6 Yanvar 2016 14:00
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Nəriman Qasımoğlunun “Din və fanatizm” məqaləsini təqdim edir:

Fanatizmi, elmsizliyi təşviq və himayə edən, zülmətə, terrora şərait yaradan kəslərin arasında hər zaman olduğu kimi 3-cü minillikdə də dini təmsil iddiasında olan qrupların, insanların özəl xidmətləri var.

Bu gerçəyə işıq tutan bir Quran ayəsi: “İnsanlar vahid bir ümmət idi. Tanrı göndərdi peyğəmbərləri müjdələyələr, xəbərləyələr. Və onlarla haqq olaraq Yazını endirdi hökmlər verə insanlar arasında çəkişmədə olduqları nəsnələr barəsində. Yazı verilənlərdən özgələri deyildi də özləriydi ki, bunlara aşkar dəlillər gəldikdən sonra düşünüşüb düşdülər bir-birinin üstünə. Tanrı yenə Özünün izni ilə yönəltdi inananları o haqqa ki, barəsində ixtilaflı idilər. Tanrı yönəldir də dosdoğru yola istədiyi kimsəni”*(İnək surəsi, 213).

Burada diqqət öncə bəşər tarixinin başlanğıcına yönəldilir. Elə bir dövrə ki, ayədə “vahid ümmət” deyimilə ifadə edilən insan birlikləri fitrət diniylə, yəni təbiət qanunlarının tələblərilə tənzimlənirdi. Sonrakı zamanlara xas qaydalar, yasaqlar yox idi. Peyğəmbərlərin gəlişi insanların şüurlu həyata doğru təkamülü prosesinə təsadüf edir. Və Tanrı elçilərilə bərabər insan övladlarına yaxşını pisdən, xeyiri şərdən, işığı qaranlıqdan ayıran kosmik-ilahi məlumatlar, yəni vəhylər göndərilir. Bundan sonra toplumdakı ziddiyyətlərin katalizatorları isə, ayədən göründüyü üzrə, məhz müqəddəs Kitabların, məlumatların təbliği missiyasını həyata keçirənlər olmuşlar. Allahın vahid dinini subyektiv qənaətlərinə görə parçalayıb bölücülük əməllərinə alət edənlər din adından danışanlar cəbhəsində aşkarlanır.

Quran məntiqi din adından təmsilçilik, strukturlaşma, partiyalaşma, qütbləşmə məsələsinə qarşı kəskin münasibətdədir. Ayələrdə rahiblərə, keşişlərə, xaxamlara tapınanların da (“Tanrını buraxıb xaxamlarına, rahiblərinə Rəblər olaraq tapınmış onlar. Məsih Məryəmoğluna da. Onlara buyurulmuşdu yalnızca bir ilaha qulluq qılalar. Ondan başqa ilah yox. O ucalar ucası, ucasında o nəsnənin ki, ortaq qoşurlar” – Tövbə surəsi, 31), dində bölücülük salıb partiyalaşanların (“Dindən olan o nəsnəni sizə qanun bildi ki, onu Nuha tapşırdı və sənə vəhy eylədik, İbrahimə, Musaya, İsaya da tapşırdıq: siz dini dosdoğru tutun, din içində firqə-firqə bölünməyin. Ağır gəlmiş bütçülərə sənin çağırdıqların. Tanrı seçər Özünə istədiyi kimsəni, Özünə yönləndirər haqqa yönələn kəsi” – Şura surəsi, 13) da tənqidi bu münasibətdən doğur.

Bu məsələyə müqəddəs Müjdənin də münasibəti açıqdır: “İnsan oğlu baş kahinlərin və qanunçuların (dini mətnlərə yozum verən din xadimlərinin) əlinə veriləcək, onlar da onu ölümə məhkum edəcəklər”** (Matta, 20:18). Din təkəbbürlülərinə qarşı müqəddəs Müjdədən səslənən başqa suçlamalar: “Vay halınıza, qanunçular, fəriseylər (dini firqə), ikiüzlülər! Siz riyakarcasına uzun-uzadı dualar edə-edə dul qadınların evlərini talayırsınız... (20:14); “Vay halınıza, qanunçular, fəriseylər, ikiüzlülər! Bir nəfəri imana gətirmək üçün siz dənizi, qurunu dolaşırsınız. Gətirəntək beləsini imana, özünüzdən ikiqat cəhənnəm övladına çevirirsiniz” (20:15).

Müqəddəs Müjdədə də, Müqəddəs Oxuda da tənqidə tutulan din təmsilçilərinin sosial bazası əsasən bəsirətsizlərdən, fanatiklərdən ibarətdir. Bu biçarələr toplumda müəyyən məqamlara sahib din böyüklərinin şəxsi maraqlarına xidmət edə-edə əslində tək Tanrıya qulluq şərafətindən məhrum duruma düşürlər. Beyinləri ilahi məlumatlardan xəbərsizlərin davranışları, əməlləri mahiyyətcə təhrifli dini təsəvvürlərlə tənzimlənir ki, bunların da yaratdığı qaranlıq mühitdə tərəqqiyə, yüksəlişə, aydınlığa, azadlığa yer olmur.

Ayələrdə göstərilənlər tarix güzgüsündə də aydın görünür. Katolik-protestant qanlı savaşı ilə möhürlənmiş məşhur Varfolomey gecəsi, orta əsrlərin xristian inkvizisiyası Qərb tarixinə hansı ləkələr gətirmişsə, sünni-şiə davaları, dinsizlik suçlamalarıyla azadfikirlilik mücahidlərinə tutulan divanlar və s. də Şərqin din tarixinə eləcə başıaşağılıq gətirən epizodlardan sayıla bilər. İmadəddin Nəsiminin “ənəlhəqq” – “haqq mənəm” bəyanı şəriətçiləri ona görə qorxuya salırdı ki, həmin bəyanın doğurduğu impulslar toplumda insan azadlıqlarının təsdiqinə, təkcə Tanrıya xidmətin aparıcı dini məfkurəyə çevrilməsinə yönəlmişdi.
Xalis dinlə “dini” fanatizm bir-birinə rəqib cəbhələrdə fəaliyyət göstərir. Birincisi azadfikirliliyin, dialoqun, tərəqqinin tərəfdarıdırsa, ikincisi qeyri-insani dəyərləri opponentlərinə zor gücünə sırımaq xislətilə özünü tanıdır. Söhbət konkret halda İslamdan gedirsə, birinci ortaya aşkar dəlillər qoyan aydın anlamlı, zamanüstü Oxu ayələrinə söykənirsə, ikinci müqəddəs Kitabımıza paralel olaraq tapınılan digər mənbələrə - hədislərə, rəvayətlərə, təriqət və məzhəblərin toxunulmaz statuslu ideoloji platformasına əsaslanır. Və gözümüz önündə radikal ifadəylə söylərsək, elmlə elmsizliyin, azadlıqla köləliyin, aydınlıqla qaranlığın qütbləşməsi sərgilənir.

“Lə ikrahə fi-d-din”, yəni “dində məcburiyyət yoxdur” (İnək surəsi, 256). “Məcburiyyət” insan iradəsinə kənardan zorakı müdaxilə deməkdir. Insan haqlarını müqəddəs tutan Quran-i Kərim dindarlığın özəl əlaməti kimi azadlıq dəyərlərinə hörmətlə yanaşma zərurətini önə çəkir. Və diqqəti ona cəlb edir ki, xalis din “məcburiyyət”in olmadığı mühitdə üzə çıxa və ərsəyə gələ bilər. Ayənin ardı və növbəti ayə belə tamamlanır: “Doğruya yön tutan ağıl azdırandan ayrılıb aydın olmuş. Kim danarsa o zalım, qəddar bütü, inanarsa Tanrıya, yapışıb tutmuş olar o möhkəm teldən – qopub-qırılmağı yox. Tanrı eşidəyən, biləyən. Tanrı inananların yarı, zülmətlərdən aydınlığa çıxarar da onları. Dananların dostlarısa o zalım, qəddar büt ki, aydınlıqdan zülmətlərə çıxarar bunları. Belələri od əhli, qalarlar içində uzun-uzadı”. Ümumən təlqin edilən odur ki, “məcburiyyət”, yəni basqılar, təqiblər, təzyiqlər olmayan yerdən, insan haqlarının qorunduğu mühitdən Tanrının nuru da, xoşbəxtlik də əskik olmur. Din də elə əslində budur!

Məcburiyyət yasağı peyğəmbər missiyasına da aid edilir. Bütün Tanrı elçilərinin görəvi yalnız ilahi vəhyləri insanlığa çatdırmaqla bitir. Bunu da peyğəmbərimizə ünvanlanan məlumatdan öyrənirik: “Əgər üz döndərsələr..., Biz səni göndərməmişik göz olasan onlara. Sənə düşən çatdırışdır sadəcə...” (Şura surəsi, 48); “Üstündə öhdəlik yox yönəldəsən onları...” (İnək surəsi, 272). Təsəvvür edin, peyğəmbərə belə başqalarını fikirlərindən daşındırmaq üçün zora güvənmək haqqı tanınmadığı halda (özü də söhbət ayrı nəsnədən yox, məhz Allah kəlamının qəbul etdirilməsindən gedir!), hansısa “din” təəssübkeşi “din” yolunda kimisə nəyəsə məcbur etməyi özünə rəva bilir. Və yəqin ki, bilməzliyi üzündən hansı günaha batdığının da fərqində olmur.

Islamda bir ictihad məsələsi var, yəni ilahi hikmətlərin açımında, yozumunda yaradıcı zəkaya söykənən sərbəstlik. Dinimizi zaman-zaman yaşadan, onun gələcəyini təmin edən bu yozum sərbəstliyi də İlahinin Öz zəmanətindədir: “Bunu tələsdirmək üçün sən dilini tərpətməyəsən. Şəksiz, Bizim üstümüzdə bunun toplanışı, bunun Oxusu. Biz bunu oxuyanda izlə bunun Oxusunu. Sonra bunun açımı Bizim Öz öhdəmizdə” (Qiyamət surəsi,16-19). Sonuncu cümlə müqəddəs Oxu hikmətlərinin peyğəmbərdən üzü bu yana və sonsuzluğadək davam edəcək təfsirlərinə işarədir. Deməli, peyğəmbərlik bitmişsə də, peyğəmbər ötürücülüyülə bəşəriyyətə göndərilmiş ilahi ismarışın elmə, tərəqqiyə, mənəviyyata – bütün ucalıqlara təkan verən yaradıcı impulsları kəsilməyəcək! Və belə olan halda yenə də təsəvvür edin, hansısa “din” təəssübkeşi başlayır əski dövrlərdən qalma ictihadlara (təbii ki, zamanına görə dəyərli şəxsiyyətlərin ictihadlarına!) istinad edə-edə dediyini deyir, yeni yozumlarla ictihadda bulunan başqalarını dinsizlikdə və daha nələrdə suçlayır.

Müqəddəs Kitabımızda kosmik-ilahi məlumat səpkisindəki vəhy anlayışı həm də elm adlandırılır. Yəni, ayələr elmdir, insan zəkasını ulu Tanrını dərk yollarına yönəldən elm. Ayələrsiz-elmsiz hansı dindən söhbət gedə bilər? Ayələrdə-elmdə olmayan nəsnələri dinimizə gətirib yaşatmağa nə hacət. Aydındır ki, İslama müqəddəs Oxu nüzulundan sonrakı dövrlərin bəzi bütpərəst əlavələri obyektiv səciyyə daşımır və bunlar zamanların, siyasətlərin, milli gələnəklərin təsirilə gəlişmişdir. Bu tarixi-milli, tarixi-siyasi, tarixi-ənənəvi əlavələri elmi-obyektiv informasiyada tapmırıq. Tanrı Öz elçisinə ayələrdən-elmdən kənara çıxmamaq barədə xəbərdarlıq edir: “...Əgər sənə gəlmiş elmdən sonra onların istəklərinə uyacaq olsan, Tanrıdan sənə nə bir yar olar, nə bir qoruyan” (Göy gurultusu surəsi, 37). Zənnimcə, bu xəbərdalıqdan ilk nöbvədə dindarlar nəticə çıxarmalıdırlar. Çünki elmsizlik bir əqli mərəz olaraq duyğulara da yoluxur, hissləri həssaslıqdan salıb korşaldır, insanı insanlığından edir. Bunu Quran belə deyir: “Tanrı möhürlər beləcə bilməzlərin qəlbini” (Rumlar surəsi, 59). Möhürlü ürəklər ayələrdə azarlı, xıltlı ürəklər mənasında qələmə verilir. Haqqı, insafı, ədaləti, azadlıq dəyərlərini qəbul etməkdə çətinlik çəkən, ürək açıqlığına, insaniliyə qapalı olan xislət daşıyıçısının ürəyi Tanrı tərəfindən möhürlənmiş durumdadır. Bu zavallının dini də batildir: “İnsanlardan eləsi var bəhs eyləyər Tanrının barəsində elmsizcəsinə. Hər tərs, dikbaş şeytana uyar beləsi” (Hacc surəsi, 3).

Beləliklə, din bürüncəkli fanatizmə dair ən kəskin sözü Quran deyir. Ayrı-ayrı təriqət və məzhəblərə bağlı şəriət hökmlərində isə vəziyyət başqadır, bunların təşviq və tərbiyə etdiyi fanatizmdir. Məsələn, Xomeyninin “Məsələlərin izahı” əsərində özgə din mənsubları “nəcislərin” – murdarlıqların siyahısında yer alır. Dini dözümsüzlüyün islam adına qələmə verilən ifadəsi tənqidə o qədər dözümsüzdür ki, bəlkə geniş şərh verməyə ehtiyac da yox. Yetər ki, Quran açaq: “İnananlar, yəhudilər, xristianlar, sabiilər, o kəslər ki, inanmışlar Tanrıya, axır günə, xeyir-barış yaratmışlar – ödüncləri Rəblərinin qatında...” (İnək surəsi, 62); “İnsanların bir qismini digərilə Tanrı qorumasaydı, dağılardı monastrlar, kilsələr, sinaqoqlar, məscidlər ki, çox anılır oralarda Tanrı adı...” (Hacc surəsi, 40). Başqa din mənsubları ilə yardımlaşma və əməkdaşlıq çağırışına, bu ilahi buyuruğa məhəl qoymayan “şəriət islamı” belə xoşməramlı ünsiyyət qapılarını dindarların üzünə qapayır.

“Murdarlıqlar”ın siyahısına dini mənsubiyyəti hələ müəyyənləşməmiş, yeniyetmə yaşına çatmamış uşaqlar da salınır – nənəsi, babası, atası, anası müsəlman olmayan uşaqlar. Sadalanan doğmalardan biri müsəlmandırsa, bu uşaqlar pak sayılırlar. Anadan suçsuz doğulmuşlara qeyri-insani münasibət göz qabağında. Bu müstəvidə dini mənsubiyyətin irsi məsələ ilə əlaqələndirilməsi cəhdi də duyulur. Müqəddəs Oxu məntiqinə görə, təkcə bütpərəstliklə yoğrulu dinlər ata-baba dinləri olaraq nəsildən-nəslə ötürülür. Ulu Tanrıya tapınmaq, Ona iman gətirmək isə tamamilə fərdi aksiyadır. Və Tanrı-insan münasibətlərində hər hansı vasitəçilik aradan qalxırsa, qohumluq bağları da o sıradandır. Ayələrdə İbrahim peyğəmbərin atası, Nuh peyğəmbərin oğlu, Lut peyğəmbərin zövcəsi, Məhəmməd peyğəmbərin əmisinin (Əbu Ləhəb) küfr sahibləri olaraq təqdim edilməsi bu məsələnin ayrı-ayrı təfərrüatlarla incələnməsidir.

Ümumiyyətlə, mövhumatçılıqdan doğan “dini” fanatizm eyibləri Quran işığında daha çox faş ola bilir. Bundan dəhşətə gələn “din” təəssübkeşi, “din” təkəbbürlüsü, “din” dəllalı özünü itirir, başlayır müqəddəs Kitabımızda nöqsanlar axtarmağa. Din diliylə desək, meyllənir gizli şirkdən açıq şirkə.

Quranda daşqalaq etmə cəzası yoxdur. Bu cəzanı həyata keçirmiş şəriətçilərin istinad etdikləri mənbələr – bəzi rəvayətlərdə, hədislərdə iddia olunur ki, guya daşqalaq məsələsi “Əhzəb” surəsində olubmuş və Osman Üffan oğlunun xəlifəliyi dövründə surələr Kitab halına salınarkən ixtisara düşüb. Və həmin surə 73 sayda deyil də guya 200-dən yuxarı ayədən ibarətmiş. Müqəddəs Kitabımızın tamlığına açıq şəkk gətirmək mərəzinin yoluxduğu bu fikirlərə İlahinin Öz cavabı var: “Biz endirdik, Biz Anımı (Quranı). Biz də gerçəkdən onu hökmən qoruyanlarıq” (Hicr surəsi, 9). Ilahi mətnin əskikliklərdən, əlavələrdən arınmış olduğu, tamlığı, bütövlüyü indi bəzi riyazi hesablamalar yoluyla da təsdiqlənir. Təbii ki, Qurandan xəbərsizin bundan nə xəbəri.

Quran hikmətləri mahiyyət etibarilə zamanüstü olduğundan ilahi mətndən hər hansı statik “cinayət məcəlləsi”nin, sabitləşmiş hüquq qaydalarının çıxarışına cəhd göstərmək əbəsdir. Bununla belə diqqəti ona yönəltmək istərdim ki, ayələr toplumun mənəvi durumunun dəyişkənliyinə uyğun parametrlər üzrə hüquq qaydalarının yaradıcı istiqamətdə tətbiqinə sadəcə olaraq gözəl impulslar verə bilər.

Fanatizm bütün təzahürlərində dağıdıcı mahiyyətdədir. Bunları geniş ölçüdə çeşidləmək də olardı. Yalnızca onu qeyd edim ki, fanatizmin gerçək mənada heç bir islami yönü yoxdur. Bu mərəzin üzərindən din pərdəsi götürüldükcə onun qeyri-insani təfərrüatları daha çılpaq görünüşdə üzə çıxır. Və tamamilə aydındır ki, ümumi xoşbəxtliyimiz naminə ulu Tanrıya yaxınlaşmağımızın bir yolu da İslam adını bu biabırçı görüntülərdən azad etməkdir.

ƏDƏBİYYAT

*Quran ayələri müəllifin tərcüməsində təqdim edilir
**İncil, Əhdi-cədid, Bibliya tərcümə institutu, Stokholm, 1995
***Seyyid Ruhulla Xumeyni əl-Musəvi, Tozihil-məsail, Bakı-“Təzə Pir” məscidi, Əlhuda nəşriyyatı, səh.16)


Müəllif: