Əməkdar incəsənət xadimi Aygün Səmədzadənin "Biri varmış, biri yoxmuş" adlı sənət gecəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, Heydər Əliyev adına Respublika Sarayında keçirilən gecəni giriş sözü ilə açan bəstəkar sənətinə qiymət verən tamaşaçılara təşəkkürünü bildirib: "Bu gün içimdəki hisləri musiqi ilə sizə təqdim edirik. Bu dünyaya istedadlı, savadlı insanlar gəlir, amma onların hamısının potensiallarını görmürük. Nə yaxşı ki, məni görürsünüz. Nə yaxşı ki, buradasınız. Sizin sevginiz olmasaydı səhnədə olmazdım. İnanıram ki, bu gün hər bir tamaşaçı gecədən yüksək əhval-ruhiyyə ilə ayrılacaq".
Səhnədə Brilliant Dadaşova, Nisə Qasımova, İlqar Muradov, Elton Hüseynəliyev, Ayaz Qasımov, Lalə Məmmədova, Eyyub Yaqubov, Aygün Bəylər və başqa müğənnilər bəstəkarın mahnılarını səsləndiriblər.
A.Səmədzadə bir neçə mahnını duet, "Ömür gedir" mahnısını isə solo ifa edib. Yaradıcılıq gecəsini Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera orkestrı müşayiət edib. "Mirvari" rəqs ansamblının rəqsləri də tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev ilə yanaşı millət vəkilləri və sənət adamları iştirak ediblər.
Gecənin aparıcısı Murad Arif olub.
Rəqsanə