10 Dekabr 2015 14:59
2 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimliylə Rusiya-Türkiyə müharibələri haqqında müsahibəni təqdim edir.

– Dilavər müəllim, Rusiyanın Türkiyəyə təzyiq göstərməsi lap qədim məsələdir. Pyotr, II Yekaterina, I Aleksandr... Sanki hər yetişən yeni nəsil özünün türk-rus müharibəsini görür. Niyə belədir, bir tarixçi kimi bu problemin sonunu görürsünüzmü?
– Rusiya imperiya statusu qazandıqdan sonra özünün başlıca rəqiblərindən biri kimi Tükiyəni görüb. Söhbət İstanbula, boğazlara sahib olmaqdan gedir. Yaddan çıxarmayın ki, xristian dövlətləri öz ənənələrinə sadiqdir. Provaslav kilsəsi Roma imperiyasının süqutundan sonra Bizansı ikinci Roma statusunda görürdü. Bizansın çöküşündən sonra bu rolu Moskva öz üzərinə götürdü. Yəni Moskva dünya provaslıq kilsəsinin rəhbəri rolunda çıxış edir. Onların qarşısında da Türkiyə dayanır.

– Yəni əsas problem budurmu?
– Məsələnin digər tərəfi Rusiyanın həm də türk-müsəlman dövləti olmasıdır. Orada yaşayan türk-müsəlman dünyasının üzü Türkiyəyədir. Bu, çox ciddi məsələdir. İkinci Dünya müharibəsi ərəfəsində Adolf Hitler belə bir cümlə işlətmişdi: “Əgər SSRİ ilə Türkiyə arasında birgə hərəkət etmək haqqında anlaşma olarsa, onda bütün Avropanı çox asanlıqla götürə bilərlər”.

– Doğrudan, SSRİ ilə Türkiyənin birləşməsi mümkün idimi?
– Təbii ki, bu mümkün deyildi. Çünki Rusiya üçün Türkiyənin varlığı daima təhlükə mənbəyidi. Söhbət türk-müsəlman dünyasına liderlikdən gedir. Lider də yalnız Türkiyə ola bilər. Bu isə Rusiyanın faktiki parçalanması deməkdir.

– 1768-1774, 1787-1791, 1853-1856... Bu müharibələr əsas hansı səbəblər üzündən baş verdi, Rusiya ilə Türkiyənin bölə bilmədiyi nə var?
– Rusiya-Türkiyə müharibələri regionda liderlik uğrunda gedən müharibələr idi. Sadəcə, XVII əsrdən başlayaraq Osmanlı sivilizasiyası özünün ağır durumuna daxil olmuşdu. Bunun da çoxlu səbəbləri vardı. Həm Qərbdə, həm də Şərqdə ağır müharibələr aparan Osmanlı imperiyası üçün çoxlu maliyyə xərcləri tələb olunurdu. Ölkə iqtisadiyyatı getdikcə tənəzzülə uğrayırdı. Osmanlı imperiyası həm də Rusiya ərazilərinidə olan türk-müsəlman dövlətlərini himayə edirdi. O zaman Rusiya artıq özünün yüksəliş dövrünü yaşayırdı. Əmir Teymurun Toxtamış üzərindəki qələbəsi Qızıl Ordanın süqutunda həlledici rol oynadı. Bundan istifadə edən Moskva dövləti yüksəlməyə başladı. Rusiya 1552-ci ildə Kazan xanlığını, 1556-cı ildə Həştərxan xanlığını işğal etdi. Bununla da Xəzər dənizinə çıxış əldə etdi. Osmanlı imperiyası bunun qarşısına çıxmaq istədi. O zaman Osmanlı imperiyasında dənizdən-dənizə lahiyəsi var idi. Bu lahiyə Osmanlı imperiyasına dünyanın əsas dənizlərinə nəzarət imkanını verirdi.

– Söhbət hansı dənizlərdən gedir?
– Bu o dənizlər idi ki, ayrı-ayrı limanlarda böyük ticarət toplanmışdı. Bunlara Qara dəniz, Xəzər dənizi, Aralıq dənizi, Qırmızı dəniz və digərləri daxil idi. Xəzər dənizi ilə Qara dənizi su kanalı ilə birləşdirmək məsələsi də qoyulmuşdu. Bunula da Rusiya tamamilə təcrid olunurdu. Lakin Qərbdə və Şərqdə gedən müharibələr Osmanlı imperiyasının iqtisadi-hərbi sisteminə elə təsir etmişdi ki, bunun öhdəsindən gələ bilmədi. Amma o zaman Moskva dövləti yüksəliş dövrünü yaşayırdı. Bu baxımdan bu məsələyə ciddi fikir vermək lazımdı. 1768-1774, 1787-1791-ci illərdə baş verən müharibələrin nəticəsində Rusiya Qara dənizə çıxış əldə etdi. Bununla da Rusiya əsas məsələni həll etdi. Qara dənizə çıxış onun üçün həm də həyati məsələ idi. 1853-1856-cı il müharibəsində isə Rusiya Osmanlı ərazilərinə sahib olub, boğazlara yiyələnmək məqsədi güdürdü. Bu isə dünya ağalığı demək idi.

– Bu günə kimi baş vermiş müharibələrin demək olar ki, əksəriyyətində ruslar qələbə qazanıb. Siz bu qələbələri necə əsaslandırardınız? Güclü ağıl, yoxsa güclü ordu, yoxsa müttəfiqlərin köməyi, ya necə?
– Yenə deyirəm, söhbət o dövdə Osmanlı imperiyasının çətin durumundan gedir. XVI əsrdə Osmanlı təhlükəsi Avropa üçün ciddi məsələ idi və başağrısına çevrilmişdi. Rusiya 1721-ci ildə imperiyaya çevrildi. Onun ali məqsədi dünya ağalığı idi. Bunun başlıca yolıu da boğazlara sahib olmaqdan keçirdi. Rusiya həm də İstanbula sahib olmaqla dini rəhbərliyi ələ almaq istəyirdi. Qələbənin qazanılmasında Rusiyada baş verən sürətli inkişaf ciddi rol oynadı. O zaman Rusiyanın qələbələrini stimullaşdıran səbəblərdən biri də ərazisində olan türklər və müsəlmanların Osmanlı ətrafında toparlana bilməməyi oldu. Bu, çox ciddi məsələdir. Məsələn, Moskva dövləti Kazan və Həştərxanı Krım xanlığının köməyi ilə işğal etdi. Çünki Krım xanlığı ilə Kazan və Həştərxan xanlığı arasında kəskin ziddiyyətlər mövcud idi. Bu da başlıca səbəblərdən biridir.

– 1787-1791-ci il müharibəsini Türkiyə başladı və məğlub oldu. Osmanlı Krım haqqında iddialarından əl çəkdi və onun Rusiyaya mənsub olduğunu təsdiq etdi. Bəs necə oldu ki, 1853-1856-cı illərdə yenidən Rusiya və Osmanlı arasında Krım müharibəsi başladı?
– Osmanl imperiyası 1768-1774-cü ildə itirdiyi mövqeyi qaytarmaq niyyəti ilə bu müharibəni başladı. Lakin məğlub oldu və Krımın itkisi ilə barışmalı oldu. Bu çox ciddi itki idi.

– Halbuki, Moskva dövləti uzun illər Krım xanlığına vergi ödəmişdi.
– Hə, Moskva dövləti bunu əvəzini çıxmağa fürsət axtarırdı. Krım xanları Moskvanı dəfələrlə yandırmışdılar. 1853-1856-cı il müharibəsində daha çox İngiltərə və Fransa qazandı. Söhbət Osmanlı imperiyasının zəiflədilməsindən və Rusiyanın burnunun ovudulmasından gedir.

– Axı 1787-1791-ci il müharibəsindən sonra sülh müqaviləsi bağlanmışdı...
– Maraqlar üçün istənilən zaman müqavilələri pozurlar. Bu, tarixdə adi haldır.

– İndiyə qədər Rusiya-Türkiyə müharibələrində Qərb dövlətlərinin mövqeyi necə olub? Onlar əsasən, hansı tərəfin müttəfiqinə çevrilib? Yoxsa Qərb ancaq qızışdırıncı rol oynayıb?
– Bilirsiniz, siyasətdə qızışdırmaq söhbəti yoxdur. Maraqlar var. Qərb daima öz işini görüb. Bir zamanlar Osmanlı-Səfəvi münasibətlərinin kəskinləşməsində maraqlı idilər. Çünki bilirdilər ki, onlar arasında baş verən müharibə hər ikisini zəiflədəcək. Bununla bir oxla iki dovşan vurur. Rəqiblərindən biri sıradan çıxır, digəri də artıq əvvəlki statusunu itirir. Təbii ki, münasibətlərin ilkin vaxtlarında Qərb dövlətləri onlardan biri ilə müttəfiq olur. Vəziyyətdən və öz maraqlarından asılı olaraq mövqelərini dəyişirlər.

– Konkret olaraq Krım müharibəsində ingilislərin, fransızların maraqları nə idi və onlar niyə Osmanlının tərəfində vuruşurdular? Səbəb yalnız Rusiyanın zəiflətmək idimi?
– Krım müharibəsinə qədər Rusiya artıq iri addımlarla irəliləyirdi. Vaxtilə Böyük Pyotr isti sulara can atırdı. II Yekaterina özünün Yunan lahiyəsinə malik idi. I Aleksandr isə Balkan federasiyasını qurmağı arzulayırdı. 1768-1774-cü illər müharibəsi ilə Rusiya Qara dənizdə bərqərar oldu. Polşanın birinci parçalanması baş verdi. 1787-1791-ci illər Osmanlı-Rusiya müharibəsində Rusiyanın mövqeyi daha da gücləndi və müharibə Fransa inqilabının baş verməsi ilə dayandırıldı. Sonra baş verən 1806-1812-ci illər müharibəsi zamanı Rusiya Bessarabiyanı və Qafqazın bir hissəsini işğal etdi. Napoleonun Rusiyaya müdaxiləsi ilə Osmanlı-Rusiya müharibəsi dayandırıldı. 1829-1830-cu illər müharibəsində isə I Nikolay yenicə müstəqillik əldə edən Yunanıstanı himayə etdi və Dunay çayının mənsəbinin sol sahilini anneksiya etdi. 1853-cü iləd Nikolay yenidən Osmanlıya qarşı tələblər irəli sürdü. Bunun ardınca Dunay knyazlıqları olan Valaxiya və Moldovanı hərbi güc tətbiq etməklə işğal etdi. Rusiya o dərəcədə özünü güclü hesab edirdi ki, Osmanlı imperiyasında yaşayan xristianların himayəçisi kimi çıxış etdi. Buraya Qüdsdəki, Fələstindəki və Andolunun şərqində yaşayan xristianlar daxil idi. Rusiyanın güclənməsi Qərbi dərindən narahat edirdi. Napoleon üzərində qələbədən sonra Rusiya Avropa jandarmı rolunu oynayırdı. Avropanın bütün həlledici məsələlərində Rusiyanın iştirakı məcburi idi. Bu isə İngiltərə və Fransanı dərindən narahat edirdi. Osmanlı imperiyasında yaşayan xristianlar üzərində Frnasa da himayəçilik etməkdə idi. III Napoleon Nikolaya nifrət edirdi. O, Osmanlı imperiyasını Rusiyaya qarşı təhrik edirdi. İngiltərə də bunu istəyirdi. Bu baxımdan da Krım müharibəsində Osmanlı imperiyasının müttəfiqi kimi çıxış etdilər.

– Hansı müharibənin Osmanlı üçün daha ağır nəticələri olub?
– Krım müharibəsinin Osmanlı imperiyası üçün ağır nəticəsi oldu. Qara dəniz neytrallaşdırılır, müharibə və sülh dövründə boğazlar ticarət və hərb gəmilərinin üzünə açıq elan olunurdu. Türkiyə Qara dənizdə hərbi donanma saxlamaqdan məhrum edilirdi.

– Sizcə, hansı tərəf tarixi intiqam hissi ilə yaşayır. Ruslar, yoxsa türklər?
– Burada intiqamdan söhbət getmir. Tarix müəyyən müddətdən sonra təkrar olunur. Amma başqa formada. Bu zaman səhnəyə yeni oyunçular daxil olur.

– Bu gün Rusiya və Türkiyə dövlətləri arasında yenidən müharibə baş verərsə sizcə, yenə Türkiyə məğlub olacaqmı? Yoxsa tarixi şərait dəyişib, daha rusların məğlub olmaq zamanıdır.
– XXI əsr Türkiyənin əsridir. Bir vaxtlar böyük Atatürk deyirdi ki, Türkiyə yüz il özünü saxlamalı və müharibəyə girməməlidir. Elə də oldu. Bugünkü Türkiyə inkişafda olan Türkiyədir. Rusiya sivilizasiyası isə qocalıb və enməkdə davam edir. Rusiyanın bütün tarix boyu onun inkişafının ən uca zirvəsi İkinci Dünya müharibəsindən sonra oldu. Əslində, SSRİ olsa da, bu elə Rusiya idi. Ətrafına müttəfiq respublikaları müstəmləkənin başqa formasında yığmışdı. İkinci Dünya müharibəsindən sonra Rusiya bütün Şərqi Avropanı ələ keçirdi. Varşava müqaviləsi isə birbaşa NATO-ya qarşı ən yaxşı silah idi. İndi bunlar yoxdur. Rusiya öz sərhədlərinə sığışdırılır.

– Söhbət hansı sərhədlərdən gedir?
– Yəni Moskva dövlətinin tarixi sərhədləri nəzərdə tutulur. Bu, qaçılmazdır. Rusiya bununla barışmalı və siyasi aləmdə öz nüfuzunu saxlamaq üçün normal məntiqə əsaslanan siyasət yürütməlidir. Əks halda, Moskva və Moskva ətrafı ilə məhdudlaşacaq.

– Sizcə, hansı dövlət tarixi müharibələrdən daha çox dərs götürməlidir, Rusiyamı, Türkiyəmi?
– Tarixdən dərs görtürmürlər, nəticə çıxarırlar. Nəticəni düzgün çıxaran dövlət isə udur.

– Baş verən müharibələrin hər birində ilk hücümü türklər başlayıb, ruslarsa sadəcə, qarşı tərəfi hücum eləməyə məcbur eləyib. Sizcə, yenidən iki dövlət arasında müharibə baş verərsə, yenə də hücumu türklər başlayacaqmı?
– Bunu demək çətindir. Hesab edirəm ki, situasiya o səviyyəyə gəlib çatmayacaq. Bunu Rusiyada da, Türkiyədə də anlayırlar. Sadəcə, bir-birlərinə güc nümayiş etdirirlər.

– Bəs zaman kimə işləyir?
– Təbii, zaman Türkiyənin xeyrinə işləyir.

– Ümumiyyətlə, bugünkü rus-türk probleminin müzakirəsi tarixdə baş verən müharibələrlə paralel aparılmalıdırmı? Yoxsa tarixi bir tərəfə qoyub daha konkret məsələlər haqqında danışılmalıdır.
– Tarixdə müharibələrlə pralellik aparılmır. Sadəcə, onların tarixi öyrənilir və müəyyən nəticələrə gəlinir. Konkret məsələlər də bu nəticələr əsasında gündəmə gəlir.

– Digər müharibələrdə olduğu kimi, son qarşıdurmalarda da türklər çox arxayın görünür. Belə təəssürat yaranır ki, bu arxayınlıq 1787-1791, 1853-1856 müharibələrində olduğu kimi Qərb dövlətlərinə arxalanmaq hissindən irəli gəlir. Sizcə, ingilisə-fransıza bel bağlamaq olarmı? Tarix konkret bu məsələ ilə bağlı türklərə nə deyir?
– Mənə elə gəlir ki, Türkiyə bu məsələdə Qərb dövlətlərinə arxalanmır. Sadəcə, diplomatiyadan uğurla istifadə edir. Türkiyə uzun əsrlər boyu fasiləsiz davam edən dövlətçiliyə məxsusdur. Siz düşündüyünüzü orada daha dərindən analiz edirlər. Buna görə də narahat olmağına dəyməz. Bir həqiqət var ki, Türkiyə türk-müsəlman dünyasının lideri rolunda çıxış edir və bu istiqamətdə imici günü-gündən artır. Türkiyə onu da yaxşı anlayır ki, bu istiqamətdə fəaliyyəti Qərb tərəfindən isti qarşılanmır. Qərb daha çox maraqlıdır ki, Rusiya və Türkiyə arasında hər hansı bir müharibə baş versin. Yəni bu zaman da bir oxla iki dovşan vurulur.

– Yəni...
– Yəni Rusiya parçalanır, Türkiyə isə zəifləyir və Qərbin tam nəzarəti altına keçir.

– Belə bir şey mümkün ola bilərmi?
– Unutmayın ki, Türkiyə on beş il bundan qabaqkı Türkiyə deyil. Bu baxımdan hesab edirəm ki, Türkiyədə bütün proseslər ciddi izlənir və məqamında lazımi addımlar atılacaq.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər