28 Noyabr 2015 20:18
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gülüstan Əliyeva "Dünya mənimdir"ə yeni həyatı necə verdi?

Şair Arif Əliyevin "Dünya mənimdir" şeirinə bəstələnən Əməkdar artist Gülüstan Əliyevanın ifasında təqdim edilən eyniadlı mahnı son zamanlar sosial şəbəkələrdə geniş yayılaraq, çoxsaylı dinləyici marağına səbəb olub. Mahnının belə sevilməsindən razılıqla danışan Gülüstan Əliyeva bu uğuru sözlə musiqinin vəhdətinə bağlayıb.

Məlumat üçün bildirək ki, Arif Əliyev sovetlər dönəmində DQMV-nin ikinci katibi olub, Qarabağ üçün çox işlər görüb, hətta girovluq taleyi də yaşayıb. O, 1970-ci ildən şeirləri ilə ardıcıl olaraq respublika mətbuatında çıxış edir. "Azərbaycan", "Ulduz", "Literaturnaya Azərbaycan" jurnallarında, "Ədəbiyyat və İncəsənət", "Azərbaycan gəncləri" qəzetlərində və bir sıra ədəbi almanaxlarda çap olunmuş şeirləri Azərbaycan torpağının gözəlliklərinə, onun dünəninə, bugününə həsr olunub. Taleyi tükdən asılı dünyamızın qarışıq yuxuları Arif Əliyevin şeirlərində poetik obyektə çevrilir. Forma aydınlığı, fikir və hissin vəhdəti, mövzuların əlvanlığı şairin şeirlərinə yeni çalar, yeni rənglər gətirir.

"Çoxdan ifa etmək istəyirdim"

Gülüstan Əliyeva qəzetimizə açıqlamasında mahnını öncə Ağadadaş Ağayevin ifasında dinlədiyini deyib: "Bilirsiniz ki, mən retro mahnılara çox müraciət edirəm. "Dünya mənimdir" mahnısını uzun illər öncə Ağadadaş Ağayevin ifasında dinləmişdim. Elə o vaxtdan da çox sevdiyim və hər zaman ifa etmək istədiyim mahnılardan biri olub. Mahnıya yeni həyat vermək istəyim ötən il gerçəkləşdi. "Dünya mənimdir"i yeni aranjimanda, yeni formada dinləyicilərə təqdim etdim. Hər dövrün öz musiqisi və musiqinin səslənmə tələbi var. Eyni zamanda hər dövrün öz dinləyicisi var. Ona görə də musiqini də dövrün tələblərinə uyğun olaraq səsləndirməyə çalışdıq. O baxımdan bu mahnıya da aranjimanla yeni bir nəfəs verməyə səy göstərdik. Əlbəttə ki, əsasına dəyməmək şərti ilə... Mahnını ötən il ifa etmişəm. Amma bu il daha çox populyarlaşmağa başlayıb. O zaman çox axtardım, araşdırdım amma şeirin müəllifini tapa bilmədim. Bu yaxınlarda məlum oldu ki, sözlərin müəllifi Arif müəllimindir. Əlbəttə, bunu bilməyim və son vaxtlar sosial şəbəkələrdə mahnının bu qədər sevilməsi məni çox sevindirir. Əminəm ki, mənim kimi Arif müəllim də sözlərinə həsr olunan mahnının bu qədər sevilməsinə çox sevinib".

Sözlər

"Mən hər zaman ifa etdiyim əsərin həm sözlərinə, həm də musiqisinə önəm verən insanam. Gözəl sözlər olmalıdır ki, gözəl musiqi ilə həmahənglik təşkil etsin. Musiqi də gözəl olmalıdır ki, mahnının hər bir sözünün mənasını özündə əks etdirə bilsin. Bir sözlə, musiqi sözlərə tam oturmalıdır, yaxud da əksinə... "Dünya mənimdir"in çox gözəl və maraqlı sözləri var. Mahnılar çox qısa vaxt ərzində təqdim olunur. Bu vaxt ərzində mahnı çox maraqlı həyat hadisəsini özündə əks etdirir. Şeirdə də insanın həyatının bir anında yaşadığı o gözəl məqamların təsviri verilib. Sanki o hadisələri bir şəkil kimi çəkib. Ona görə bu mahnı gözəldir. Əslində mahnı ona görə gözəl olur ki, şeirdəki hadisə sənin gözünün önündə canlanır. O zaman şeir və o şeirə yazılan mahnı da gözəl olur".

"Ziyalılarımızın musiqi zövqü gözəldir"

"Əvvəllər bir mahnı ifa etdiyim zaman ardınca klipini də çəkdirməyə çalışmışam. Bu gün informasiya şəbəkələri çoxdur. Ona görə insanların internet üzərindən o mahnıları dinləmək imkanı daha genişdir. Mahnı hazır olandan sonra öncə onu radiolara təqdim edirəm. Paralel olaraq da telekanallarda səsləndirirəm. Çünki dinləyici kütləsi çox böyük şərtdir. Ondan sonra "YouTube" da yerləşdirib, sosial şəbəkədə paylaşıram. Çünki dinləyici reaksiyası mənim üçün çox əsas və dəyərlidir. Bəzən fikir bildirən insanların musiqidə, şeirdə, ifada diqqət etdikləri məqamlara biz sonradan nəzər yetiririk. Hər insanın fərqli dünyagörüşü var və bundan çıxış edərək onlar bir mahnıya, əsərə münasibət göstərirlər. Bu mahnı barədə də hər zaman xoş sözlər eşitmişəm. Bir söz demək istəyirəm, Azərbaycan ziyalılarının musiqi zövqü çox gözəldir. İfamı dinləmək istəyən, musiqi zövqü gözəl olan insanların məclisinə dəvət olunanda mütləq bu mahnını ifa edirəm".

Nərmin Muradova


Müəllif: