26 Noyabr 2015 13:59
1 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un yeni – “Heykəllərlə söhbət” rubrikasında əməkdaşımız Sərvər Şirin Azərbaycan ədəbiyyatında, incəsənətində və tarixində böyük yeri olan dahi şəxsiyyətlərin heykəlləri ilə xəyali söhbətlər edəcək.

Rubrikanın ilk qonağı dahi Azərbaycan şairi Məhəmməd Füzulidir. Daha doğrusu, onun heykəli.

- Ustad, bütün azərbaycanlılar sizi öz şairi hesab edir. Lakin fakt budur ki, İraqın Kərbəla şəhərində anadan olmusunuz, orda yaşayıb orda vəfat etmisiniz. Burda – Azərbaycanın paytaxtı Bakıda özünüzü necə hiss edirsiniz?

- Çox yaxşı. Azərbaycan mənim ata-baba yurdumdur. Alimlər də sübut ediblər ki, bizim nəsil Azərbaycanın bayat boyundan çıxıb, İraqın Kərkük vilayətinə köçüb. Mən burda doğmalarımın arasındayam. Ancaq yaşadığım Kərbala şəhəri də mənim üçün əzizdir, müqəddəsdir. Bir qitəmdə də bu barədə belə demişəm:

– Nə qızıldır, nə gümüşdür, nə ləl, nə mirvaridir.
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır!

Yəni müqəddəs torpaqdır...

- Burada hər gün başı yığnaqlı olursunuz. Yan-yörəniz adamlarla dolu olur. Onları görəndə hansı hissləri keçirirsiniz?
- İnsanları şən, fərəhli görəndə mən də sevinirəm, qəmli görəndə kədərlənirəm. Mən xalqımı çox sevirəm, xalqım da məni çox sevir. Bu heykəl onların mənə məhəbbətinin abidəsidir.

- Sizin poeziyanız qəmə, kədərə daha çox meyillidir. Şeirlərinizin birində deyirsiniz ki, harda qəm varsa, verin mənə. İndi də üzünüzdə dərin bir kədər var...
- Elədir. Mən dünyanı “cəfaçı dünya” adlandırmışam. İnsan bu dünyaya qəm çəkmək üçün gəlib. Bir nəfərin dərdi də mənə dərd olur. Qarabağın da dərdi mənim dərdimdir, İraqın dərdi də. Lap elə Ukraynanın, Yunanıstanın da dərdini öz dərdim kimi yaşayıram. Ustad Nizami də belə olub. O da bəşəriyyətin qayğıları ilə yaşayıb. Biz ikimiz də məmurları qayğıkeş olmağa, insanları mehriban olmağa çağırmışıq...

- Sizcə, bunun səbəbi nədir?
- Bunun səbəbi insanın xislətindəki lovğalıq, xəbislik, paxıllıqdır. Allahın insanda bəyənmədiyi birinci pis cəhət məhz lovğalıqdır. Mən dörd poema yazmışam, onun üçünü mənəm-mənəmliyin, lovğalığın tənqidinə həsr etmişəm. “Bəngü-Badə”, “Söhbətül-əsmar”, “Yeddi cam” adlı poemalarımda, “Səhhət və Mərəz”də şöhrətpərəstliyin, hakimiyyətpərəstliyin fəsadlarını göstərmişəm. Öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurmaq hissi ilə yaşayanlar müharibələr, qarətlər törədirlər. Həmin hiss şeytan dürtməsidir, mənfur duyğudur. Qəribədir ki, insanlar bir-birlərinə vəhşi gözü ilə baxırlar.

- Düz deyirsiniz. Hətta dinc şəraitdə də insanlar bir-birilə yola getmirlər. Qardaş qardaşa, dost-dosta kələk gəlir. Biri vəzifəyə keçən kimi başqalarını soymağa çalışır. Düşünmür ki, həmin o başqası da insandır, o da yaxşı yaşamaq istəyir və bu, onun haqqıdır.
- Doğrudur. Sən bunları dedikcə yadıma doqquz axça əhvalatı düşür. Osmanlı sultanı Sultan Süleyman Qanuni sənətimə hörmət əlaməti olaraq mənə doqquz axça təqaüd təyin etmişdi. Mən həmin pulu vəqf idarəsindən ala bilmədim. Məmurlar məni idarədə lağa qoydular. Dedilər ki, ay yazıq, burda pul nə gəzir. Rüşvət verməsən, heç nə ala bilməzsən. Fərman əlimdə kor-peşman evə qayıtdım.

- Ustad, qəm-kədərlə dolu olan bu dünyada necə yaşamaq lazımdır ki, dərd yüngülləşsin, ürək şadlansın, ömür mənalı keçsin.
- Eşq və məhəbbətlə...

- Buna görədir ki, eşq və məhəbbət sizin şeirlərinizin mayasını təşkil edir? Sizi “eşq və məhəbbət şairi” adlandırırlar.
- Elədir. Bu fani dünyada dirilik suyu eşqdir, məhəbbətdir. Bir qəzəlimdə də demişəm: “Ey Füzuli, bu fəzilət daxili-əhli-kamal eylər məni”. Yəni bu fəzilət (məhəbbət) məni (mənim şəxsimdə insanları) mənən, daxilən kamilləşdirir, zənginləşdirir. İnsandakı mənfi hissləri öldürüb onu insaniləşdirir. Yəni adına layiq bir məxluqa çevirir.

- Əsrlər boyu sizin qəzəlləriniz insanlara zövq verib. Mən də onlardan biri. Baxın əlimdə sizin kitabınız var. Bu kitabda, əsasən, türkcə divanınız, yəni Azərbaycan dilində qəzəlləriniz toplanıb. Onlardan birini oxuyum, mənasını siz açın.
- Yaxşı, oxu.

- Zülfi kim ayağın qoymaz öpəm nigarım,
Yoxdur onun yanında bir qılca etibarım.

- Yəni: nigarımın zülfü (saçı) ayağınacan uzanıb, onun ayağını öpür. Ancaq nigarım qoymur ki, mən də onun ayağını öpüm. Deməli, onun yanında bir qılca (tük qədər) etibarım, hörmətim yoxdur. Tükü qoyur ayağını öpməyə, məni isə qoymur.

- Gözəl sözlərdir. Ancaq, ustad, indi məhəbbət, eşq elə bil qədir-qiymətdən düşüb. Hətta indi boşanmalar evlənmələrdən çoxdur. Bunların səbəbi nədir, dövr, zəmanə başqadır, yoxsa?
- Bütün dövrlərdə məhəbbət olub və həmişə olacaq. Çünki eşq-məhəbbət ürək-könül məsələsidir. Hər bir insanın isə ürəyi, qəlbi var. Ürəklərdə məhəbbət hissini yaşatmaq, yaxud onu oyatmaq, dirçəltmək gərəkdir. Mən bir qəzəlimdə demişəm: “Ey Füzuli, eşqi-zövqün zövqi-eşqi var olandan sor”. Böyük bəstəkarımız Üzeyir Hacıbəyov “Arşın mal alan” filmində mənim bu qəzəlimdən istifadə edib. Məhəbbət hissi ilə yaşayan Əsgər filmdə məhz bu qəzəli oxuyur. Bu isə o deməkdir ki, Üzeyir bəy də mənimlə həmrəy, həmfikirdir.

- Ustad, qəribədir ki, boşanmalar həm varlı, həm də yoxsul gənclər arasında baş verir. Varlı gənclər, adətən, ona görə boşanırlar ki, var-dövlət əsasında evlənir və xasiyyətlər, ürəklər, sözlər düz gəlməyəndə mənafelər, iddialar, təkəbbürlər toqquşur, ayrılmalı olurlar. Yoxsul gənclərin isə müəyyən maddi-məişət çətinlikləri ilə qarşılaşır, sözlər düz gəlməyən kim dava-dalaş başlayır, “o yoxdur, bu yoxdur” üstündə boşanma olur. Sizcə, bunların əsasında nə dayanır?
- Bunun əsasında mənəviyyat dayanır. Ona görə də mənəviyyatı daha güclü təbliğ eləmək lazımdır.

- Ustad sizinlə müsahib olmaq xoş idi. Başqa nə demək istərdiniz?
- Çox gözəl. Mənim ən xoş arzularımı insanlara çatdır. Qoy bir-birlərinə qarşı məhəbbətli, hörmətli, mehriban olsunlar.

- Məmnuniyyətlə. Hələlik, sağ olun.

Bir neçə addım getdikdən sonra geri dönüb sevimli şairimizdən soruşuram:

- Gecələr burda qalanda darıxmırsınız ki? Üşümürsünüz ki?
- Yox. İnsanların məhəbbəti həmişə mənimlədir. Xoş bir həyəcanla səhərin açılmasını gözləyirəm. Oxucularımın gözündəki nur-işıq ürəyimi hərarətlə, məhəbbətlə doldurur. Məni yaşadan da budur.

Sərvər Şirin


Müəllif: