16 Dekabr 2015 16:01
4 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün media sahəsində çalışan, müəyyən uğur əldə edən qələm adamlarının içində ixtisasca jurnalist olmayan yetərincə imza var. Bəs jurnalist olmaq üçün bu sahə üzrə təhsil almaq vacibdirmi?

Teleqraf.com bu suala cavab tapmaq üçün ölkənin tanınmış jurnalistlərinə üz tutub. Səslənən fikirləri təqdim edirik.

Qulu Məhərrəmli: “Jurnalistikada fəaliyyət göstərmək vicdan, qabiliyyət, xarakter məsələsidir. Qeyri-ixtisaslı jurnalistləri jurnalistika fakültəsini bitirmədiklərinə görə ittiham eləmək olmaz. Başqa ixtisası bitirənlər bu fakültədə oxuyanlardan da yaxşı jurnalist ola bilərlər. Jurnalistika fakültəsini bitirmək vacib şərt deyil. Qeyri-ixtisaslı köşə yazarları, reportyorlar yetərincədir. Sadəcə, yaxşı olardı ki, onlar jurnalistika ilə bağlı etik qaydaları, peşə standartlarını öyrənsinlər. Bu biliklərə yiyələnmək üçün müəyyən kurslara da getmək olar. Əsas olan qabiliyyət, istedad, peşə standartlarına bələdlik, bacarıq, dürüst, qərəzsiz olmaqdır”.

Aqil Abbas: “Leninin bir sözü var, deyir bədii təxəyyülü olan hər insan jurnalist ola bilər. İnsanın bədii təxəyyülü, yaradıcılıq qabiliyyəti varsa jurnalist işləyə bilər. Sovet ölkələrində jurnalistlər ixtisaslaşırdılar. Azərbaycanda da həkimlər, hüquqşünaslar, tibb və hüquq sahəsində yazılar yazırdılar. Məsələn, hüquqşünasın bədii təxəyyülü varsa hüquqi yazıları jurnalistika fakültəsini bitirən jurnalistdən yaxşı yazacaq. Azərbaycanda bu hal o dərəcədə də geniş yayılmayıb. Jurnalistikanı bitirmək vacib deyil. Bədii təxəyyülü, bədii qiraəti, qabiliyyəti, ağlı başında olan jurnalist peşəsinin öhdəsindən yaxşı gələcək. Onu da deyim ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində hüquqi, iqtisadi və bütün sahələrdə təhsil verilir. Ona görə mətbuat sahəsində o universitetin tələbələrinə üstünlük verilməlidir. Təbii ki, kimin qabiliyyəti yoxdursa heç bir şey edə bilməyəcək”.

Qəşəm Nəcəfzadə: “Jurnalist kimi fəaliyyət göstərən hər insan jurnalistika fakültəsini bitirməlidir. Bəzən saytlarda elan verirlər ki, qeyri-ixtisaslı jurnalistlər üçün iş təklif edilir. Guya ki yaxşı mənada təbliğ edirlər. Amma bu düzgün deyil. Məsələn, tibbi bitirməsən, necə həkim işləyə bilərsən? Bu əsas şərtlərdən biridir. Jurnalistin mütləq jurnalist təhsili olmalıdır.

Cəmiyyətdə “reket jurnalist” anlayışı da var. Bu ifadə ilə razı deyiləm. Çünki ixtisasa “reket” demək olmaz, “reket müxbir” demək daha düzgündür. Çünki o artıq reket müxbir deyəndə müəyyən bir qəzetin ştatda olan işçisi nəzərdə tutulur. Çünki müxbir hansısa bir qəzetin işçisinə deyilir. Qeyd etdiyim kimi, jurnalist jurnalistika fakültəsini bitirməlidir. Şair-yazıçı isə qeyri-ixtisaslı ola bilər. Məsələn, Çingiz Aytmatov aqronomluq oxumuşdu”.

Zeynal Məmmədli: “Jurnalistika lissensiyasız sənəd növüdür. Bu peşə ifadə azadlığı ilə bağlı olduğu üçün burada hər hansı qadağa ola bilməz. Hər bir insan jurnalistika ilə məşğul ola bilər. Azərbaycanda yeganə ixtisasdır ki, jurnalistika sahəsində işləmək üçün jurnalistika fakültəsini bitirmək vacib deyil. Yəni ki, məcburi deyil. Jurnalistika ilə məşğul olan başqa ixtisas sahibləri jurnalist etikasında peşəkarlıqla bağlı bir çox öhdəlikləri üzərlərinə götürməlidir. Özlərini jurnalistika sahələri üzrə təkmilləşdirməlidir. Bunun üçün də kurslar var. Yəni həmin şəxs media etikasını, peşəkarlığı öyrənməyə məcburdur. Bazar varsa özünü təsdiqləmək üçün üzərində çalışmalısan. Bu hal daha çox inkişaf edən ölkələrə aiddir. Azərbaycanda təəssüf ki, elə deyil”.

Elçin Mirzəbəyli: “Dünyanın heç bir yerində, – keçmiş SSRİ ölkələrini çıxmaq şərti ilə – jurnalistika fakültəsi yoxdur, ictimai əlaqələr fakültəsi var. Bu fakültədə həm jurnalistlər, həm də müxtəlif mətbuat nümayəndələri, piar menecerlər formalaşır. Ənənəvi jurnalistikaya baxış dəyişirsə standarlar da dəyişməlidir.

Məncə, jurnalist yaxşı təhsil almalıdır. Konkret olaraq jurnalistika sahəsində bəzi sahələr üzrə jurnalist yoxdur. Bu da çox ciddi problemlər yaradır. Buna görə də qeyri-ixtisaslı jurnalistlərin istedadı varsa onların jurnalistikanın sirlərinə yiyələnməsi üçün kurs keçməsi yetərlidir. Hesab edirəm ki dünya dəyişir. İnsan böyük istedad sahibidirsə, öz üzərində işləmək imkanları varsa niyə də jurnalistikada öz imkanlarını göstərməsin. Bu gün peşələrarası sərhədlər götürülmək üzrədir. İnsanın intellekt bacarığına qiymət verirlər. Onun diplomuna, ixtisasına yox. Azərbaycan jurnalistikası və bu sahədə təhsil verən insanlar jurnalistikanın modern üslubunu bilməlidir. Yoxsa “naftalin” qoxuyan üsullarla medianı irəli aparmaq mümkün deyil. Bu fikirlər jutnalistikada uğur qazana bilməyən, jurnalist təhsili olan və həmin diplomdan asılı qalan insanların ortaya atdığı müzakirələrdir”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər