27 Noyabr 2015 10:59
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Ehtiram İlhamın “İlhamsız yazılan şeirlər” silsiləsini təqdim edir.

***

Fələk məni yenəmməzdi bu boyda,
Mən bu dərddən yaralanan adamam.
Dərd ömrümü dən yerinə üyüdüb,
Bu dərdimlə uralanan adamam.

Xoş gün məndən qaçaq düşüb, gizlənib,
Dərd içimdə əzizlənib, sözlənib.
Qoşa dərdi düyünlənib, düzlənib,
Sinəsində sıralanan adamam.

Bu nisgildən səssiz-səssiz ötürəm,
Bu qəmlərin çiskinində itirəm.
Bu kədərin kölgəsində bitirəm,
Bu dərdimdən havalanan adamam.

***

Dərddən yol aldı dünyaya,
Yaşamaq istədi guya.
Göz açdı Günəşə, Aya,
Boylandı-boylandı, gördü,
- Bu Allah bəndəsi.

Baxmadı dayaz-dərinə,
Boyun əydi qədərinə.
Əzabına, kədərinə,
Ağladı, sızladı, güldü,
- Bu Allah bəndəsi.

Canında qalmadı canı,
Olmadı bir sirr açanı.
Bir-bir əlinə keçəni,
Taladı, dağıtdı, böldü,
- Bu Allah bəndəsi.

Nələr dolandı başında,
Üşəndi öz təlaşından.
Bir cavan oğlan yaşında,
Yaşadı, yoruldu, öldü,
- Bu Allah bəndəsi.

***

Haçandı küsüb, inciyən,
İlhamım üzümə baxdı.
Şeir yazmaq istəmirdim,
Bir işdi əlimdən çıxdı.
Yazın ömrümə, qardaşlar.

Qanımı sümürüb içən,
Fələklə öcüm çatmırsa,
Yetmirsə heç nəyə əlim,
Heç kimə gücüm çatmırsa,
Kəsin ömrümü, qardaşlar.

Mən elə Allah bəndəsi,
Tanrının xəbəri olmaz.
Nə gəlir, qoy mənə gəlsin,
Kimsəyə xətəri olmaz.
Yazıq ömrümə, qardaşlar.

Gördünüzmü hardan gəlib,
Yol aldı hara güzarım?
Qazdığınız quyu ki, var,-
Qoy olsun axır məzarım,-
Qazın ömrümə, qardaşlar.

Başdaşındakı yazı

Atanı, ananı görmək istədin,
Atana, anana qurban olum mən.
Axır mənzilinə belə tələsən
Ömür karvanına qurban olum mən.

Olmadı çəkdiyin dərdin əlacı,

Sızladı qardaşın, göynədi bacın.

Sən idin bir nəslin başının tacı,
Adına, sanına qurban olum mən.

Şirin xatirəyə döndü hər anın,
Qurumaz göz yaşı o üç balanın.
Rahatlıq tapdımı ağrıyan canın?
Ağrıyan canına qurban olum mən.


***

Torpağın altına köçəndən bəri,
Bağrımın başıdı yeri İlhamın.
Bu dünya boydadır, - bitib tükənməz,
Adı, xatirəsi diri İlhamın.

Təpərdən, dözümdən qalmadı heç nə,
Ürəkdə arzumdan qalmadı heç nə.
Özümə özümdən qalmadı heç nə -
Yarı İlhamındı, yarı İlhamın.

Nə çəkdi, nə çəkdim bəxtin əlindən,
Ruhudur canımdan canıma köçən.
Daha iki ömrü yaşayıram mən -
Biri Ehtiramın, biri İlhamın.


Müəllif: