10 Noyabr 2015 15:25
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı çıxışı zamanı bildirib ki, əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olub və bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır: “İmkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Ancaq bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır”.

Dilşünas, filologiya elmləri doktoru Buludxan Xəlilov Teleqraf.com-a dövlət başıçısının sözügedən çıxışından danışıb: “Ölkədə dilin statusu barədə fərman və sərəncamlar imzalanıb. Ulu Öndərimiz hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin tətbiqi işinin təkmilləşməsi ilə bağlı məlum fərmanı imzalamışdı. Ondan sonra da İlham Əliyev qloballaşan şəraitdə dilçilik elminin inkişafı barədə fərman və sərəncamlar imzalayıb. Bunların hamısı Azərbaycan dilinin praktik şəkildə tətbiqinin geniş imkanlarda təzahür etməsi üçün imkanlar yaradır. Bu, o deməkdir ki, dövlət Azərbaycan dilinin keşiyində dayanır.
Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olmasının bir maddə kimi təsbit olunması analogiyası olmayan bir işdir. Dünyanın heç bir yerində dövlət dilinin tətbiqi ilə bağlı xüsusi fərman və sərəncam imzalanmır. Ancaq bizim prezidentimiz bu istiqamətdə sərəncamlar imzalamaqla dövlətin bu işə xüsusi diqqət göstərdiyini bir daha təsdiq edir.

Yerdə qalır həmin sərəncamlara uyğun olaraq, vətəndaşların, ziyalıların dilimizdən düzgün istifadə etməsinə. Bu məsələdə də, təbii ki, qüsurlar var. Bizim ziyalılarımızın nitqində, televiziya müsahibələrində, ayrı-ayrı çıxışlarında qüsurlara rast gəlmək olur. Azərbaycan dilinin imkanlarından istifadə etməyən ziyalılarımız var. Ziyalılığın birinci göstəricisi ondan ibarətdir ki, o, ilk növbədə, mənsub olduğu xalqın, yaşadığı dövlətin dilində kamil, aydın, səlis danışmağı bacarır. Ziyalı dilin bütün normalarına riayət etməlidir. Burda həm fonetik norma, həm leksik norma, həm də qrammatik norma nəzərdə tutulur. Təəssüflər olsun ki, onların nitqində dilin fonetik normalarına riayət olunmur. Sözlərdəki səslər düzgün tələffüz edilmir. Eyni zamanda, morfoloji normalara məhəl qoyulmur. Ayrı-ayrı variantlarda məqbul hesab olunacaq qaydalara riayət edilmir.

Leksik mənada yol verilən qüsurlar ondan ibarətdir ki, dilimizin lüğət tərkibindəki sözlərin vətəndaşlıq hüququ qazanmasına baxmayaraq, bəzən əcnəbi sözlərdən, vətəndaşlıq hüququ qazanmayan sözlərdən, terminlərdən istifadə edilir.

Mətbuat, televiziya, radio dilin güzgüsüdür. Ona görə ki, bütövlükdə kütləvi informasiya vasitələrinə hər bir vətəndaş bir örnək, nümunə kimi baxır. Ancaq bizim teleradio məkanını nəzərdən keçirsək, görərik ki, bəzən ziyalılarımızın bir qismi verdikləri müsahibələrdə, şərhlərdə, açıqlamalarda, ayrı-ayrı elmi izahlarda Azərbaycan dilinin qaydalarına riayət etmirlər. Bu qüsurlar radio və televiziyadakı çıxışlarda daha aydın görünür. Çünki radio və televiziya bizim həyatımızın tərkib hissəsinə çevrilib”.

Buludxan Xəlilov deyir ki, ana dilini qorumaq və onun normalarına riayət etmək hər bir peşə sahibinin, xüsusilə ziyalıların borcudur: “Ziyalı sözü Azərbaycan cəmiyyətində həmişə ehtiyac hiss edilən bir söz olub. Ziyalının nitqindəki hər hansı bir qüsur istər-istəməz diqqəti cəlb edir. Özünü ziyalı hesab edən hər bir şəxs peşəsindən, ixtisasından asılı olmayaraq, doğma ana dilində, mənsub olduğu dövlətin dilində mükəmməl danışmalıdır. Burda artıq ziyalının riyaziyyatçı, fizik, kimyaçı, etnoqraf oması əsas deyil. Əsas onun ziyalı olmasıdır. Heç bir ziyalıya əsas verilmir ki, o dilin qayda-qanunu pozulanda desin ki, mən dilçi deyiləm. Ziyalı xalqının taleyi ilə bağlı məsələlərdə öz mövqeyini göstərməlidir, örnək olmalıdır. Ona görə də ziyalı aydın dildə danışmağı bacarmalıdır. Nəzərə almalıyıqı ki, tarix boyu dilin təəssübünü çəkən ziyalılarımız mübarizə aparıb.

Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Azərbaycan ədəbiyyatında və mədəniyyətində öz yeri olan yazıçı və şairlərimiz ana dillərində yazmaqla bu dilin keşiyində dayanıblar.

Çağdaş dövrün ziyalıları peşəsindən, sənətindən, ixtisasından asılı olmayaraq, doğma ana dilində mükəmməl yazmağı və danışmağı bacarmalıdır.

Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyindəki çıxışını mən də dinlədim. O, ziyalılarımız qarşısında vəzifələr qoydu, onların hansı işi görməli olduqlarını gündəmə gətirdi. Hər hansı peşə üzrə çalışan ziyalılar, alimlər öz sahələrinə uyğun işlər görməlidirlər. Dil sahəsi isə hər birimizin taleyidir. Dövlət dilimiz hər birimizin qarşısında ciddi vəzifələr qoyur. İlham Əliyev özü də doğma ana dilində sərbəst, mükəmməl, dilimizin qaydalarını qoruyaraq danışır və bunu bizim ziyalılarımıza da tövsiyə edir”.

Sevinc


Müəllif: