Teleqraf.com sənət adamları arasında sorğu keçirib: “Nədən qorxursunuz, fobiyanız varmı?”
Nəticələri təqdim edirik.
Müğənni Eldar Qasımov: “Təklikdən qorxuram. Eləcə də, kütlə qarşısında pərt olmaqdan çəkinirəm. Yüksəklikdən, liftdən qorxmuram. Hələ ki, fobiyalarım bunlardır. Həyat hər zaman sürprizlərlə doludur. Bəlkə qarşıdakı illərdə yeni fobiyalar tapacam”.
Müğənni Natavan Həbibi deyib ki, bir fobiyası var: “Qaranlıqdan qorxuram. Başqa bir fobiyam yoxdur”.
Teleaparıcı Nanə Ağamalıyeva: “Yüksəklik qorxum var. Hündür mərtəbəli binanın eyvanına çıxan zaman qorxu his edirəm. Bu qorxu əvvəllər yox idi. Dağın başına həyatı boyu çıxmaram. Təyyarədə isə yüksəklik qorxum yoxdur. Tez-tez Türkiyəyə gedib, gəlirəm”.
Aparıcı Aytən Səfərova: “Hər tərəfi açıq olan məkanlardan və güclü küləkdən qorxuram. Bunlarla yanaşı, yük maşınlarının səsindən də qorxuram. Bunlar fiziki fobiyalarımdır, mənəvi fobiyalarım da var. Dərəbəylikdən, qeyri-sabitlikdən qorxuram. Suriyada baş verənləri gördükdə şükür edirəm ki, Azərbaycanda yaşayırıq. Bir çox insanların qorxduğu qapalı məkanlarda özümü çox rahat hiss edirəm. Yüksəklikdən qorxmuram, hətta yüksəklikdən tullanmaq istəyirəm”.
Əməkdar artist Səlim Abbasov: “Ümumiyyətlə, Allahdan başqa heç nədən qorxmuram. Adətən insanlar var ki, itdən, ilandan qorxur. Amma mən heç bir həşəratdan və heyvandan qorxmuram. Yüksəklikdən, təyyarəyə minməkdən qorxan insanlar da az deyil. Ətrafımda elə insanlar var ki, təyyarədən qorxurlar. Eləcə də, maşınla uzaq məsafədə harasa getməkdən çəkinirlər. Şükür Allaha, belə qorxularım yoxdur. Ancaq onu deyə bilərəm ki, bir dəfə təyyarədə qorxmuşam. Cənubi Koreyadan gələndə təyyarə boşluğa düşdü və çox tərpənməyə başladı. Qəza baş verəcəyindən qorxdum”.
Əməkdar artist Nüşabə Ələsgərli: “Siçovuldan, hündürlükdən, təyyarədən qorxuram. Təyyarəyə minərkən Allaha dua edirəm. Bu qorxunun səbəbini isə bilmirəm”.
Əməkdar artist Fərqanə Qasımova: “Şükür Allaha, təyyarədən qorxmuram, amma yüksəklikdən qorxuram. Ən əsası lifti çox sevmirəm. Ona görə harasa gedəndə pilləkənlərlə çıxıram. Bir də görürsən ki, 6-cı mərtəbəyə piyada qalxıram. Bir dəfə rəfiqəmin evinə getmişdim, o 11-ci mərtəbədə yaşayırdı. Oradan lift ilə deyil, pillələkənlə düşdüm. Düşünürəm ki, lift xarab ola, işıq sönə bilər. Ona görə də çox minmək istəmirəm. Əslində heç vaxt liftdə qalmamışam. Bacımgilə gedən zaman xahiş edir ki, mənə xəbər et, gəlim liftlə bərabər qalxaq. Deyirəm ki, yox piləkənlə çıxacam”.
Aparıcı Rövşanə Bektaşi: “Baxmayaraq ki, təyyarə ilə tez-tez xarici ölkələrə gedib-gəlirəm. Amma hər dəfə təyyarənin yüksəlişində həyəcan keçirirəm. Həyəcan da deməzdim, hətta fobiyam var. Bir ay əvvəlcədən xaricə getdiyimi biləndə həyəcan başlayır. Ona görə də harasa gedəndə bir ay əvvəl özümü hazırlamağa başlayıram. Təyyarə yüksəkliyə qalxandan sonra fobiya keçir. Ancaq eniş və yüksəliş dönəmində dəhşətli bir həyəcan olur. O zaman sakitləşdirici dərmanlar qəbul edirəm. Başqa bir fobiyam yoxdur”.
Aparıcı Şəhriyar Əbilov siçovuldan qorxur: “Siçovuldan başqa heç nədən qorxmuram. Bu fobiya isə uşaqlıqdan yaranıb. Bağçada bir dəfə gözümün önündə bir uşağın qulağını siçovul dişləyib qaçmışdı. Bundan əlavə “Hollivud” filmlərində siçovulların insanları yeməyinə baxmışdım. Ondan sonra məndə fobiya yarandı. Başqa fobiyam yoxdur”.
Əməkdar artist Elnarə Abdullayeva: “Qapalı və balaca məkanlardan qorxuram. Xüsusilə, liftdə qalmaqdan dəhşət qorxuram. Liftdə qalsam ürəyim partlaya bilər. Yaxın günlərdə liftdə qaldım. Tez çıxmasam ölə bilərdim. Tanış insanın evinə gedirdim. O vaxtda da yeni binalara köçmək istəyirdim. Ondan sonra köçmək fikrindən daşındım”.
Rəqsanə