Əvvəllər hər tin başı qabağımıza çıxan ayaqqabı təmiri dükanlarından indi əsər-əlamət qalmayıb. Maraq üçün soruşsaq, ətrafımızdakı insanlardan heç biri axırıncı dəfə harada belə bir yer gördüyünü yadına sala bilməz.
Bəs pinəçilər hara gediblər, niyə indi indi pinəçi köşkləri yoxdur? Bu suallara cavab tapmaq üçün şəhərdə pinəçi axtarışına çıxdıq.
“Həm canımız gedir, həm də pulumuz”
Üstünə “Ayaqqabı təmiri” yazılan dükanda pinəçi Bəhruzla söhbətləşirik. O deyir ki, artıq bizim sənətə ehtiyac yoxdur. Bunun səbəbini soruşanda isə belə cavab verir: “İndi ucuz ayaqqabılar çoxalıb. Köhnəni tikdirməkdənsə, təzəsini almağa üstünlük verirlər. Buna görə də bizim bazarımız bağlanıb”.
- Ucuz ayaqqabıların keyfiyyətiylə bağlı nə deyə bilərsiniz?
- Bu ayaqqabılar çox təhlükəlidir. Onlar dəri olmur deyə bir çox ayaq xəstəlikləri yaradır. Hava keçirməyən bu cür “dermantin” ayaqqabılar, əslində, kasıbı iki dəfə xərcə salır. Birinci ona görə ki, onsuz da bu cür ayaqqabılar bir aydan çox getmir. Həm də dediyim kimi xəstəlik mənbəyidir. Həm canımız gedir, həm də pulumuz. Amma dəri ayaqqabı alsaq, həm uzunömürlü olar, həm də can sağlığı ilə geyinərik. Bir də sənə bir şey deyim: bəzən görürsən ki, ayaqdan iy gəlir. Bunun da səbəbi keyfiyyətsiz ayaqqabılardır.
Keyfiyyətsiz ayaqqabıları müəyyənləşdirmə yolları
Usta Bəhruz “Keyfiyyətsiz ayaqqabıları necə fərqləndirmək olar?” sualımıza belə cavab verir:
- Birinci materialına baxmaq lazımdır. Dəri materialı olmalıdır. Ayaqqabı altlığı isə qatlananda qırılmamalı və iz salmamalıdır. Belə bir metod deyim: Ayaqqabını oda tutursan əgər yanmırsa, deməli, o, dəri ayaqqabıdır. Ümumiyyətlə isə, elə dəri ayaqqabılar da var ki, yağış yağanda, evdə ayaqqabını təmizləyəndə suyu özünə çəkir. Bax, o dəri ayaqqabılar da məsləhət deyil. Onlara tez çat düşür və dağılır.
- Siz özünüz ayaqqabı tikirsinizmi?
- Mən dana və keçi dərisindən tikirəm. Altlıqları isə padoş və rezindən olur. Onlardan ən keyfiyyətlisi Türkiyə və İranındır. Qiymətləri 25 manatdan 50 manata qədər olur. Görürsənmi içəridən yapışqanın kəskin qoxusu gəlir. Bu Rusiyadan gəlmədir. Mən hər axşam evə gedəndə qatıq içməsəm, nəfəs borum və ciyərlərim sıradan çıxar. Bu üsulu bir çox pinəçilər bilir.
- Burdan qazandığınız pul ehtiyacınızı ödəyir?
- Hardasa hə... Bilirsən, beşdən-üçdən nə qazandımsa, qənimətdir. Kollektivlə işləmirəm, amma darıxmıram. Radioya qulaq asıram, boş vaxtımda da kitab oxuyuram.
“Varlıların biz tərəfə yolu düşmür”
Bəhruzla söhbətimizi yekunlaşdırıb başqa ayaqqabı ustası Akif dayı ilə danışırıq. O, suallarımıza belə cavab verir: “Yarım əsrdir ki bu işlə məşğulam. 70 yaşım olsa da, bu gündə yorulmadan işləyirəm. Amma iş çox zəifləyib, bu sənətdən pul çıxmır. Kasıb-kusub ucuz ayaqqabılara meyil edir, varlıların isə biz tərəfə yolu düşmür. Əvvəllər tamam başqa idi. İş o qədər çox olurdu ki, özümüzə köməkçi də götürürdük. O da öyrənib az sonra başqa yerdə özünə dükan açıb işləyirdi. Mənim o qədər şagirdim olub ki… amma indi onlarla xəbərləşirəm, heç biri bu sənətlə məşğul olmur. Hərəsi başqa-başqa yerlərdə işləyir”.
- Adam var deyir ki, bahalıdırsa, bu yaxşı ayaqqabıdır…
- “Findi-furuş”una aldanıb ayaqqabı almaq olmaz. Ayaqqabının qiyməti yox, onun keyfiyyəti əsasdır. Bundan başın çıxmalıdır. Bax ayağımdakı ayaqqabını özüm tikmişəm dörd ildir ki, geyinirəm. Qutu kimidir. Dana dərisindən olan ayaqqabılar daha dözümlü olur. Yəni sözüm ondadır ki, ola bilsin ucuz olsun, amma yaxşı ayaqqabı olsun. İndi elə ayaqqabılar var ki, dəridən fərqləndirmək çox çətindir. Həmin ayaqqabı plastik, dəriyə oxşayan sintetik materiallardan tikilib. Bu isə insan sağlamlığı üçün böyük təhlükədir. Ən xırda məsələ kimi deyim ki, ayaqda göbələk xəstəliyi də bundan yaranır. Çünki hava keçmir və ayaqlar tərləyir xəstəliklər də burdan başlayır.
Pinəçilik sənəti ilk baxışdan köhnəlmiş kimi görünə bilər. Ancaq məncə, belə deyil. Ucuz ayaqqabıların ildə beşini alıb cırmaqdan, o ayaqqabıları geyib xəstəliklər tapmaqdansa, pinəçi qardaşlarımıza ayaqqabı sifariş vermək daha yaxşı olar. Belədə biz həm özümüz sağlam ayaqqabı geyinərik, həm də zəhmətkeş insanların evinə ruzi aparmasına səbəb olarıq.
Sərvər Şirin