7 Noyabr 2015 12:47
2 869

Filmləri bizə sevdirən obrazı canlandıran aktyor və aktrisaların məharətli oyunu, ssenari, rejissor işi və hər bir filmdə özümüzə yaxın bildiyimiz kadrlar, obrazlar, hadisələrdir. Bəzən filmlərin yaradıcıları - ssenaristlər, rejissorlar, prodüserlərin adlarını belə bilmirik. Dialoqları eşidir, aktyor, aktrisaların oyununun intizarını çəkirik. Amma filmlərin necə ərsəyə gəlməsindən xəbərsiz qalırıq. Halbuki çəkiliş meydançaları ekran hadisələrindən heç də maraqsız olmur, bəzi hallarda daha diqqətçəkici olur.

Dəfələrlə çəkilən kadrlar, bu əsnada yaşananlar, filmə salınmayan səhnələr, aktyor-aktyor, aktyor-rejissor narazılıqları və səhnələrin çəkilişi zamanı aktyorların başlarına gələn məzəli əhvalatlar təbii ki, ekranlara çıxmır.

Amma biz müntəzəm olaraq hazırladığımız "Kino xatirələr" rubrikamızda bütün bunları gün işığına çıxarır, filmlərin maraqlı, məzəli, gərgin kadrarxası məqamlarını sizə təqdim edirik.

"Vaxtında əyilməsəydim, faciə baş verəcəkdi"

İlk olaraq kinorejissor Arif Babayevin 1977-ci ildə lentə aldığı "Arxadan vurulan zərbə" filmindən danışaq. Bu film Elçinin "Ox kimi bıçaq" povesti əsasında çəkilib. Film Əhməd Qəmərlinin müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli uzun axtarışlardan sonra cinayətkarı tapmağa müvəffəq olur. Filmin ssenari müəllifi Elçin, operatoru Valeri Kərimovdur. Rollarda Həsən Məmmədov, Şahmar Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Rafiq Əzimov çəkilib.

Rafiq Əzimov: "Arif Babayevlə işləmək çox maraqlı idi. O kinomuzda öz dəsti-xətti olan rejissorlardandır. Çəkildiyim bütün filmlərdə maraqlı, həyəcanlı anlar olub. Amma ilk dəfə idi ki, ölümlə üz-üzə gəlmişdim. Filmin son kadrlarını - bıçaq atılan anı çəkirdik... Bir az ehtiyatsızlıq etsəydim, hər şey faciə ilə nəticələnə bilərdi. Deməli, axşam vaxtıdır, çəkilişdən əvvəl rejissor bizə tapşırıqları verdi. Bıçağı arxamca atan sirk artisti idi. Hər ikimiz çəkiliş zamanı rejissordan komanda gözləyirdik. Bıçaq atılan zaman rejissor mənə "əyil" deməli idi ki, həmin an mən əyilməli, bıçaq da başımın üzərində keçməli idi. Çox həyəcanlı idim. Təsəvvür edin, zarafat deyil, yolla gedirsiniz, kiminsə sizin arxanızca bıçaq atacağını bilirsiniz, əlbəttə insan həyəcanlanar. Çəkiliş getdiyi üçün arxaya dönə bilməzdim. Rejissorun komandasını gözləyirəm. Komanda gəldi, çəkiliş heyətinin də tez "əyil" sözlərini eşitdim, başımı tez aşağı əydim, bıçaq saçlarımın arasında keçdi. Onda başa düşdüm ki, rejissor komandanı bir az gec verib. Hamı da həyəcanlanıb ki, birdən bıçaq başıma dəyər. İnsan isti-isti nə baş verdiyini anlamır, amma vaxt keçir, başa düşürsən ki, hər şey an məsələdir. Hər şey yaxşı qurtardı, film ərsəyə gəldi və tamaşaçılar çox sevdilər".

Qalmaqallı film

"Gecə qatarında qətl" - 1990-cı illərdə lentə alınan nadir filmlərdən biri idi. Film Əfqanıstan müharibəsindən qayıdıb cinayətkar qrupa qoşulan gəncin taleyindən bəhs edir. O gənci isə ekranda Fəxrəddin Manafov canlandırırdı. Filmin ssenari müəllifi Natiq Rəsulzadə, quruluşçu rejissoru Əbdül Mahmudbəyov idi. Filmdə Fəxrəddin Manafovla yanaşı, Həsənağa Turabov, Nəsibə Zeynalova, Elmira Şabanova, Muxtar Maniyev çəkilib.

Əbdül Mahmudbəyov: "Bizim zamanlarda kinostudiyada rejissorlar üçün bir qayda mövcud idi. Bütün rejissorlar film çəkmək üçün növbəyə dayanmalı idi. Kimin növbəsi çatsa, o da film çəkirdi. Sıra mənə gələndə çox fikirləşdikdən sonra Natiq Rəsulzadənin yenicə nəşr edilmiş povesti üzərində dayandım. O vaxt Natiq gənc idi, bu sahədə yeni idi. Onun povesti əsasında əvvəl bədii, sonra rejissor ssenarisi yazıldı, çox dəyişiklər edildi. Ssenaridəki əziyyətimə baxmayaraq, mən filmdə ssenari müəllifi kimi adımın yazılmasına razı olmadım. Ssenari yazılan zaman filmdə kimi çəkəcəyimi artıq müəyyənləşdirmişdim. Povestdə Rüstəmin yaşı 18 olur. O yaşda da cavan və bir az təcrübəsi olan aktyor tapmaq çətin idi. Çox axtardım, amma istədiyim kimi bir aktyor tapa bilmədim. Əslində, Fəxrəddin Manafovu çəkmək istəyirdim, çünki mənim üçün Rüstəm məhz o idi. Yaş məsələsinə görə Natiqə təklif etdim ki, gəl, qəhrəmanın yaşını artıraq. Elə də etdik. Və Mən Fəxrəddin Manafovu bu rola çəkdim.

Bu film çox çətinliklərlə, qalmaqallarla rastlaşdı. Əvvəla ona görə ki, filmi çox az-az nümayiş etdirirlər, ikincisi isə efirdə göstəriləndə çox kadrlar kəsilib atılır. SSRİ dağılmasaydı, bəlkə də, bu, üzə çıxmazdı. Film sonralar göstərildi, sadəcə, bəzi epizodlar kəsildi.

Məsələn, filmin qəhrəmanı Fəxrəddin Manafov müharibədən qayıdandan sonra cinayətkar qrupla yolları kəsişir. Biz qəhrəmanın niyə bu qrupa qoşulması, nəyə etiraz etməsi haqda kadrlar çəkmişdik. Amma film nümayiş olunanda məlum olur ki, o kadrlar çıxarılıb. Biz bu filmi çox ağır şəraitdə lentə almışıq.

Düşünün ki, filmi çəkəndə 1990-cı illər idi və 20 Yanvar kimi bir hadisəni yaşamışdı millətimiz. O günlər çox ağrılı, acılı idi. O hadisələrdən sonra şəhərdə çox ciddi nəzarət var idi. Əsas çəkilişimiz qatarda olurdu, çünki filmin hadisələri orada tüğyan edirdi. Bizi qorumaq üçün silahlı dəstədən ibarət əsgər qrupu yaradılmışdı, səhər onların müşayiəti ilə çəkiliş meydançasına gedir, axşam qayıdırdıq.

Deməli, əsərdə mafiyaya işləyən qız erməni olur. Biz ssenaridə də bu obrazı saxladıq, çünki o obraz vasitəsilə biz ermənlərin mənfi xislətini açıb göstərməyə çalışırdıq.

Amma Bədii Şura bunun əleyhinə getdi. Onlar çox təkid etdilər ki, erməni obrazını bir rus qadın əvəz etsin. Bu rola Diana Malaya təsdiqləndi. Bir neçə səhnədə açıq-saçıqlıq vardı. Biz filmdəki bir çox kadrlara görə tənqidlərə, şikayətlərə məruz qaldıq. Onlardan biri də filmin sonunda Fəxrəddin Manafovun qəhrəmanının qatardan asılması səhnəsi idi. O səhnədə Rüstəmi öldürməyə çalışan polislər bel kəmərindən istifadə edir ki, onun da üzərində SSRİ ulduzu var idi. Kəmər Rüstəmin boğazında olanda ekranda o iri planda nümayiş olunur. O filmdən sonra hamı deyirdi ki, SSRİ-nin ulduzu olan kəmərin belə təqdim olunması yolverilməzdir. Hətta filmin qəbul olunub-olunmaması müzakirə mövzusu idi. Məni müdafiə edən bir adam var idi: SSRİ Dövlət Teleradiosunun "Ekran" birliyinin redaktor müavini Oqorodnikova. O, filmin müdafiəsinə qalxdı və son epizodun dəyişdirilməsinin əleyhinə çıxdı. Elə məhz onun sayəsində filmə ən yüksək kateqoriyanı verdilər. Film ilk dəfə nümayiş olunanda çox böyük ajiotaj yaratdı. Məndə olan məlumatlara görə filmin 120 milyona yaxın tamaşaçısı olub. Bu, o vaxt üçün böyük hadisə idi. O cür çətinliklər, basqılar hesabına belə bir film ortaya qoymağımız çox əzmkar davranış idi. Və bu bizi - yaradıcı heyəti çox sevindirirdi".

Məkkədə çəkilən film

2010-cu ildə ekranlara çıxan "Niyyət" filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında çəkilən ekran əsərlərindən biridir. Filmin rejissoru Samir Kərimoğlu, ssenari müəllifi Yavər Rzayev, operatoru Nadir Mehdiyevdir. Filmdə hadisələr iki müxtəlif həyat tərzi keçirən gəncin ətrafında cərəyan edir. Həyat bu iki gəncin yollarını toqquşdurur və onları bir yolda addımlamağa məcbur edir.

Filmdə rolları Fuad Axundov, Rövşən Məmmədov, Münəvvər Əliyeva və Naidə Əliyeva oynayır. Ekran əsəri 2010-cu ildə Qazaxıstanda keçirilən "Şaken ulduzları" festivalında iştirak edib, "İlin filmi" nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatına layiq görülüb. Ən maraqlı məqam isə Qazaxıstanda keçirilən məşhur "Qızıl minbər" tarixində ilk dəfə olaraq filmin festivaldan öncə xüsusi mükafata layiq görülməsidir. Belə ki, festivalın təşkilat komitəsi "Niyyət" filmini "Müsəlman kinematoqrafiyasının inkişafına verdiyi töhfəyə görə" nominasiyasında xüsusi mükafatla təltif edib.

Samir Kərimoğlu: "Bu meydan, bu ekran" kinolayihəsi çərçivəsində çəkdiyim "Qanadlarıma sığal çək" filmindən sonra mənə nazirlikdən üç ssenari təqdim olundu. Onların içərisindən "Həcc" ssenarisi həm mövzu, həm də dramaturji xətti baxımından diqqətimi çəkdi. Ssenarinin müəllifi isə Yavər Rzayev idi. Sonra Yavər müəllimlə görüşdük, fikir mübadiləsi apardıq. Bilirsiniz ki, Yavər müəllim özü də rejissordur və əlbəttə ki, ssenariyə öz rejissor baxışı var. Ümumi razılığa gəlib, ssenaridə dəyişikliklər etdik. Çəkilişlərimiz 2008-ci ilin sentyabrında başladı və 2009-cu ilin martında bitdi. Bizim filmin əsas çəkilişi Kəbədə olmalı idi. Hərçənd ki, 4-5 dəqiqəlik material olacaqdı, amma o filmin əsas məğzini özündə əks etdirirdi. Ərəbistanın çəkiliş icazəsi iki aya yaxın gecikdi. Məkkəyə Ümrə ziyarəti zamanı getdik. Həcc ziyarəti zamanı çox sıxlıq olduğundan belə qərara gəlmişdik. Kəbədə, ümumiyyətlə, çəkilişə icazə vermirlər. Orada çəkiliş aparmaq qadağandır. Ona görə əl kamerasını içəriyə bir vasitə ilə keçirtdik, çox böyük stress yaşadım, istədiyimiz kadrı çəkə bilməsəydim, film bu qədər effektli ola bilməzdi. Bunu başa düşürdüm, ona görə həyəcan keçirirdim. Lakin çox sevinirəm ki, çəkilişimiz uğurla başa çatdı. Ora beş nəfərlik qrupla getmişdik - direktor Adil Qulamov, operator Nadir Mehdiyev iki aktyor Fuad Axundov, Rövşən Məmmədli və mən. Film istehsalata "Həcc" adı ilə buraxıldı, işçi adı "Ziyarət" idi. Sonra isə tamaşaçılara "Niyyət" adı ilə təqdim olundu".

Nərmin


Müəllif: