14 Dekabr 2015 14:33
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dayım qaynaqçıdır, bu işin nə qədər çətin, təhlükəli bir peşə olduğunu bilirəm. Mənim aləmimdə qaynaqçılar da yaradıcı insanlardır. Reportajı hazırlamaqda məqsədim bu çətin peşə sahiblərinin keçdikləri yola işıq tutmaqdır. Təbii ki, bacardığım qədər...

Qarajını “qərargah”a çevirən Raqif kişi ilə söhbətləşirik:

- 45 ildir ki, bu sənətlə məşğulam. İndiyə qədər çox şeylər düzəltmişəm: soba, çardaq, araba, stol-stul, qapı, naxışlı darvazalar, qəbir cağları, pəncərə “reşotka”sı, bağça üçün oturacaqlar...

Əvvəllər çadır toyları olurdu. Onun dəmir skeletini də düzəltmişəm. Yaxşı pul qazandığım vaxtlar çox olub. Sənətimdən razıyam. Bilirsən, işimi sevə-sevə görürəm deyə istədiyim nəticəni də alıram.

- Bu peşə çoxmu təhlükəlidir?

- Təbii ki. Gərək çox diqqətli olasan.

Bu heyndə bayaqdan içəridə bizim söhbətimizə qoşulan Tufan kişi sözə qoşulur: “Bu sənətə Raqif usta ilə bir başlamışam. Burada işlədiyim otuz ildə çox şey öyrənmişəm. İlk dəfə qaynaq eləyəndə Raqif usta mənə dedi ki, qorxan gözə çöp düşər, özünü qorxutma, yoxsa işlərin alınmayacaq. Bu sözlərdən ürəkləndim və işə girişdim. O başlayan, bu başlayan – düz otuz ildir.

Raqif usta gülə-gülə sözə qoşulur: “Amma sənə bunu da demişdim ki, ehtiyat igidin yaraşığıdır. Gərək ehtiyatı da əldən verməyəsən. Tufan kişi də onun dediyini təsdiqləyir: “Əlbəttə, ehtiyatlı olmaq lazımdır. Yoxsa buraları yandırarıq”.

- Raqif usta, nə vaxtsa ehtiyatsızlıq eləmisinizmi, heç yanğın-filan olubmu?

- Olub. Amma tez tərpənmişəm. Bir dəfə bu gördüyün küncdə çoxlu karton, kağız-kuğuz vardı. Açığı, məsuliyyətsizlik edib onları götürməmişdim. Gözümə şüa düşməsin deyə maska ilə işləyirdim. Dedim, işim uzun çəkməz. Bir az keçdi ki, içərini tüstü-duman bürüdü. Yaxşı ki tez tərpəndim, yanğını birtəhər söndürdüm. Az qalmışdım buraları yandıram. O gündən hər işə diqqətlə yanaşıram. Bilirsən, burada oksigen balonu da var. Qaynaq üçün istifadə olunur. Allah uzaq eləsin, onun partlayışı lap pisdir. Partlasa, buralar havaya sovrular.

- Allah elə şeylərdən saxlasın. Usta, bəs bu sənətin incəlikləri varmı?

- Hə var. Amma əsas sənətkarın fantaziyası olmalıdır. Tutaq ki, soba və ya darvaza düzəldirsən. Bu zaman elə eləməlisən ki, müştərilər razı qalsınlar. Yəni onun üzərinə yaxşı naxışlar işləməlisən. Ən əsası səliqəli olmalıdır. Yəni düzəltdiyin şeylərdə qaynağın yeri eybəcər şəkildə bilinməməlidir. Əgər bilinirsə, onu alətlə nizamlayırsan. Bir də hər bir ustanın gördüyü iş seçilir. Yəni əşyaya baxanda bilirsən ki, bunu kim düzəldib.

- Bu elektrodların fərqi nədir?

- Qalın dəmir əşyaları bir-birinə bərkitmək üçün üçlük, dördlük elektroddan, nazik dəmirləri birləşdirmək üçün daha zəiflərdən istifadə edirik.

- İçəridə maşın görürəm. Onlarda hansı qaynaq işləri aparırsınız?

- Qaynaq işləri ən çox sovet maşınlarında olur. Çürük yerlər olanda kəsib yeniləyirik. Yəni qaynaq üçün nə lazımdır, görürük. Bu maşın da köhnə model “Ford”-dur. Çürük-çarıq yerlərini düzəldirik. Qırıq oturacaqları bərkidirik.

- Dolanışıq üçün normal qazanc olurmu?

- Qaraj özümündü. Kirayə pulu vermirik. Şükür, azdan-çoxdan qazanırıq.

Qalayçı Tufan kişi yenidən söhbətimizə qoşulur: “Banklara borcumuzu qurtarsa, rahat nəfəs alardıq. Amma deyim ki, bizə borclu olanlar da çoxdur. İşi görmüşük, dost-tanışdı deyə bərkini tuta bilmirik. Pul adı gələndə deyirlər ki, bu ay verəcəyik, gələn ay verəcəyik. Amma insafən dünən altı aydan sonra biri 200 manatı gətirdi”.

Usta Raqif sözünə davam edir: “Nə yaxşı bu sənəti bilirik. İndi iş tapmaq o qədər asan məsələ deyil. Əvvəllər atam mənə deyərdi ki, oğul bir sənətə yiyələn, yoxsa ortalıqda qalarsan. Mən də onun sözlərinə baxdım və bu gün sevdiyim işlə məşğulam. Bu günümüzə şükür!

Bizim sənətə həmişə ehtiyac olub, yəqin bu gündən sonra da olacaq. Burdan iki adam evinə çörək aparırsa, böyük şeydir”.

- Bu sənəti öyrənmək istəyən varmı?

- Bir şagirdimiz də var. Bu gün işə gəlməyib. Həvəsli və qabiliyyətli oğlandır. Düzdü, Tufan kişi ilə yola getmir (gülümsəyir).

“Arada olur də, gileylənirik. Amma Rauf istiqanlı oğlandır” – Tufan kişi dərhal dillənir.

Raqif usta deyir ki, təzə-təzə başlayanda mənim eynəksiz işlədiyi görüb o da istədi ki, elə etsin. Ancaq gözünə qığılcım sıçradı.

- Necə olur onda?

- Bir-iki dəfə məndə də olub. Gözə elə bil qum tökürlər, qıpqırmızı qızarır.

Beləcə, qaynaqçılarla söhbətimizi yekunlaşdırıb oradan ayrılırıq. Əlbəttə, bu zəhmətkeş insanlara gözəl günlər arzsuyla.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər