30 Noyabr 2015 17:15
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi “Qatil” tamaşasına baxanlar bilər. Tamaşanın ən ağır səhnəsində bir mahnı səslənir və hər kəsi öz təsirinə salır.


Ruhum dərd daşıyan yoldu canıma,
Könlüm qəm odası oldu canıma
Bir çəngə qor gəlib doldu canıma
Qəlbim zülm çəkdi, zülm bu gecə...

Təxminən iki il əvvəl tamaşaya baxanda həmin ifaçının səsini heç cür anışdıra bilməmişdim. Ancaq çox keçməmiş bəstə səs sahibini ələ vermişdi. Bəli, bu, bəstəkar Aygün Səmədzadənin musiqisi və səsi idi…

Daha çox “Məktəb illəri”, “Tut ağacı”, “Bakı haqqında nağıl”, “Bu dünyanı nağıl bilək” kimi mahnıları ilə təqdim olunan bəstəkarı bu mahnısı ilə yenidən kəşf edib sevmişdim. Ancaq elə o vaxtdan mənə qəribə gəlmişdi: bu qədər pozitiv, deyib-gülən, ürəkdən rəqs edən bir insan necə bu qədər içdən “Əlim göz yaşlarımı silməyə belə çatmır” deyə oxuyur?.. Bu sualımın cavabını tapmaq bu günə qismət imiş...

“Düşünürəm ki, bu mahnıda mən varam. 2003-cü ildə ilk dəfə teatr tamaşasına musiqi yazdım. Tamaşanın sonunda səhnəyə çıxıb o alqışları eşitməyim sənətdə ən xoşbəxt günlərimdən biri idi. O mahnını özüm ifa etdim. Mahnının sözləri mərhum şairimiz Əliağa Aslanındır. Bu şeirin sözlərini tamaşaya uyğun hesab etdiyimdən ona musiqi bəstələdim. Hərdən işlərim düz gətirməyəndə, düyünlərə düşəndə içimdə o mahnını eşidirəm. Elə bilirəm ki, o mahnı mənim üçün yazılıb. O sözləri öz həyatımda görürəm. Zahirən çox qayğısız görünə bilərəm. Deyə bilərlər ki, filankəsdi, filankəsin qızıdı. Hər şeyə görə Allaha şükr eləyirəm ki, nə yaxşı, mənim həyatım belədir. Ancaq mənim də çox ağır günlərim olub, çox ağır situasiyalara düşdüyüm anlar olub”.

Aygün xanım deyir ki, pozitivliyin həmin o lirikaya, için ağlamasına heç bir maneçiliyi yoxdur: “İnsan insandırsa, həyatındakı hər bir mərhələni emosiyaları ilə göstərməlidir; həm gülməlidir, həm ağlamalıdır. Bu sözlər lüğətdə varsa, deməli, insanın düçar olduğu hallardır”.

Məşhur rəssam Frida Kahlonun sözüdür: içimdə qırx qadın var, qırxı da yad, qırxı da başqasıdır. Bütün qadınlara baxanda bu söz yadıma düşür. Hələ bu qadın yaradıcı insandırsa... Aygün Səmədzadə ilə söhbətimizdə də bu mövzudan yan keçə bilmədik.

“Qadın elə bir varlıqdır ki, bütün dünyanın əziyyəti onun çiyinlərindədir. Onun üçün bütün yaşlarda çətindir. Hərdən özümü bir az başqa qadın kimi görmək istəyirəm. Bir tərəfdən də fikirləşirəm, nə yaxşı ki, beləyəm. Tam ev xanımı olmağın da öz gözəllikləri var, onu da bacarmaq lazımdır. O da bir sənətdir. Evdə olmaq, ailəyə bağlı olmaq, qulluq eləmək, cəmiyyət üçün normal uşaq yetişdirmək, bunların hamısı böyük işdir. Çox qadın var ki, işlərini, sənətlərini ailəyə qurban verirlər. Onların savadına, istedadına heyfim gəlir. Ancaq düşünürəm ki, onsuz da nə edirsən-et, axırda təqaüdə çıxacaqsan. İstəyirsən ev işi gör, istəyirsən konsert ver.

Həyatda hər şey gözəl olmur, hər şey hamar keçmir. Ancaq məncə, insanın öz gözündən düşməsi daha ağır bir şeydir. İnsan kiminləsə danışmaya bilər, hansısa məsələni həll etməyə bilər. Ancaq təki insan öz gözündən düşməsin. Sabah deməsin ki, mən bu məsələyə görə kiminsə qabağında əyildim. Mən də insanam, mən də həyatımda o qədər peşman olmuşam ki... Sən heç nəyə peşman olmursansa, demək, yaşadığın günləri dərk eləmirsən”.

Aygün xanıma kövrək qadın da demək olar: “Hansısa filmə də baxıb xeyli ağlaya bilərəm. İnsanların həyatıyla bağlı hansısa hadisə məni sarsıda bilər. Heyvanlara zalım münasibət həmişə mənə pis təsir göstərir, ağladır.

İnsan nədənsə təsirlənmirsə, bu, anormallıqdır. Ovqatımdan asılı olaraq nəyəsə ağlaya bilirəm. Amma bütövlükdə özümü ağlağan qadın hesab etmirəm. Çünki mən həyatda heç bir şeyə ağlamaqla nail olmamışam. Əksinə, hər bir uğura məhz mübariz görkəmimlə nail oluram, ağlaya-ağlaya yox”.

Aygün xanımla uzun zamandır ki, müsahibə üçün vədələşirdik, ancaq alınmırdı. Mənə elə gəldi ki, bu, təkcə onun işlərinin çoxluğu ilə deyil, ovqatıyla da bağlıdır. Bəs görəsən, o, özünü ovqat adamı hesab edirmi?

“Ümumiyyətlə, ovqat adamıyam, amma bunu heç də yaxşı hal hesab eləmirəm. Çünki müəyyən şeylər var ki, ovqat adamı olmaq orda adama xeyir gətirmir. Ovqatımdan asılı olaraq, bir şeyə münasibətim bu gün bir cür ola bilər, sabah başqa cür. Mənə deyilən sözün təsiri ayrı-ayrı vaxtlarda başqa cür ola bilər. Amma müsahibəmizin gec baş tutması, həqiqətən, iş qrafikimin gərgin olması ilə bağlı idi. Elə vaxt da olur ki, həqiqətən də efirdə görünmək, müsahibə vermək istəmirəm”.

Ümumiyyətlə, danışmaq istəməyəndə isə...

“Danışmaq istəməmək kimi bir xüsusiyyətim yoxdur. Adətən nədənsə xoşum gəlməyəndə onu büruzə verirəm. Müəyyən vəziyyətlərdən çıxış yolum müxtəlif olur. Ya susuram, ya harasa gedirəm – Bakıdan uzaqlaşıram. Bakıdan çox az məsafədə uzaqlaşanda görürsən ki, bu, sənə yaxşı təsir edir. Bu şəhəri nə qədər çox sevsəm də, uzaqlaşanda elə bil bütün problemləri burada qoyub gedirəm. Qayıdandan sonra eyni problemlərlə qarşılaşırsan.

Bir də, təbii ki, nə isə bir problemim, incikliyim, şikayətim olanda ilk üz tutduğum dostlarım olur. Bu, yaradıcı insana xas bir şey deyil, məncə, hamı belədir”.
Aygün xanım deyir, gərək mənim dostum dürüst, səmimi olsun olsun. Bir də dostunun yaxşı günündə də yanında olmağı bacarsın...

“İnsanlarda, ilk növbədə, dürüstlüyü qiymətləndirirəm. Bu, bəlkə də, şablon səslənə bilər. Ancaq bu, doğrudan da, belədir. İnsan, dostluq etdiyim adam səmimi olmalıdır. Demirəm ki, mən ideal dostam, ya da dostlarımın hamısı idealdır. Sən kiminləsə dostluq etmək istəyirsənsə, münasibətlərində nələrsə qurban verməlisən. Sən dostun üçün keçməlisən, dostun da sənə görə. Kor-koranə mənim hər sözümə “yaxşı” deyən insan mənim dostum ola bilməz. Dost adama sözün düzünü də deməyi bacarmalıdır. Sənin təkcə pis günündə kədərlənməli deyil, yaxşı günündə də sevinməli, yanında olmalıdır.

Bilmirəm, başqa millətlərdə necədir, azərbaycanlılarda belə bir xüsusiyyət var ki, insanın ağır günü olanda dost, qohum yığışır başına. Onun dərdinə şərik olurlar. Bu, çox gözəl bir şeydir, ancaq yaxşı günündə də sevinə bilirlərsə... Mənim müşahidəmə görə, insanlar başqasının ağır günündən özünə təsəlli tapır. Fikirləşir ki, onda da beləymiş, məndən də pis vəziyyətə düşən var imiş. Bunları görmüşəm və ona görə də hər adama dost deyə bilmirəm. Mənim dostum azdır. Hərdən fikirləşirəm ki, bəlkə, dost sözünün özünə biz çox məna yükləyirik. Bəlkə, elə dost belə olmalıdır?”

Həmsöhbətimiz münasibət qurmaq üçün asan insan olmadığını deyir. Ancaq buna heyfsilənmir. Çünki...

“Xarakterimdəki müəyyən keyfiyyətlər məni çox insanlarla ünsiyyətdən uzaqlaşdırır. Yəni belə olmasaydım, daha çox şey əldə edə bilərdim. İnsanlara qarşı bu qədər tələbkar olmasaydım, daha böyük nailiyyətlərim olardı. Xahiş etməyi sevmirəm, qüruru daha üstün tuturam. Fikirləşirəm ki, bunu etməməliyəm, yəni özümə qarşı daxili qadağalarım var”.

Bir çox qadağalar, xüsusiyyətlər insanın doğulduğu ailədən, aldığı tərbiyədən, böyüdüyü mühitdən gəlir. Yəqin ki, Aygün xanımda da elədir...

– Mənim uşaqlıq dövrüm 70-80-ci illərə düşür. O vaxt tamam başqa bir dövr idi, insanların ailəyə münasibəti başqa cür idi. “Olmaz”lar, qadağalar fərqli idi. Bütün qadağalar normal qarşılanırdı. Uşaqlar valideynə etiraz etmirdi. Ata-ana “olmaz” dedisə, deməli, olmaz. Uşaqları tənbeh etmək qaydaları başqa cür idi. Heç vaxt ata adama söz demirdi, söz ananın vasitəsiylə uşağa çatdırılırdı.

Hər bir ziyalı ailədə olan münasibət bizdə də var idi. Bunu bizə diqtə etmirdilər. Bizə heç vaxt deyilməyib, sən ora gedə bilməzsən, bunu geyinə bilməzsən. Amma özümüz bilmişik ki, bu olmaz. Bunu soruşmağa belə ehtiyac duymamışıq.

– Daha çox ananıza bənzəmisiniz, yoxsa atanıza?
–Zahirən məni atama oxşadırdılar, ancaq indi rəhmətlik anama da oxşadığımı deyirlər. Xasiyyətcə daha çox atama oxşayıram. Amma anamın bir çox keyfiyyətlərini götürmüşəm. Atam güzəştə gedəndir və konflikt sevmir. Həddindən artıq haqlı olduğu məqamlarda belə qarşısındakına deməz ki, sən düz eləmirsən. Bunu tamam başqa formada göstərəcək, həmin adam da səhvini başa düşəcək. Amma anam xoşuna gəlməyən bir şeyi deyirdi. Mənə də sözü üzə demək xüsusiyyəti, bir az ərköyün cəhətlərim anamdan keçib. Məsələlərə daha geniş prizmadan baxmaq atamdan keçib.

Hər ikisinə oxşayıram. Deməli, atamla anam oxşar olublar, ya da ki, mənə görə onlar bir-birlərinə oxşamağa başlayıblar. (gülür)

Söhbətimiz zamanı bəzən tamamilə başa suallara cavab axtarışına çıxırdıq, bəzən də Aygün xanımın bilmədiyimiz xüsusiyyətlərini, bacarığını ortaya çıxarmış olurduq. Məsələn, Aygün xanım musiqişünas olmasaydı, nə olardı...

“Musiqişünas olmasaydım, bəlkə də, rəssam olardım. Şəkil çəkmək qabiliyyətim var, onu inkişaf etdirərdim, o sahəni mütəxəssislərdən öyrənərdim. Yaxud ədəbiyyatı öyrənərdim. İnsanın içində incəsənət oturubsa, fərqi yoxdur, o, özünü hansısa şəkildə təzahür etdirəcək. Ya rəssam olacaqsan, ya bəstəkar, ya şair, yazıçı... Məncə, ədəbiyyat özü də bir incəsənətdir.

Bir də ən çox sevdiyim sahə memarlıqdır, memarlıq, dizayner potensialım var. Mən bu işlə məşğul ola bilərəm. Bir neçə halda məşğul olmuşam və yaxşı nəticələrim olub. Deyirlər ki, bu sahəylə məşğul ol. Bunun özü də bir yaradıcılıqdır. Landşaft dizaynı, ev dizaynı, təmir-tikintini çox sevirəm. Darıxanda tikintiylə məşğul olmaq istəyirəm. Bu, yaradıcılığın ən depressiv nöqtəsində özünü büruzə verən bir şeydir. Baxırsan ki, heç nə eləmək istəmirsən, onda nəyisə sökmək, tikmək istəyirsən.

Bacarıqlarımın çoxu musiqinin içərisindədir. Elmi iş yaza bilərəm, konsert verə bilərəm. Ancaq bütün bunlar da istədiyin nəticələri realizə etməyə imkan vermir. Ancaq bütün hallarda şükr edirəm ki, Allah mənə bu işığı, istedadı verib”.

Markes yazır:“Yüz ilin tənhalığı”nı ona görə yazdım ki, “Polkovnikə məktub yoxdur” əsərimi oxusunlar. Bəs görəsən, Aygün Səmədzadənin elə bir əsərini varmı ki, onun daha çox sevilməsini, istəyir, amma başqa mahnıları daha çox dinlənilir?

“Yaradıcılığımda bütün əsərlərimi eyni qiymətləndirirəm. Mahnılarımın çox kölgədə qalıb. Bunun da səbəbi mahnıların tez-tez səslənməməsidir. Bu da məndən asılı olan səbəb deyil. İfaçıdan və telekanallardan, radiodan asılıdır.

Ümumiyyətlə, mahnılarımın tez-tez səslənməsinə can atmıram. Bu gün bütün dünyada belədir ki, hansısa müğənni bir mahnını oxuyur, onu beş ay, bir il gündəmdə saxlayırlar. Hələ də bir mahnınnı hər gün-hər gün efirdə səsləndirilməsinə alışa bilmirəm. Nəyə görə hər gün eyni mahnıya qulaq asmaq lazımdır? Bu, insanları robotlaşdırmaq kimi bir şeydir. Yəni sən məcbur edirsən ki, dinləyici mütləq bu mahnıya qulaq assın. Musiqini zorla beynə yeridirlər. Mən mahnının keyfiyyətindən danışmıram, ola bilsin ki, mahnı gözəldir. Bu da belədir ki, müğənni telekanala müəyyən miqdarda pul ödəyir ki, mahnımı saatbasaat səsləndirin.
Mənimlə işləyən elə bir müğənni yoxdur ki, mahnısının reklamı üçün pul xərcləsin. Çünki mən mahnımı səsləndirəcək müğənniləri özüm seçirəm. Mənim üçün müğənninin reklama xərclədiyi pul deyil, səsi maraqlıdır.

“Gecikmiş etiraf”, “Gecə valsı”, “Dəli eşq”, “Can vətən” ən sevdiyim mahnılarımdandır. Bu mahnıların piarı ilə məşğul olsam, radio dalğaları mənim musiqilərimlə dolar. Yəni istəsəm, bunu edərəm. Bunu da eləmək o qədər də çətin deyil. Bilirsiniz ki, hər şey ya hörmətə bağlıdır, ya münasibətə, ya da maddiyyata. Bir il ərzində bütün radio və televiziya kanallarını mahnılarımla doldurmaq mənim üçün o qədər də çətin olmaz. Bunu eləmirəm, çünki lazım bilmirəm”.

Bəstəkar xanımın sevmədiyi başqa şeylər də var. Məsələn, pianinonun üstünə hər hansı əşyanın qoyulması kimi...
“Mənim üçün ən böyük təhqir royalın üstünə artıq əşyaların yığılmasıdır. Tələbələrimə də həmişə deyirdim ki, içəri girəndə heç kim əşyasını, skripkasını pianinonun üstünə qoymasın. Bu, mənim sənətimə hörmətsizlikdir. Ona görə də mənim çalışdığım yer, royalım səliqəsiz olmur. Ancaq mənim kağızlarım, kitablarım dağınıq olur, bu, yaradıcı səliqsəzilikdir. Onu ancaq mən düzəldə, yerbəyer edə bilərəm. O kağızların içərisində həmişə istədiyimi tapıram. Ora bir başqasının əli dəyməməlidir.

Yaradıcı an gələndə ətrafın nə vəziyyətdə olmasından asılı olmayaraq, bir parça kağız tapıb yazırsan. Bu, özündən asılı olan bir şey deyil. Mən haranısa silib, səliqəyə salıb yazmaq istəsəm, onda gərək gözəl bir əsər gözləməyəm. Səliqəsizlik ola bilər, ancaq pintilik olmasın”.

Bəstəkar xanım deyir, əvvəllər çox adam hansısa musiqi alətində ifa etməyi bacarırdı: “Valideynlər çalışırdı ki, övladlarını musiqi məktəbinə də göndərsinlər. Ancaq müəyyən bir dövr gəldi ki, insanlar pianinolarını satdılar, musiqi alətlərini tulladılar, fortepinaoya mebel əşyası kimi baxdılar. Evlərə gedirsən ki, pianonun üstünə qab-qacaq, kitab yığırlar, qarderob əvəzinə belə istifadə edirlər. Belə bir vəziyyətdə musiqi təhsilinin səviyyəsi aşağı düşdü. Burdan da belə bir nəticə çıxır ki, savadsız dinləyici savadlı musiqiyə qiymət verə bilməz. İnsan qarşısında savadlı tamaşaçı görəndə ona pis məhsulu sırıya bilmir. Ona görə də fikirləşirəm ki, musiqi savadı həm bəstəkarda, həm ifaçıda, həm də dinləyicidə olmalıdır”.

Söhbətimiz yekunlaşanda kağız üzərində qalan suallar çox oldu. Amma biz getməli idik. Çünki məlum, Aygün xanım sənət gecəsinə hazırlaşır, qaçaqaçdadır.
Aygün Səmədzadə sabah pərəstişkarlarını Heydər Əliyev Sarayında gözləyəcək. Onları nə gözlədiyini isə məhz sabah biləcəklər. Bəlkə, onlar da mənim tamaşada o səsi eşidib heyrətləndiyim kimi heyrətənəcəklər...

Sevinc Fədai

FOTO: Elnur Muxtar


Müəllif: