20 Noyabr 2015 15:38
1 845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli ilə müsahibəni təqdim edir:

– Nailə xanım, payız fəslidir, ruh halınız necədir? Hansı mahnılarla öz ruhunuzu ifadə edə, rahatlıq tapa bilirsiniz?
– Mən elə bir bəstəkaram ki, əsasən mahnı janrında yazıram. Amma çoxları bilmir ki, mən indi irihəcmli əsərlər üzərində işləyirəm. Onları konsert formasında təqdim edəcəyəm. Romans yazmaq üçün klassik şeirlərə də müraciət etmişəm. Amma çox istərdim ki, artıq məhəbbətdən deyil, düşündürücü, insanların özünü tapa biləcəyi dünyaya aparan sözlər olsun. Bir neçə belə mahnı yazmışam. Ancaq elə mahnılar var ki, onun müğənnisini tapa bilmirəm.

– Nailə Mirməmmədlini efirdə tez-tez görə bilmirik. Televiziya verilişlərində sizi narahat edən, narazı salan nədir?
– Son vaxtlar elə verilişlər var ki, artıq onlara çıxmıram. Düşündürücü verilişlər yoxdur. Şou-proqramlar çoxalıb və həmin proqramlarda mən özümü görmürəm, özümü ora yaraşdırmıram. Çünki xoşlayıram ki, veriliş sənət barəsində olsun. Bir də görürsən ki, aparıcı verilişə qonaq çağırdığı adamı alçaldır. Mənə qarşı belə hərəkət olmayıb. Amma iş orasındadır ki, mənim yanımda kimisə alçaldırlarsa, o verilişdən çıxıb getməliyəm. Ona görə də, ümumiyyətlə, elə verilişlərə getmirəm. Dəvət olanda da imtina edirəm. Mən orda darıxdırcı görünə bilərəm. Çünki o verilişin formatı bir-birinə sataşmaq, qeybət xarakterlidir. Çox istəyərdim ki, intellektual, maarifləndirici verilişlər olsun, bizi də dəvət etsinlər. Biz öz savadımızla musiqi barədə təsəvvürü olmayan adamların zövqünü formalaşdırmaqda yardım edə bilək.

– Nailə xanım, məlumdur ki, dolanışıq ucbatından hər bəstəkar arzuladığı müğənnilərlə çalışa bilmir. Bəzən mahnısını istəmədiyi müğənniyə də satmalı olur. Bu mənada, sizdə vəziyyət necədir?
– Mənim də həyat tərzim, şəraitim buna imkan versəydi, mahnılarımı satmazdım, hədiyyə edərdim. Elə bəstəkarlar var ki, onların həyat şəraiti yaxşıdır, ailəsində vəzifəli adamlar var. Onlar mahnılarını bağışlayırlar. Mənim imkanlı valideynim, dayım yoxdur.

– Bir az əvvəl dediniz ki, konsert verəcəm. Konsert vermək üçün də gərək ya öz imkanınız olsun, ya sponsorunuz, ya da ailənin köməyi. Siz konsertinizi necə təşkil edə bilirsiniz?
– Heydər Əliyev Sarayı ilə bu barədə danışmışam, onlar da sağ olsun, bu fikrimi çox gözəl qarşıladılar. Mənim üçün konsert vermək çətin deyil. Ona görə ki, dövlətimiz bizə dəstək olur. Əməkdar incəsənət xadimi adının çox köməyi var.

Konsertimi başqa cür fikirləşirəm. Hələ mənim layihələrim başa çatmayıb deyə bir neçə ay gözləməli olacam. İstərdim ki, konsert orkestr ifasında olsun, royal arxasında isə özüm olum. Buna isə məşq lazımdır.

– Siz çox ağır günlər keçirmisiniz, itkilər yaşamısınız. Bu günlərdə və ümumiyyətlə, çətin günlərinizdə yanınızda kimlər olub?
– Hikmət də, mən də elə adamlar olmuşuq ki, heç bir incəsənət adamı ilə qalmaqalımız olmayıb. Çalışmışıq ki, hamıyla anlaşaq. Hər kəslə öz dilində danışmağı bacarıram, ona görə də hörmətim var.

Hamı bilir ki, Röya bu evin böyük qızı sayılır. Hara getsəm, Röya mənim yanımda olur. Başqa sənət adamlarından, televiziya işçilərindən də çox yaxın dostlarım var. Eləcə də başqa peşə adamları... Yaxşı ki, onlar mənim yanımdadır. Hər şeydən əvvəl mənim ailəm həmişə yanımdadır. Uşaqlarıma verdiyim tərbiyəyə görə peşman deyiləm. Bizim ailəyə layiq övladlarım var.

– Nailə xanım, çox sakit təbiətli xanıma bənzəyirsiniz. Bəs ailədə, dostlarınızla münasibətdə, ya sənət işlərində çətin xüsusiyyətləriniz nədən ibarətdir?
– Kim öz yerində düzgün oturubsa, öz yerini tapıbsa, o adama həmişə hörmət edilir. Onunla heç bir problem yaşanılmır. Kim ki həyatda öz yerini hələ də tapmayıb və yaşı ötür, onlarla sözümüz də olur, kapriz də edirik.

Mən psixologiya elmini çox sevirəm. Hər kəsə öz psixologiyasına görə münasibət göstərirəm. Məsləhət verirəmsə, məsləhət də alıram. Düzgün insanla düzgün rəftar edirəm, düzgün olmayanla yox.

– Bildiyimiz qədər, ibadət edirsiniz. Dini amillər sizin sənətinizin qarşısına hər hansı bir sədd çəkirmi?
– Mənim sənətim elə sənət deyil axı... Mən həm də pedaqoqam. Zənnimcə, öz işini, fənnini yaxşı bilən müəllim günah işlədə bilməz. Artıq neçə illərdir, namaz qılıram. Axund ailəsində anadan olmuşam. Babam axund olub. Ona görə də ibadət öz yerindədir, sənət öz yerində. Ancaq ibadət etdiyimə görə çox şey mənə qadağandır. Belə rahatdır, artıq bu həyat tərzinə öyrəşmişəm.

– Belə bir ifadə var ki, heç kimə çəkə bilməyəcəyi dərd verilmir. Siz oğlunuzu, daha sonra həyat yoldaşınızı itirdiniz...
– Mənim də yüküm daşıya biləcəyim qədərdir. Mən, bəlkə də, üsyan etsəydim, Allahım nə məni, nə də övladlarımı əsas dünyaya layiqli bilməzdi. Bunun üçün şükür etmək lazımdır. Yəni Allah mənə nə qədər dərd verirsə-versin, naşükür olmaq olmaz. Bircə yoldaşım basdırılan günü namazımda qəza etmişəm. Həmişə namazımı qılmışam.

– Bu ağrılarla, çətinliklə necə bacardınız?
– Oğlumu itirəndə Hikmət yanımda olmasaydı, bəlkə, mən də yıxılardım. Amma Hikmətdən sonra mən ağlaya bilmirdim. Hamı məni qınayırdı ki, sən niyə ağlamırsan? Onu hələ mən başa düşmürdüm, dərk eləmirdim. Başa düşəndə də övladlarıma görə dözə bildim bu ağrıya. Çünki oğlumun həmin il universitetə qəbul imtahanı vardı. Evdə yas ola-ola Cavidanı aparırdım hazırlığa. Bütün bunlar məni yıxılmağa qoymadı. Düşünürdüm ki, oğlum universitetə mütləq qəbul olmalıdı, bütün fikrimi ona cəmləmişdim. Əgər o qəbul olmasaydı, mən dəli olardım. Sonra qızımın dərsləri ilə məşğul oldum. Əsas da Allaha inancım məni ayaqda saxladı.

– Saçlarınız da bir növ yaşadığınız faciəni ifadə edir. Bəs özünüzü bundan sonra başqa görkəmdə təsəvvür edə bilirsinizmi?
– Saçıma rəng qoymağı özüm istəmirəm. Mən bu saçlarla mənəm. Birdən güzgüyə baxanda fikirləşirəm ki, görəsən, saçlarım başqa rəngdə olsa, necə olar?.. Amma heç bir rəngdə təsəvvür edə bilmirəm.

– Bu sənətdə olmaq tək qadın üçün nə dərəcədə çətindir?
– Mənim bəxtim onda gətirdi ki, seçdiyim ömür-gün yoldaşım bu sahədən idi. O, elə bir cığır açdı ki, mənim üçün də asan oldu. O hörməti ki o yaratdı, o hörmət mənim bu gün də var olmağıma kömək olur. Kənardakılar həmişə mənə tək Nailə kimi deyil, Hikmət Mirməmmədlinin həyat yoldaşı kimi baxırdılar. Elə indi də elədir.

Mənə qarşı da çox haqsızlıqlar olub. Ancaq artıq bərkimişəm, əvvəlki adam deyiləm.

– Sənət adamları həmişə gileylənirlər ki, məşğul olduqları sənətlə ailə dolandırmaq olmur. Sizin əlinizdən başqa hansı iş tutur?
– Əlbəttə, bəstəkarlığa qalanda mənim üçün çox çətin olardı. Yaxşı ki, mən musiqi üzrə doqquz fəndən dərs deyə bilirəm. Bu da mənə çox böyük köməkdir. Tələbələrimlə həm evdə məşğul oluram, həm də ali məktəbdə dərs deyirəm.

Sevinc


Müəllif: