30 Sentyabr 2015 19:01
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azər Paşa Nemət: “O cazibədar qadın idi”

Bu gün Akademik Milli Dram Teatrında unudulmaz aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Akademik Milli Dram Teatrı və “SV Media Group”un təşəbbüsü ilə baş tutub. Tədbirdə aktrisanın sənət dostları, yaxınları iştirak edib.

Xatirə gecəsində Vəfa Fətullayevanın ömür yolunda, yaradıcılığında bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən teatrşünas Məryəm Əlizadə aktrisanın keşməkeşli həyat yolundan, yaradıcı uğurlarından danışıb.

Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azər Paşa Nemət Vəfa Fətullayevanı Azərbaycan teatrının istedadı ilə seçilən gözəl aktrisa adlandırıb: “Vəfa xanım eyni zamanda cazibədar qadın və gözəl insan idi. O hər zaman sadəliyi ilə seçilirdi. Mən onun ailəsi ilə tanış idim. Vəfa oynadığı rolları ilə parlamağı bacarırdı. O mənim yadımdan heç vaxt çıxmır”.

Daha sonra çıxış edən xalq artisti Ramiz Məlik, Şükufə Yusifova, Əminə Yusifqızı aktrisa ilə bağlı xatirələrini bölüşüblər.

Məlumat üçün bildirək ki, 1945-ci il avqustun 25-də Bakıda anadan olan aktrisa 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. İlk dəfə uşaq olarkən çıxdığı doğma səhnəyə ömrünün sonunadək sadiq qalıb. Milli Dram Teatrının səhnəsində İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərində Fəridə, “Mahnı dağlarda qaldı” tamaşasında Gülgəz, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasında Şərəfnisə, M.İbrahimovun “Kəndçi qızı” əsərində Bənövşə, Anarın “Sizi deyib gəlmişəm” tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb.

Görkəmli aktrisa, SSRİ Xalq artisti Hökumə Qurbanova və Xalq rəssamı Nüsrət Fətullayevin övladı olan Vəfa yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olub.

O, 1987-ci il mayın 21-də, 42 yaşında vəfat edib.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər