24 Noyabr 2015 09:30
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış şair Elxan Zalla müsahibəni təqdim edir.

– Elxan müəllim, niyə görünmürsünüz? Çoxdandı saytlarda, qəzetlərdə, jurnallarda şeirləriniz, məqalələriniz görünmür. Amma əvvəl tez-tez çap olunardınız.
– Kəramət, yəqin siz “Ədəbiyyat qəzeti”ni az izləyirsiz. Son bir ildə bu qəzetdə xeyli şeirim, məqaləm, tərcümələrim dərc olunub. Amma ümumi götürəndə doğrudan da mətbuatda az görünmüşəm.

– Niyə?
– İki nəşriyyatla müqaviləm vardı, Oljas Suleymanovun və Henrix Heynenin şeirlərini tərcümə etdim. Bu da çox vaxt aparan işdi. İndi bir az asudəlik yaranıb, çalışaram görünüm. Yeni kitablar nəşr etməyi planlaşdırıram.

– Maraqlıdır, biz sizi türkçü şair kimi tanıyırdıq, amma sonra birdən-birə “Tarqovı peyzajı” adı şeirlər kitabınız çap olundu. Tarqovı hara, türkçü şair hara?
– Heç bilmirəm “türçü şair” nəyə deyirsiniz. Azərbaycan türk ölkəsidir, burda əksəriyyət türkçü sayılmalıdır. Hamı türk dilində yazır, asudə vaxtlarında “Totqovı”da gəzişir. O cümlədən, sən də, mən də. Sadəcə, mən bir qism şeirlərdə tarixi mövzuları daha çox qabartmışam, unudulmuş miflərdən, obrazlardan daha çox istifadə etmişəm. Poeziyamıza Boyük Çölün ruhunu gətirməyə çalışmışam. “Qurdlar ulaşan gecə”, “Savaş ayələri” və “Türk əsrinin türküləri” kitablarında əsasən bu tipli şeirlər toplanıb. Mən onları daha çox savaş şeirləri adlandırardım. Bu tipli şeirlər unutduğumuz, amma yaddaş arxivlərimizdə yaşayan savş ruhunun nəğmələridir.

Amma türkün savaşı da var, sevişi də. “Yaquar yerişli vaxt” və “Torqovı peyzajı” kitablarında toplanan şeirlər bu gün meqapolisə çevrilən yeni Bakının, yeni türk insanının şeirləridir. Bugünkü türkün yaşam tərzidir. Bir də “Torqovı peyzajındakı” şeirlərin böyük qismi mənim gənclik şeirlərimdir, 1980-90 illərdə yazılıb. Həm burda, həm də xarici ölkələrdə mən onlar barədə ancaq yaxşı şeylər eşitmişəm.

– Bəs görəsən, niyə sizin “Torqovı”dan yazmağınız bir çox adamlarda qıcıq yaradır?
– Sadəcə, Vaqif Səmədoğlunun və tatar şairi Çulpan Zarifin “Torqovı peyzajı” barədə yazdığı yüksək fikirlər bəzi dostlarımızda qısqanclıq hissləri yaratdı. Sözün düzü, məni onların fikri az maraqlandırır. Mənim üçün Vaqif Səmədoğlunun, Çulpan Zarifin, Qəşəm Nəcəfzadənin, Səlim Babullaoğlunun fikirləri daha önəmlidir, çünki onlar yaradıcı adamlardır. Mənim üçün keçmiş də, bu gün də, gələcək də hamısı iç-içədir. Bəzi şeirlərimdə atlar çöllərdə yal oynadır, bəzilərində isə supermarket vitrinlərindən üzümə kişnəyir.

– Bildiyimə görə, sizin kitablarınız ön sözlə çap olunur. Axı kitaba ön söz yazdırmaq köhnə bir metoddur. Sizin kimi yenilikçi bir şairdə ön söz həvəsi hansı hisslərdən yaranır?
– “Türk əsrinin türküləri” kitabımın ön sözündə məndən daha çox türkçülük problemlərindən söz açılıb. Amma düşünürəm ki, mənim şeirlərim kimi adi oxucu üçün çətin qavranılan şeirlərin də bəzən izaha ehtiyacı var.

– Bundan sonrakı kitablarınız da ön sözlə çap olunacaq?
– Düşünürəm ki, kitablarımın birini öz şərhlərimlə nəşr etdirim, sözün düzü, bu ideyanı mənə dostum Səlim Babullaoğlu verib.

– Şeirlərinizin izaha belə çoxmu ehtiyacı var?
– Azərbaycanlı oxucuların böyük qismi ardağıl poeziyasını qavramağa hələ hazır deyil. Həm də mənim şeirlərimin informatik yükü çoxdur. Mən çoxlarının eşitmədiyi obrazlardan, ifadələrdən, miflərdən istifadə edirəm. Şeirlərim dünyanın Elxan Zal görümüdür. Mənim “Torqovımda” qədim ilahələr gəzişir, fontanların şırnağında su pəriləri çimişir, Qala qapılarında isə “Atillanın Mars qılıncı” yellənir. Məncə, bunu oxucuya izah etməyə ehtiyac var.

– Tez-tez xarici ölkələrə gedirsiniz, xüsusən türk dövlətlərinə ardıcıl səfərlər eləyirsiniz. Bu görüşlər rəsmi dəvətdirmi, yoxsa özünüzün ürəyiniz istəyir gedib-gəlirsiniz?
– Əlbəttə, dəvətlə gedirəm, mənim o qədər pulum hardadır. Onların bir qismi ədəbiyyat tədbirləridir, festivallardır. Türk ölkələrinə gəldikdə isə mən “Türk xalqları dərgisi”nin baş redaktoruyam. Türkdilli ölkələrlə daha sıx əlaqələr yaratmalıyıq deyə düşünürəm.

– Elxan müəllim, 50-dən çox yaşınız var, xeyli yazıb-yaratmış bir adamsınız, bəs necə düşünürsünüz, arzuladığınız bir şair ola bildinizmi?
– Hər halda, belə bir mürəkkəb zamanda özümdən söz etdirməyi bacarmışam. Bugünkü kitablar bolluğunda özümə balaca bir cığır aça bilmişəm. Qalanını gələcək göstərəcək. Əgər böyük arzuların varsa, gərək ona yönəlik iş də görəsən.

– Deyirlər ki, AYO-nun əsasını qoyanlardan biri də sizsiniz. Axı bildiyimə görə siz Yazıçılar Birliyinin üzvüsünüz, bəs niyə alternativ təşkilatın yaranması üçün maraq göstərəsiniz ki?
– AYO yarananda mən AYB-nin üzvü deyildim. O zaman AYO ayrı məramlarla yaradılmışdı. Onun birinci nəşri, “Yaquar yerişli zaman” dərgisi həmin dövrün ən yaxşı ədəbi nəşri idi. Orada mənim qırx yeddi şeirim çap olunmuşdu. Ədəbi cameə onu çox böyük maraqla qarşıladı. AYO ədəbi mühitdə tamam yeni bir cığır aça bilərdi. Təəssüf ki, uşaqlar yolu düz gedə bilmədilər və sonda bu ideya iflasa uğradı. İndi hamısı bir-birinə düşmənidir. AYO-nun mənəvi lideri olmuş Həmid Herisçi bütün günü mətbuatda onları söyməklə məşğuldur.

– Bu yaxınlarda Anar müəllimin qərarı ilə sizə ədəbi dərginin baş redaktoru vəzifəsi veridi. Bəs o dərgi niyə çıxmır? Çapa hazırlanırmı? Yoxsa çıxıb, xəbərimiz yoxdur.
– Bu dərgi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dərgisidir. Jurnal ildə iki dəfə çıxır, hələ ki, gecikməsi olmayıb. Bunlardan biri Ümumtürk ədəbiyyatına, digəri çağdaş Türkiyə ədəbiyyatına həsr olunub.

– Bəs niyə çap olunan dərgilərdən bizim xəbərimiz yoxdur?
– Sizin xəbərinizin olmamağı mənim günahım deyil. Növbəti say dekabrda çıxacaq. Çalışacam gələn ildən dövriliyi artıram.

– Oğlunuz Nicat Zal Qaraxanlı da Yazıçılar Birliyinin üzvüdür. Nicatın şeirlərini oxuyursunuzmu? Onun yaradıcılığı barədə fikirləriniz necədir?
– Məncə, Nicatın şairliyindən nasirliyi daha yaxşı olar. Nicat hələ gəncdir, hələ yaradıcılığına qiymət vermək tezdir. Ədəbiyyatda ustalıq zamanla qazanılır və gərək ilham pərisi – qədim yunanlar onlara muza deyir – özü səni özü seçsin. Görək Nicat Zal da atası kimi muzalarla münasibət qura biləcəkmi? Bugünkü gənclərin sırasından 100 nəfərdən 10-nu ədəbiyyatda qalsa, çox böyük göstərici olar.

– Elxan müəllim, tez-tez fikir səslənir ki, siz Azərbaycanda beş şairdən birisiniz. Bu fikrin müəllifi kimdir?
– Bir dəfə AYB-nin Natəvan klubunda yığıncaq varıydı, tədbiri tanınmış şairimiz Qəşəm Nəcəfzadə aparırdı. İzdihamlı tədbiriydi, xeyli mətbuat nümayəndəsi vardı. Mən zala girəndə Qəşəm məni Azərbaycanın beş şairindən biri kimi təqdim elədi və sözü mənə verdi. Sağ olsun, bu, onun böyüklüyüdür. Elə mən də onu beş şairdən biri hesab edirəm.

– Azərbaycanda beş şairdən biri siz, biri Qəşəm Nəcəfzadədirsə, bəs digər üç nəfər kimdir?
– İkisi Qəşəmlə mənəm, ləzgi demiş, qalanını deməz. Qalanını özünüz tapın.

– Tənqidçilər sizin yaradıcılığınıza niyə biganədir? Sizcə, bunun səbəbi nədir?
– Məncə, xeyli yazıblar. Hərə öz qabiliyyəti səviyyəsində yazıb. Yadımda olanlardan Vaqif Yusifli yazıb, Əsəd Cahangir yazıb, Tehran Əlişanoğlu yazıb... Sayı artırmaq da olar, amma mən yaradıcı adamların yazılarına daha çox önəm verirəm, onlar da allaha şükür bir kitablıq yazıblar. Yaxın vaxtlarda çap olunar, inşallah. Mən Yazıçılar Birliyinin sədri deyiləm ki, məni hamı ucdantutma tərifləsin.


– Yeri gəlmişkən, siz Yazıçılar Birliyinin sədrliyinə namizədliyinizi irəli sürmüşdünüz. Maraqlıdır, növbəti qurultayda yenə namizəd olacaqsınızmı?
– İstəklə reallıq üst-üstə düşsə niyə olmuram?!

– Şeirləriniz xarici dillərə tərcümə olunur və xarici ölkələrdə çap olunur. Buna görə qonorar alırsınızmı?
– Hələlik qonorarı yalnız Qazaxıstan nəşrlərindən almışam. Son dövrdə bir neçə Azərbaycan nəşriyyatı da kitablarımın nəşri üçün pul təklif edir. Bir nəşriyyat isə xaricdə çap edəcəyi kitablara da qonorar ödəcəyini deyir. Bu işlər bizim ölkədə indi-indi qaydaya düşür.

– Elxan müəllim, Azərbaycanın beş ən yaxşı şairindən birisiniz. Bəs bundan sonra arzularınız nədir? Məqsəd, hədəf hara doğrudur?
– Şeirlərimin ingiliscəyə yaxşı tərcüməsini və nəşrini istərdim. Allaha xoş olsa yaxın iki ildə bu reallaşacaq. Tarixi mövzuda bir roman üzərində işə başlamışam. Yaxınlarda bir poemanı tamamlayacam. Hələlik şərti adı “Qız qalası”, və yaxud “Qəbələ prinsesi”dir. Burda da keçmişlə bu gün bir birinə qarışıb. Qalan işləri də zaman göstərəcək.

– Gənclərin yaradıcılığını necə, izləyirsinizmi? Xoşunuza gələn imzalar kimlərdir?
– İndi elə gənclər bolluğu yaradıblar ki, hamını izləmək olmur. Aqşinin şeirlərini xoşlayıram. Qismətin maraqlı publistikası və poeziyası var. Bir də Kəramət Böyükçölün adını çəkərdim, amma yəqin, öz adını müsahibəmizdə qeyd etməyəcəksən.

– Başqaları yoxdu?
– Yenə bir neçə ad çəkmək olar, amma məncə, üç ad hələlik kifayətdir.

– Siz “Beynəlxalq Mahmud Kaşğari fondu”nun rəhbərisiniz. Hazırda fond nə işlə məşğuldur? Bu günə kimi, kimlərə mükafatlar verilib?
– İndi Qazaxstanda və Türkiyədə projelər həyata keçiririk. Dekabrda Bakıda Qazaxıstan tarixinə dair elmi məqalələr toplusu nəşr olunacaq. Həmçinin Türkiyədə Qazax yazıçısının, Qazaxstanda isə Azərbaycan yazıçısının kitabı nəşr olunacaq. Fondla bağlı planlarım böyükdür. Bu barədə yaxın gələcəkdə söhbət edərik.

– Bu yaxınlarda bir şeirinizi oxudum. Şeirin adı belə idi: “Alev. gimel. Vav” Nə deməkdir bu?
– Bu, Finikiya əlifbasının ilk hərfləridir. Hərflər mənə muzaları cəlb etməkdə kömək edir. Finikiyalılar sevgi ilahəsinə tapınardılar, bu da bir sevgi şeiridir. Böyük sevgilər ilahədən gələnlərdir.

– Elxan müəllim, sizcə, oxucu oxuduğu şeiri mütləq anlamalıdırmı? Şeir nə zaman yaxşı şeir hesab olunur, oxucu anlayandamı, anlamayandamı?
– Məncə şeir duyğuyla və təhtəlşüurla qavranılır. Onun nəsrdən fərqi də budur. Şeir anlanmaqdan daha çox xoşa gələ bilər. Oxucu oradakı informasiya yükünü başa düşmədən qəbul edir. Nəyin yaxşı, nəyin pis olduğunu isə oxuyanın zövqü həll edir.

Kəramət Böyükçöl


Müəllif: