24 Dekabr 2015 11:32
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 54 yaşını qeyd edir. Mədəniyyət və incəsənət xadimlərini hər zaman diqqətdə saxlayan Prezidenti sənətçilərimiz “Gündəlik Teleqraf” vasitəsilə təbrik etdilər.

“Onunla fəxr edirik”

Xalq artisti Arif Babayev: “Mən Cənab Prezidentimiz İlham Əliyevə öncə can sağlığı arzulayıram. Onun xidmətləridir ki, bu gün Azərbaycanımız günü-gündən inkişaf edir. Bütün sahələrdə uğurlar əldə olunur. Bunun ən bariz nümunəsi bu il ölkəmizdə keçirilən Birinci Avropa Oyunları idi. Bu böyük tədbirin açılış və bağlanış mərasimlərinin belə möhtəşəm təşkili dünyanı heyrətləndirdi. Bu Azərbaycanın təşkilatçılığının, qonaqvərpərliyinin göstəricisidi idi. Avropa Oyunlarında milli atributlarımızın təqdim olunması həqiqətən çox gözəl ideya idi. Alim Qasımovun ifası, Nizaminin “Xəmsə”nin nümayişi mərasimə xüsusi gözəllik verirdi. Bunu hər zaman demişəm, indi də deyirəm, belə böyük tədbirin mən də iştirakçısına çevrildiyimə görə bir Azərbaycan vətəndaşı kimi qürur hissi keçirirəm. Bilirsiniz ki, mən də məşəldarlardan biriydim. Sevinirəm ki, belə məsuliyyətli bir işin öhdəsindən layiqincə gəldik.

Azərbaycanın bircə dərdi var – Qarabağ. İnanıram ki, Prezidentimizin gücü, qüvvəsi sayəsində Qarabağımız geri qaytarılacaq. İnanıram ki, Qarabağa gedəcəyik. Və bütün dünyaya göstərəcəyik ki, 9 milyonluq əhali görün kimlərdir və nələrə qadirdir. Arzu edirəm ki, İlham Əliyevin sayəsində uğurlarımız günü-gündən artsın, Azərbaycanımız daima çiçəklənsin. İlham Əliyev vəzifəyə gələn gündən sənət adamlarına böyük qayğı göstərib, incəsənətin inkişafı üçün çoxsaylı sərəncamlar imzalayıb. Biz sənət adamları Cənab Prezidentlə fəxr edirik”.

“Heç bir sahə diqqətdən kənarda qalmır”

Xalq artisti Amaliya Pənahova: “Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan incəsənətinin, xüsusilə teatr sahəsinin inkişafı üçün gördüyü işləri saymaqla bitməz. Cənab Prezident teatr haqqında onillik tədbirlər planına imza atdı və sərəmcam verdi ki, teatrların inkişafı üçün geniş kompleksli işlər görülsün. Bu, əlbəttə çox önəmli, lazımlı addım idi. Və bu istiqamətdə iki ildən artıq bir müddətdə mütəmadi işlər görülür. Onun rəhbərliyi dövründə teatr binaları təmir olundu və hazırda da bu proseslər davam edir. Bundan başqa teatr binaları müxtəlif texniki avadanlıqlarla təmin olunur, işıq sistemi yenidən qurulur. Ondan başqa sənət adamlarına hər il fəxri adlar verilir. Bu siyasət Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə aparılırdı və hazırda İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ondan başqa filmlərin, serialların çəkilişinə ayrılan maliyyə vəsaiti bu kimi ekran işlərinin çoxalmasına səbəb oldu. Bunu xüsusilə vurğulamaq istəyirəm ki, Prezidentimiz yalnız mədəniyyətimizə deyil, ölkənin bütün sahələrinə eyni diqqət və qayğını göstərir. Heç kim və heç bir sahə diqqətdən kənarda qalmır. Prezidentimizi ürəkdən təbrik edirəm, özünə və ailəsinə can-sağlığı, xoşbəxtlik diləyirəm”.

“Yerdən-göyə qədər razıyam”

Xalq artisti Ağaxan Abdullayev: “Mən Cənab Prezidentimizi təbrik edirəm. Dövlət başçımıza Allahdan can sağlığı, uzun ömür arzulayıram. Prezidentimizdən yerdən-göyə qədər razıyam. Ancaq xoş sözlər dilə gəlir. Ölkəmizin dünyada tanıdılması Dövlət başçımızın uğurlu siyasətinin nəticəsidir. Bizə hər zaman qayğı göstərir, diqqətdən saxlayır. Allah cənab İlham Əliyevdən razı olsun və hər zaman canını salamat eləsin”.

“Şərəfli və çətin işdir”

Xalq artisti Nəzakət Bayramova: “Hörmətli Prezidentimizin Allah canını sağ eləsin. Hər zaman başımızın üzərində olsun. Dövlət başçımızın xarici və daxili siyasətinin uğurları nəticəsində ölkəmiz gündən-günə gözəlləşir, inkişaf edir, dünyada tanınır. İnanın, biz sənət adamları İlham Əliyevlə fəxr edirik. Prezidentimizin sənətə olan qayğısı danılmazdır və hər birimizi sevindirir. Dövlət başçımız və Mehriban xanım Əliyeva sayəsində muğamlarımız qorunur, inkişaf edir. İllər öncə belə deyildi və bugünki inkişaf hər bir xanəndə kimi məni də sevindirir. Bilirsiniz, ailəni saxlamaq çətindir, görün dövləti saxlamaq necə çətindir. Həm şərəfli, həm də çox çətin bir işdir. Mən Prezidentimizə bu şərəfli işdə dözüm, səbr, uğur arzu edirəm”.

Layiqli davamçı

Xalq artisti Mənsum İbrahimov: “Bu gün ancaq ən xoş sözlər deyilə və ən xoş arzular arzulana bilər. Ölkə başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısıdır. Bu baxımdan Heydər Əliyevin Azərbaycanla bağlı arzularını bu gün onun oğlu İlham Əliyev cənabları həyata keçirir. Əminliklə deyirəm, biz fəxr edirik ki, Azərbaycanımızın belə müdrik, ağıllı, uzaqgörən Prezidenti var. Fikir verin, Azərbaycan Qafqazda birinci dövlətdir, günü-gündən çiçəklənir, dünyadakı yeri möhkəmlənir, çəkisi artır. İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan həm xarici, həm daxili siyasətində uğurlar qazanır. Xarici siyasətindəki uğurları qeyd edəndə heç şübhəsiz Avropa Oyunlarına diqqəti çəkməliyik. Bu böyük, ölkəmiz üçün əhəmiyyətli tədbirdə mən də iştirak etdim və buna görə çox sevincliyəm. Meydanda mənim ifamda “Qarabağ şikəstəsi”nin səsləməsini eşidəndə isə çox xoş duyğular yaşadım. Bu böyük tədbiri belə möhtəşəm formada həyata keçirməklə sübut etdik ki, Azərbaycan istənilən böyük layihənin öhdəsindən gəlməyə qadirdir. Bu gün Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycan Avropa Oyunları ilə yeni bir tarix yazdı. Prezidentimiz sənətə, sənətkarlara qarşı çox diqqətlidir. Dövlət başçımız tez-tez cəbhə bölgələrinə gedir, vətəninin hər qarış torpağını sevir. Doğum günü ilə əlaqədar Cənab Prezidentimizə birinci növbədə can-sağlığı, ikinci növbədə Azərbaycanımız naminə atdığı addımlarda uğurlar diləyirəm. Arzulayıram ki, Qarabağımız tezliklə azad olunsun. Azərbaycanla bağlı bütün arzularını həyata keçsin”.

“Diqqət və qayğısı bizi ruhlandırır”

Xalq artisti Aygün Bayramova: “İlk növbədə Cənab Prezidentə can sağlığı arzulayıram. Və bu çətin işində İlham Əliyevə səbir diləyirəm Əlbəttə ki, dövləti idarə etmək çox çətin bir işdir. Prezidentimiz bunun öhdəsindən uğurla gəlir. Dövlət başçımızın Azərbaycan üçün gördüyü işlər haqda saatlarla danışmaq olar. Ulu öndər Heydər Əliyev incəsənət adamlarına böyük diqqət və qayğı göstərib. Onun davamçısı İlham Əliyev də bizi bu diqqətdən, qayğıdan kənarda qoymayıb. Prezidentimiz yalnız müğənnilərə, xanəndələrə deyil, incəsənət sahəsinin hər bir istiqamətində çalışan insanlara qayğı göstərib, indi də göstərir. Bu qayğıdan mən də kənar qalmamışam. Sənət adamı üçün bu, çox böyük stimuldur. Bu, bizi yeni, gözəl işlərə imza atmağa ruhlandırır. 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə Əməkdar artist fəxri adına layiq görüldüm, 2005-ci ildə isə İlham Əliyevin imzası ilə Xalq artisti fəxri adına sahib çıxdım. Mən bir daha Cənab Prezidenti təbrik edir, ona çətin və şərəfli yolda uğurlar arzu edirəm”.

“Hamının qayğısına qalır”

Xalq artisti Səkinə İsmayılova: “Uzun illərdir muğam sənətimizi dünyada təbliğ edən bir muğam ifaçısı kimi deməliyəm ki, belə bir dövlət başçımızın olmasına görə hər zaman qürur hissi keçirirəm. Prezidentimiz nəinki bizim nəsil ifaçıların həmçinin gənclərin də qayğısına qalır. Əgər bu gün muğam sənətinə böyük axın varsa, bu yalnız və yalnız Dövlət Başçımızın diqqətinin və sevgisinin nəticəsində baş verib. Çünki bu sənətə gələn hər bir gənc bilir ki, ondan diqqət və qayğısını əsirgəməyən Dövlət Başçısı var. Muğam çox ağır sənətdir. Bu sənəti davam etdirmək, inkişaf etdirmək olduqca çətindir. İlham Əliyevin bizim nəsil xanəndələrə qarşı çox böyük sevgisi var. Ona görə biz bu gün heyfslənmirik ki, 30-50 ilimizi bu sənətə həsr etmişik. Əksinə bununla qürur hissi keçiririk. Bu gözəl gün münasibəti ilə Prezidentimizə can sağlığı arzu edirəm. Və bütün sənət adamlarının adından deyirəm ki, biz Azərbaycanımızın firavan yaşaması üçün Prezidentimizin gördüyü hər bir işi dəstəkləyirik”.

Xalq artisti Afaq Bəşirqızı: “İlham Əliyevin xarici və daxili siyasətini, Azərbaycanın böyüklüyünün, sözübütövlüyünün xatirinə atdığı addımları çox bəyənirəm. Cənab Prezident Ümummilli Liderin siyasətinin layiqli davamçısıdır. Və Ulu Öndər kimi hər zaman mədəniyyətə xüsusi diqqəti ilə seçilir. Hər bir dövləti onun mədəniyyəti, incəsənəti təlqin və təqdim edir. Ona görə də Cənab Prezidentə bu sahədə daha geniş və tutarlı proyektlərə imza atmasını arzu edərdim. Azərbaycanın gələcəyi, dövlətçiliyi naminə görəcəyi bütün işlərdə Cənab Prezidentə müvəffəqiyyət arzulayıram”.

“Prezidentimizə inanırıq, güvənirik”

Əməkdar artist Aybəniz Haşımova: “Əziz Prezidentimizi ürəkdən təbrik edir, can sağlığı, uzun ömür diləyirəm. Allah Dövlət başçımıza dayaq, kömək olsun. Çox çətin dövr yaşayırıq. Bu çətin dövrü keçmək üçün Allahdan Prezidentimizə səbir, dözüm diləyirəm. Arzu edirəm ki, bu dar günlərdə gözəl uğurlarla ölkəmizi firavanlığa çıxartsın. Biz İlham Əliyevə inanırıq, güvənirik və çox istəyirik. Həmişə prezidentimizə duaçıyıq. İlham Əliyev mənim çox sevdiyim, mənəvi atam hesab etdiyim dəyərli Heydər Əliyevin oğludur və onun layiqli davamçısıdır. Sevinirəm ki, ölkəmizin rəhbəri məhz Cənab Prezidentimiz İlham Əliyevdir. Bir daha ailəmiz adından Prezidentimizi təbrik edir, səadət diləyirəm”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər