Qaranlıq zala daxil oluram. Hər tərəf qaranlıq, bircə səhnədən başqa... Səhnənin işıqlanan hissəsində əlində qaz olan qoca kloun görünür. Birdən kloun qaza “Yat” deyə müraciət edir... Bu rus klounun Azərbaycan dilində səsləndirdiyi “Yat” komandası demək idi...
Söhbətin nədən getdiyini bilmədinizsə, açıqlayım... Bura Bakı Dövlət Sirkidir. O səhnədə duran qoca kloun isə Rusiyanın Xalq artisti, məşhur sirk ustası Yevgeni Maykovskidir.
Dövlət Sirki oktyabrın 31-dən yeni mövsümünü açıq elan edir. Bu gün isə (oktyabr ayının 30 - red.) “Lasta-Rika” sirk şousunun jurnalistlər üçün tanıtımı keçirilir. Bu barədə bir az sonra, indisə qayıdaq səhnəyə...
Kloun çıxışını başa vurub, sözü monosikl ilə müxtəlif elementlər göstərən bir cavan oğlana verir. Oğlan dəbli geyim tərzi ilə seçilir, amma maraqlı nömrələri təqdim edərkən bir balaca ehtiyatsızlıq edib, yalnışlığa yol verir. Yalnışlıqlar bu gün bütün sirk ustaları üçün keçərlidir, çünki onların bu səhnədə ilk məşqləridir. Daha sonra aparıcı elan edir ki, biz İrlandiyaya gedirik. Beləliklə, gözəl qızların rəqslərindən sonra səhnəyə qara atın belində qara paltarlı bir xanım gəlir. Qara at ritmik musiqinin müşayiətilə göz oxşayan performans sərgiləyir, amma bəzən xanımı da yerə yıxır...Ardınca isə xanım qara paltardan xilas olur və ağ libasa bürünərək ağ atın belində çox gözəl səhnə nümayiş etdirir. Ağ at isə bütün məharətini və zərifliyini ortalığa qoyur. Sonra bizi Texas səyahəti gözləyir. Və bu səyahət ağ-qara itlərin çıxışları ilə yadda qalır. Daha sonra pirat oyunları ilə hər kəsin gözü hündürlükdə bir-birindən maraqlı epizodlar təqdim edən dörd nəfərin çıxışına zillənir. Ardınca isə antrakt...
Sürpriz proqram
Antraktda fürsətdən istifadə edib Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümmətovu söhbətə çəkirəm: “Bakı Dövlət Sirki hər zaman tamaşaçılarını yeni sürpriz proqramlarla sevindirir. Bu dəfə də belə olacaq. Belə ki, biz ilk dəfə Rusiya Federasiyasından dəvət olunmuş ”Lasta-rika" adlı şou proqramı təqdim edəcəyik. Tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb. Bu sirk-şouda ilk dəfə olaraq pinqvinlərin attraksionu və qutanlarla nömrə nümayiş etdiriləcək. Proqrama həmçinin hamı üçün maraqlı olacaq “dəniz şirlərinin teatrı”, atlar, meymun və tutuquşular, hava gimnastları, monosikl, kordabalet, şən kloun və digər nömrələr daxildir. Siz bu gün həmin proqramın nömrələrindən fraqmentləri izləyirsiniz.
Bu şounun bir başqa özəlliyi onun süjet xəttinə malik olmasıdır. Belə ki, şounu təqdim edənlər tamaşaçıları dünya səyahətinə çıxardır və beləliklə, onlara bir neçə ölkəni görmə şansı verir. Bura Amerika Birləşmiş Ştatlar, İrlandiya, Texas, Fransa və başqaları daxildir. Xüsusilə qeyd edim ki, rus sirk artistlərinin rəngarəng proqramlarını bizim tamaşaçılar çox sevir. Bilirsiniz ki, dünyada çin sirki də çox məşhurdur, amma təəssüflər olsun ki, biz onları Bakıya dəvət edəndə məcbur olub proqrama rusları da dəvət edirik. Proqramın daha maraqlı və baxılan olması üçün bunu etməyə məcburuq. “Lasta-rika” eksklüziv sirk-şousu noyabrın sonlarına kimi Bakıda olacaq. Biletlər sirkin kassalarında hər gün saat 10:00-dan 20:00-dək satılır. Biletlərimiz səkkiz manatdan başlayır. Artıq uzun illərdir ki, sirkdə təqdim olunan bütün proqramlara biletlərin qiyməti 8 manatdan başlayır".
Müsahibəyə imkan verməyən pinqvin
Proqramda atlar, itlər və pinqvinlərlə müxtəlif maraqlı nömrələr təqdim edən Nataliya Maykovskaya Yevgeni Maykovskinin nəvəsidir. Nataliya Maykovskaya bizimlə söhbətində Bakıya ilk dəfə gəldiyini deyir: “İlk dəfədir ki, Bakıdayam. Biz bu dəfə bakılı tamaşaçılara maraqlı bir proqram təqdim edəcəyik. Proqramımızda çox maraqlı nömrələr var, hesab edirəm ki, bizi başqa sirk proqramlarından fərqləndirən cəhət pinqvinlər olacaq. Biz onları səhnədə xüsusi əziyyətə salmayacağıq. Fikrimcə, bu cür şirin heyvanı tamaşaçılar görməyə tələsəcəklər. Ümumiyyətlə, isə proqramımız çox zəngindir, baxmağa dəyər. Bakılıları səbirsizliklə gözləyirik”.
Yeri gəlmişkən, pinqvin Nataliyaya müsahibə verməyə belə qoymurdu...
“Çox həyəcanlıyam”
Heyvanlarla nömrələrarası qoca klounla yanaşı iki cavan kloun da gözə dəyir. Onlardan biri Yevgeni Maykovskinin nəvəsi, Nataliya Maykovskayanın qardaşı Yevgeni Maykovskidir. Babasının adını daşıyan klounun təəssüratlarını soruşuram: “İlk dəfədir ki, burdayam və çox həyəcanlıyam. Amma hər birimiz tamaşaçıların qarşısında çıxış etməyə hazırıq. Məni səhnədə kloun kimi görəcəklər. Bu kloun gah mayak olur, gah balerin... Bir sözlə, tamaşaçıları darıxmağa qoymamaq və əyləndirmək bizim işimizdir, inanıram ki, bunu layiqincə yerinə yetirəcəyik”.
Antrakt başa çatır, səhnədə işıqlar yanır... Əvvəl dəniz şirləri, daha sonra o məşhur pinqvinlər səhnəyə daxil olur... Qalanını isə gedib görmək lazımdır... Heyvanların səhnədəki məharətini yazmaqla bitməz, onları yalnız və yalnız görmək...
Nərmin