Teleqraf.com Sərvər Şirinin tərcüməsində Katerina Krilenkonun “Seksin tarixi – Qədim Hindistan” məqaləsini təqdim edir:
Bizim cavanlığımız qısadır. Xoşbəxt o kəslərdir ki, onun bütün ləzzətini dadır. Cavanlığın ləzzəti isə sevgidədir, qalanı təfərrüatdır.
Əsl kişi sonacan gedir, o, sevdiyini yarı yolda buraxmaz. Abır-həya əvvəl-axır qaynar ehtirasa çevriləcək. İkibuynuzlu ayın tam aya çevrilməsi kimi...
Radxa və Krişnanın görüşməsi haqqında mahnıdan
Dünyada seks haqqında təlimatlar ilk olaraq qədim Hindistanda yaranıb. Tantrizm, tantrik seks də öz başlanğıcını elə buradan götürüb.
Seks və din
Seks haqqında ilk xatirələr qədim induizm, buddizm və caynizm dini tekstlərində rast gəlinir. Qədim Hindistanda seks ər-arvadın qarşılıqlı vəzifəsi kimi qəbul edilirdi. Bu zaman ər-arvad bir-birlərini eyni dərəcədə əzizləyirdilər.
Hindistanda məşhur olan induizm təlimi seksuallığı onun bütün tərəfləri ilə, heç bir sərhədsiz qəbul edir. O, qarşılıqlı razılıqla olan sevişməni təqdir edir və istənilən zorakı hərəkətləri kəskin pisləyir.
Pula görə olan seksə münasibət isə müəyyən qədər neytraldır. Əgər qadını sevgi əyləncələrinə təhrik etmək mümkün olmayıbsa, bu zaman pul qarşılığında məhəbbət təklif edilə bilər. Ancaq bu zaman da hər şey qadının istəyindən asılıdır. Məcburiyyət və zorakılıq işlədən kişilər kəskin qınanır.
Buddizm və caynizmə görə, gənclər evlilikdən əvvəl sekslə məşğul ola bilərlər. Budda kişilərə bu məsləhətləri verirdi:
- Hər bir kişi qeyri-qanuni cinsi əlaqələrdən uzaq olmalıdır. Atasının, anasının, qardaşının, bacısının və ya digər qohumlarının himayəsi altında olan gənc qızlarla əlaqədən çəkinməlidir. Ərdə olan, məhkum olunmuş qadınlarla, həmçinin nişanlı qızlarla cinsi əlaqə olmamalıdır.
Uca Tanrı Şivunu tez-tez rəqs edən halda təsvir edirlər, ona görə də onun adlarından biri “Rəqs Hökmdarı”dır. Məbəd rəqqasələri, devadasi və ya “İlahi Xidmətçiləri” minilliklər boyu öz Tanrılarını vəsf edirlər. Bu qızlar rəqslə yanaşı, öz ilahi enerjilərini seksual rituallar vasitəsi ilə dindar kişilərə hədiyyə edirlər. Devadasilər yüksək hörmətə malik idilər, onlar “Tanrıların qadını” hesab edilirdi.
Devadasilər adi qadınların məhrum olduğu xüsusi güzəştlərə malik idilər: məsələn, vərəsəlik hüququ. Bəziləri təcrübəli və yaxşı təhsilli olub, müvafiq olaraq zəngin müştərilərlə ünsiyyət qururdu. Birinci övladları qız olan valideynlərin çoxu onları məbədə verirdilər. Beləliklə, onlar həm qızdan yaxa qurtarır, həm də növbəti dəfə Tanrıların onları oğlan övladı ilə mükafatlandıracağına ümid edirdilər. Qızların bəzilərini satırdılar, digərləri isə könüllü olaraq məbədə xidmət etməyə yollanırdı. Anası devadasi olan qız da məbədə aid hesab olunurdu.
Bütün XX əsr boyunca Hindistan məbəd fahişəliyini qadağan eləsə də minlərlə devadasi bu qədim sənəti indiyədək “sadiq” qalıb.
Tantrizm və Tantrik seks
Tantrizm altı min il bundan əvvəl yaranmış cərəyandır. Burada əsas məqsəd insanı ruhani inkişafa seks vasitəsilə çatdırmaqdır. Tantrik seks hind tantrlarından çıxarılmış təcrübələrdən biridir. Burada əsas məsələ tərəfdaşların səmimi və mənəvi yaxınlığıdır. Öz seksual enerjisini idarə etmək bacarığı insanın daxili inkişafına güclü təkan verir. Kişi və qadın birləşməsi bədən və ruhun birləşməsidir, ilkin birliyə qayıdışdır.
Qadın enerji tədarükü görür və cinsi akt zamanı onu kişiyə ötürür. Bu zaman qadının enerji ehtiyatları azalmır.
Qədim Hindistanda qadınlar
Vaxtilə Bxanqasvan adlı əfsanəvi şah yaşayırdı. Tanrıların iradəsi ilə ona həm kişi kimi, həm qadın kimi yaşamaq nəsib olmuşdu. Tanrılar ondan soruşanda ki, qalan ömrünü hansı cilddə yaşamaq istərdi, Bxanqasvana, düşünmədən cavab verdi ki, o qadın kimi qalmağı seçir. Qədim müdriklərə görə, qadın kişidən fərqli olaraq, yeməkdən iki dəfə çox zövq alır. O, kişidən dörd dəfə ağıllı, altı dəfə cəsurdur. Üstəlik, seksdən səkkiz dəfə çox ləzzət alır.
Lakin qadının vəziyyəti evdə istənilən səviyyədə deyildi. İnduizm hesab edirdi ki, qız doğulmaq əvvəlki həyatında etdiyin günahın cəzasıdır. Antik Hindistanda qızlar on iki yaşdan tez olmayaraq ərə gedərdilər. Lakin orta əsrlərdə artıq altı-səkkiz yaşlarda onları ərə verirdilər. Əgər gənc qızın evdə qardaşı yox idisə, ona görə pulu az verirdilər. Ailədə subay yaşlı qız və ya bacısı olmaq eyib sayılırdı.
Bir qız ərə gedərkən ər evinə köçürdü. Onun həyatı tamamilə ərinə və ona qulluğa həsr olunurdu.
Məhəbbət qurbanı olan və əzablı gəlin taleyindən qaçan qadınlar yaxşı vəziyyətdə deyildilər. Onlar bir kişinin deyil, yanlarına gələn bütün kişilərin (hökmdarlardan tutmuş əsgərlərinəcən) qayğısın çəkmək və sevmək məcburiyyətində qalırdılar.
Əri ölən qadının dul qalması biabırçılıq hesab edilirdi. O, saçlarını qırxır, özünün bütün zinət əşyalarından məhrum olur və yalnızca sadə yeməklə qidalanırdı. Bununla əlaqədar bir çox qadınlar öz ərləri ilə birgə ölməyə üstünlük verirdilər ki, bu da onlar tərəfindən atılan ən layiqli addım sayılırdı.
Qədim Hindistan hökmdarlarının əksəriyyətinin öz arvadları ilə yanaşı kənizləri də var idi. Əfsanələrə görə, hind şahı olan Tambanın (e.ə. VI əsr) hərəmxanası bəşəriyyət tarixinin ən böyük hərəmxanası hesab edilirdi. Onun 16 min kənizi var idi. Bu saysız-hesabsız hərəmləri onun əsas arvadı olan Sussondi idarə edirdi.
Fahişəlik və qrup seks
Pula qarşılığında seks anlayışının özü təxminən eramızdan əvvəl 1700-ci ildə yaranmışdı. Eramızın əvvəlində fahişə mənasını daşıyan terminlərin sayı çoxaldı. Həmin vaxt artıq bu peşəni ifadə edən üç yüzdən çox söz var idi.
Məsələn, Kamasutranın 64 növünü öyrənmiş fahişələr qanika adlanırdı. Məbədin sevgi kahini olan devadasi, öz geyim və bəzək əşyaları ilə kişiləri ələ alan ucuz fahişə veka adlanırdı, kişilərin dalınca qaçana isə pumskali deyirdilər.
Qədim Hindistanda bir inanc var idi: Əgər qabağına fahişə çıxardısa bu, yaxşı əlamət sayılardı. Dul qadınla rastlaşmaq isə bəd əlamət sayılardı. Fahişələrin xidmətindən xoşbəxt olan kişi öz xoşbəxtliyindən arvadına danışa bilməzdi. Əgər arvadı bu barədə bilsəydi, onun tam hüququ var idi ki, ərinə qulluq etməsin, hətta ondan məkrli qisas alsın.
(ardı sabah)