8 Dekabr 2015 18:11
617

Venesiya festivalına gedən ilk Azərbaycan filmi

Bu gün Nizami Kino Mərkəzində “Bizim kino günləri” layihəsi çərçivəsində “Nabat” filminin təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə baş tutan layihə “Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası mövzusu” ilə yekunlaşıb. Tədbirdə kinostudiyanın direktoru Müşfiq Hətəmov, türkiyəli rejissor Osman Sınav, filmin rejissoru Elçin Musaoğlu və digər yaradıcı şəxslər iştirak ediblər.

Nümayişdən öncə Müşfiq Hətəmov bir aya yaxındır ki davam edən layihənin gedişatı barədə məlumat verib: “Layihə çərçivəsində təqdim olunan üç film uğurla kinoteatrlarımızda nümayiş olunub. Bu gündən etibarən isə “Nabat”ın nümayişinə start verilir. “Bizim kino günləri”ndə göstərilən filmlərin bəziləri bu il, bəziləri isə ötən illərin istehsalıdır. Bu filmləri yenidən nümayiş etdirməyimizdə məqsəd tamaşaçılarımızı yeni çəkilən filmlərlə tanış etmək, kino mədəniyyətini yaymaq, gənc, ortayaşlı kino nəslin nümayəndələrini ictimaiyyətə təqdim etməkdir. Çünki sovetlər birliyi dağılandan sonra Azərbaycan kinosu özünün böhranlı dövrünü yaşadı. Məhz Cənab Prezident tərəfindən kinonun inkişafına dair dövlət proqramı imzalandı. Bu proqramdan çıxış edərək bir çox layihələr həyata keçirdik və “Azərbaycanfilm”ə çoxlu gənclər dəvət etdik. Bunun da nəticələrini siz görürsünüz. Növbəti illərdə də bu uğurların davamı gələcək. Biz “Nabat” filmi vasitəsilə Qarabağ həqiqətlərini kinonun dili ilə dünya ictimaiyyətinə çatdıra bildik. “Nabat” həm kino sənəti kimi, həm də dərdimizi dünyaya çatdırmaqda əvəzsiz rol oynadı. İlk dəfə bu filmlə Azərbaycan Venesiya festivalında təmsil olundu. Əgər 2014-cü ildə Azərbaycan filmləri 52 festivalda iştirak etmişdisə, bu il daha artıq uğurlara imza atdıq. Bu haqda yaxın gələcəkdə sizə məlumat veriləcək”.

Daha sonra film nümayiş olunub.

“Fərqli film çəkmək istəyirdim”

Nümayişdən sonra rejissor Elçin Musaoğlu filmin yaranma ideyasından, baş qəhrəman Nabatı canlandıran aktrisanı tapmağından danışıb: “Uzun illər sənədli filmlər çəkmişəm. Savaş zamanı mən elə filmlər çəkirdim. Köçkünlərlə bağlı 9 filmim var. O zaman bu mövzudan çəkmək çox populyar deyildi. Hər adam belə filmlər çəkmirdi. Amma mən bunu edirdim. “Nabat”dakı hadisələrlə bağlı çox yaşanmış hadisələr eşitmişdim. Çox qadın xəstə ərinə, torpağına görə müharibə zonasında olan evindən ayrılmayıb. Soruşandakı niyə getmirsən, deyib hara gedim, bura mənim torpağımdır. Elə o zamanlardan bu mövzuda film çəkmək istəyirdim, amma qismət indiyə imiş. Əslində, məqsəd tamamilə Qarabağ savaşı haqda film çəkmək deyildi. Bizdə hər il Qarabağ savaşı barədə filmlər çəkilir. Mən isə istəyirdim ki, filmi sərhədlərdən kənara çıxarım. Bu gün dünyada baş verənləri görürsünüz. Təbii, mən azərbaycanlı olaraq filmdə Qarabağ savaşından söhbət açıram, amma daha çox dünyanın dərdindən danışmağa çalışdım. Bu film festivallarda nümayiş olunanda ukraynalılar, gürcülər mənə yaxınlaşıb deyirdilər ki, bu bizim savaşdır.

Əslində, ssenarini yazanda da filmi çəkəndə də hər zaman deyirdim ki, başqa bir film olmalıdır. Bu filmə baxan insanın ritmi, əhvalı dəyişməlidir. Alman mətbuatında “Nabat”la bağlı yazı dərc olundu, onu çox bəyəndim. Orda da qeyd olunurdu ki, filmin 15 dəqiqəsindən sonra tamaşaçının ürəyinin ritmi dəyişir və filmin içinə daxil ola bilir. Məqsəd də bu idi.

“Nabat” analara ithaf olunub. Düşünürəm ki, savaşda ən çox əziyyət çəkən analardır. Mən övladını itirən ananın ürəyinin patlamasını görmüşəm. Çünki bizim anaların bütün yaşamının mənası övladını böyütmək, nəvələrini görməkdir. Savaşla biz bunları onun əlindən alırıq. Bizim Nabatın da yeganə ümidi məhz o kənddir. Ona görə o kəndi ölməyə qoymur, onu çıraqlarla yaşatmaq istəyir”.

“Hansı azərbaycanlı aktrisası onu edəcəkdi?”

Rejissor Nabat rolunu canlandıran aktrisa Fatimə Motamed Aryanı çətinliklə tapdığını deyib: “Mən aktrisa axtarışına Azərbaycandan başladım, amma tapmadım, sonra Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyəyə getdim. Türkiyədə Yıldız Kültür adında bir aktrisa var idi, onu çox bəyəndim. Amma Türkiyədə aktrisaların müqavilələri olduğuna görə razılıq ala bilmədim. Bu aktrisanın isə filmini gördüm, sonra o mənə dedi ki, Təbriz türkcəsində danışa bilir. Azərbaycanlı aktrisalardan bir neçəsi soruşdu ki, niyə azərbaycanlı çəkmədim. Bizim aktyorların əksəriyyəti formada deyil. Aktyorlar da idmançı kimi formada qalmağı bacarmalıdır. Bu aktrisa hər gün Lahıcdan o kəndə 8 kilometr yol gedirdi. Roluna görə “Qadın və qurd” kitabını oxuyurdu. İki yağış səhnəsində o qadın suyun içində idi. Hansı azərbaycanlı aktrisası onu edəcəkdi?”

“Film məni susdurdu”

Türkiyəli rejissor Osman Sınav filmin təsiri altına düşdüyünü etiraf edib: “Bəzi filmlər var ki, insanı susdurur və yerində oturdur. Elçin Musaoğlunun da söylədiyi kimi ritmini dəyişdirir. Bu ekran işi mənim ritmimi dəyişdirdi və susdurdu. İçimə bir hüzn çökdü. Özümü, vətənimi düşündüm. Belə hadisə başıma gəlsə, anamın halı necə olardı. Məni necə gözləyərdi, nə edərdi. Bunların hamısı gözümün önündən keçdi. Biz kinematoqrafçılar sözlə, yazıyla izah etməkdə çətinlik çəkdiyimiz duyğuları, hissləri filmlə çatdırırıq. Bu mənada film demək istədiyini çatdıra bilib”.

Nərmin


Müəllif: