21 Dekabr 2015 15:39
2 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

- Həmid bəy, siz bədii yaradıcılığa şeirlə başlamışdınız, sonra nəsrə keçdiniz. Bu, necə baş verdi?

- Yaradıcılığım yeknəsəq deyil, rəngarəngdir. Məsələn, indiki yaradıcılığımın növbəti mərhələsi “Yeni Musavat” səhifələrində çap etdiyim araşdırma hekayətlərdir. Orda tam yeniyəm. Bircə gün ərzində həmin hekayətlərimi beş min, on min izləyici oxuyur. Yəni simurq quşu kimi küldən yenidən doğulmağı bacarıram. Hesab edirəm ki, yazar vaxtaşırı özünü bax bu cür “sıfırlamağı” hər zaman bacarmalıdır. İndiki yazarlarımızda bu vacib cəhətə rast gələ bilməzsiniz. Əksəriyyət eyni saqqızı çeynəyir, eyni cəfəngiyyatı, mövzuları, nihilizmi təkrarlayır. Təkrarçılığın ədəbiyyatımızda qol-budaq atması adını çəkmək istəmədiyim bir yazıçı ilə bağlıdır. Yadıma gəlir Seymur Baycan, yaxud Rasim Qaraca həmişə deyərdilər ki, bəs o, bir hekayəsini dörd yüz dəfə çap eləmiş yeganə yazıçıdır. Kimin əleyhinə yazır-yazsın, eyni cümlələrdən istifadə eləyir. Təkcə adları dəyişir. Heyif ki, bu azara indi bütün yazarlarımız yoluxub. Hamı eyni bir yazısını azacıq “estetik əməliyyat”dan keçirir, sonra sırıyır mətbuata, saytlara. Nəticə göz qabağındadır.

O ki qaldı nəsrə, Qərbin ən güclü, qüdrətli silahı bilirsiniz nədi? Onun bədii nəsri!
Şərq isə razılaşın, şeirdə, didaktikada ilişib qaldı. Qərb, indiki müasir demokratik dəyərlərini məhz həmin "bədii nəsr" əsasında yetişdirib tədricən cəmiyyətə yaydı, öz oxucu kütləsini yaratdı. Məsələn, Flober qadın azadlığı mövzusunu “Madam Bovari” romanında bütün Qərb cəmiyyəti üçün həll elədi, sonra həmin mövzu parlament gündəliyinə düşdü.

Bəs nə üçün bizim avropapərəst "gənc yazarlar" – Günel Mövlud, Əli Əkbər, Seymur Baycan öz fikirlərini Avropadakı kimi, bədii nəsr vasitəsiylə deyil, yenə də Şərq üslubunda – didaktik məqalələrində həll eləmək istəyirlər? Nəticədə isə demoqogiyadan kənara çıxa bilmirlər. Bu mənada onlar Avropa dəyərlərinin daşıyıcıları deyil, elə əsl köhnə didaktik Şərq yazarlarıdır.

- Şeirlərinizin birində klassik ədəbiyyatdakı kədəri “bir aftafa göz yaşı” adlandırmısınız. Sizcə, burda ironiyanın dozası bir az çox olmayıb ki? Hər halda, Füzulinin göz yaşına o ifadəni yaraşdırmaq olmaz...

- Şeirin mövzusu klassik ədəbiyyat deyil. Xahiş edirəm, məni təhrif etməyəsiniz. Deyəsən, siz məni öz yaradıcılığımla yenidən tanış eləmək xəyalına düşmüsünüz. Cəhdləriniz əbəsdir. Nümunə gətirdiyiniz bu misralar Vladimir Mayakovskiyə nəzirə yazdığım “Sovet pasportu” şeirimdəndir. Orda mövzu tam başqadır. O misraların həqiqi hədəfi bilirsiz kimdir? Sol ideyanı satmış, millətçiliyə qurşanmış Şimali Azərbaycan cameəsi! Xahiş edirəm, bu zərbəmi öz həqiqi hədəfindən – Şimali Azərbaycanın millətçi qaragüruhundan yayındırmayasınız.

- Atanıza olan sevginiz bütün yaradıcılığınızdan qırmızı xətt kimi keçir. Hətta sizi bu məsələdə ifrata varmaqda ittiham edənlər də var.

- Hamlet olmağın vacib bir şərti var: Gərək atanın kölgəsiylə danışmağı bacarasan. Bu, həm də o biri dünyayla əlaqə qurub ordan xəbər gətirməyin ən real, mümkün üsüludur. Qısası, spiritualizmin əsasıdır. Həmin psixoloji kompleks, tək mənə deyil, bütün Azərbaycan xalqına məxsusdur. Xalqımızın milli-mənəvi dəyərləri, klassik təfəkkürə sədaqəti, deyərdim, məhz bu kompleksdən qaynaqlanır. Niyə bunu aşağılamaq niyyətindəsiniz? Sizin gücünüz çatmaz buna.

- Maraqlıdır ki, siz özünüz də bir çoxlarını ata kultuna münasibətdə ittiham etmisiniz.

- Zaman buna öz cavabını verdi. Atalı yazıçılarımız atasızlardan daha üstündür. Yenə də deyirəm, ədəbiyyatın düyünlü məsələləri roman janrı çərçivəsində həll edilir, bizdəki kimi köşə yazılarında deyil. Dostoyevskidə bu mövzu “Karamazov qardaşları” əsərində yaxşı həll edilib. Fyodor Mixayloviçə görə nihilist İvan sözün hər mənasında ata qatilidir, mənfur Smerdyakovun ideoloji atasıdır. Ata kultu ilə mübarizə aparan yazarlarımız qoy bu əsəri oxusunlar. Ordakı İvan Karamazov, Smerdyakov simasında özlərini görsünlər.

- Sizə elə gəlmirmi ki, bu saxta kübarlıq, snobizm əlamətidir. Belə yazıçılar hərdən adama Dostoyevskinin “Cinayət və Cəza” romanındakı Yekaterinanı xatırladırlar. O, gənclik illərində hansısa bir generalın hüzurunda tül örpəkdə rəqs etməsi ilə fəxr edir və bunu həyatının unudulmaz xatirəsi kimi dönə-dönə yaşamaqdan təsəlli alır.

- Kimin kimlə rəqs eləməyini yuxarıda sizə göstərdim. Dartışdığımız mövzuya Dostoyevski qəhrəmanlarından Yekaterinanın deyil, İvan Karamazovun, Smerdyakovun dəxli var. Dostoyevski bu mövzuda sizin müttəfiqiniz ola bilməz. Onu yaxşı oxumamısınız, məncə.

- Müasir ədəbiyyatımızda şeirdən nəsrə keçənlərin sayı artıb. Sizi də bu prosesin ilk qaranquşu saymaq olar. Sizə elə gəlmirmi ki, bu meylin bu gün artıq sərçələri də var.

- Məsləhət görərdim, “qaranquş, sərçə” kəlmələrindən az istifadə edəsiniz. İndi gənc yazarlarımız, AYO-çular andeqraund deyil. Yəni “zirzəmi, xərabət əhli” sıralarını tərk edib rəsmiləşiblər. Saytlara, mətbuata nəzarət edirlər. İşlə təmin olunublar. Yəni indiki nihilist ədəbiyyatımız bir növ rəsmi ədəbiyyatdır.

Andeqraund adı indi meyxana ustalarına, klassik üslubda yazan müəlliflərə yaraşır. Əsl “meyxanə”, əsl andeqraund bəli, indi öz ünvanını dəyişib. Nihilitlərimiz öz təyinatlarına xain çıxıb rəsmiləşiblər. Ancaq qəzəlçilər, meyxanaçılar bu xərabətdə oturub ordan xalqın ideologiyasını formalaşdırırlar. Bu yaxınlarda Məşədi Baba məktəbi məzunlarının “Edək yekun” meyxanasını dinlədim. Bayram Kürdəxanının meyxanalarına qulaq kəsildim. Qərara gəldim ki, əsl ədəbiyyat, bəli, həmişə əvvəlcə şifahi şəkildə yaranıb sonra ölkənin müqəddaratını dəyişir. Əsl ədəbiyyat həmişə ilk növbədə xalqın içində, xalqın iştirakı ilə yaranır. Saytlarda ədəbiyyat yarana bilməz.

Futbol şərhçilərinin diliylə danışsaq, top indi meyxanaçıların meydançasındadır. İnanmıram nihilistlərimiz, ateistlərimiz fürsət tapıb bir də bu topa yiyələnsinlər.

- Son vaxtlar işıq üzü görən çıxan kitablarınızdan biri konspirologiya adlanır. Konspirologiya terminini çox işlədirsiniz. Onun fəlsəfi, estetik, siyasi yönləri ilə bağlı qısaca nə deyə bilərsiniz?

- Postmodern süjeti, məzmunu, Allahı, müəllifi, sirri, sehri inkar edirsə, konspirologiya bu dəyərləri bir başqa cür yenidən bərpa edir. Yəni ədəbi fəaliyyətin postmodern mərhələsi mütləq konspirologiyayla nəticələnməlidir. Heyif ki, bu təkamül müasir Azərbaycan yazarlarında qənaətbəxş görünmür.

- Konspirologiyaya keçməklə bərabər posmodernizmdən imtina etdiniz. Öz sevimli posmodernizminizə niyə xəyanət etdiniz? Axı, Təbriz Fədai məktəbində xəyanət bağışlanmır.

- Təkamülü xəyanət sayırsınız?

- Yaxşı, Həmid ağa, sizcə, Azərbaycan ədəbiyyatında posmodernizmin tələblərinə cavab verən əsər varmı?

- Mənim “Nekroloq” , “Əli və Nino” romanlarım, şerlərim postmodernist əsərlərdir.

- Uzun illər boyu hamı sizi Anar və AYB-nin əleyhdarı kimi tanıyırdı. Amma birdən-birə Anarın “Gözmuncuğu” povestini təqdir edən yazı yazdınız. Öz təbirinizlə desək, bu “anarxist” dönüşü nə ilə izah edə bilərsiniz?

- Anar bu əsəriylə öz yaradıcılığında yeni mərhələ açıb. Biz deyənləri dəstəkləyib. Deyilənə görə, əsərin baş qəhrəmanı elə məni xatırladır. Romanı oxuyun, düz dediyimi görəcəksiniz.

- AYB-yə daxil olmaq fikriniz varmı? Əgər Anar müəllimdən vəzifə təklifi alsanız, gedərsinizmi?

- Bir dəfə çoxdan AYB-yə getdim, eynəyim düşüb qırıldı. Qorxuram, bu dəfə orda başqa nəyisə qırım.

- “Solaxay” romanınızda hamını sol əllə yazmağa çağırırsınız. Özünüz hansı əllə yazırsınız?

- Sol.

- Bu romanı solçu görüşlərinizin bədii ifadəsi saymaq olarmı?

- Mövzunu daraltmayın. Əsərin məzmunu daha dərindi.

- Romanda bir tərəfdən qeyb aləminə, ilahi qatlara çıxışdan danışır, bir tərəfdən də inqilabı tərənnüm edirsiniz. Axı Allah inqilabı yox, islahatı sevir. İnqilab isə şeytana məxsusdur.

-Allah inqilabçıdır. Siz burda yanılırsınız möhkəm.

- ANS telekanalında pirlər, müqəddəslər haqqında apardığınız verilişlərlə “Solaxay” romanının bir əlaqəsi var idimi? Bu verilişlərə ilahi qatlara çıxış üçün bir xeyir-dua almaq kimi baxmaq olarmı?

- Bəli.

- ANS-də apardığınız “Şəxsiyyət” vəsiqəsi” verilişindən bu qənaətə gəlmək olar ki, siz artıq bu icazəni almısınız. Üstəlik, sizə Xətai, Nəsimi, Çingizxan və sair kimi görkəmli ədəbi və tarixi şəxslərə şəxsiyyət vəsiqəsi vermək hüququ da verilib. Sizcə, onların şəxsiyyət vəsiqəsinin vaxtı keməyib ki?

- Mənimlə dəftərxana terminləriylə danışmayın. “Pasport stol” məmuru işləməmişəm.

- Son seçkilərdə həyat yoldaşınız İlhamiyyə xanım namizədliyini irəli sürmüşdü. Təəssüf ki, nəticələr onun xeyrinə olmadı. Bəs siz necə, nə vaxtsa, namizədliyinizi irəli sürə bilərsinizmi? Ümumiyyətlə, yazıçının siyasətlə məşğul olmasına necə baxırsınız?

- Yaxşı baxıram. Mən hesab etmirəm ki, nəticə İlhamiyyənin xeyrinə olmadı. Əksinə, o göstərdi ki, böyük maddi resurslara güvənmədən, çox cüzi bir büdcə ilə, parlaq bir seçki kampaniyası keçirə bilər, ətrafına təmənnasız olaraq onu dəstəkləyən intellektual bir komanda toplayıb istənilən işin öhdəsindən uğurla gələ bilər. Əslində, mənim buna heç vaxt şübhəm olmayıb.

- İstər yazıçı, istərsə də telejurnalist kimi həmişə oxucu və tamaşaçıları heyrətləndirmisiniz. Şok effekti doğurmağı sevirsiniz. Hər iki sahədə nə kimi yeni layihələrlə bizi heyrətləndirməyi planlaşdırırsınız?

- Qoşa qanadlıyam. İki səmanın qartalıyam. İnşallah, baxarıq. Bir də ki, sovet dövründə ədəbiyyat var idi. Amma indi kütləvi ədəbiyyat var.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər