. Musuiqi nömrələrini isə müşahidə metodunda çəkdik. Elnarə xanımın dirijorluq etdiyi səhnədə musiqiçilərlə, xüsusən çin zərb alətində ifa edənlə ünsiyyəti hələ də gözümün qabağındadır. Gizli kamera metodundan da istifadə elədik. Aydın müəllim bu sənət barədə dərsliklər yazıb ey... İşini əla bilir. Hələ bir epizodda. Əşi nə isə bu filmdə işıqçılar da çəkilişlərdən ləzzət alırdı...
Filmin montajçısı, məşhur rejissorlarla işləmiş Əsgər Rəhimov isə çox danışmır. Bircə onu deyir ki, montaj ssenari əsasında həyata keçirilir: “Bu filmdə heç bir detal boş-boşuna, havadan asılı deyil. Hamısının öz yeri və məqamı var. Bu isə böyük peşəkarlıq göstəricisidir. İş prosesində azı yüz dəfə baxmışam, hər dəfə də yeni nəsə görmüşəm”.
Bəli, heç bir detal boşuna deyildi. Finalda təcili yardımın gəlişi adamı şoka salır... Yoxsa elə hər şey Elnarə Dadaşovanın gözlədiyi kimi olardı: “Əslində, filmdəki son səhnəni istəmirdim. Çünki mən xəstəliyimə də meydan oxuyuram. Deyirəm, sən kimsən, mən səni çağırmamışdım və sən çıxıb getməlisən. Təcili yardım gələr də, gedər də... Ona görə dedim, Aydın müəllim, mən mübariz insanam, siz məni aciz göstərməyin. Orda xəstəliyə yenilən mən deyiləm. Bəlkə, siz alışmısınız ki, azərbaycanlı qadınlarda acizlik var. Məndə o yoxdur və olmayacaq da. Mən istəyirdim ki, filmdə orkestr ifalarım olsun, baletim göstərilsin, digər əsərlərim olsun. Mən filmi bu cür görürdüm...
Biz Aydın müəllimlə çoxdan tanışıq. O şuşalıdır, mən isə yarı şuşalı. Uzun illər inoxronikada işləyib, musiqiçilər nəslindəndir deyə imkan düşən kimi konservatoriyada dövlət arxivi üçün çəkilişlər aparardı. Ümummilli liderimiz Heydər Əliyev sənətkarların da arxivlərinin formalaşmasına göstəriş vermişdi... Mən də bir neçə dəfə çəkilmişdim və Aydın müəllim mənim kamera qarşısındakı sərbəstliyimə heyran qalmışdı. Hər dəfə görüşürdük, İçərişəhərdəki evimiz, onu necə qaytarmağım barədə danışırdım. Adama elə gəlirdi ki, o, mənə heç qulaq asmır. Özünü elə aparırdı ki, guya bu söhbət onu maraqlandırmr. Mən danışdıqca o, mənə tamam başqa sual verir, söhbətin məcrasını yenidən yaradıcılıq məsələlərinə qaytarırdı. Bir neçə dəfə elə oldu. Konsertimə gəlirdi, yaradıcılığım onun üçün maraqlıydı. Qara Qarayevlə bağlı arxiv materialları yığmışdı... Sonra filmin ssenarisi jurnalda iki nömrədə dalbadal ortaya çıxanda çox heyrətləndim...
Yubiley televerilişimdə məni kukla kimi oturdub haqqımda danışırdılar. Bu, gülünc alınırdı. Sağ-salamat bir adamı hər hansı əşya, memarlıq əsəri kimi qoyub, onun ətrafında danışırlar. Hamı yaradıcı ola bilmir. Bu mənada Aydın müəllimlə eyniydik. Başqa dalğada danışmırdıq, fikirlərimiz üst-üstə düşürdü. Qəribə insandır. Onun daxilində bir polifoniya var. Ancaq Aydın müəllimlə aramızda ümumi məxrəc var: yaradıcılıq, yorulmamaq və hər bir işi layiqincə sona çatdırmaq əzmi”.
İllər öncə ideyası yaranan və çəkilişləri başlanan filmi bu əzm, nəhayət ki, hazır edir. Narazılıqlar, maneələr bəstəkar xanımdan uzaq tutulur və film alınır: “Hər şey axarıyla getsə, film üç-beş günün içindəcə bitmiş olardı. Amma çəkilişin gec başa çatması yenə də bizim xeyrimizə oldu. Əslində, mən artıq hər şeyi Allahın ümidinə buraxmışdım. Aydın müəllimsə inadla “bu filmi çəkəcəm” deyirdi. Çox gərgin çəkilişlər getdi. Filmin çəkilişində hər şey bizə kömək edirdi, yol açılırdı.
Mənim haqqımda film çəkilməsini ağlıma gətirməzdim. Ona görə yox ki, mən buna layiq deyiləm. Sadəcə mühit, şərait hər kəsə bəllidir. Ancaq mən həmişə inanmışam ki, hər şeyi həll edən meyarlar həm də hər şeyi həll etmir. Həll edən başqa bir qüvvə var. Həmişə onu içimdə hiss etmişəm. Haqqımda film çəkildiyini eşidənlər elə bilir ki, mənim arxamda duranlar var, yaxşı varım-dövlətim var. Amma elə deyil...”
Elnarə xanım çəkilişlər zamanı kamera qarşısında əziyyət çəkməyib: “Mən elə uşaqlıqdan oxumuşam, bəstələmişəm. Məni harada itirsən, pianinonun qabağında tapardın. Ya dizimin üstündə kitab olardı, ya notları eşələyirdim, ya palstinkalara qulaq asardım. Mənimki incəsənət idi... Kameraya da öyrəşmiş adamam. Kamera qətiyyən məni çaşdırmadı. Komanda da yaxşı ruha köklənmişdi. Çəkilişlərə Aydın müəllimin tələbələri də gəlirdi. Onlardan mənfi enerji almırdım, rahat çəkilirdim. Çəkilirdim deyəndə ki, gündəlik həyatımı yaşayırdım. Arada Aydın müəllimin suallarını cavablandırırdım. İndi filmə baxanda bütövlüyü görürəm...”
Sənədli filmə ailə üzvləri ilə birgə çəkilən bəstəkar xanım heç də eyni reaksiya ilə qarşılaşmır. Elnarə xanım elə bunu da gözləyirmiş: “Həyat yoldaşım, oğlanlarım da filmdə iştirak etdi. Bunu hərəsi bir cür qarşıladı.. Bəziləri deyirdi ki, axı niyə sənin orkestr konsertlərin, əsərlərin göstərilməyib?.. Hətta yaxınlarım filmdə izlədiklərinə əsasən, səhhətimə görə narahat da olmuşdular. Mən bütün bunlara hazır idim. Uzun zamandır görmədiyim gürcü rəfiqəm Tina Natsvişvili isə filmi izləyib xoş təəssüratlarını bölüşdü. Dedi ki, mən səni tanıdım, sən həmin Elnarəsən, o iç dünyandı... Bu, məni sevindirdi. Bu filmi sadə insandan peşəkar musiqiçilərə, qohumlarıma, dostlarıma qədər hamıya göndərdim. Maraqlıdır ki, hamısının fikri eyni oldu.
Sonda “Cəngi”nin səslənməsi o demək idi ki, mənim üçün təkcə ailəmin bütövlüyü deyil, torpaqlarımızın qayıtması da vacibdir”.
Bütün hallarda film bəstəkar Elnarə Dadaşovanın ürəyincə olur: “Aydın müəllimin bu filmi çox dəyərlidir. Təkcə ata mülkümdən yox, ana yurdumdan da söhbət getməsi vətəni sevməyə çağırır. Allahıma minnətdaram ki, Aydin Dadaşov kimi mütəxəssisi qarşıma çıxartdı...”
Jurnalist dostum Fatimə Kərimlinin film haqqında fikirləri isə belə oldu: “Filmdə belə bir mesaj var: Elnarə xanımın Şuşasını ermənilər alıb, İçərişəhərini isə burdakı doğmaları əlindən almaq istəyir. Yaradıcı bir insan borca düşür, səhhətini bada verir, o boyda mülki məcəllənin, məhkəmə çəkişmələrinin öhdəsindən gəlir, amma doğmaları ilə bacara bilmir. Qəribədir...”
Filmi izləyən Aysel Rüstəmovanın gəldiyi qənaət isə bu oldu: “Elnarə xanım necə də güclü qadın imiş...”
Dahi Hiçkok deyirdi ki, bədii filmdə rejissor Allahdır, sənədli filmdə isə Allah rejissordur. Dram nəzəriyyəsi müəllimi Aydın Dadaşov “Bəstəkar” sənədli filmində Allahın işinə qarışmayıb, sadəcə, sənətinin gücünü göstərib.
P.S. Mövludla birgə Aydın müəllimin axşamlar gəzdiyi bağa üz tutduq. Qocalara yaxınlaşdıq... Onların da fikirləri maraqlıdır. Biri deyirdi, halaldı Elnarə xanıma, hər kişinin bacarmadığı işi bacarıb, biri deyirdi, gör atası qızın boynuna nə boyda yük qoyub, biri deyirdi, gərək filmin sonunda “Şuşanı qaytaraydılar”... Bəziləri isə sakit-sakit: “Əşi, Aydın müəllim özü nə etdiyini yaxşı bilir”.
Sevinc Fədai