Teleqraf.com tanınmış yazar Murad Köhnəqala ilə müsahibəni təqdim edir:
- Murad müəlim, necəsiniz, rayonda darıxmırsınız ki? Son zamanlar sosial şəbəkələrdə, saytlarda az-az görünürsünüz, bu, nə ilə bağlıdır?
- Çox sağ olun, yaxşılıqdı. Doğrudu, son vaxtlar feysbukda az oluram. Əməkdaşlıq etdiyim Lent.az saytında regional mövzulu yazılar yazıram, buna görə istər-istəməz rayonda yaşamalıyam. Bir ildən çoxdur Qərb bölgəsinin tarixi abidələri, maraqlı insanları barədə yazıram. Şəxsən mən burda darıxmıram, ancaq hərdən Şəlalə xanım darıxdığını deyir. Saytlarda az görünürəm deməzdim. Elə bu yaxınlarda Lent.az saytında yazdıqlarımdan başqa Sim-sim.az saytında da yazılarım getdi. Vaxtilə Göygöl rayonunda yaşamış və özlərindən sonra möhtəşəm bir sənaye şəhəri qoyub getmiş almanlar haqda silsilə yazılar yazmışdım.
Ümumiyyətlə, mən saytları sarmaşıq kimi ağuşuna alan kabinet yazılarına yox, canlı yazılara üstünlük verirəm. Fikrimcə, olay yerindən yazılan canlı, diri yazılar qapı-bacası bağlı kabinetlərə oksigen doldurmaq kimidi.
- Rayonda işləmək rahtdırmı, maraqlıdırmı?
- Rayonda yaşamağımıza baxmayaraq mütəmadi işləyirik, gözümüz orda-burda maraqlı insanlar, tarixi abidələr axtarışındadı. Rahat iş yoxdu, ancaq maraqlıdı. Bir də görürsən, yazmaq üçün vədələşdiyin adam gəlib çıxmır, yaxud maraqlı adamı tapırsan, ancaq o, müsahibə vermək istəmir. Tarixi abidələr isə adətən uzaqlarda olur, getməyə vaxt, maşın lazımdır. Yaşayış minimumuz yazdıqlarımızdan çıxır, ona görə işimiz eynilə velosiped hərəkətidi, çarxı fırlatmasan yıxılacaqsan. “Biz” ona görə deyirəm ki, bu yazıları, işləri təkcə mən ərsəyə gətirmirəm. Fotolar, yazıların redaktəsi, lazım olanda yeni ideyalar vermək Şəlalə xanımın boynundadı.
- Köhnəqala kəndi, Bakı, Moskva, Delsbo (İsveç)... Bu yerlərin hansında yaşamaq daha yaxşıdır, sizcə? Mühacirətdən niyə tez qayıtdınız?
- Yadıma gəlir, işıqlar sönəndə nənəm öz-özünə deyərdi ki, bilmirəm, o vaxtlar biz işıqsız necə yaşamışıq. Hərdən nənəmin həmin sözlərini xatırlayıb fikirləşirəm, görəsən, bir vaxtlar internetsiz necə yaşamışıq? Biz artıq internetsiz, sivilizasiyasız yaşaya bilmirik. Gözəl təbiəti, insanları olan dağətəyi kəndimizdə yaşamağı nə qədər arzulasam da sivilizasiyadan, şəhərdən uzaqlaşmaq mənim üçün bir o qədər çətindi.
Kənddə sakit həyat, açıq səma, sadə insanlar və gözəl ağaclar var, ancaq mən orda daimi yaşaya bilmirəm. Çünki həyatım tamam başqa cür qurulub. Həm də bir yerdə duran adam deyiləm, heç vaxt dinc yaşamamışam. Hazırda Tovuz rayonunda və əlbəttə ki, kirayədə yaşayıram.
Moskvaya gəldikdə isə, vaxtilə təhsil aldığım və yaşadığım şəhər olsa da indi orada yaşamaq istəməzdim. Mühacirətdən niyə qayıtdım? Bu haqda “Beş ay İsveç düşərgəsində” adlı avtobioqrafik romanımda ətraflı yazmışam. Arzum sevdiyim xanımla Avropanın sakit bir şəhərində yaşamaq, orada qazandığım pulu uşaqlarıma göndərmək, razı olardılarsa, tədricən onları da yanıma gətirmək idi. Mühacirətdə olduğum aylarda soyuq başla düşünməyə, götür-qoy etməyə vaxtım və imkanım çox oldu. Baxdım ki, Şəlaləni yanıma gətirmək olduqca uzun və ağır proses olacaq. Bəlkə də, illərlə çəkəcək. Geri dönməyə qərar verdim.
- Mühacirətdə sığınacaqla bağlı çətinlik olmadı ki?
- Hərdən eşidirəm, bəzi adamlar öz uğursuzluqlarından təsəlli tapmaq üçün orda-burda danışır ki, guya mənə sığınacaq verilmədiyi üçün geri qayıtmışam. Yazdığım yüzlərlə yazını, məqaləni bir tərəfə qoyuram, intervü zamanı sorğu-sual aparanlara bircə sənəd göstərdim, dedilər, necə olub ki, bu vaxta qədər gəlməmisiniz?
Stokholmda yaşayan həmyerlilərimiz “stop” vermək fikrimi biləndə şoka düşmüşdülər. Xüsusilə, dostum Teymur məni bu niyyətimdən daşındırmağa çalışdı. O adamlar şahiddi, şübhəsi olan onlardan soruşa bilər.
- Sizin yaradıcılığınızı izləyənlər orada daimi dəyişmə, fasiləsiz keçidlər görür. Qədim türk heca şeirindən ultra-modern poeziyaya, oradan postmodern estetikaya, sonra da ədəbiyyatımız üçün xarakterik olmayan yeni nəsrə. Maraqlıdı, niyə bir janrda dayanmırsınız?
- Doğrudu, mən həmişə bir janrdan digərinə, bir estetikadan, o birisinə adlamağı sevmişəm. Novatorluğu sevirəm. Köhnəlmiş, sürtülmüş stil heç zaman mənə cəlbedici gəlməyib. Həyatda bozluqdan qaçdığım kimi, yaradıcılıqda da bozluqdan qaçıram.
- Postmodernist şeirlərinizdə folklora, klassik ədəbiyyata açıq-aşkar bir ironiya var. Sələflərinizə rişxənd eləməyiniz hardan qaynaqlanır?
- Nə vaxtsa, özüm də orta çağ ənənəvi estetikası ilə şeirlər yazmışam. Həmin silsilə də əslində, modern şeirlərdi. Təsəvvür edin, bu gün Bakının “Tarqovı” küçəsində ayağı çarıqlı, hörmə corablı, çiynində naxışlı xurcun bir kişi gedir. Onun bu qədim görünüşü müasir fonda ultra modern görünəcək. Bu mənada mən o antik effektli şeirlərimlə müasir ədəbi mozaikanı naxışlamağa çalışmışam. Qaldı, klassik şərq ədəbiyyatına ironik yanaşmağıma, əslində, hədəfim klassiklər deyil, dəvə belində qəzəl yazmış o yazıqların dalınca “Mersedes”lə düşən müasir şairlərdi. Dəfələrlə bu haqda yazmışam, yaradıcılığını yersiz ağlaşma üzərində quran, qəm-kədər “ralli”sinə çıxan, fikrini simvolika və eyhamla bildirən şeiri, şairi, yazarı qəbul etmirəm. Qədim Şərq təsəvvüf şeirlərindən gələn simvolik detalları yerli-yersiz yamsılamalar ortaya yalnız süni kədərlə yüklənmiş söz yığını çıxara bilər. Təkcə şeirdən və nəsrdən yox, eləcə də, musiqidən, teatrdan, kinodan bu mərsiyəçilik, şərq zarıncılığı yığışdırılmasa, real sənətə gəlib çıxmaq mümkün olmayacaq.
Sivil dünya real düşüncə, real ideya və real fəlsəfə ilə yaşayır. Dünyəvi insan azad və nikbin yaşamaq istəyir, onun ədəbiyyatı da, incəsənəti də insanı dərd, iztirab buxovlarından çıxarmağa hesablanıb. Dünya ilə ayaqlaşmaq istəyən yazıçının beyni realist və ayıq, fəlsəfəsi sağlam, intellekti geniş olmalıdı.
Gördünüzmü, 11 sentyabr hadisələri zamanı ABŞ ictimaiyyəti ortaya bir nəfər də olsun şikəst adam, yaxud vay-şüvən qoparan valideyn çıxarmadı. Halbuki o binaların əsas hissələrinin şüşədən olduğunu bilirik, oradakı şüşə ilə doğranmış bədənləri göz önünə gətirib dəhşəti tam miqyası ilə təsəvvür etmək mümkündü. Yaxud keçən illərdə Yaponiyadakı sunamiləri yada salaq. O boyda faciədə bir nəfər üzünü cıran adam görə bilməzdin. Bax, həmin cəmiyyətləri dediyim o ədəbiyyat, o fəlsəfə yetişdirib. Ancaq bizdə metroda dilənən bir şikəst, kəsik qolunu az qala adamın gözünə soxur. Bu adam düşünmür ki, kəsik qolu görmək heç kimə xoş deyil. Heç olmasa, şikəst qolunu paltarın altında gizlət, onsuz da şikəstlik paltarın altından da bilinir.
Belə kütləvi zarıncılıq Xoşqədəmi teleulduz, mərsiyə ladları ilə oxuyan Üzeyiri də meqastar eləməlidir.
- Bir vaxtlar ədəbi yaşıdlarınızla birlikdə yaratdığınız AYO-nu ilk tərk edənlərdən biri siz oldunuz. Niyə?
- AYO-dan öncə, EQO ədəbi birliyini yaratmışdıq. Onu da ilk olaraq mən tərk elədim. Hər iki təşkilatdan çıxmama əsas səbəb orada ədəbi estetikama uyğun olmayan adamların çoxalması idi. Yəni AYO-nun sonrakı dönəmləri mənə ilkin mühit qədər yaxın deyildi. Düşündüm ki getməyim daha düzgün olar.
- Sizin tərk etdiyiniz ədəbi təşkilatlar arasında AYB də var. Deyəsən, tərk etməyi çox sevirsiniz?
- Ümumiyyətlə, məni AYB-yə özüm Azərbaycanda olmadığım vaxt qəbul etmişdilər. Biz AYO-nu yaratdıqdan sonra mən öz ərizəmlə AYB-ni tərk etdim. Çünki nizamnaməyə görə, AYO üzvü başqa ədəbi birliyin üzvü ola bilməzdi. Yeri gəlmişkən, bu maddə nizamnaməyə mənim təşəbbüsümlə əlavə olunmuşdu.
- “Bulud pinəçisi”, “Yuxularım” adlı nəsr kitablarınız dərc olunub. Şeirdə olduğu kimi nəsrdə də miniatür janrlara meyil edirsiniz. İrihəcmli janrlara meyiliniz yoxdur. Bu, nə ilə bağlıdır? Nəfəsiniz çatmır, yoxsa “az olsun, təmiz olsun” prinsipinə riayət edirsiniz?
- “Bulud pinəçisi” və “Gümüş kuzə” adlı iki povest və yüzə yaxın hekayə yazmışam. Bundan əlavə, “Beş ay İsveç düşərgəsində” adlı avtobioqrafik romanım da çapa hazırdı. Sonuncu kitabım olan “Yuxularım” silsiləsini, öz estetikamla povest adlandırardım. Müxtəlif zamanlarda iki dəfə roman başlayıb, sonra da yarımçıq məhv etmişəm. Birini cırmışam, o birini də sərxoş olub yandırmışam.
Roman ağır janrdı, üstəlik, burda maddi qazanc gözlənilmir deyə, bu janra köklənmək mənim üçün bir az çətindi. Amma üçüncünü yazmağa girişsəm, cırmayacağıma söz verirəm. Açığı, həmin romanın süjeti beynimdə hazırdı, sadəcə, oturub köçürməyə vaxtım yoxdu.
- “Gümüş kuzə” povestiniz keçmiş dövrdən bəhs edir. “Bulud pinəçisi” povestində fantastik gələcək zamana üz tutursunuz. Deyəsən, öz yaşadığınız zamanı elə də sevmirsiniz?
- “Bulud pinəçisi” irreal hadisələr üzərində qurulmuş rəngli povestdi. Əsərdə fantastika qabarıq olsa da əsas fonda gerçək həyatımız dayanır. “Gümüş kuzə” isə qədim şərq üslubunda yazılıb.
Yaşadığımız zamana yazıçı münasibətimi isə hekayələrimdən tam öyrənə bilərsiniz.
- Əgər özünüz bu zamanı sevmirsinizsə, nəyə görə buludlara dırmaşan şairlərə “düş aşağı, şair” deyirsiniz? Burda bir ziddiyyət yoxdurmu?
- Yaşadığı yeri boğazacan problem içində qoyub göylərə dırmaşan şairləri quyruğundan dartıb aşağı salmaq istəyirəm. Öz boşboğazlığından duman, bulud düzəldib üstündə uçan şairlərin cəmiyyətinin bu cür dözülməz olması təbiidi.
- Belə bir fikir var ki, ədəbiyyat dostları itirə-itirə getmək, axırda tək qalmaqdır. Siz ədəbiyyat yolunda kimləri itirmisiniz? Bəs qazancınız nə olub?
- Mən dosta münasibətdə həddən artıq məsuliyyətliyəm. Ona görə bir dost məndən gedəndə, əksinə, yüküm azalır. Yəni mən itirəndə uduzmuram, əksinə, qazanıram.
Köhnə qumarbazam, ziyanda olmuram heç vaxt. Mən yox, məni itirənlər ziyanda qalıb. Dostlarım təkcə yazarlar deyil, başqa sahədən adamlar da var.
- Sonuncu kitabınız “Yuxularım” adlanır. Yuxularınızda iynənin ucu qədər ümid yeri, çıxış qoymursunuz. Xüsusən də bütün həyatın donub yox olması ilə bağlı son hekayənizdə. Ümidsiz yaşamaq çətin deyilmi?
- Həmin kitabda on dörd sürreal hekayə toplanıb. Hekayələr yuxu təhkiyəsi ilə yazılsa da onların heç birini yuxuda görməmişəm. Yuxugörmə burda özünüifadə vasitəsi kimi işlənib. Göstərməyə çalışmışam ki, insan iztirablarının sonu yoxdu, kimsə özünü quyunun dibində, çıxılmazlıqda hiss edirsə, bu hekayələri oxusun. Onda həmin adam dünyada daha dözülməz əzabların olduğunu anlayacaq. Hətta özünün bu hekayələrdəki qəhrəmanın yerində olmadığını təsəvvür edib sevinəcək. “Yuxularım”da qətiyyən ümidsizlik, pessimizm təbliğ etmirəm. Demək istəyirəm ki, insan istənilən ağrıya və fəlakətə həm ruhi, həm də fiziki cəhətdən hazırlıqlı olmalıdı.
Sərvər Şirin