7 İyun 2014 20:57
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda təzə emalatxanaya köçdüm. Əşyalarımı yerləşdirirdim, divardan rəsmlərimi asırdım. Sevimli pişiyim Məsi isə ortalıqda dolaşırdı. Məndən fərqli olaraq o, otaqdakı yerini daha tez tapdı.

İki həftədən sonra pişiyimin sığındığı küncdə qəribə bir hadisə baş verdi: gecə saat on ikini göstərirdi. Birdən müəmmalı bir mavi işıq zolağı ötəri olaraq sayrışıb pişiyin xumarlandığı yerdə fırlandı və yox oldu. İşıqla birlikdə Məsi də yoxa çıxdı. Öncə düşündüm ki, yəqin qarabasmadır. Fikir verməyib yenidən oxuduğum kitaba qayıtdım. Ancaq bir saat sonra həmin mavi işıq bir daha peyda olub otağın sağ küncünü şəfəqləndirdi. İşıq zolağı çəkilən kimi gördüm ki, Məsi öz küncündə uzanıb.

Nə baş verirdi? Kimsə sehirbazlıqla məşğul idi? Axı otaqda Məsiylə məndən başqa kimsə yox idi. Qorxa-qorxa Məsinin uzandığı küncə yaxınlaşdım. Özüm-özümə təskinlik verdim: “Adi bir otaq küncüdür, başqa bir şey deyil. Başımı buladım. Məsini sığalladım”.

Sonrakı gecə gözümü kitabdan ayırıb bir tərəfə qoydum, saatın 12-ni vurmasını gözləməyə başladım. Yuxu məni üstələyirdi. Barmağımı çərtib yaraya duz basdım...

Saat 12-ni vuranda mavi işıq peyda oldu. Bir anlıq ortalıqda sayrışıb otağın sağ küncünə yönəldi. Məsi mətbəxdə öz qabından yemək yeyirdi. Mən dərhal özümü otağın sağ küncünə saldım. Mavi işıq çevrəmdə bir dövrə vurub yox oldu. İşıqla birlikdə otaq da gözümdən itdi.

Parisə səyahət

Bir də gözümü açdım ki, yad bir şəhərdə, naməlum bir zamandayam. Daş döşənmiş bir şəhərin küçəsində tənha dayanmışam. Şəhərin adını tapmaqda çətinlik çəkmədim. Uzaqdan Eyfel qülləsi görünürdü. Deməli, Parisdəydim. Alatoranlıq idi. Küçələrdə adda-budda faytonlar, səs-küylü retro maşınlar görünürdü. Elektrik fənərləri zəif işıqla şölələnirdi.

Bura Parisdir. Mən hansısa naməlum bir qüvvənin təsiri altında gəlib 20-ci əsrin əvvəllərinə, Fransaya düşmüşdüm. Görəsən, niyə başqa bir ölkəyə, başqa bir şəhərə deyil, məhz Fransaya, Parisə? Hə, yadıma düşdü. Mən axı Anri de Peryuşonun "Sezannın həyatı" kitabını oxuyurdum. Kitabda XIX-XX əsrin məşhur rəssamlarından olan Sezann haqqında söhbət açılırdı. Hadisələr isə XIX əsrin sonlarında, Parisdə cərəyan edirdi.

Əlimə heç kimə qismət olmayan, gözəl bir fürsət düşmüşdü. Mən bütün sənət kanonlarını, bütün stereotipləri dağıdan rəssamların yaşadığı dönəmə düşmüşdüm. Hələ geri necə qayıdacağımı bilməsəm də, dahi rəssamlar, heykəltəraşlarla mütləq görüşüb söhbət etməli idim. Yaxşı ki, vaxtında fransız dilini öyrənmişdim.

Parisdə rəssamları, digər sənət adamlarını tapmaq o qədər də müşkül məsələ deyil. Monmartr onların məskənidir. "Gerbua" kafesi onların sevimli toplanış məntəqəsidir. Onlar ağır yaradıcılıq əzablarından sonra gecələr bu kafeyə yığışıb siqar şəkir, çaxır, absent içirdilər.

"Gerbua" kafesi küçənin başındaydı. Yavaş-yavaş kafeyə doğru addımladım. İri pəncərədən içəri baxdım. Kafedə adam çox deyildi. Elə bil ürəyimi kimsə barmaqları arasına salıb sıxdı: Emil Bernarla Pol Qoqen sol tərəfdəki yumru masanın arxasında oturub nə isə barəsində qızğın mübahisə edirdilər. Onlardan bir az aralıda Anri de Tuluz Lotrek dizinin üstündə oturmuş qızın belini qucaqlayıb onun qulağına nə isə pıçıldayırdı. Onun saqqalı qızın zərif dərisinə toxunduqca xanım ucadan şaqqanaq çəkib gülürdü. Lotrek bu zaman bir az aralanıb qarşısındakı badəni qaldırır, iri, ətli dodaqlarına söykəyib qurtumlayırdı.

Qapını açıb içəri keçdim. Mənim gəlişim heç kimi təəccübləndirmədi. Əynimdəki paltar da kimsənin diqqətini çəkmədi. Hərə öz dünyasındaydı. Hə, əlbəttə, bura axı Parisdir. Burada heç kimi təəccübləndirə bilməzsən.

Ağzım açıq qalmışdı. Qarşımda bütün dünya incəsənətini çalxalayan rəssamlar oturmuşdular. Onların hamısı ilə söhbət etmək istəyirdim, ancaq hansından başlayacağımı qət edə bilmirdim. Mənə ən yaxın olan masanın arxasında Renuarla Roden oturmuşdu. Bəxtimi onlarla sınamağa qərar verdim. Ayağa qalxıb masalarına yaxınlaşdım:

- Bağışlayın, cənablar, mən bu şəhərdə qəribəm, sifariş etdiyim absentin pulunu ödəməyə belə gücüm çatmayacaq. Mənə yardımçı ola bilərsinizmi?

Renuar gülümsünüb saqqalını sığalladı, Roden isə heç başını qaldırmadan: "Buyurun",-dedi,- "bizim masamızın arxasına keçə bilərsiniz. Şivənizdən fransız olmadığınız aydındır, haradan gəlmisiniz?"

Mən öz absent şüşəmi və badəmi götürüb onların masasının arxasına keçdim. Təşəkkür edib əyləşdim:

- Mən çox uzaq bir ölkədən gəlmişəm. Azərbaycandan.

- Azərbaycandan? Bu ölkə Afrikadadır?

- Xeyr. Asiya ilə Avropanın birləşdiyi bir yerdədir. İranla Rusiyanın arasında.

- Siz bura gəmiylə gəlmisiniz?

- Bu suala vicdanla cavab versəm mənə inanmayacaqsınız. Yalan danışmaq isə istəmirəm.

- Siz narahat olmayın, - Renuar dedi, - biz incəsənət adamlarıyıq. Suala vicdanla cavab verə bilərsiniz.

- Cənablar, mən XXI əsrdən gəlmişəm.

- Yəni neçənci ildən və necə?

- 2014-cü ildən. Çox qəribə bir tərzdə buraya düşmüşəm - emalatxanamın sağ küncündə bir mavi işıq parladı və mən gözümü açanda özümü Parisdə gördüm. İndi neçənci ildir?

- 1913-cü il. Emalatxanadan? Siz rəssamsınız?

- Bəli.

- Siz ciddisiniz? Buna necə inanmaq olar?

- Bəli. İnanmırsınızsa, mən sizə bu kafedə oturanların hamısı haqqında danışa bilərəm.

- Siz onlarla tanışsınız?

- Bəli, kitablardan. Mən sizin hamınızı tanıyıram. Sizin haqqınızda yüzlərlə kitab yazılıb. Müsyö Rodeni də, sizi də, müsyö Renuar, bu kafedə oturan digər rəssamları da tanıyıram. Çünki sizin haqqınızda çox oxumuşam. Və sizin hər birinizlə söhbət edib bu söhbətləri qələmə almaq istəyərdim.

- Çox maraqlıdır, - Roden dilləndi. - Çox. Gəlin, belə zənn edək ki, biz sizə inandıq. Nə var sizin əsrdə? Bizdən nə ilə fərqlənir?

- Müsyö Roden, mən sizinlə və digər rəssamlarla, heykəltəraşlarla bu haqda uzun-uzadı söhbət edə bilərəm. İcazə verin, gələn dəfə Parisə səfər edərkən sizin emalatxananızı ziyarət edim. Mən həm sizə, həm də dostunuz müsyö Renuara öz əsrim, ölkəm, onun insanları, texnikası haqqında söhbət açaram. Siz isə məni digər rəssamlarla tanış edərsiniz. İnandırıram sizi - bu söhbətlər Azərbaycanda maraqla qarşılanacaq. Axı belə şans hər adama qismət olmur.

- Nə deyirəm. Hə, Oqüst? Bu cavan rəssama bir imkan yaradaqmı?

- Əlbəttə! Çox maraqlıdır. Sizin adınız nədir, müsyö?

- Fərhad. Fərhad Yalquzaq.

- Siz müsəlmansınızmı?

- Xeyr, ateistəm.

- Çox qəribədir. Adınız müsəlman adına bənzəyir.

- Elədir, müsyö Renuar. Çox heyif ki, biz doğulan zaman özümüzə ad seçə bilmirik. Valideynlərimiz isə bizim hələ olmayan fikrimizlə hesablaşmağa məcbur deyil.

- Doğrudur, müsyö Yalquzaq. Deməli, sabah axşam? Elə burada görüşərik, siz müsyö Rodenlə söhbət etmək üçün onun emalatxanasına gedərsiniz. Sonra isə başqa bir gün mən də sizi öz villamda qəbul edərəm. Mənim üçün çox maraqlıdır: görəsən, XXI-ci əsrdə incəsənət hansı mərtəbəyə gedib çatıb?

- Mən sizə danışaram, müsyö Renuar. Çox sağ olun ki, məni dəli hesab etmədiniz.

- Buyurun cavan oğlan.

Sağollaşıb onların təəccüblü baxışları altında kafedən çıxdım. Geri necə qayıdacağımı bilməsəm də, ilk dəfə ayağım dəydiyi yerə gəldim. Mən o səkinin üstünə ayağımı basanda mavi işıq qəfildən peyda olub bir anlıq ətrafımı bürüdü. Gözümü yumdum. Gözümü açanda artıq emalatxanadaydım. Məsi mənə baxıb miyoldayırdı.

P.S. Əziz oxucular, mən əlimə düşən bu imkandan istifadə edib tez-tez müxtəlif əsrlərə yollanıb rəssamlar, heykəltəraşlar, musiqiçilər, yazıçılarla görüşəcəyəm və bu görüşlərimin təfərrüatlarını sizlərlə bölüşəcəyəm. Lütfən, inad etməyin, heç kimi emalatxanama buraxmaq fikrində deyiləm. Bu şans yalnız mənə aiddir.

1937.az/Fərhad Yalquzaq


Müəllif: