Bu dəfə “Gündəlik Teleqraf”ın sorğusunda “Teatrlarda ən çox bileti satılan tamaşa və ya tamaşalar, repertuarda olan ən uzun müddətli tamaşa hansılardır?” suallarına cavab axtardıq. Sorğumuzda paytaxt teatrları iştirak edib.
“Şah Qacar”
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı: “Akademik Milli Dram Teatrında ən çox tamaşaçı axını olan tamaşalar bunlardır: “Anamın kitabı”, “Şah Qacar”, “Qatil”, “Müsyo İbrahim və Quran çiçəyi”, “Sənətkarın taleyi”. Repertuarda mövcud olan tamaşalardan ən uzunmüddətlilər isə 2006-cı ildən nümayiş olunan “Xəcalət” və 2011-ci ildə quruluş verilən “Qarabağnamə”dir".
“Ələddinin sehrli çırağı”
Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursəquliyeva: “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ən çox bileti satılan tamaşaların üçlüyündə bunlar dayanır: ərəb nağılları əsasında hazırlanan ”Ələddinin sehrli çırağı", “Əlibaba və qırx quldur” və Mirzə Fətəli Axundzadənin eyniadlı pyesi əsasında təqdim olunan “Sərgüzəşti-vəziri xani Lənkəran” tamaşaları. Daha sonra “Mən səni sevirəm - MSS”, “Hasarın o üzü”, “Şeyx Sənan”, “Aydın”, “Romeo və Culyetta”, “Qırmızı papaq”, “Qoğalın sərgüzəştləri”, “Dəcəl keçi”, “Danışan gəlincik”, “Balaca və damda yaşayan Karlson”, “Qaraca qız”, “Göyçək Fatma”, “Yatmış gözəl”, “Çəkməli pişik”, “Pişiyin evi”, “Tıq-tıq xanım” tamaşaları gəlir. Gənc Tamaşaçılar Teatrının repertuarında uzun illərlə qalan tamaşalardan isə “Əlibaba və qırx quldur” (1999-cu ildə hazırlanıb), “Ələddinin sehrli çırağı” (2000-ci il), “Xeyir və Şər” (2007-ci il), R.Rza “Ana qaz” (2003), “Pəri Cadu” (2007-ci il), “Çimnaz xanım yuxudadır” (2006) və s. Qeyd olunan tamaşaların repertuarda bu qədər uzun müddət qalmalarının səbəbi orta məktəb dərsliklərində tədris olunmalarıdır. Belə ki, məktəblilər tamaşalarımıza baxıb daha sonra həm teatrda, həm də məktəblərdə müzakirələr aparırlar. Bundan başqa nümayiş etdirilən tamaşaların uzun müddətli olmalarının digər başlıca səbəbi səhnə tərtibatı, işıq və səs effektləri, peşəkar aktyor ifası və rejissor yozumu, eləcə də toxunduğu mövzudur".
“Zalımız dolu olur”
Musiqili Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədəqətoğlu: “O olmasın, bu olsun” 1998-ci ildən, “Bankir adaxlı” 2000-ci ildən, “Talelər qovuşanda” 2003-cü ildən, “Qısqanc ürəklər” 2006-cı ildən, “Mən dəyərəm min cavana” 2007-ci ildən, “Ər və arvad” 2010-cu ildən repertuarımızda yer alır". Mətbuat xidmətinin rəhbəri “ən çox bileti satılan tamaşa və tamaşaları” barədə məlumat verməyib “Musiqili Teatrın bütün tamaşalarında tamaşaçı zalı demək olar ki, dolu olur”,- deyə bildirib.
“Qastrolçular olan tamaşalar anşlaqla keçir”
Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Mirzəyeva: “1908-ci ildən repertuarda fasiləsiz olaraq qalan tamaşa - ”Leyli və Məcnun" operasıdır. Yəni fasiləsiz olaraq 107 ildir ki, bizim repertuardadır. Deyim ki, ən çox bileti satılan tamaşamız da “Leyli və Məcnun”dur. Amma ümumilikdə tamaşalarımızın əksər hissəsi tamaşaçılar tərəfindən tələb olunan səhnə əsərləridir. Milli tamaşalardan “Leyli və Məcnun”, “Min bir gecə”, “Yeddi gözəl”, klassik tamaşalardan “Qu gölü” baleti, “Jizel”, “Aida”, “Karmen” operaları buna misaldır. Biz çox zaman tamaşalarımıza digər ölkələrin də səhnə ustalarını dəvət edirik. Bunun da bir çox səbəbləri var. Bizim milli - istər opera, istərsə də balet tamaşalarımızda əsas rolların ifaçıları bir-birilərini əvəz edirlər. “Leyli və Məcnun”un bir tamaşasında Mənsum İbrahimov və Nəzakət Teymurova çıxış edirsə, digər nümayişlərdə obrazlar başqa ifaçılar tərəfindən təqdim olunur. Yəni bir rolun bir neçə ifaçısı olur. Klassik opera və balet tamaşalarımızı daha maraqlı etmək, yüksək professional ifaçıları öz tamaşalarımıza cəlb etmək üçün qastrolçular dəvət edirik. Bu bütün dünya Opera və Balet Teatrlarında təcrübədən keçirilən praktikadır. Ona görə də biz də bu təcrübədən yararlanırıq. Əlbəttə, bu tamaşaların bilet satışına da çox müsbət təsir edir. Demək olar ki, qastrolçuların ifası ilə keçirilən bütün tamaşalarımız anşlaqla keçir. Çünki biz tamaşalara tanınmış opera və balet ifaçılarını dəvət edirik. Yeri gələndə dirijorlar da çağırırıq. Və bu da bizim tamaşaçılarımızın marağına səbəb olur".
“Pantomima buketi”
Pantomim Teatrının direktoru Elman Rəfiyev: “Ən çox bilet satılan ”Pantomima buketi" tamaşasıdır. Tamaşanın rejissoru Bəxtiyar Xanızadədir. Bizim repertuarda “Adsız”, “Dejavü” tamaşalarının da biletləri yaxşı satılır. Bilirsiniz, teatr 40 nəfərlik olduğundan satışa da yalnız 40 bilet çıxara bilirik. Onu da deyim ki, repertuarda yarandığı gündən indiyə qədər qalan ən uzun müddətli tamaşamız da “Pantomima buketi”. 1994-cü ildən repertuardadır. Biz teatr olaraq repertuarımızı vaxtaşırı yeniləsək də köhnə tamaşalarımızı çıxarmırıq. 2010-cu ildə hazırlanan “Manqurt” tamaşasına yenidən fərqli formada quruluş verib tamaşaçılara təqdim edirik. Bir-iki tamaşanı qeyd edə bilərəm ki, əvvəllər repertuarda olub amma indi yoxdur. Bunun da səbəbi var: “Pantomim” Teatrı əvvəl Gənc Tamaşaçılar Teatrının binasında yerləşirdi. Bir neçə tamaşaları orada oynamaq bizim üçün əlverişli idi. Çünki teatrın səhnəsi buna imkan verirdi. Amma hazırda məskunlaşdığımız yerdə səhnəmiz balaca olduğundan o tamaşaları burada oynaya bilmirik. Bu halda tamaşalar repertuardan çıxır".
“Qürur və qərəz”
Rus Dram Teatrından verilən məlumata görə, teatrın ən çox bilet satılan tamaşası “Qürur və qərəz”dir. Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər. Bu əsər əsasında dünya kinematoqrafçıları onlarla film çəkiblər. Əsər həm də dünya teatrlarının əksərinin repertuarına daxildir.
Yeri gəlmişkən qeyd edim ki, Rus Dram Teatrının direktoru Ədalət Hacıyev qəzetimizə müsahibəsində maraqlı bir məqama toxunmuşdu. Onun sözlərinə görə, tamaşaçılar populyar simaların tamaşalarına daha çox gəlirlər: “Təəssüf ki, hazırda bizim teatrda populyar simalar çox azdır. Mən demirəm onlar pis aktyorlardır, əsla. Sadəcə tamaşaçı efirdə görünən, sevilən aktyor və ya aktrisaların tamaşalarına gəlməyə can atırlar. Mən aktyorlarımın tanınmasına şərait yaradıram. Çünki aktyor tanındıqdan sonra teatra tamaşaçı gətirəcək. Vaxtilə teatr tamaşalarına bilet tapmaq çətin olurdu. Çünki teatrların aktyorları televiziya rejissorları tərəfindən yaxşı reklam edilirdi. Tamaşaçı onları televiziyada görəndən sonra onlara canlı baxmaq üçün teatra gəlirdi. Misal üçün, Çursinanın 70 yaşı var, bizə deyirlər ki, onu niyə dəvət eləmisiniz. Tamaşaçıya dəxli yoxdur ki, onun neçə yaşı var, o sadəcə olaraq sevdiyi filmlərdən, tamaşalardan tanınan və artıq adı brendə çevrilən tanınmış aktrisaya baxmağa gəlir. Bu baxımdan indi çəkilən serialların çox müsbət tərəfi var. Baxmayaraq ki, bəzən yerli seriallara qarşı tənqidləri çox eşidirik. Qoyun, çəksinlər, onların içərisindən zəif aktyorlar ələnəcək. Bu, normaldır”.
“Cırtdan”
Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova: “Repertuardakı ən uzunömürlü tamaşalar ”Cırtdan", “Cik cik xanım” və “Göyçək Fatma”dır. Səhnəyə qoyulmasından uzun müddət keçməsinə baxmayaraq bu nümunələr maraqla izlənilir və hər dəfə tamaşaçıların baxmaq istədiyi tamaşalar içərisində ilk beşlikdə yer alır. Bunun səbəbi isə o nümunələrin quruluş özəlliyindən çox milli nümunə kimi valideynlərin və elə uşaqların da daha çox bələd olmalarıdır. Milli nağıl qəhrəmanlarına sevgidən qaynaqlanan bu münasibəti teatrımızda səhnələşdirilən digər tamaşalarda da hiss edirik. Lakin biz buna baxmayaraq repertuarımızı rəngarəng etməyə və tam fərqli, eləcə də improvizasiyalarla milli nağıllar üzərindən səhnə işlərinə meyl göstəririk. Bu qəbildən teatrımızda səhnəyə qoyulan “Tıq-tıq və Taq-taqın nağılı”, “Sehrli üzük”, “Ağ babanın nağılı” kimi tamaşaları nümunə göstərə bilərik".
Nərmin Muradova