11 Noyabr 2015 13:20
1 286

“İyirmi gündür ki, Efes çalxalanır. İyirmi gündür ki, Herostrat adlı birisi hələ də yaşayır...Bəs ədalət?! Bəs cəza?! Axı bu necə ola bilər?!

Biz indi Efes məhkəməsindəyik. Etirazlar qaynayır, müdafiə edən, cavabdehlər, ittiham və etirazlar divarları titrədir. İştirakçılar təmkinli dinləmələrdən sonra əllərindəki ağ və qara daşı cama atırlar. Beləliklə, bu yolla müttəhimə öz etirazını bildirirlər. Biz indi günahların müəyyən olunduğu yerdəyik".
Bu sözlər Akademik Milli Dram Teatrında “Herostratı unudun” tamaşasının ikinci hissəsinin məşqində Elşən Rüstəmovun dilindən səslənir.

Səhnədə musiqi gah artır, gah azalır və rejissor Mehriban Ələkbərzadə tamaşaya deyil, musiqiyə müdaxilələrini edir:

- Elçin, musiqi burada azala bilər. Musiqini o, (Elşən Rüstəmovu nəzərdə tutur - N.M.) arxaya gedəndə qaldıra bilərsiniz. Yaxşı?

Səhnədə Efes məhkəməsi qurulur. Məhkəmənin sədri Kleon obrazında Ayşad Məmmədov görünür. O, bütün etirazları dinləyir... Və arada onun sözləri eşidilir: “Hökmdar mən deyiləm, hökmdar Tissaferndir”.
Xatırlayıram, illər öncəydi, Teatr Xadimləri İttifaqında Gənclər Teatrının iyirmi illiyi münasibəti ilə teatrın ən yaxşı tamaşalarını, eləcə də “Herostratı unudun”u göstərirdilər. O zaman Ayşad Məmmədov tamaşada salnaməçi rolunda çıxış edirdi. Bu dəfə isə o, Kleon obrazı ilə qarşımızdadır...

Herostrat unuduldumu?

Bu arada, sizə əsər barədə bir az məlumat verək. Rus dramaturqu Qriqori Qorinin pyesi əsasında səhnəyə qoyulan “Herostratı unudun” adlı ikipərdəli tragikomediyanın süjetinin əsasında qədim Efes şəhərindəki dünyanın 7 möcüzəsindən biri hesab edilən, tikintisi 120 il davam edən Artemida məbədinin eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bazar alverçisi tərəfindən yandırılması hekayəsi dayanır. Bu tamaşa Gənclər Teatrında Hüseynağa Atakişiyevin quruluşunda təqdim olunub. Bu yaxınlarda isə Türkiyədə yaşayıb-yaradan Azərbaycanın əməkdar incəsənət xadimi Cahangir Novruzov bu pyesi Adana şəhərində səhnələşdirib. Akademik Milli Dram Teatrında isə bu tamaşa Mehriban Ələkbərzadənin quruluşunda hazırlanır.

Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov (salnaməçi), Sabir Məmmədov (Tissafern), Ayşad Məmmədov (Kleon), Münəvvər Əliyeva (Klementina), İradə Həsənova, aktyorlar Hikmət Rəhimov (Herostrat), Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Ülvi Həsənov, Şamil İbrahimov, Elgün Həmidov çıxış edirlər.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

Qayıdaq məşqə...

..az sonra səhnədə Klementina obrazında Münəvvər Əliyeva görünür. Və bundan sonra biz Klementinanın Kleonla gərgin danışıqlarının şahidi oluruq...
Kleon: Herostratın zindanına niyə getmişdin, sahibə?
Klementina: Sadəcə maraqdan...
Kleon: Sizin marağınızdan Efes hakiminin xəbəri varmı?
Klementina: Sənin işin deyil? Bunun sənə dəxli yoxdur?
Kleon: Cinayət və cinayətkara dair nə varsa, hamısının mənə dəxli var...
Bu gərginlik hətta Kleonun Klementinanın saçlarından tutaraq səhnədə sürüməsi ilə müşayiət olunur ki, aktyorın işinin nə qədər ağır olduğunu bu məqamda görmək mümkündür...
Məşq prosesi arada Mehriban xanımın da aktyorlara məsləhət verməsi, tamaşanın dayandırılması ilə müşayiət olunur. Tamaşada isə Tissafern- Kleon, Tissafern-Herostrat, Tissafern-Klementina, Kleon-Herostrat dialoqları bir-birini əvəz edir.

Qadının xəyanəti, yoxsa kişilərin bir-birinə xəyanəti?

Fasilə yaranan kimi isə fürsətdən istifadə edib Mehriban Ələkbərzadə ilə söhbətləşirik.

- Mehriban xanım, bu gərgin tragikomik tamaşa ilə cəmiyyətə hansı mesajı verirsiniz?
- Həyatda gördüyünüz hadisələrlə səhnədəki hadisələrin bənzərliyi çoxdur. Bəlkə də, bu yazıldığı zaman bizim üçün o qədər də populyar deyildi. İndi isə əsərin sosial mesajı daha çoxdur. Bu əsər Moskva teatrlarında tez-tez səhnələşdirilir.

- Rejissor olaraq yükünüz çoxmu ağır idi?
- Bilirsiniz, o, baxır rejissorun əsərə yanaşmasına... Bu əsər artıq pritça janrına çevrilibsə, təbii ki, yükü çox olmalıdır. Çünki iki min il əvvəl cərəyan edən hadisələri bu günlə səsləşdirmək üçün tarixi adaptasiya mütləq olmalıdır. Mən də ona cəhd etmişəm.

- Əsər qadın xəyanətini önə çəkir. Bu tamaşa qadın xəyanətinə necə münasibət göstərir?
- Yazıq qadınlar: bir qadının xəyanəti gözə görünür. Lakin bu qədər kişilər bir-birinə xəyanət edir, hakimiyyət uğurunda bir-birini satır, amma o gözə görünmür. Ona görə cəmiyyətdə böyük faciələrin fonunda qadın xəyanəti daha parlaq gözə çarpır. Əslində, bu günümüzün gerçəkliyidir: bir qadın xəyanət etdi, qələt etdi, amma etdi. Və bu parlaq işıq altında təqdim olunur, düzdür, o xəyanət siyasətdən tutmuş bütün cəmiyyəti dəyişir, ancaq prinsip etibarı ilə burada bir-birinə xəyanət etməyən kimsə varmı? Hakimiyyət uğurunda savaşda hamı bir-birini ayaq altında qoyur. Burada xəyanətləri vurğulamağa çalışmamışam, burada ədalətə, haqqa meydan sulayıb, tanrılara belə üsyan edən bir insanın parodaksal olaraq tarixdə qalmasını önə çəkməyə çalışmışam. Ki, bu qədər ədalətsizliklər oldu, amma nəticədə bu adam tarixdə yaşayır, iki min ildir biz pozuruq, amma onun adı hər fürsətdə qarşımıza çıxır. Herostrat kimdir? Tanrıya üsyan etmiş biri. İnsanlara, cəmiyyətə, əxlaq normalarına qarşı çıxan şəxs. Lakin bu adam tarixdə qalıb. Qanunsuzluq qanuna çevrilib. Bax bundan söhbət gedir. Qanunsuzluq qanuna çevrildikcə belə qəhrəmanlar yaşayacaq. Qanunu yazanlar -Kleonlar öləcək, amma o qanunları pozub, təbiətə və cəmiyyətə qarşı çıxan bir adam qəhrəman olacaq.

“Dəyişmək də lazımdır”

- Mehriban xanım, “Qatil”dəki qəhrəmanınız Hikməti bu dəfə Herostrat kimi gördük...
- Yəqin ki, bu, Hikmətlə işlədiyim son tamaşamdır. Çünki bir qəhrəmanla dəfələrlə işləmək olmur.

- Öz aktyor heyətiniz var və daim onlarla çalışırsınız.
- Əslində, Hikmətlə iki dəfə işləmişəm. Elə rejissor var ki, aktyorunu 20 il dəyişmir. Mən elə rejissorlardan deyiləm. Hikmət mənim daha çox işıq saldığım aktyorlardan biridir.
Bilirsiniz, hər bir rejissorun özünə uyğun aktyor truppası olur. Mənim aktyor truppamda Münəvvər Əliyeva var. Ayşad, Vüsal o truppaya daxildir. Bu dəfə 10 il bundan əvvəl qoyduğum tamaşada iştirak edən aktyorlarla deyil, başqa aktyorlarla işləməyə qərar verdim. Bir az dəyişmək də lazımdır. Ondan başqa bəzən əsər məhz həmin aktyoru tələb edir. Çünki seçim yoxdur. Elə bilirsiniz seçim çoxdur? Xeyr. Hərdən 60 aktyor heyətinə baxırsınız , əsərə və sənin parametrlərinə cavab verən 6 nəfəri o heyətdən güclə çıxara bilirsiniz.

Məncə, Herostrat üçün Hikmətdən başqa aktyor görmədim. Dublyor sistemini sevmirəm. Ya bir adamda görəcəksən qəhrəmanı, ya da görməyəcəksən. İki, yaxud üç nəfərdə eyni rolu görmək çətin məsələdir.

- İmprovizələri niyə sevmirsiniz?
- Niyə sevmirəm ki?

- Məşq prosesində bunu hiss etdim.
- Çünki yetərincə improvizələr ediblər. Daha bundan sonra olmaz. Ağıllı improvizəyə hər zaman imkan verirəm. Diktator deyiləm və proseslərdə yetərincə diktator olmuşam. İndi diktatorluq eləyəcək halım yoxdur.

- Musiqilər yığmadır?
- Bəli. Hanz Zimmerin musiqilərindən daha çox istifadə olunub. Bir hissəsində isə “Mulej Ruj” filmindən bir fraqment səslənir.

“Hakimiyyəti arvadından daha çox sevir”

Növbəti müsahibim Tissafern obrazını yaradan Sabir Məmmədovdur.

- Tissafern necə bir obrazdır?
- Bu, çox məşhur əsərdir. Efes əmiri Tissofern farsdır. Farslar Efesi zəbt ediblər və o əmirlikdə hakimiyyət Tissofernin əlindədir. Bu, müəllif tərəfindən uydurulmuş obrazdır. Tissofern hakimiyyəti arvadından daha çox sevir. Klementina yunandır. Klementinanı isə nakam eşq daha çox maraqlandırır.

- Səhv etmirəmsə, Mehriban xanımla ilk işiniz deyil.
- Bundan öncə birgə çox işlərimiz olub.

- Məşq prosesində improvizələrinizi Mehriban xanım qəbul etmirdi.
- Mehriban xanımın rejissor olaraq öz konsepsiyası, düşüncəsi var. Ola bilər mən aktyor kimi improvizələr edəndə onun konsepsiyasından çıxırdım. Bu, çox normaldır və yaradıcı işdə belə hallar çox olur.

- Tamaşanın uğuruna inanırsınızmı?
- İnanıram. Mən o tamaşada iştirak edən aktyorların peşəkarlığına inanıram. Mehriban xanım bu tamaşada tam yeni ideyanı sərgiləyir.

Biz teatrı tərk edirik, məşqin isə ikinci hissəsi başlayacaq. Sonda deyim ki, tamaşanın sabah, yəni ayın 12-də premyerası keçiriləcək. Fürsəti əldən verməyin, gedin baxın.

Nərmin Muradova

Fotolar: Elçin Murad


Müəllif: