6 Noyabr 2015 16:12
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com aktrisalara belə bir sualla müraciət edib: “Bu günə kimi oynadığınız rolların hansı sizə daha yaxın olub, hansı rolda öz xarakterinizi və ya həyatınızı görə bilmisiniz?”

Cavabları təqdim edirik.

“Mən öləndən sonra…”

Xalq artisti Həmidə Ömərova: “Tam olaraq həyatımla üst-üstə düşən rolum olmayıb. Mənim həyatım oynadığım rollardan qat-qat maraqlıdır.

Ancaq çox qadın obrazı ilə xarakterim hardasa uyğun olub. İran filmi olan “Divlərin zindanı”nda Nuriyyə, “Nizami” filmindəki Afaq obrazı romantikliyi, həyata baxışı ilə, sevdiyi insana bağlılığı ilə mənə yaxındır. “Yol əhvalatı”ndakı Zümrüdün sadəlövhlüyü, hər şeyə tez inanmağı mənə gənclik illərimi xatırladır.
Əslində, oynadığın bütün obrazlarda insan özündən nə isə tapa bilər. Bəlkə də, mənim öz obrazım nə vaxtsa həyatda olmayandan sonra ömür yolumdan bir film çəkilsə, orda ola bilər. Amma onda da tam olaraq mən olmayacam, çünki heç kim heç kimin qəlbindəkini, həyatını olduğu kimi bilə bilməz”.

“Qarabağ qaçqınını oynasam...”

Xalq artisti Firəngiz Mütəllimova: “Səhnə həyatın güzgüsüdür. Oynadığım qadın obrazlarında məndən, həyatımdan nə isə olur. Amma tam olaraq məni əks etdirən rolum olmayıb.

Özümü tapdığım rolum, demək olar ki, yoxdur. Çox vaxt tam əks rollar oynamışam. O rollar mənim xarakterimə uyğun olmayıb.

Televiziya tamaşası olan “Səni axtarıram”da Gülnar obrazının dürüstlük, sədaqət, “Qanlı Nigar” tamaşasında Nədidənin sözün düzünü üzə demək kimi xüsusiyyətləri mənə çox yaxındır.

Tam olaraq ürəyim istəyən rolum yoxdur. Bəlkə, mən Qarabağ qaçqınını, şəhid anasını, tarixi Azərbaycan qadınını canlandırsam, sırf mənə yaxın rol olar. Çox təəssüflər olsun ki, belə bir rol oynamamışam”.

“Rolun alt qatını açanda...”

Əməkdar artist Münəvvər Əliyeva: “Mənə rol veriləndə çalışıram ki, onun hansısa anı, xüsusiyyəti özümünkü olsun. Özümünkü olduğu halda onu yaxşı oynaya bilirəm. İstər “Köhnə ev”dəki Cana, istərsə də “Hələ sevirəm deməmişdilər” tamaşasındakı Sona obrazında həyatımdan hansısa bir fraqment olub.
Yeganə “Qatil” tamaşasındakı müəllimə rolu mənə yaxın deyildi. Ssenarini oxuyanda rolum mənə yad obraz olaraq göründü. Ancaq getdikcə görürsən ki, onda da səndən nə isə var. Ona görə də deyə bilərəm ki, bütün rollarda bizə bənzəyən nələrsə olur. Özümdən nə isə olmasa, o rol mənə yaxın olmaz, onu yarada bilmərəm.
Rolun alt qatını açanda görürsən ki, indiyə kimi sən də orda olmusan. O rolu özününkü edirsən. Rollar cürbəcürdür. Sabah mən hər obrazı oynaya bilərəm. Bu, o demək deyil ki, mənə yaxındır, mənə oxşayır”.

Sevinc Fədai


Müəllif: