Teleqraf.com Rəbiqə Nazimqızının şeirlərini təqdim edir
Bu vaxtı yatmazlar
Zəfər günəşinin qürub çağında
Qoynumda bir sürü məğlubiyyət var
Yatma, məni gözlə, yaman ağırdır
Çiynimdə yorğunluq, ağzımda nifrin
Əllərinə bənddir, keçsin bir sözlə.
Keçmişin qəbrinin üstən keçəndə
Ümidlər indinin altında qalıb.
Sabahı sevginin tər qoxusunda
Açmağa gəlirəm, pərdələri sal,
Gecə ki bizimdi gün görməsək də...
Qarmaqlı suallar tökülür göydən,
Alıblar, Allaha çatmır səs yerdə.
Vaxtdır, qulağımı yumub keçdiyim
O ayıb sözləri bədənimə çək,
İçək, məlhəm oldu bəlkə də bizə...
Günah qutuları açılıb artıq,
Cəhənnəm, kim çıxıb, nə təhər çıxıb.
Canımı götürüb gəlirəm sənə,
Gəlirəm, günəşin qürub çağıdır,
Bu vaxtı yatmazlar, gözünü yumma...
Sonuncu şeir
Məni danışmağa qoyma, dostum,
sözlər korlamasın heç nəyi.
çıxar taxçadakı mavi köynəyini,
və ver geyinim...
Məni üşüməyə qoyma, dostum,
soyuq məhv eləyir hər şeyi.
Götür içimdəki istəyi
və qoy sənin olsun...
Məni darıxmağa qoyma, dostum,
getmək lazım olur darıxanda...
anlayırsan da -
özünü aparıb getmək...
Məni inciməyə qoyma, dostum,
incimək öldürür adamı.
Və hamı nəvaziş istəyir
sonra.
Məni dayanmağa qoyma, dostum,
dayansam, deyəcəm hər şeyi...
və heç nəyin dadı qalmayacaq,
anla...
Məni getməyə qoyma, dostum,
qapınını ağzında vida yerinə
geri qayıtmamı istəmirsənsə -
mənim qalmağımı istə -
səssizcə gedə bilim deyə...
Balıqçıya
Səni tora salıblar, balıqçı...
balıqların başqa çaylara üzüb,
başqa süfrələrdə çörək olub,
başqa əllərlə yeyilib...
Mənim sözlərim bitib,
mənədək
hər şey deyilib,
alqışlanıb,
daşlanıb...
Sənin torun,
mənim əllərim boş qalıb...
Səsimi çoxdan alıblar, balıqçı...
Səni tanımırdım onda,
bağışla -
bağışladıqlarımı...
yaşadıqlarımı -
yaşamadıqlarını...
Qarını tanımıram,
bilirəm, onunçun
çörək gətirən ayaqsan,
hər gün gələn,
bir qismət yemək yeyən,
bir fincan çay içən qonaqsan...
Sonuncu dayaqsan,
sonuncu dayanacaqdır sənə, bilirəm -
hara getsən, ona dönəcəksən
balıqlı-balıqsız...
Evimi tanımırsan, deyim -
daş parçasıdır,
kağız üzlüklərdir,
paltar yığınıdı,
kitab qalasıdı...
Heç vaxt balıq qızartmadığım
qaz sobasıdır...
Özümlə aparıb gətirdiyim
mehmanxana havasıdı -
Sənsiz...
Yaxındayam, balıqçı,
gəlirəm,
atıram özümü dənizə -
balıq olmağa...
heç yana aparmazsan,
heç kəsə satmazsan...
ya atarsan,
ya tutarsan...
Torunda məni görüb sevinsən,
bəsimdi...
Tozağacları
Yalnız onlar mənə səndən hündür göründülər,
sən olmayanda təkcə onlar vardı.
Cavandılar,
yaxındılar,
amma uzaqdan baxırdılar...
Sən olmayanda onlara da toxunmadım...
Təkcə baxıb köks ötürdüm
tozğaclarına
məni qısqanma...