4 Noyabr 2015 16:16
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 6-da Dövlət Film Fondunda Azərbaycanın tanınmış kinorejissoru Nicat Feyzullayevin 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə baş tutan tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Nicat Feyzullayev Azərbaycan kinosunda özünəməxsus yaradıcılığı ilə seçilən kinorejissorlarımızdandır. O yaradıcılığında həyata və insanlara sevgisini, yüksək mənəvi dəyərləri təcəssüm etdirib.
Nicat Feyzullayev 1945-ci il noyabrın 11-də Bakıda Azərbaycanın görkəmli rəssamları olan respublikanın əməkdar incəsənət xadimi Lətif Feyzullayevin və əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın ailəsində dünyaya göz açıb.

Valideynləri kimi o da müxtəlif rəsm əsərlərinin müəllifidir. O, 1964-cü ildə musiqi məktəbini, 1969-cu ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1970-ci illərdən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Axırıncı aşırım” (1971), “Qızıl qaz” (1972) bədii filmlərində rejissor asistenti kimi çalışıb. Sonra isə bir necə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifi olub.
1978-ci ildə “Arvadım mənim, uşaqlarım mənim” kino almanaxında quruluş verdiyi “Toy” novellası rejissorun diplom işidir.

Bundan sonra o, bir-birinin ardınca “Yeni evlənənlər” (1983, q/m, Rus.), “Ya¬şa, qızıl balıq” (1988, q/m.), “Küçələrə su səpmişəm” (2004 t/m. bədii) filmlərinə quruluş verib. “Azərbaycanın memarlıq abidələri” (1976), “Anaya məktub” (1980), “Belə bir şəhər var” (1982), “Məhəmməd Füzuli” (1989), “Qara qızılın qara üzü” (1990), “Baba zeytun diyarında” (1992), “Şirvanda izim qaldı” (1994), “Azərbaycan rəngkarlığının kraliçası” (2010 s/f), “Mozalan” satirik k/j üçün bir çox kinosüjetlər çəkib.
İstedadlı rejissor 2015-ci il mayın 4-də dünyasını dəyişib. Daxili dünyasını köçürdüyü, sevə-sevə çəkdiyi filmlər isə kinosevərlərə yadigar qalıb.

Nərmin


Müəllif: