18 Dekabr 2015 16:55
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Günel Natiqin “Konsuelo təsəlli deməkdir” hekayəsini təqdim edir:

“Siz hansı heyvana oxşayırsınız, sizcə, siz gözəlsiniz, yoxsa sirkdəki meymun?” Buna bənzər suallar idi. Gülümsəyib kompüteri bağladım.

Əslində, evdəkilər kompüterdə işləməyimə qarşıydı, “çox zərərlidir, onsuz da zəifsən, əməliyyatdan təzə çıxmısan” və s. Amma onsuz da kompüterdən başqa çıxış yolum yox idi.

Uşaqlıqda maraqlı arzularım vardı. Məsələn, heykəltəraş olmaq istəyirdim. Yadıma gəlir, hardansa bağımıza gil gətirib tökmüşdülər. Birdən gilə qarşı məndə bir doğmalıq oyandı. Elə bildim ondan doğma bir adam düzəldə bilərəm. Əlimi suya batırıb gilə çəkir, adama oxşayan bir şey yapırdım. İndi söz mənim üçün nə idisə, onda da gil o idi. Yapdığım qəribə adamcıqlarla fəxr edir, onları xüsusi bir yerə qoyub saxlamaq istəyirdim. İstəyirdim gözüm üstlərində olsun. Hər halda, bu adamcıqları mən “dünyaya gətirmişdim”.

Sonralar televiziyada işləyəndə bir keramika ustasının emalatxanasına getmişdik. Adam işin əsl ustasıydı. Yeni texnologiya ilə bərabər köhnə dədə-baba ənənəsini də yaşadırdı. Dulusçuluq çarxı vardı. Demək olar ki, qədim bir şey idi. Keramika ustasının o çarxda saxsı qab düzəldəndə yaşadığı hissləri mən də hiss edə bilirdim.

“Məni gilə həmişə xüsusi bir maraq çəkir, bu sirri anlaya bilmirəm”, – dedim.

“Bilirsiniz, – təcrübəli usta gülümsədi, – biz hamımız gildən-torpaqdan əmələ gəlmişik. Ona görə gil bizi özünə çəkir”.

Bəlkə də, o gil ilk özünüifadə vasitəm idi. Mən həyətimizdəki çiçəkləyən, yarpaqlayan, sonra çiçəklərini, yarpaqlarını tökən, yenidən yaşıllaşan və çiçəkləyən gilənar ağacı kimi həmişə özümü ifadə etmək istəmişəm. Yaxınlıqda bir yerdə durub uzaqları gözləmişəm.

...Bu, bir türk saytı idi. Öz virtual dünyası ilə maraqlıydı, əslində. Orda da gerçək həyatdakı kimi gerçək yaşantılar olurdu; sevənlər, ayrılanlar, hətta intriqalar... Mən gerçək həyatda olduğu kimi burda da öz ayrıca dünyamı yaratmışdım və baş verənlərin demək olar ki, mənimlə əlaqəsi yox idi. Müxtəlif paylaşımlar olurdu; hekayələr, hikmətli sözlər, atalar sözləri və mənim çox sevdiyim şeirlər.

Bir dəfə yəhudi inanclarıyla bağlı maraqlı bir şey oxumuşdum, miflərin birində yəhudi qızları ağ libasda rəqs edirlər və cavan oğlanlar onların zahiri görkəmlərini deyil, yalnız xarakterlərini, iç dünyalarını “görmək” imkanı əldə edir. Ağ libas qızların zahirini gizli saxlayır və beləcə cavanlar gənc qızları zahirən deyil, mənən tanımış, sevmiş olurlar. Virtual dünya da belədir. Tanımadığın, bələd olmadığın kəsləri hansısa yazısına, sözünə görə özün kəşf edirsən.

Nə vaxtsa bir əsər oxumuşdum. Qəhrəmanı gənc qız idi – Konsuelo. O qədər gözəl deyildi, amma gözəl səsi var idi. Bir də insanlara məlhəm olmağı bacarırdı. “Konsuelo” adının mənası həmişə məni düşündürür və özünə çəkirdi. “Konsuelo” ispanca “təsəlli” demək idi.

“Konsuelo” adını özümə nik seçdim. İlk aldığım məktublardan biri Türkiyədə yaşayan Raskolnikov “adlı” azərbaycanlıdan oldu. Həsrət və özləm dolu idi. Amma bir dəfə də olsun Bakıda olmamışdı.

“Mən sizin haqqınızda oxudum və duyğulandım. Yağış altında gəzməyi, pişik balalarını, poeziyanı, insanlığa dair hər şeydən xoşlanırsınız. İndi zaman çox fərqlidir. Artıq uşaqlığımın keçdiyi köhnə İstanbul küçələri də mənə yad və ögey görünür... Konsuelo, siz sanki həmin doğma yerlərdən gəlmiş insansınız. Yalnız balaca Raskolnikova aid şeyləri bilirsiniz. Balaca Raskolnikov sizi sehrbaz sanardı, amma mən böyümüşəm, təəssüf ki, böyümüşəm... Sizin adınız nədir?”
Hər şey necə də kədərlidir.

“Konsuelo”.

“Konsuelo. Bu gərək ki sizə məxsus nikdir. Mən gerçək adınızı sordum. Olsun Konsuelo”.

Raskolnikov solçu idi.

“Bilirsiniz, insanların problemi nədədir? Onlar şeiri unutdular. Və ya inanmadılar artıq ona. Oysa biz ən ümidsiz çağlarımızda şeirlə oyanardıq və onunla ovunardıq.... Yadınızdadı?.. Yox, siz o vaxt çox uşaq olardınız, şeir ağladardı bizi... İndi hanı şeirlə ağlayan insanlar? Hər şey o vaxt yalan oldu ki, şeirə inanmadıq. Bütün bunlar çox kədərlidir, dostum...”

Raskolnikovun yaşı 50-ni ötmüşdü, amma o bir dəfə də evli olmamışdı.

“Qohumlarım evlənim deyə israr edirlər. Deyirlər, Bakıya gəl, evləndirək səni. Azəri qızla evlənmək istəyirəm. Doğma yerlərdən gəlmiş və özüylə mənim uşaq vaxtı itirdiklərimi gətirmiş qızla”.

Qəribə adam idi. Mənə elə gəlirdi,bir da keçsə mən bu adamı lap yaxından tanıyacam.

“Yaşamaq nədir? Bir iş, bir eş, qazanclı yaşam, bahalı restoranlarda axşam yeməkləri, son model arabamı? Bunlar yaşamaqdırmı, yoxsa insanı yaşamını daha da çətinləşdirən, insanı insanlıqdan uzaqlaşdıran şeylər? Anlada bilirəmmi arkadaşım”?

“Bəli, anlaya bilirəm sizi... Amma bu barədə deyəcək çox söz yox. Deyəcəklərimizi dedik. Indi seyrçiyik ancaq. Ancaq seyrçi”.

“Oysa insanların bir-birini anlamadığı bu ortamda insanlar nə çox danışırlar... Bağışlayın məni, pul kisələri danışır, sözün nə hökmü var ki?”
“.....”

“Konsuelo, bir yazar var, o da azəri əsillidir, Türkiyədə doğulub, çox ünlüdür... Murad Güney. Qələbəliklərdə yalqızlıqlardan yazır, onu yazıları bəzən ayna kimi məni əks etdirir. Amma mən daha çılğınam, mübarizəm.”

“Təbii ki, tanıyıram. Gərək ki, solçudur...”

“Onun yeni yazılarını oxumusuz?”

“Hamısını təqib edə bilmirəm.”

“Mən sizə göndərərəm. Murad Güney maraqlı yazardır. Kədərli adamdı. Ən xoşbəxt çağlarında da kədərini itirə bilmir.”

Sabahısı gün Raskolnikovdan mail aldım. Murad Güneyin yazılarını, üstəlik bir şeir və bir lent yazısı yollamışdı. Lent yazısında “Qaragilə” mahnısının lap köhnə ifalarından biri vardı. Düşündüm ki, yaşamaq çox çətindir. İstər Vətəndə olsun, istər Vətəndən uzaqda. Hər ikisi çətindi. Və bu düşüncələrdən sonra daha da çətindir...

Həmin gün sayta qoymaq üçün çox təsirli bir hekayə tapdım. Belə hekayələr insanların xoşuna gəlirdi. Və Raskolnikovun göndərdiyi şeiri paylaşdım.
Raskolnikov saytda idi. Dərhal mesaj göndərdi.

“Mərhaba Konsuelo. Maili aldınızmı”?

“Bəli, aldım, təşəkkür edirəm”.

“Murad Güneyin yazılarını oxuya bildinizmi”?

“Bəli, oxudum. Kövrək insandı. Dünən sizin haqqında bəhs etdiklərinizi onun da yazılarında görə bildim...”

“Hə Murad Güneylə bir ruhi bağlılıq var aramızda. İkimi də solçuyuq və ikimiz də qərib... Əslində çox şeylər var anlatası...”

“Tanışlığınız varmı?”

“Var, deyək...Konsuelo... Dünən sizin haqqınızda çox düşündüm. Sizin yağmurlu havalarda gəzintilərinizi, yavru pişiklərə sevginizi... Düzü çox ilgimi çəkdiniz... Bilirsiniz, mən həmişə Vətəndən evlənmək istəmişəm...”

“Bəli, dünən dediniz”.

“O izmirli qız... həyatımı alt-üst etdi. Hər şey başqa cür ola bilərdi? Siz yazılarımda oxudunuz”?

“Hansı yazılarda? Murad Güneyi deyirsiniz”?

“Murad Güney... Yox, mənim yazılarım... Onları sizə göndərmədimmi?”

“Yox... Siz yazarsınız?”

“Bəli, sadəcə niyə burda olduğumu soruşsanız, mən bir iş üçün burdayam”.

“Hansı iş?”

“Mən sorğu aparıram. Bu mənim işlərim üçün gərəklidir. Zatən bir neçə gündən sonra çıxıram saytdan”.

“Ah eləmi?”

“Bəli. İnsanlar yorur məni. Onlardan dincələcəm. Bir köşəyə çəkilmək istəyirəm. Amma sizi unutmayacam. Yazacam sizə. Şeirlər göndərəcəm”.

“Yaxşı, əfəndim...”

Emaili yenidən açdım. Murad Güneyin yazılarını yenidən nəzərdən keçirdim. Bəzi yerlərində Raskolnikovu gördüm. Bəzi yerlərində yox. Sayta qayıtdım. Raskolnikov getmişdi. Amma profilimdə xəfif kədəri yığılıb qalmışdı. Mən də saytı bağlayıb yazı işlərinə başladım. Sabahkı proqramım üçün ssenari yazmalıydım. Sonra internetlə göndərəcəkdim. Əməliyyatdan sonra yeni- yeni özümə gəlirdim. Fiziki ağrılara qatlaşmaq olardı, əsas odur, yazı işlərimdə problem olmasın. Işimi tamamlayıb yenidən sayta döndüm. Raskolnikov yox idi. Amma ana səhifədəki paylaşımlarımın oxucuları artmışdı. Xüsusilə Raskolnikovun göndərdiyi şeir üçün təşəkkür edirdilər. Raskolnikov... Murat Güney və Raskolnikov. Görəsən onları nə birləşdirirdi? Mahmud Ayaz böyük yazıçıdır, gündəmdən düşmür. Fikirləri geniş və maraqıdır. Məhz genişdir... Bu söz üzərində bir az durdum.

Raskolnikovun profilinə girdim. Şəkil yox idi. Amma yazılardan bir portret yaratmaq olrardı. Əsmər, ucaboylu arıq bir adam. Bəlkə də göründyündən daha sakit və təmkinlidir. Baxışları çox dərindir. Və bu dərinlikdə insan öz sonsuzluğunu görə bilər.

Murad Güneyin rəsmini internetdə tapdım. Əsmər bir adamdı. Qara bığlı. Baxışıları dərin. Raskolnikovun canlandırdığım rəsmi kimi. Yox, bu mümkün deyil.
Saytda yalqızlıq idi. Oxşar mesajlar... Şəkillərimə görə komplimentlər.. “Gözəl, həm də əsmər gözəl”! “Həm də” sözünün üstündə bir az düşünmək istədim, amma az keçmiş anladım ki, bu, heç nəyi dəyişməyəcək. Şəklimi götürdüm. Yerinə çiçək qoymaq istdim, amma dərhal adminlərdən tələb gəldi: “Lütfən çiçək rəsmini götürün. Ya öz rəsminiz olmalıdır, ya da boş olmalıdır”. Qəribə saytdır. Yalanlardan usanmış bu qoca dünyanın kiçicik guşəsində həqiqət yerləşdirmək istəyirlər. İstəkləri- hər kəsin olduğu kimi görünməsidir.

Sabahısı gün Raskolnikovdan məktub gəldi. Artıq saytda işlərinin başa çatdığını, bir daha buraya baş çəkməyəcəyini, amma mənimlə əlaqəni itirməyəcəyini və emalimə şeirlər və maraqlı yazılar göndərəcəyini yazırdı.

Həqiqətən Raskolnikov sözlərinə səliqəylə əməl edirdi. Murad Güneyin şeirlərini göndərirdi.

Bəzən də məqalələr gəlirdi. Çılğın insana bənzəyirdi Murad Güney. Həqiqətini böyük bir inadla qoruyurdu. Ən önəmlisi isə Nazim Hikməti çox sevir və tez-tez ona istinad edirdi.

Raskolnikov gedəndən sonra sayta sanki sükut çökdü. Eyni insanlar, oxşar, bir-birinə yaxın olan boyalara bənzəyirlər. Elə eyni rəng alınır. Nə çəksən də, xeyri yoxdur...

Bir neçə gün sizə yaza bilməyəcəm. İşlərim həddindən artıq çoxdur... Kim bilir bəlkə yenə də görüşdük, Konsuelo.

“Ünlü yazar Murad Güney Bakıdadır”- sabahı gün qəzetlər yazırdı. Qara bığlı, çılğın baxışlı adam- Murad Güney qəzet səhifələrindən baxıb gülümsəyirdi.
Müxbirlər bir-birlərinə macal vermədən sual yağdırırdılar:

-Murad bəy, bu sizin Vətənə birinci gəlişinizdir? İndiyə kimi həsrətinizi qədər necə ovutdunuz? Necə təsəlli tapdınız?
-Bilirsiz, ispanca təsəlli - “Konsuelo” deməkdir...


Müəllif:

Oxşar xəbərlər