9 Dekabr 2015 12:42
7 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səməd Vurğun heykəlinin qənşərinə çatanda ilk növbədə yazıçı dostlarından birinin onun haqqında dediyi məşhur sözləri xatırladım: “Nə yaxşı ki, bu dünyada Səməd Vurğun var”. Bu sözlərin təsiri ilə heykələ canlı insan kimi baxır, Səməd Vurğunu bu gün də var olan, yaşayan kimi qəbul edirəm.

- Salam, böyük şair. Sabahınız xeyir.

- Salam, sabahınız xeyir.

- Mən jurnalistəm. Sizdən müsahibə götürməyə gəlmişəm. Sizə baxan kimi xəyalımda dərhal “Azərbaycan” şeiri canlandı. Bu şeir yaradıcılığınızın manifesti, vətən poeziyamızın ali zirvəsidir. Siz böyük azərbaycançısınız. Necə olub ki, siz Sovet mühitində bu böyük işi görə bildiniz, azərbaycançılıq məfkurəsini yüksəltdiniz.

- O zaman sovet-kommunist ideologiyası milli ideologiyaya qarşı mübarizə aparırdı. Bolşevik partiyası millətçiliyi tənqid edirdi. Mən millətçiliyi mahiyyətcə ondan az fərqlənən xalq sevgisi, xalqçılıq, el ruhu ilə əvəz elədim.

- Milli məfkurəçiliyin, azərbaycançılığın əsasını A.A.Bakıxanov, M.F.Axundzadə, N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Ə.Rəsulzadə, C.Cabbarlı və başqaları qoyub. Siz sovet şəraitində həmin qiymətli irsə əsaslanaraq poeziyanızda azərbaycançılığı ən yüksək səviyyəyə ucaltmısınız.
- Bilirsənmi, mənə pis təsir edən o idi ki, böyük şairlərimizin demək olar hamısı İrandan, Turandan, Ərəbistandan yazırdılar. Mən Azərbaycanın öz varlığını axtarmağı və onu poeziyanın əsas tərənnüm obyektinə çevirməyi qərara aldım. Yadındadırsa, “Komsomol” poemasında yazmışdım:

Nədən şeirimizin baş qəhrəmanı
Gah İrandan gəlir, gah da Turandan,
Bəs mənim ölkəmin varlığı hanı?

Onu da deyim ki, xalqçılıq ideyaları bolşevizmə zidd deyildi. Odur ki, şeirlərimizdə özünü təsdiqə, özünü ifadəyə də imkan var idi. Mən bütün imkanlardan istifadə edərək Azərbaycan xalqının özünün poeziya bayrağını ucaltmaq istədim. Hətta 30 poemadan ibarət “Azərbaycan” epopeyasını yazmağa qarşıma məqsəd qoymuşdum. Ümumiyyətlə, mən bütün yaradıcılığımla Azərbaycan xalqının böyük və istedadlı xalq olduğunu göstərmək istəmiş və buna nail olmuşam. Diqqətlə oxusan görərsən ki, “Komsomol” poeması türkçü əsərdir.

- Bəziləri sizi qınayır ki, Səməd Vurğun Stalinə, Kommunist Partiyasına şeirlər həsr edib, “26-lar” poemasında Məmməd Əmin Rəsulzadəni tənqid edib.

- Bəli, elədir. Əvvəla, bu, həmin dövrün quruluşunun tələbi idi. İkincisi, əgər kommunist partiyasına iki-üç şeir yazmışamsa, əsərlərimin böyük əksəriyyətini milli və bəşəri mövzulara həsr etmişəm. Partiyaya şeir yazmaqla mən məhz “Aygün”ü, “Muğan”ı, “Vaqif”i, “Talıstan”ı, “Komsomol” poemasını yazmaq imkanı qazanmışam. Həm də sosializm quruluşunun xalqımızı xoşbəxt edəcəyinə inanırdım. Mənim üçün əsas məsələ xalqımızı xoşbəxt görmək idi.

- Eşitmişəm ki, Məmməd Əmin Rəsulzadə özü də sizin “Vaqif” dramınıza yüksək qiymət verib...

- Hər sənətkarın, dövlət xadiminin səhvləri, adətən, zamanın, dövrün təsiri ilə bağlı olur. Məsələn, mən “Vaqif” pyesində Qarabağ xanı İbrahim xanı mənfi planda, birtərəfli vermişəm. Halbuki, İbrahim xan çox güclü, hünərli insan olub. Vaqiflə yaxın olub. Sonralar mən səhvimi düzəltmək istədim. Lakin əsər bədii cəhətdən o qədər gözəl çıxmışdı ki, ehtiyat elədim ki, əsəri yenidən işləsəm, bədii cəhətdən itirə bilərəm. Bu fikri bir məqaləmdə də göstərmişəm.

- Mənim atam ədəbiyyat müəllimidir. O, dərs zamanı deyirdi ki, Azərbaycanın şeir dili XVIII əsrə qədər nisbətən çətin, qəliz dil idi. Fars, ərəb sözləri, izafət tərkibləri dili ağırlaşdırırdı. XVIII əsrdə Vaqif meydana çıxdı və Azərbaycan şeir dilini su kimi etdi. Ondan 200 il sonra başqa bir qazaxlı –Səməd Vurğun Azərbaycan şeir dilini yenidən sadələşdirdi. Yəni həm axıcı təmiz, həm də şirin ləzzətli, gözəl. Müasir Azərbaycan şeir dilinin banisi məhz siz hesab olunursunuz. Bu şərəfə necə nail olmusunuz?

- Vaqifi özümə ustad hesab edirəm. Mən poeziyaya gələndə nakam, bədbin bir hissin təsiri ilə əruz vəznində qəmli şeirlər yazırdım. Çünki 20-ci illərdə əruz vəznində romantik türk şairlərin ruhunda yazılan poeziya nümunələri üstün hesab olunurdu. Lakin hiss etdim ki, əruz vəznindəki şeirlərim nəsə ürəyimcə alınmır. O vaxt yeni proletar üslubu kimi qələmə verilən sərbəst vəznə keçdim. Bu vəzndə də bir neçə şeir yazdım. Ancaq bu da məni qane etmədi. Tezliklə başa düşdüm ki, hər iki vəzn Azərbaycan milli şeiri üçün münasib deyil. Odur ki, heca vəzninə keçdim. Heca vəzni doğma dilimizə əsaslanırdı və min illər tarixi olan xalq şeirinin vəzni idi.

- Sizin haqqınızda dərslikdə belə bir cümlə var: “Səməd Vurğunun yaradıcılığında heca vəzni Azərbaycan poeziyasının milli şeir vəzni kimi öz təsdiqini tapdı və ədəbi fikirdə onun ikinci dərəcəli olması barədə təsəvvürlər aradan çıxdı”. Bu sahədə sizin ustadınız, yəqin ki, Molla Pənah Vaqifdir.

- Elədir. Vaqif mənim üçün xəlqilik rəmzi idi. Mən yaradıcılığımdakı milli cəhətlərə görə ilk növbədə məhz Vaqifə borcluyam.

- Vaqif də yəqin ki, aşıq ədəbiyyatına borclu idi.

- Doğrudur. Aşıq şeirinin Vaqifə təsiri böyük olub. Çox maraqlıdır ki, ona qədər heç bir şair şirin, axıcı, təmiz açıq şeir dilini ədəbiyyata gətirməyə cəsarət etməmişdi. Halbuki Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Xəstə Qasımın dili nə qədər xəlqi, aydın, obrazlı, saf bədii dildir. Bayaq sənin dediyin kimi, su kimi bir dildir. Uzun müddət bu dilə “aşıq dili, çoban dili” deyib bəyənməyiblər.

- İndi də bəyənməyənlər var.

- Mən “Muğan” poemasında belələrinə qarşı yazmışam:

- Sizin kimi nökər olub, yad ocağı qalamadım
Vətənim vüqarı tək vüqarlıdır mənim adım!

- Mən Bərdədənəm, qarabağlıyam. İndi sizinlə danışdıqca “Vaqif” dramındakı Qarabağa aid ayrı-ayrı misralar beynimdə səslənir. Mən o misralardan birinin üzərində dayanmaq istərdim: “Tərlan oylağında qar ola bilməz”. Bu misralarda siz Qarabağı “tərlanlar oylağı” adlandırmısınız. İndi Qarabağı ermənilər işğal eləyib.

- Bəli, Qarabağ tərlanlar oylağı, igidlər diyarıdır. Orada yapalaqlar ola bilməz, çox keçməz ki, haqq öz yerini tapar. Xalqımız istedadlı olduğu qədər də qəhrəman xalqdır. Mən II dünya müharibəsi zamanı bunun şahidi olmuş və şeirlərimdə bu qəhrəmanlıqları böyük ilhamla tərənnüm etmişəm.

- Sizin haqqınızda əfsanəyə bənzər hadisələr danışırlar. Onların çoxu səxavətiniz, xeyirxahlığınız barədədir. Deyirlər siz kitablarınızın nəşrindən qazandığınız pulun çoxunu uşaq bağçalarına, gənclərin təhsilinə və digər xeyriyyə işlərinə sərf edirmişsiniz.

- Burda təəcüblü bir şey yoxdur. Mənim səxavətli olmağım məhz xalqımızın mənəviyyatından irəli gəlir. Xalqımız həm də mərdanə, qonaqpərvər, xeyirxah xalqdır. Mən də onun adına bu cəhətdən də layiq olmağa çalışmışam.

- Mən sizinlə başqa mövzularda da söhbət etməli idim. Lakin iş elə gətirdi ki, xalq və vətən mövzularından kənara çıxa bilmədik. Burda mənim yadıma atamın bir sözü düşür. Atam deyərdi ki, Səməd Vurğuna görə Azərbaycanın zibili, dünyanın ən yaxşı zibilidir. Mən sizinlə söhbət zamanı bir daha hiss etdim ki, sizin azərbaycançılığınız biz gənclər üçün çox mühüm örnəkdir. Xüsusən indi – Azərbaycan müstəqil dövlət olduğu bir vaxtda.

- Doğrudur. Ölkəmizin müstəqilliyi bizim millətə ən böyük lütfdür. Bu müstəqilliyi qorumaq, dünyaya tanıtdırmaq və inkişaf etdirmək vacibdir.

Sərvər Şirin


Müəllif: