23 Dekabr 2015 12:09
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Oqtay Qorçunun “Başsız Məhəmməd” hekayəsini təqdim edir:

Allah rəhmət eləsin bizim Mirzə Cəlilə, “Ölülər”in yiyəsinə!..

Bu da elə bil el-obanın yazılmamış qanunu idi. Əzəldən özülü belə qoyulmuşdu deyə kənd camaatı da çıxa bilmirdi dədə-baba adətindən. Yəni bu dağ kəndinin sakinləri üçün hər hansı Allah bəndəsini vilayətdə məşhur-cahan etmək su içimi kimi asan bir iş idi. Biri ortalıqda seçilən kimi və yaxud hansı məclisdəsə hərzə-hərzə danışdığı gün dilə-dişə düşərdi. Camaat hoydu-hoyduya götürərdi həmin adamı, ta ki adı hallanan şəxs bu məsələdən ibrət alıb hadisəni kəndlilərə unutdurmayana qədər belə davam edərdi. Amma işlər gec-tez qaydasına düşsə də, həmin adamın öz ləqəbini üstündən götürməsi çevrilərdi müşkülə. Bu kəndin sakinləri zəhmətkeş, qonaq-qaralı, əldən tutan yaxşı adamlar idi, səs-küylü qalmaqalı da tez ötüşdürüb unuda bilirdilər, tək ayamadan savayı. Kənddə-kəsəkdə filan-filan əyri işlərə, pis əməllərə görə, dəliliyi, igidliyilə ad çıxaranları ölənəcən ayamasıyla çağırmaq bu adamların şakəri idi.

Dağların qoynunda, gün işığı belə düşməyən qocaman, qollu-budaqlı ağacların çiyin-çiyinə verdiyi sıx meşənin ətəyində, Həkəri çayının sahilində bərqərar olan balaca bir kəndin dilə-dişə düşən sakinləri içində biri var idi ki, onun ayaması xüsusilə seçilərdi və eşidənlərdə mütləq gülüş doğurardı. Ona “Başsız” Məhəmməd deyərdilər. Zamanında atası nalbənd Kərbəlayı Əzim və babası Yüzbaşı Ələsgər erməni-müsəlman savaşında ad çıxaran, el-obanın, camaatın dərdinə-sərinə qalan, vətən qəhri çəkən adlı-sanlı kişilər olub, əyalətdə böyük hörmət qazanmış ağsaqqallar kimi yadda qalmışdılar. Məhəmməd saf adamıydı, indiyəcən bir kəsin toyuğuna “kiş” də deməmişdi, ancaq fağırın söz açmaq qabiliyyəti yox idi, yəni ağzını açan kimi işləri korlayar, özünü biabır edərdi. Ona “başsız” ayamasının verilmə tarixçəsi isə Qazı Zülfüqarın bu kəndə gəlişiylə bağlı idi. O zaman bir məclisdə Məhəmməd dilini dinc qoymayıb hədis söyləyən qazının sözünü qəfildən kəsmişdi, din xadiminin ona tərs-tərs baxdığının da fərqinə varmamışdı, elə ağzını açıb birbaşa sualını vermişdi:

– Qazı ağa, niyə ölülər cəhənnəmdə çılpaq, cənnətdə isə paltarlı gəzirlər?

Məclisdə çaşqınlıq, sonra da gülüşmə düşmüşdü. Ayağa qalxıb Məhəmmədi bayıra atmaq istəyən adamları görüncə Qazı Zülfüqar əlinin işarəsiylə məclis əhlinin sakitliyə riayət etməsini istəmişdi və altdan-yuxarı Məhəmmədi süzüb sualı qısaca belə cavablandırmışdı:

– Oğlum, çünki cəhənnəmdəkilər də sənin kimi başsız toplusudur, onların nə cisminin, nə libasının dəyəri olar. Qandınmı, a başsız Məhəmməd?!
Məhəmməd daha sual vermək istəməmişdi, baxmayaraq ki, çox şey öyrənmək istəyirdi, üzünü çevirib dinməz-söyləməz çadırdan çıxmışdı, qazının lağlağısı, cavabı da sözsüz ki, ürəyincə deyildi. Öz aləmində hamıdan, qazıdan da küsmüşdü Məhəmməd. Əslində binəvanın kimsəyə sataşmaq, kimisə yüngülsaqqal etmək niyyəti yox idi, sadəcə ürəyində şəkk vardı deyə sorğusuna cavab axtarırdı.

O gün hər evdə Məhəmməddən söz saldılar, qanan da, qanmayan da Məhəmmədi qınadı. Sualın cəzası ağır oldu, daha Məhəmmədi xeyrə-şərə çağırmadı camaat. Özü təklifsiz gedərdi hər yas, toy düşən qapıya.

Beləcə yaşadı, yaşa doldu doğma kəndində adlı-sanlı bir kişinin nəvəsi, nalbənd Əzimin oğlu. İllər ötdü, bu söz-söhbət də unuduldu getdi, hər şey qaydasına düşdü, amma “ başsız” ayaması Məhəmmədin üstündən götürülmədi ki, götürülmədi.

Kəndə hay düşdü ki, Qazı Zülfüqar gəlib, köhnə dostu, tələbəlik yoldaşı Mirzə Cəlil oğlu Molla İsmayılın evinə düşüb. Camaat Zülfüqar kimi möhtərəm zatı görməkdən ötrü axışdı Molla İsmayılın həyətinə. Həyətdəki almalığın kölgəsinə xalça-palaz sərildi, qazı ağa camaatla həmsöhbət olmaq, hal-əhval tutmaq üçün iki cavanın qoluna girib ayağını sürüyə-sürüyə gəlib oturdu başda, onun üçün ayrılmış yerdə. Öncə yerini rahatlayıb dirsəkləndi mütəkkəyə. Sonra uzun çubuğunu qovla yandırıb bir-iki dəfə tüstü verib buraxdı, ətrafa ətirli, qızılı rəngli İran tütününün qoxusu yayıldı. Qazı Zülfüqar hamını tək-tək soruşdu və birdən gözü sataşdı arxada ayaq üstə durub özünü gizlətməyə çalışan Məhəmmədə. Əliylə ona işarə elədi ki, yaxına gəlsin. Molla İsmayılın azca rəngi avazıdı, yan-yörəyə boylandı, nigarançılıq sezilən iri göy gözləri alacalandı. Qazı ev yiyəsinin üzünə baxıb xoş ovqatla gülümsədi, dodaqaltı yüngülcə nə isə pıçıldadı, elə bil “narahat olma“ söylədi dostuna. Adamlar “Başsız“ Məhəmmədə yol verdilər, irəli keçib Qazı Zülfüqara kamal-ədəblə salam verdi, “xoş gəldin” söylədi və oturmayıb, ayaq üstə dirsəkləndi yabasına. Qazı Zülfüqar onu zənlə süzüb mehribanlıqla soruşdu:

– Hə, Məhəmməd kişi, Allaha şükür, sağ-salamatsan, səni gördüyümə sevindim. İndi, ay bala, bir sualın varsa, buyur, mən hər zaman qulluğunda hazıram… Varmı sualın?

– Qazı ağa, müsəlmanın ən pak libası nədir?

– Kəfəndir, adi bez kəfən. Bizi qəbir evinə aparanda ayıbımızı kəfən örtür, Məhəmməd.

Ayamasız səsləndi qarşısındakı adama. Həmsöhbətinin sualını cavablandıranda hələ kövrəldi də bir az. Qazı Zülfüqarın nurlu siması kölgələndi, gözləri yol çəkdi. Birdən ayıldı elə bil, yenə soruşdu:

– Ayrı sualın varmı?

Məhəmməd başını tərpədib tez dilləndi:

– Qazı ağa, mən qanmaz olmuşam, intəhası bu il elə bil nələrisə qanmağa başlamışam. Görən, gələn il də belə olacaqmı?

Qazı şaqqanaq çəkdi, adətinə xilaf olsa da ucadan güldü ki, məclisi də güldürsün, ortalıqdakı gərginliyi götürsün. Uzun-uzadı güldü. Və istəyinə də çatdı, məclis əhlinin əhvalı dəyişdi. Başına yığışanların gözü-könlü açıldı, adamların kefi kökəldi. Çubuğunu tüstülədə-tüstülədə boğazını arıtlayıb başını qaldırdı, üzünü “Başsız” Məhəmmədə tutub dedi:

– Anlamaq böyük hünərdir, Allah-təaladan gəlmə bir şüur ənamıdır ki, bu xislətinə görə Yaradan insanı yer üzünün əşrəfi etdi. Qanan kəs tövbəkar və xilas olan bəndədir, yəni o, ziyanın yarısından qayıtmış olur. Sənin halətindəki bu dəyişiklik də, sözsüz ki, yaxşılığa doğrudur. Gərək belə davam edəsən, vay onda halına ki, gələn il əndazəni aşıb qanmaz olmayasan.

Son kəlmələri zarafatla söylədiyi bəlli idi deyə yenə güldülər sözünə. Qazının da dodağı qaçdı. Səssizcə qımışıb Məhəmmədi süzdü.

Qazının söylədiklərini eşidincə yüngülləşdi Məhəmməd, ürəyi rahatlıq tapdı. Sevindi, sağ əlini ürəyinin üstünə qoyub yüngülcə baş əydi, təşəkkür elədi. Çox sevinirdi Məhəmməd, çünki qazı ağa onu ayaması ilə deyil, adı ilə çağırmışdı və sözsüz ki, bu münasibət artıq Məhəmmədin adının “qara dəftərdə” olmadığına bir işarə demək idi. Məclis dağılmamış getdi Məhəmməd, üstəlik, həyətdən çıxanda tanış-bilişə ərklə səsləndi ki, onlar qazı ağanı çox yormasınlar, axı kişi yol yorğunudur, gərəkdir ki, dincəlsin.

Sübh namazından bir saat ötər-ötməz kəndə qara xəbər yayıldı. Kərbəlayı Əzim oğlu “Başsız” Məhəmmədin öldüyünü eşidincə Molla İsmayılın matı-qutu qurudu, tələsik içəri keçib bu xəbəri dostu Qazı Zülfüqara söylədi. Öncə elə bil çaşdı eşitdiyi xəbərdən, sonra üzü güldü birdən Qazı Zülfüqarın, Molla İsmayıla belə dedi:

– Şükür məsləhətinə, İlahi! Onu qandıran, demə, əcəl imiş. Ölümün əsəri gələndə belə olur demək… Hə, belə-belə işlər… Dur, molla, yığış, mən də gedirəm, bu fəqir rəhmətliyin meyit namazını da özüm qılacam. Gedək ölümüzü götürək…


Müəllif:

Oxşar xəbərlər