22 Dekabr 2015 16:59
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gündəlik Teleqraf" sənət ocaqlarının yeni il hazırlığı ilə maraqlanıb. Baxaq görək, boxçada nələr var, nələr yox?

"Nağıllar aləmində"

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı: "Hər il olduğu kimi, bu dəfə də teatrda maraqlı yeni il şənliyi olacaq. Şənlik 26 dekabr - 5 yanvar tarixləri arasında hər gün, saat 11:00 , 13:00 , 15:00 və 17:00-da keçiriləcək. Balacaları əvvəlcə Şaxta baba və qar qız qarşılayacaq, daha sonra folklor nümunələri əsasında "Nağıllar aləmində" hazırlanan tamaşa nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Bəsti Cəfərovadır. Tamaşada rolları Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızıpapaq), Günel İmanova (Qoğal) və başqaları ifa edirlər. Birhissəli nağıl tamaşanın xronometrajı 80 dəqiqədir".

"Mauqlinin yeni ili"

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursəquliyeva: "Bizim teatrda da yeni il tamaşasının məşqləri davam edir. Bu dəfə teatr Yeni il ərəfəsində gənc yazar Pərvin Nurəliyevanın səhnələşdirdiyi "Mauqli" pyesi əsasında "Mauqlinin Yeni ili" tamaşasını öz azyaşlı izləyicilərinə təqdim edəcək. Balacaların sevimli nağıl personajı olan Mauqlinin yeni il sərgüzəştlərindən bəhs edən tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur. Yeni il tamaşasında əsas obrazları gənc və istedadlı aktyorlar Zaur Əliyev, Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev və başqaları ifa edəcəklər.

Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabr ayının 25-dən, 2016-cı ilin yanvar ayının 4-dək saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək.

Ondan başqa yeni tamaşa ilə yanaşı, hər il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda "Mauqlinin yeni ili"ni izləyəcəklər".


Yeni il nağıl-tamaşası

Musiqili Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədəqətoğlu: "Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2016-cı il - Yeni il Bayramı şənliklərinə ciddi şəkildə hazırlaşır. Bayram şənlikləri ilə bağlı hazırlıq prosesi artıq yekunlaşmaq üzrədir. Teatrda "Yeni il" şənlikllərinin 24 dekabr 2015-ci il tarixində başlanması və 10 yanvar 2016-cı il tarixinə qədər davam etməsi planlaşdırılır".

Teatrın direktor müavini Hüseyn Hüseynov isə şənlikdə baş verəcəklər barədə bunları deyib: "Öncə hər kəsi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2016-cı il - Yeni il bayramı münasibətilə təbrik etmək istəyirəm. Teatrımız bu möhtəşəm bayramlara və bayram tədbirlərinə ciddi şəkildə hazırlaşıb. Bildiyiniz kimi, Yeni il bayramının xüsusi özəllikləri var. Onlardan biri də yolkaların, evlərin, binaların bəzədilməsidir. Bir neçə həftədən sonra 2016-cı ilin gəlişini qeyd edəcəyik. Biz artıq hazırlıq işlərini yekunlaşdırmışıq. Binamızın fasadı Yeni il bayramı münasibətilə tam bəzənib. Yeri gəlmişkən, teatrımızın təşkil etdiyi "Yeni il" şənlikllərində balaca tamaşaçılarımızı bir sıra maraqlı məqamlar, sürprizlər, müxtəlif nağıl qəhrəmanları ilə əyləncələr gözləyir. Şaxta baba və qar qız onlar üçün gözəl hədiyyələr hazırlayıb. Hamını Azərbaycan Dövlət Musiqili Teatrında Yeni ili birlikdə qarşılamağa dəvət edirəm. Bayram şousu ilə yanaşı, Dövlət Musiqili Teatrında nağıl-tamaşa da hazırlanır. Məşqləri gərgin şəkildə davam edən nağıl-tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqovdur".

"Oyaq gözəl"

Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova: "Balacaların sevimli məkanı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı balacalar üçün maraqlı tamaşalar hazırlayıb.

Tamaşanın premyerası dekabr ayının 20-də baş tutub. Belə ki, balaca tamaşaçılar bu dəfə tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun "Yatmış gözəl" nağılından bəhrələnərək qələmə aldığı ikihissəli "Oyaq gözəl" pyesi əsasında hazırlanan eyniadlı tamaşanı izləyiblər. Teatrın istedadlı gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.

Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.

Uşaqlara dostluq, qəhrəmanlıq, qorxmazlıq, haqsızlığa qarşı mübarizə, çeviklik və məqsədyönlülük kimi keyfiyyətləri ayrı-ayrı situasiyalarla təqdim edən tamaşada canlı plan və kukla oyunu vəhdətdə təqdim edilir. Birhissəli uşaq tamaşasının bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur. Onu da bildirim ki, teatr uşaqların qış tətili və Yeni il bayramı günlərində də məhz bu tamaşa ilə çıxış edəcək. Qış pərisi, Yatmış gözəl, Cəngavər Pişik, xeyirxah Dəniz qulduru, sadiq dost Gonbul, yaraşıqlı Şahzadə kimi personajların yer aldığı tamaşa uşaqlara xoş anlar yaşadacaq. alacalar teatrda hər tamaşanın ardınca Şaxta baba və qar qız, eləcə də məşhur nağıl qəhrəmanlarının ifasında əyləncəli proqramı da izləyə biləcəklər".

"Qış paradı"

Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümmətiv: "Bir neçə ay öncə sirk "Lasta Rika" adlı maraqlı tamaşa təqdim etmişdi. Onun ardından tamaşaçıları yeni sirk proqramına dəvət edirik. Dekabrın 25-dən başlayacaq proqramın özəlliyi ondadır ki, ilk dəfə olaraq bütün nömrələr klounlar tərəfindən nümayiş etdiriləcək. "Klounların qış paradı" adlı möhtəşəm sirk şousunda hava gimnastları, əhlilləşdirilmiş heyvanların maraqlı nömrələri, monosikl, akrobatların çıxışları təqdim olunacaq. Korde-baletin müşayiətilə göstərilən nömrələrdə xüsusi işıq effektlərindən istifadə ediləcək. Və əlbəttə ki, Yeni il günlərinə düşdüyü üçün proqramda Şaxta baba və qar qız da iştirak edəcək. İki saat davam edən "Klounların qış paradı" proqramı 2016-cı il yanvar ayının ortalarına kimi şəhərimizdə olacaq. Biletlər sirkin kassalarında satışdadır".

Nərmin Muradova


Müəllif: