14 Dekabr 2015 11:18
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

1964-cü ilin 27 oktyabrında Nyu Yorkda faciə baş verdi; 28 yaşlı rəqqas və aktyor Freddi Xerko özünü eyvandan atıb intihar etdi. Bohema dünyasında şayiələr gəzirdi ki, guya Xerko bunu narkotiklərin təsiri altında edib. Amma onun doğmalarının versiyası başqa idi, onların fikrincə, intiharın bir səbəbkarı vardı: Endi Uorxol.

Uorxol müasir incəsənət aləmini kökündən dəyişmiş rəssam hesab olunur. O, novatorluq ideyalarının sayəsində zirvəyə yüksəlməyi bacarmışdı.

...Endryu Uorxol 1928-ci ilin 6 avqustunda ABŞ-nın Pensilvaniya ştatında dünyaya gəlmişdi. Onun valideynləri Slovakiyadan gəlmiş mühacirlər idi.

Endryu üçüncü sinifdə oxuyanda ağır xəstəliyə tutulur və uzun müddət yataqdan qalxa bilmir. Xəstəxanada yatağa məhkum oğlan rəsm çəkməyə başlayır, ulduzların fotolarını yığır, kollajlar düzəldir. Sonralar o deyirdi ki, həyatının bu mərhələsi onun şəxsiyyətinin formalaşmasında böyük rol oynayıb; məhz həmin vaxt o rəssam olmaq istədiyini anlayıb. Yalnız rəssam olmaqmı? Endryu Uorxol məşhur olmaq, bahalı maşınlarda gəzmək, dəbdəbəli restoranlarda nahar etmək arzusunda idi.

13 yaşında Endryu atasını itirir. 1945-ci ildə o illüstrasiyaçı olmaq niyyətilə Texnologiya Universitetinə daxil olur. Endryu yaxşı oxuyurdu, amma kurs yoldaşları və müəllimləri ilə dil tapa bilmirdi. Bəlkə də dahilik simptomları özünü göstərirdi.

İlk eksperimentlər

1949-cu ildə Endryu Nyu Yorka köçür və mağazaların vitrinində tərtibatçı kimi işləməyə boş vaxtlarında isə reklam plakatları və açıqcalar çəkməyə başlayır.
Nyu York onun arzularının şəhəriydi. Endryu belə hesab edirdi ki, istənilən şəxs bu şəhərdə ulduza çevrilə bilər.

“Görəsən bugünkü Amerikada uğur qazanmaq üçün nə etmək lazımdır? – deyə o yazırdı, – əvvəllər bunun üçün məsuliyyət hissi və bahalı kostyum lazım idi. İndi isə mən ətrafa baxıram və əmin oluram ki, indi də eyni şeylər lazımdır, bircə bahalı kostyumdan başqa”.

“Varlılar kimi düşün, kasıblar kimi geyin”, – deyirdi Varxol.

Onun ilk peşəkar işlərindən biri “Qlamur” jurnalında dərc olunan məqaləyə çəkdiyi illüstrasiyalar idi. Məqalə “Uğur Nyu Yorkda işləmək deməkdir” adlanırdı.

Bir ildən sonra o, az tanınan bir radiostansiya üçün narkotika əleyhinə plakat hazırlayır. Gənclərin problemlərinə həsr olunmuş radio verilişin reytinqi xeyli yüksəlir. Plakat isə ilin ən yaxşı reklam nümunəsi hesab olunur. Uorxolun təbii olaraq qonorarı artır. Amma o anlayırdı ki, bohema dünyasında ulduz olmaq üçün yalnız pul deyil, həm də şöhrət lazımdır. Şöhrəti isə yalnız illüstrasiyalar çəkməklə əldə etmək mümkün deyil.

1950-ci ildə ayaqqabı firmasınıın reklamı üçün çəkdiyi plakatlar Endiyə uğur gətirir. O, özü bilərəkdən təsvirləri mürəkkəb ləkələriylə çəkmişdi. Sifarişçiyə bu, çox xoş gəlir və onunla əməkdaşlığa davam edir.

Tədricən qeyri-adi illüstrasiyaçının şöhrəti bütün şəhərə yayılır. Endryu Uorxol artıq öz dairəsində tanınır, layihələri rəğbətlə qarşılanırdı. Amma bu onu qane etmirdi. Onun kimiləri çox idi. O isə bənzərsiz olmaq istəyirdi.

Beləliklə, Uorxol dəyişməyi qərara alır: İmicini, incəsənətdəki istiqamətini, adını, bir sözlə – hər şeyi.

O düşünürdü: “Bohema dünyasında mən necə parlaya bilərəm? Əlbəttə ki, hər zamankı intellektual oğlan obrazı ilə deyil. Məşhurlara sirli şəxsiyyətlər xoş gəlir. Bunun üçün qara eynək, parik, xüsusi ədalar və təmiz Amerika adı lazmdır. Məsələn, Endi Uorxol”.

Intellektual oğlan obrazı arxada qalır. İndi bohema dünyasında yeni ulduz parlamaqda idi. O heç bir nüfuzlu tədbiri buraxmır, qeyri-adi görünüşü ilə diqqətləri özünə cəlb edirdi.

Novator ideyaları

50-ci illərin əvvəllərində Amerikada pop-art meydana gəlir. Artıq hər bir material sənət əsəri sayıla bilərdi; qəzet parçaları, reklam obrazları, cizgi film qəhrəmanları... Bu, Uorxol üçün göydəndüşmə fürsət idi, nəhayət ki, o yeni ideyalarını üzə çıxara bilərdi.

1952-ci ildə Nyu Yorkda onun ilk fərdi sərgisi açılır. Sərgi diqqət çəkmir və uğursuzluğa düçar olur. Amma Uorxol ruhdan düşmür, yeni obrazlar və vasitələr axtarmağa başlayır.

– Mən ən yeni obrazlar axtarıram. Səncə, bu, nə ola bilər? – bir dəfə o rəfiqəsindən soruşur.

– Hmm... Sən dünyada ən çox nəyi xoşlayırsan?

Beləliklə, o, pulların şəklini çəkməyə başlayır.

1962-ci ildə Endi Uorxolun Los-Ancelesdə ikinci sərgisi açılır. Tamaşaçılar təəccüb içində idilər. Sərgi salonu marketin rəflərinə bənzəyirdi. Divarlardan koka-kola, dollar, “Kempbell” bankalarının şəkilləri asılmışdı. Bu tablolar orijinallığı ilə seçilirdi, belə ki, rəssam onları əvvəl rəngkarlıq texnikasında, sonra isə ipək üzərində qrafika üslubunda işləmişdi.

Uorxolun qalereyada nümayiş edilən əsərləri cəmiyyətdə böyük əks-səda yaradır. Bu əsərlər yeni dünya rəssamının doğuluşundan xəbər verirdi. İncəsənət tənqidçiləri dərhal bildirdilər ki, gənc müəllifin işləri Qərbin istehlak mədəniyyətinin boşluğunu, bayağılığını ört-basdır edir. Bir neçə saatın içində Endi Uorxol adi bir rəssamdan müasir incəsənətin kralına çevrilir.

Bir dəfə ona belə bir sual verirlər:

– Bəs hamburgerdən sonra siz nəyin şəklini çəkəcəksiniz?

– Bilmirəm, – o cavabında deyir, – bəlkə elektrik stulunu çəkdim.

Amma o, elektrik stulunu yox, Merilin Monronu çəkir. Aktrisanın rəsmi qeyri-adi alınmışdı; limon rəngli saçlar, parlaq boyalı dodaqlar... Merilin Monro ölümündən sonra əfsanəyə çevrilmişdi. Sevimli qəhrəmanının yenidən “doğuluşunu” görən amerikalılar bu yeniliyi sevinclə qarşıladılar. Uorxol insanların əhval-ruhiyyəsini duyurdu, onlara nəyi necə təqdim etməyi gözəl bilirdi.

Bir müddət sonra O, 60-cı illərin məşhurlarının şəkillərini çəkməyə başladı. Rok-n-rollun kralı Elvis Presli, aktrisa Elizabet Teylor, boksçu Məhəmməd Əli və s.

Uorxol artıq kətanı və fırçanı bir kənara qoymuşdu: “Fırçaya nə ehtiyac var, bir halda ki, ipək üzərində qrafika mövcuddur? Bu texnikada simalar çox gözəl və qüsursuz alınır. Bir də ki, bir şəkildən bir neçə nüsxə əldə etmək mümkündür”.

Endi Uorxol fikirlərini gizləmirdi: O, müasir incəsənəti konveyer üsluna çevirmək istəyirdi.

İncəsənət dünyasının yeni simvolu

1963-cü ildə o Manhettendə bina alır və onu emalatxanaya çevirir. Emalatxanada sərbəstlik hökm sürürdü, hər gün oraya yüzə yaxın adam gəlirdi, onların içində həm elit təbəqənin nümayəndələri, həm də adi fəhlələr vardı. Onlar əyləncəli məclislər keçirir, gecə yarısına qədər şənlənirdilər. Uorxol o vaxta qədər “emalatxana yalnız yaradıcıya məhrəm olan qapalı yerdir” düşüncəsini alt-üst etmişdi. Bu qalmaqallı şöhrətin sayəsində Endinin əsərlərinin populyarlığı durmadan artırdı.
60-cı illərdə Uorxolun yeni hobbisi meydana çıxır. O, kamera alır və qarşısına çıxanı çəkməyə başlayır: “Kino çəkmək rəssamlıqdan qat-qat asandır. Sən, sadəcə, kameranı qurursan və o, sənin əvəzinə çəkməyə başlayır”.

Endi Uorxolun filmlərində hər bir adam çəkilə bilərdi. Aktyorlardan xüsusi bacarıq tələb olunmurdu. “Önəmli olan özün kimi ola bilməkdir, – deyirdi Uorxol, – sən filmdə istədiyini edə – yemək yeyə, rəsm çəkə, yatıb-dincələ, öpüşə bilərsən”.

Uorxolun filmləri peşəkar rejissorları dəhşətə gətirirdi. Axı bu filmlərdə nə xüsusi dramaturgiya, nə süjet xətti vardı. Sadəcə olaraq, aktyorlar gündəlik həyatlarını yaşayırdılar və bütün bunlar kameranın yaddaşına hopurdu. Uorxol deyirdi: “Hər adamın 15 dəqiqəlik şöhrətə haqqı var”. Əslində isə, onu insanların hissləri maraqlandırmırdı, sadəcə, öz həyatını sənət əsərinə çevirməyi bacarmış rəssam insanlardan obraz düzəldirdi.

1964-cü ilin iyulunda o, yeni obyekt seçir. Nyu Yorkun Manhetten adasında yerləşən 102 mərtəbəli göydələn Empayr o illərdə ən yüksək tikili idi. Uorxol tikiliylə üzbəüz olan binanın 44-cü mərtəbəsində kameranı quraraq düz 6 saat Nyu Yorkun əsas simvolunu çəkir. Ertəsi gün filmin nümayişi olur. Tamaşaçıların bir çoxu filmə axıradək baxmayıb salonu yarımçıq tərk edir. Bu ideya avanqardçıların xoşuna gəlir və onlar rejissoru ayaqüstə alqışlayırlar.
Uorxol bu filmi belə izah edirdi: “Mən sadəcə vaxtın necə keçdiyini görmək istədim”.

Bu ekran işindən sonra o, avanqard üslubun hamı tərəfindən qəbul edilən klassikinə, fabrik isə müasir incəsənətin simvoluna çevrildi.

İntiharın səbəbi

Xerko ilə Uorxol xeyli vaxt idi ki, tanış idilər. Endi onu yeni filminə çəkəcəyinə söz vermişdi. Gənc aktyorun karyerası üçün bu çəkiliş önəmliydi. Amma çəkiliş prosesində dostların sözləri çəp gəlir və Uorxol onu studiyadan qovur. Sarsılmış Xerko evə gəlir, Motsartın musiqisini dinləyir, amma bədbin ovqatdan çıxa bilmir. Ölümcül dozada dərman içən aktyor özünü pəncərədən atır.

Bu xəbəri eşidən Uorxol qəm dəryasına qərq olur. Amma onu kədərləndirən aktyorun ölümü deyil, qiymətli kadrın əldən çıxması idi: “Niyə o, bunu əvvəlcədən bizə demədi? Biz onun pəncərədən düşməsini lentə ala bilərdik!”

Endi Uorxolun qayğısız günləri 1968-ci ilin iyununa qədər davam edir. Ayın üçü radikal feminist qadın (O, əvvəllər Uorxolun filmlərində çəkilmişdi) studiyanın binasına daxil olur və Uorxala 3 dəfə atəş açır. Könüllü olaraq polisə təslim olan qadın “Siz niyə bunu etdiniz?” sualına belə cavab verir:

- O, mənim həyatıma həddindən artıq nəzarət edirdi.

Uorxol isə möcüzə sayəsində qurtulur. Yalnız 3-cü gün özünə gələn rəssam təzə qəzetləri gözdən keçirmək istədiyini bildirir. Qəzetlərdə özü barədə xəbərə demək olar ki, rast gəlməyən Uorxol məyus olur. Məsələ burasındadır ki, elə həmin gün Robert Kennedi qətlə yetirilmişdi və bütün diqqətlər bu hadisəyə yönəlmişdi.

Uorxol xəstəxanadan mənən əzilmiş halda çıxır. Artıq qayğısız günlər arxada qalmışdı, indi o, ölümdən qorxan, daim təlaş içində yaşayan narahat bir adama çevrilmişdi. Ona elə gəlirdi ki, ölüm onu qarabaqara izləyir...

Ölüm qorxusu əsərlərinə də sirayət edirdi, artıq tablolarında ölümün, intiharın təsvirlərinə rast gəlmək olurdu. İndi onun studiyası əvvəlki kimi qalmaqallı yer deyildi, oraya ancaq seçilmişləri buraxırdılar. Bohema dünyasının ulduzlarıyla o, başqa yerlərdə – Nyu Yorkun gecə barlarında görüşürdü. İndi Uorxol özünü çox fərqli – sakit və utancaq aparır, əylənməkdən çox insanları müşahidə edirdi...

Son “çəkiliş”

1987-ci ilin fevralında Endi Uorxol öd kisəsindən əməliyyat keçirmək üçün xəstəxanaya yerləşir. Əməliyyat uğurla keçir, sonrakı bir neçə gün müddətində də problem olmur. Ayın 22-də səhər tezdən xəstələrə baş çəkən tibb bacısı gördüyü mənzərədən sarsılır: “Uorxol ürək tutmasından yerindəcə keçinmişdi”.
Bununla da insanları obraza çevirən Endi Uorxol son filmini “çəkmişdi”...


Müəllif: