23 Dekabr 2015 15:38
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Portret” rubrikasında tanınmış şair Salam Sarvan mərhum jurnalist Ceyhun Nağı haqqında danışır

– Salam müəllim, Ceyhun Nağı sizin qaynınızdır. Həm də bildiyimə görə, yaxın dost idiniz. Sizin dostluğunuz qohumluqdan sonramı yarandı?
– Qohumluqdan sonra dostlaşdıq. O zaman tələbəydi o. Xarici dillərdə alman dili fakültəsində oxuyurdu.

– Mən onu şəxsən tanımırdım. Təbii, mərhum dostunuzu sizin dilinizdən tanımaq daha yaxşı olardı. Necə bir insan idi Ceyhun, onun necə xarakterizə edərdiniz?
– Onu iki sözlə belə xarakterizə eləmək olardı: “Şən adam”. Bu şənliyinin içində çox şey vardı –daim gülərüz, nikbin, müsbət enerjili, mehriban, ünsiyyətcil... Yəqin buna görə Ceyhunu tanıyanların içində onu çox istəməyən yox idi.

– Tez-tezmi görüşürdünüz, yoxsa məclisdən məclisə, tədbirdən tədbirə, evə qonaq gələndən gələnə?
– Evlənənə qədər bizlə bir yerdə yaşadı. Sonralarsa elə iki gündən bir gəlib baş çəkirdi. Kənarda da tez-tez görüşürdük – çayxanada, kafedə otururduq, şəhərdə gəzirdik...

– Görüşəndə ən çox nə barədə danışırdınız?
– O ədəbiyyatı, əsasən də şeiri çox sevirdi. Amma heç vaxt şeirdən danışmazdıq. Daha çox siyasətdən, cəmiyyətdən. Bəzən də bir yerdə içəndə ümumi həyat həqiqətlərindən fəlsəfifason söhbətlər olurdu.

– Maraqlıdır, deyə bilərsinizmi, onun hansı xasiyyəti başqa heç kəsdə yox idi?
– Ondakı qədər həlim, zahirən rahat, adamın əsəblərini sakitləşdirən auranı hələ ki heç kəsdə görməmişəm.

– Ceyhunun sizə bir şair kimi münasibəti necə idi? Şeirlərinizi bəyənirdimi?
– Mənə bu haqda heç vaxt heç nə deməyib. Amma eşitdiyimə görə, olmadığım yerlərdə şeirlərimdən həmişə deyirmiş.

– Heç bir-birinizə məsləhətlər verərdinizmi?
– Düzü, dost olduğumuza baxmayaraq, Ceyhun mənə qarşı həmişə pərdəli davranıb. Eynən kiçik qardaşlarım Əfqan və Hafiz kimi. Yəni mənə hansısa iradı, tənqidi olanda da üzümə demirdi, bacısıyla çatdırırdı. Mənim məsləhətləriməsə ara-sıra ehtiyac olurdu. Özü ağıllı adam idi, ciddi səhvləri ola bilməzdi.

– Ölüm xəbərini necə qarşıladınız, heç ağlınıza gələrdimi bu?
– Ölüm xəbərini mənə Elnur Astanbəyli dedi. Dolayısıyla dedi. Xəstəxanada həkimlər Ceyhunun telefonuna baxıblar, axırıncı dəfə danışdığı adama zəng vurublar. O da həmin vaxt rayonda olan Elnur imiş. Elnur da mənə zəng vurub dedi ki, Ceyhun xəstəxanadadır, bir ona baş çək. Elnur xəbəri axıracan deməsə də, ürəyimə damdı məsələ nə yerdədir. Xəstəxanaya gedəndə yolboyu özümü psixoloji olaraq hazırlamışdım, amma ora çatanda özümü itirdim.

– Nə idi Ceyhunun xəstəliyi? Əvvəldən səhhətində bir problem vardımı?
– Bir-iki dəfə ürəyində bir balaca narahatlıq olduğunu demişdi. Həkimlər demişdi ki, ciddi bir şey yoxdur. Yüngülvarı müalicəyə ehtiyacı varmış, onu da eləmişdi. Ürəkdən ölməyi çox qəfil oldu bizimçün, gözlənilməz oldu.

– O, necə jurnalist idi? Bu barədə fikirləriniz maraqlıdır.
– Hələ tələbəykən yazı potensialının olduğunu görürdüm. İnsititutu bitirəndən sonra özü də dedi ki, jurnalistika ilə məşğul olmaq istəyir. O vaxt yazı mühitiylə əlaqələri yox idi, heç kəsi tanımırdı. Məmməd Nazimoğluna zəng elədim. Arxayınlıqla dedim ki, Məmməd, sənin qəzetinə əla bir jurnalist tapmışam. Dedi, təcili göndər, gəlsin. Belə, başladı orda işləməyə. Bir aydan sonra Məmmədlə görüşəndə “Ceyhun kimi işçiyə görə” mənə təşəkkür elədi. Sonradan başqa sanballı redaktorlarla da işləyib – Rauf Arifoğluyla da, Şahvələd Çobanoğluyla da, hamısını da yarıdıb, eşitmişəm.

– Səhv eləmirəmsə, Ceyhunun bir övladı da var. Uşaq necədi, böyüyürmü?
– Hə, indi məktəbə gedir. Çox ağıllı uşaqdı. Hətta deyərdim, istedadlıdı.

– Ceyhunla son görüşünüz yadınızdadırmı? Maraqlıdır, son dəfə nə barədə danışmışdınız?
– Ölümündən az əvvəl gəlmişdi bizə. Dedi, ürəyim yüngülvari siqnallar verir. Məhəlləmizdə yaxşı həkim vardı, dedim hər ehtimala qarşı, çağırım o da baxsın. Çünki Ceyhun ciddi yerlərdə indiyədək yoxlatdırmışdı özünü. Həkim gəlib baxdı. Dedi, ciddi bir şey yoxdu...

Kəramət, bilirsən ki, qadınların onlara doğma olan kişilərlə bağlı ən yaralı yeri içki məsələsidi, onlar kişilərin ən xırda probleminin də səbəbini içkidə axtarırlar və “tapırlar” da. Yoldaşım da yanımızdaydı, həkimə dedi ki, həkim, bəlkə içkini atsın, məncə, ürək problemi olana içki qəti olmaz. Həkim özü də möhkəm içən adam idi, onu məhəllədə belə tanıyırdılar. Duruxub qaldı, handan-hana dilləndi ki, düz deyirsiz, əlbəttə olmaz, heç bir damcı da olmaz. Yoldaşım mətbəxə keçəndə, həkim Ceyhunun qulağına əyilib pıçıltıyla dedi ki, iç e, amma çox içmə. Ceyhundan elə qəh-qəhə qopdu ki, hamımız qoşulduq ona. Həkim gedəndən sonra da bu söhbət üstündə xeyli zarafatlaşdıq. Hərçənd çox içən də deyildi. Yəni çox gümrah, şən ayrıldı bizdən.

– Ədəbi mühitdə Ceyhunun başqa dostları vardımı? Kimlər idi?
– Oturub-durduğu adamlar çox idi. Onların neçəsiylə dost olduğunu dəqiq deyə bilmirəm. Həm də ədəbi mühit adamlarıyla dostluq nadir hallarda alınır. Yazı mühitindən, deyəsən, Şahvələd Çobanoğluyla, Fəxri Uğurluyla, Elnur Astanbəyliylə, Pərviz Cəbrayılla, Mövlud Mövludla, Eldəniz Elgünlə daha sıx münasibətləri vardı. Düzü, beş-altı nəfər istisna, mən ona həmişə ədəbi mühit adamlarından bacardıqca uzaq durmağı məsləhət görürdüm.

– Siz Ceyhuna bir şeir də yazmışdınız... O şeirdəki ağrı yenə də canınızdadırmı? Yoxsa zaman bir sarğı kimi ağrılarınızın üstünü örtüb?
– Bəlkə də elə bəri başdan adamın həyatında elə adamlar olma¬ma¬lıdır ki, onları itirəndə yoxluqlarını hər an hiss elə¬yə¬sən. Paulo Koelyonun bir sözü var, deyir ki, əslində, heç kim heç kimi itirmir, çünki heç kəs heç kəsə məx¬sus deyil. Bu fikri səhv sayıram. Məncə, adamlar xeyli məqamlarda bir-birinə məxsus¬dur¬lar, hətta bir-birinə şərikdirlər. Bizi çox istəyən adamların sağlığında bizdən ayrılması faciə deyil, amma dünyadan get¬¬məsi bizi zədələyir. Ceyhun mənimçün də, yoldaşımçün də fərqli bir məqamdaydı. Yəni mənə dost, yoldaşıma qardaş olmaqdan da fərqli bir məqamda. Dedim axı tələbəliyindən bizlə bir yerdə yaşayırdı, necə deyərlər, evin uşağıydı. Yəni onun ölümünü həm də evimizin uşaq itkisi kimi indi də yaşayırıq. İçimiz bir yana, ən azı, çölümüzdə, yəni evdə yeri həmişə görünür. Aydındı ki, onun qoyub getdiyi bu “çöl boşluğu”ndan bizim ailə heç vaxt xilas ola bilməyəcək.

– Salam müəllim, Ceyhun ən çox nə zaman yadınıza düşür, hansı məqamlarda onu xatırlayırsınız?
– Yadımdan heç çıxmır. Amma bərk ehtiyac hiss elədiyim vaxtlar olur...

– Məsələn...
– Məsələn, təklənəndə, kənardan zalım münasibət görəndə, hansısa mənəvi, hətta fiziki ağrılarım olanda... Elə ölümlər var ki, adamı təkcə təəssüfləndirmir, həm də əsəbləşdirir. Əsəbləşdirir ona görə ki, deyirsən, ilahi, bizi sevən, özünə doğma bilən adamlar çox deyil, azdan da azdır, sən niyə o tək-tük adamları da yanımızdan aparıb bizi sevgisiz qoyursan?! Yəni məsələnin bu tərəfi də var.

Kəramət Böyükçöl


Müəllif: