25 Noyabr 2015 12:10
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Televiziyalarımızda fəaliyyət göstərən kino departamentlərinin rəhbərləri kino sahəsinin mütəxəssisləri deyil. Onlar ancaq beş-altı film tanıyırlar. "Babək", "Qaynana", "Nəsimi" və s. İndiyə qədər heç bir kino departamentinin müdiri Dövlət Film Fonduna müraciət etməyib ki, sizdə hansı sənədli, bədii və animasiya filmləri var. Bizə efirlərdə vaxt versələr, "Azərbaycanfilm"in öz efir vaxtı olsa, orada yeni çəkilən filmləri göstərib, gördüyümüz işlər barədə tamaşaçıları məlumatlandıra bilərik".

Bu sözləri Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının rəhbəri Müşfiq Hətəmov deyib. Onun sözlərinə görə, siyasi, sosial strateji əhəmiyyət daşıyan incəsənətin kino növü ilə çoxlu mesajları vermək mümkündür: "Ona görə filmlərin piar kampaniyası, onların tamaşaçıya çatdırılma üsullarından istifadə etmək lazımdır. Ancaq bu məsələyə televiziyalar bir az səhlənkar yanaşırlar. Əgər yadınızdadırsa, "Space" kanalı ilə bizim bir layihəmiz var idi. Orada ən yeni filmlərimizi təqdim edirdik. Uzun müddət davam edən layihə cəmiyyət tərəfindən də maraqla qarşılanmışdı. Amma sonra bu layihəyə ara verməli olduq. Düşünürəm ki, gələn il əməkdaşlığımızı davam etdirəcəyik.

Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev ayda iki dəfə televiziyalara yeni filmlərimizin əks olunduğu siyahı göndərir. Biz tərəfdən yeni filmlərin göstərilməsində heç bir problem yoxdur. Ən əsas məsələ odur ki, müasir kinoda baş verən prosesləri bilən, analiz edən kino biliciləri televiziyalarımızda çox azdır. Təəssüf ki... Bilirsiniz, dünyada və bizdə müxtəlif janrlı filmlər çəkilir. Onların hansının nümayiş etdirilməsi artıq telekanalların kino departamentlərinin seçimindən asılıdır. Bu, xarici filmlərin nümayişində də belədir. Düşünürəm ki, televiziyanın məqsədlərindən biri tamaşaçıların zövqünü formalaşdıran filmləri seçib nümayiş etdirməkdir".

O bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirdikləri "Bizim kino günləri-Audiovizual məkanda peşəkarlıq" layihəsi bu işdə də köməyə gələcək: "Yeni layihəyə start vermişik. Bu layihənin filmlərimizin təbliğatında əvəzolunmaz rolu olacağına inanıram. Layihənin anonsları telekanallarda vaxtaşırı yayımlanır. Layihə "Axınla aşağı" filminin baxışı və müzakirələri ilə başladı. Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinomuzda peşəkarlıq məsələlərinə həsr olunan layihənin növbəti - ikinci mərhələsi sabah baş tutacaq (bu gün - N.M). Biz Rafiq Əliyev və Cavid Təvəkkülün "Dərs" filmini nümayiş etdirəcəyik. Müzakirələr bədii kinoda uşaq mövzusu, uşaq film auditoriyasının ünvanlı seçimi, cizgi filmlərinin istehsalının durumu mövzuları ətrafında aparılacaq".

"Filmin diskini qanunsuz yolla alırlar və..."

Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev telekanallarla bağlı iki ildən bir həyata keçirilən monitorinqin nəticələrinin gələn il açıqlanacağını deyib: "Mən sizə yalnız ötən illərdə apardığımız monitorinqin nəticələri barədə məlumat verə bilərəm. Biz monitorinqi kimisə nədəsə imtahan etmək üçün keçirməmişik. Bu, fəaliyyətimiz üçün mühümdür. Yəni, real vəziyyəti bilmədən Gildiya öz fəaliyyətini qura bilməz".

Əksər kanallarımızda sənədli, cizgi filmlərimizin nümayiş olunmamasından şikayətlənən Gildiya rəhbəri bu məsələdə onları tamamilə təqsirkar bilməyin əleyhinə olduğunu deyib: "Bu istehsalçıların filmlər barədə informasiyaları vaxtında telekanallara təqdim etməmələrindən də qaynaqlana bilər. Bütün hallarda biz istəyirik ki, Azərbaycanın audiovizual əsərlərinin istifadəsi tarazlanmış olsun. 2013-cü ildə apardığımız sorğuda bütün telekanallar üzrə xarici audiovizual əsərlərin istifadəsi 23,09 faiz təşkil edirdisə, milli audiovizual əsərlərin göstəricisi 5,1 faiz idi. AzTV efir vaxtının 20.8 faizini xarici (ANS - 30.9, ATV - 13.5, Lider 18.9, Space 22.0, Xəzər TV 31.8), 3.5 faizini isə milli əsərlərin (ANS- 2.5, ATV 0.7, Lider 2.7, Space - 2.4, İTV- 2.9, Xəzər TV- 1,4) nümayişinə həsr edir. Bura yalnız filmlər deyil, bütün audiovizual əsərlər daxildir. Telekanallarımızda ən çox nümayiş olunan filmlərə gəlincə, bunlar "Ulduz", "Bəyin oğurlanması", "Babək" , "Əhməd haradadır?", "Qaynana" , "Bir qalanın sirri", "Sehrli xalat", "O olmasın, bu olsun", "Bəxtiyar", "Yol əhvalatı" və başqalarıdır. Əgər telekanallar bütün yerli istehsalın maksimum 60 faizini istifadə edirsə, deməli, bu siyahıda olan filmlər onun 40-50 faizini təşkil edir. Bəzi kanallarda isə, məsələn, "Xəzər" və ATV-də isə bu, 0,1-1,0 faiz təşkil edir. Bu siyahıda olmayan filmləri isə əsasən ANS, İTV, AzTV axtarıb, araşdırıb, tapıb nümayiş etdirir. Bilirsiz, ümumiyyətlə, bu işdə istək lazımdır. Çox kanallarda kino şöbəsi yoxdur. Kino şöbəsi yalnız yerli filmlərlə deyil, xarici filmlərin alınması, nümayişini təşkil edir. Bu şöbə yoxdursa, deməli, qanunsuz yolla filmin diskini 1 manata alıb, dublyaj edib nümayiş etdirirlər. Ona görə bizim filmlər sərfəli deyil. Və deyirlər ki, biz filmləri onlara baha qiymətə təqdim edirik. Nəyə və hansı nisbətə görə bahadır? Pirat filmi nümayiş etdirməyin nisbətində, əlbəttə, bahadır".

"Tamaşaçıları bundan məhrum etmək düzgün deyil"

Bədii və sənədli filmlər çəkən rejissor Şamil Nəcəfzadə son olaraq "Qala" bədii filmini illər əvvəl lentə alıb. O deyir ki, film Azərbaycandan çox xaricdə nümayiş olunub: "Birmənalı şəkildə deyəcəm ki, "Qala" Azərbaycandan çox xaricdə nümayiş olundu. Məhz rus prodüserlərin sayəsində film Monreal festivalına qəbul olundu. Bu festival A kateqoriyalı festivaldır. Rejissora filmin müəllif hüquqları məxsusdur. Amma film bir məhsul kimi mənim deyil. Onun sahibi mən deyiləm. Filmin televiziya və kinoteatrlarda nümayişi ilə bağlı onun hüquqlarının sahibi məşğul olmalıdır. Bu, onun borcudur. Mənim səlahiyyətim yoxdur. Bəlkə, səriştəm onlardan daha çoxdur, amma səlahiyyətim yoxdur. Hər bir sənət əsəri mesajdır. Bu mesaj ünvanına çatdırılmalıdır. Çatmayanda suallar yaranır. Bu qədər dövlət vəsaiti nəyə sərf olunub?" kimi suallar yaranır.... Düzdür, bu filmlər itmir, rəflərdə qalırlar. Vaxt gələcək onlar nümayiş olunacaq. Amma onların verdiyi mesajlardan indiki tamaşaçıları məhrum etmək düzgün deyil.

Filmlərin piarının olmaması əslində böyük problemdir. Bununla məşğul olan ayrıca qurum olmalıdır. Mədəniyyət və Turizm Nazirliyi öz üzərinə düşən funksiyanı yerinə yetirir. Nazirliyə maliyyə verilir, hansısa studiya o maliyyə qarşılığında filmi çəkir. Amma sonrakı üçüncü mərhələdə işlər başqa cür olur. O mərhələdə hazır məhsul tamaşaçıya çatdırılmalıdır. Bunun da mexanizmi var. Bütün dünya bu mexanizmlə işləyir və uğur da qazanır. Sonuncu çəkdiyim sənədli filmin "Discovery" və digər o səpkili kanallar üçün çox maraqlı və qiymətli məhsuldur. Bu məhsul ora verilsə, böyük gəlir gətirə bilər. Həm də stimul olar ki, çəkilən film pul qazandırır. Bizdə çəkilən film ona xərclənən məbləği geri qaytarmır. Filmlər kino mədəniyyət sahəsi kimi inkişaf etsin deyə çəkilir. Halbuki, kino çox gəlirli sahədir. Və bundan istifadə etmək lazımdır. Və hesab edirəm ki, bu işdə televiziyalar da maraqlı olsa, daha yaxşı nəticələr olar".

Nərmin Muradova


Müəllif: