7 Yanvar 2016 12:03
917

Teleqraf.com Saday Budaqlının tərcüməsində Akutaqava Rünesko “Aqni Allah” hekayəsini təqdim edir:

Bu hadisə Çində, Şanxay küçələrinin birində baş verib. Hətta gündüz də alaqaranlıq olan evin ikinci mərtəbəsində qaşqabaqlı bir hindli qarı ticarətçiyə oxşayan amerikalıyla nə haqdasa çox ciddi söhbət eləyirdi.

– Nənəcən, istəyirəm yenə falıma baxasınız, – amerikalı təzə siqar yandıraraq dedi. – Məxsusi bundan ötrü gəlmişəm.

– Falına baxım? Mənciyəz söz vermişəm hələlik bununla məşğul olmayım, – qarı diqqətlə, gizli bir kinayəylə qonağa baxa-baxa cavab verdi. – Zəhmət çəkib fal açırsan, bəziləri heç düz-əməlli haqq da vermir.

– Mənsə yaxşı haqq verəcəyəm, – amerikalı qarının qabağına saymazyana üç yüz dollarlıq çek atdı. – Bu behdi. Əgər falınız düz çıxsa, yenə alacaqsınız.

Qarı üç yüz dollarlıq çeki görüb o dəqiqə yumşaldı.

– Çox verirsiniz, lap utandırırsınız məni. Hə, nədən ötrü baxdırmaq istəyirsiniz?

– Məsələ belədi, – ağzından siqarı çıxarmadan amerikalı gülümsədi, – ümumiyyətlə, Amerikayla Yaponiya arasında müharibə nə vaxt başlanacaq. Əgər bunu dəqiq bilsək, biz ticarətçilər pis qazanmarıq…

– Onda sabah gəlin. Fal açıb sizə lazım olanların hamısını öyrənərəm.

– Eləmi? Amma mümkünsə, məni pis vəziyyətdə qoymayın.

Qarı təşəxxüslə sinəsini qabartdı.

– Artıq əlli ildir fala baxıram, ancaq bir dəfə də səhv etməmişəm. Siz bilirsinizmi ki, mənə bu işdə Aqni allahın özü kömək edir?

Amerikalı gedəndən sonra qarı qonşu otağa açılan qapıya yaxınlaşıb çığırdı:

– Xuaylyan, Xuaylyan!

Səsə bir gözəl çin qızı gəldi. Görünür, həyat onu sıxırdı. Dolu yanaqlarının rəngi qaçmışdı.

– Sən orda nə qurdalanırsan? Doğrudan da, səndən abırsızı çətin tapılar. Yenə də mətbəxdə köpürdün?

Xuaylyanı nə qədər danlasaydılar da, həmişə gözlərini aşağı dikib susurdu.

– Qulağını aç eşit. Bu gecə yenə Aqni allahdan diləyimiz olacaq. Bunu yaxşı yadında saxla və hazır ol.

Qız qəmli gözlərini qaldırıb qarının sifətinə baxdı.

– Bu gecə?

– Bu gecə, düz on ikidə. Bax ha, yadından çıxmasın. – Qarı barmağını yuxarı qaldırıb qızı hədələdi. – Burnunu özgə işinə soxsan, mənə mane olsan, günahı özündə gör. Bilirsən ki, səni öldürmək mənim üçün cücə başı üzməkdən asandır.

Qarının üzü birdən dartınıb qurudu. Tez qıza baxdı və gördü ki, qız pəncərənin qabağında dayanıb qəmli-qəmli küçəyə boylanır.

– Orda nə görmüsən?

Xuaylyanın rəngi bir az da qaçdı və yenə gözlərini qarıya dikdi.

– Eybi yox, eybi yox. Əgər adam yerinə qoymursansa, demək, məni hələ yaxşı tanımırsan. Hələ ağzın isti yerdədir.

Qarı acıqlı-acıqlı süpürgəni götürüb qolayladı. Tərsliyə bir bax! Düz elə həmin an kiminsə addım səsləri eşidildi və qapını bərk-bərk döydülər.

***

Həmin gün, həmin vaxt evin qabağından cavan bir yapon keçirdi. İkinci mərtəbənin pəncərəsində görünən çinli qıza gözü sataşanda yerindəcə donub qaldı.

Bu vaxt ona bir çinli arabaçı yaxınlaşdı.

– Mənə bax! Bilmirsən, orda, ikinci mərtəbədə kim yaşayır? – deyə arabaçıdan soruşdu.

Qoşqunu əlindən buraxmadan arabaçı başını qaldırdı.

– Orda? Orda hansısa bir hindli qarı yaşayır, – kinli-kinli deyib getməyə tələsdi.

– Dayan görüm, Nə qarıdı elə?

– Falçıdı. Deyirlər, hətta cadu da bacarır. Bir sözlə, yaşamaq istəyirsənsə, onun yanına getməsən yaxşıdı.

Çinli getdi, yapon isə əllərini qoynunda çarpazlayaraq fikili-fikirli dayandı, sonra, görünür, nəsə qərara alıb tələsik evə girdi. Bu vaxt qızın ağladığını, qarının söyüşünü eşitdi. Yapon birnəfəsə alaqaranlıq pilləkənləri qalxıb var gücüylə qapını döydü. Qapını tez açdılar. Ancaq otaqda təkcə qarını gördü. Qız artıq yox idi, yəqin qonşu otaqda gizlənmişdi.

– Sizə mən lazımam? – Qarı nəsə hiss edib, diqqətlə gələnin üzünə baxdı.

– Sən, deyəsən, falçısan. – Əllərini qoynunda çarpazlayıb yapon da öz növbəsində nifrətlə qarıya baxdı.

– Hə.

– Onda daha soruşmaq nəyə lazım? Onsuz da aydındı. Falıma bax.

– Nədən ötrü baxdırırsan?

Qarı yapona get-gedə lap şübhəylə göz qoyurdu.

– Ötən yay mənim ağamın qızı itib. Elə buna bax, – yapon hər sözü aydın tələffüz edərək dedi. – Mənim ağam Qonkonqda yapon konsuludu. Qızın adı Taekodu. Mənim adım Endodu, konsulun yanında xidmət edirəm. Di hardadı qız? – deyib Endo cibindən tapança çıxartdı. – Bəlkə burdadı? Qonkonq polisinin məlumatına görə qızı hindliyə oxşayan bir qarı oğurlayıb. Tərslik eləsən, özündən küs.

Qarı heç qorxana oxşamırdı. Əksinə, onun dodaqlarında hətta təbəssüm gəzdi, elə bil bu yad adamı ələ salırdı.

– Nə sayıqlayırsan? Mən heç bir qız görməmişəm.

– Yalana bax! Bu dəqiqə pəncərənin qabağında gördüm Taekonu, həmin qızı.

Tapançanı hazır tutaraq Endo boş əliylə qonşu otağın qapısını göstərdi.

– İndi ki, inad edib boynuna almırsan, onda çinli qızı gətir bura.

– O mənim qızlığımdı.

Qarı onu ələ salırmış kimi yenə istehzayla gülümsədi.

– Qızlığındı, ya qızlığın deyil, görən kimi biləcəyəm. Gətirməsən, özüm dalınca gedərəm.

Ancaq Endo addımını atan kimi qarı qapının ağzını kəsdi.

– Bura mənim evimdi. Səni də tanımıram, tanımaq da istəmirəm. Qoymaram burda bildiyini edəsən.

– Çəkil yoldan! Yoxsa öldürərəm!

Endo tapançanı qaldırdı. Daha doğrusu, qaldırmaq istədi. Ancaq bu an qarı qarğa kimi qarıldadı və Endo tok vurmuş kimi tapançanı əlindən saldı. Bir müddət heyrətlə ətrafa göz gəzdirdi. Sonra yenə özünü ələ alıb: “Lənətə gəlmiş cadugər!” – deyə qışqıraraq pələng kimi qarının üstünə atıldı. Qarı layiqli rəqib idi. O, cəld çevrilib süpürgəni qapdı və döşəmədəki zibili onu tutmağa çalışan Endonun düz sifətinə atdı. Zibil qığılcıma dönüb Endonun üzünə səpələndi və gözlərini, dodaqlarını yandırdı. Odlu qasırğadan qurtarmaq üçün o, aşağı diyirləndi, ordan da küçəyə atıldı.

***

Gecə on iki radələrində Endo yenə tək-tənha qarının evi qarşısında dayanıb dilxor-dilxor ikinci mərtəbənin işıqlı pəncərəsinə baxırdı.

“Heyf, qızın yerini nə zülmlə tapdım, di gəl burdan çıxara bilmirəm. Bəlkə polisə xəbər verim? Yox, çin polisinə bel bağlamaq olmaz. Bacarıqsızdı, bu Qonkoqdakı acı təcrübədən bəllidi. Qarı əgər qızı başqa yerə qaçırsa, onu tapmaq yenə çox çətin olacaq. Üstəlik də, bu lənətə gəlmiş ifritəyə qarşı tapança da gücsüzdü!..”

Endo bunları fikirləşəndə ikinci mərtəbənin pəncərəsindən küləkdə yellənə-yellənə bir vərəq düşdü.

“Aha! Bəlkə məktub xanımdandı?” Bu fikirlə Endo kağızı qaldırdı, ehtiyatla cibindən fənər çıxartdı və məktuba yumru işıq düşdü. Kağız parçasında, doğrudan da, Taekonun xəttiylə nəsə yazılmışdı. Hərflər zorla seçilirdi. Məktubda yazılmışdı: “Endo-san, bu evdə yaşayan qarı qorxulu cadugərdi. Hərdən indus allahı Aqninin ruhunu mənə köçürür. Onda mən ölü kimi oluram. Buna görə də sonradan nə baş verdiyini bilmirəm. Qarının dediyinə görə, Aqni allah mənim dilimlə danışır. Bu gecə düz on ikidə yenə bu ruhu mənə köçürəcək. Adətən, özüm də hiss etmədən huşumu itirirəm, ancaq bu gecə çalışacağam özümü bir az tez tilsimlənmiş göstərəm və deyəm ki, əgər məni atamın yanına buraxmasa, Aqni allah onu öldürəcək. Qarı hər şeydən çox Aqni allahdan qorxur – bunu eşidən kimi hökmən məni evə buraxacaq. Zəhmət olmasa, sabah səhər yenə gəlin. Qarının əlindən qurtulmağın başqa yolu yoxdur. Görüşənədək”.

Məktubu oxuyan kimi Endo cibindən saatı çıxartdı – on ikiyə beş dəqiqə qalmışdı. “Hə, daha vaxta az qalıb. İşlər gör nə tərs-məssəbdi: düşmənim – bic cadugər, xanımsa lap uşaqdı, əgər bəxtim gətirməsə, onda…”

Bunları fikirləşincə, görünür, qarı caduya başlamışdı. İkinci mərtəbənin pəncərəsində işıq söndü. O dəqiqə də haradansa qəribə kəskin iy gəldi. Elə kəskin idi ki, elə bil səkinin daşlarına da hopdu…

***

Bu vaxt qarı qaranlıq otaqda stolun üstündəki cadu kitabını açıb ciddi-cəhdlə sehrli ovsunları təkrarlayırdı. Kitabın özünü, demək olar, görmək olmurdu, yalnız qəndillə işıqlanan hərflər sanki qaranlıqda sayrışırdı.

Qarının qarşısındakı stulda çin paltarı geyinmiş Xuaylyan, daha doğrusu, Tieko tərpənmədən həyəcanla oturmuşdu. Qız fikirləşirdi: “Pəncərədən atdığım məktubu Endo tapdımı? Küçədən keçən adamın kölgəsini Endoya oxşatdım. Bəlkə səhv salmışam?” Bu fikir rahatlığını əlindən tamam almışdı. Xırda bir səhv etsə, qarı onun kələyini başa düşəcək. Onda hər şey batdı. Qaçmaq planı baş tutmayacaq. Tieko titrəyən əllərini var gücüylə sıxaraq kələk işlədəcəyi anı səbirsizliklə gözləyirdi ki, düşündüyünü eləsin, guya Aqni allahın ruhu ona köçüb.

Qarı, nəhayət, ovsunu oxuyub nəsə sehrli hərəkətlər edərək Tiekonun başına fırlanmağa başladı. O gah geniş açılmış qollarını qaldırıb Tiekonun qarşısında dayanır, gah arxaya keçib əllərini ehmalca qızın alnına yaxınlaşdırırdı, sanki gözlərini yummaq istəyirdi. Bu an qarını yarasaya, ya da qəndilin tutqun işığında otaqda çırpınan iri quşa bənzətmək olardı.

Bu vaxt Tiekonu həmişəki kimi yuxu aparmağa başladı. Ancaq indi yatmaq – diqqətlə işlənmiş planı pozmaq deməkdi. Bugünkü cəhd atasının yanına qayıtmaq üçün yeganə imkan idi.

– Yapon allahları, yalvarıram, elə edin ki, mən yatmayım. Bir anlığa atamın üzünü görsəm, o saat ölməyə hazıram. Yapon allahları, yalvarıram, bu qarını aldatmağa mənə güc verin.

Tieko bir neçə dəfə ürəyində bu duanı təkrar etdi. Ancaq get-gedə yuxu onu basırdı. Qulağına güclə eşidiləcək qərib bir səs gəldi, elə bil haradasa sinc çaldılar. Bu səs həmişə göylərdən enən Aqni allahın yaxınlaşdığını xəbər verirdi.

Bu yerdə qızın gücü tamam tükəndi. Qəndilin titrəşən alovu, qarı – hamısı pis yuxu kimi qeyb oldu.

– Aqni allah, Aqni allah, lütfən mənim səsimi eşidin.

Cadugər döşəməyə sərilib xırıltılı səslə bu sözləri deyəndə, qız stulda oturub ölü kimi yatmışdı.

***

Tieko bir yana, qarının özünün də ağlına gəlməzdi ki, bu an onları kimsə pusur. Onlardan başqa lap yaxında, açar deşiyindən baxan bir adam da varıydı. Sizcə bu kim ola bilərdi? Əlbəttə, Endo.

Tiekonun məktubunu oxuyub, Endo sübhə qədər küçədə gözləməyi qərara almışdı. Ancaq yazıq qızın halını düşünən kimi rahatlığı itdi. Oğru kimi sakitcə evə girib ikinci mərtəbədəki qapıya yaxınlaşdı və artıq xeyli vardı ki, otaqda nələr baş verdiyinə baxırdı.

Bu yerdə qeyd etmək lazımdı ki, açarın deşiyindən Endo qəndilin tutqun işığında yalnız Taekonun avazımış üzünü görürdü. Qalan şeylər –stul, cadu kitabı, nə də döşəməyə sərilmiş qarı görünmürdü. Di gəl qarının xırıltılı səsini elə aydın eşidirdi ki, elə bil böyründə dayanmışdı.

– Aqni allah, Aqni allah, rica edirəm, sözlərimi eşit. – Qarı bunu deməyə macal tapmamış, cansız kimi görünən Taeko gözlərini açmadan birdən danışmağa başladı. Ancaq öz səsiylə yox, nəsə kobud kişi səsiylə:

– Mən sənin xahişini eşitmək istəmirəm. Mənim əmrimi pozaraq həmişə şər işlər tutmusan. Elə bu gün səndən üz döndərəcəyəm. Nəinki üz döndərəcəyəm, həm də bütün yamanlıqlarına görə səni cəzalandıracağam.

Qarı, görünür, sarsılmışdı. Bir müddət sanki boğularaq susdu. Ancaq Taeko buna məhəl qoymadan əzamətli səslə davam elədi:

– Sən bir bədbəxt atanın qızını oğurlamısan. Əgər yaşamaq istəyirsənsə, elə günü bu gün tez onu evlərinə burax.

Endo açar deşiyindən gözünü çəkmədən qarının cavabını gözləyirdi. Ancaq qarı qorxmaqdansa, iyrənc bir gülüşlə Taekonun üstünə cumdu.

– Bacardığın qədər başqalarını gic yerinə qoya bilərsən, ancaq məni yox. Məni nə hesab edirsən? Hələ o qədər ağlım çaşmayıb ki, məni dolayasan. Səni evə buraxmaq, üstəlik də, tez? Sən nəsən, polis məmurusan? Məgər Aqni allah belə şey əmr edə bilər? – Qarı bıçağı götürüb, hələ də gözü yumulu oturmuş Taekonun üzünə sarı apardı. – Di boynuna al, düzünü de, sən qəsdən günah işlətməkdən qorxmayıb Aqni allahın səsini mundarlayırsan?

Hər şeyə çoxdan göz qoyan Endo heç güman etmirdi ki, Taeko doğrudan da yatıb. Ona görə bunu görəndə, planının pozulduğundan qorxub, qeyri-ixtiyari ürəyi sıxıldı. Taeko isə tükü də tərpənmədən istehzayla davam elədi:

– Sənin əcəlin çatıb. Doğrudanmı mənim səsimi insan səsinə oxşatdın? Ola bilsin, bu səs zəifdi, ancaq bu, göylərdə zəbanə çəkən alovun səsidi. Məgər bu sənə aydın deyil? Aydın deyilsə, necə istəyirsən elə də et. Səndən yalnız soruşmaq istəyirəm: tezmi buraxacaqsan bu qızı? Yoxsa mənim əmrimə itaət etməyəcəksən?

Qarı elə bil bir az tərəddüt elədi. Ancaq tez də özünü ələ aldı. Bir əlində bıçaq tutaraq, o biri əliylə Taekonun saçlarından yapışıb özünə tərəf dartdı.

– Əcinnə! Hələ də tərslik edirsən! Dayan bir! Mən sözümün üstündə durub səni tezcə cəhənnəmlik edərəm.

Qarı bıçağı hərlədi. Bircə dəqiqə də keçsə Taeko öləcəkdi. Endo cəld dikəlib qapını sındırmağa çalışdı. Ancaq qapı sınmırdı. O nə qədər əlləşsə də yalnız əllərini əzdi.

***

Bu zaman bağlı otağın zülmətindən qəfil çığırtı eşidildi. Sonra kimsə döşəməyə sərildi. Endo dəli kimi Taekonu çağırmağa başladı və var gücünü toplayıb çiyniylə bir neçə dəfə qapını itələdi.

Sınan taxtanın, qopan qıfılın səsi eşidildi – qapı, nəhayət, açıldı. Otaqda hələ də qəndilin zəif alovu işarırdı və elə sakitlik idi ki, guya burada heç kim yox idi.

Endo güclə işıqlanan otağa həyəcanla göz gəzdirdi.

Ölüyə oxşayan Taeko hələ də stulda hərəkətsiz oturmuşdu və Endo birdən bu anın bütün əzamətini hiss etdi, hətta ona elə gəldi ki, qızın başında həla var.

– Xanım! Xanım, özünüzə gəlin. Mənəm, Endodu.

Bu vaxt Taeko yenicə oyanırmış kimi gözlərini azca açdı.

– Endo-san?

– Bəli, Endodu. Hər şey qaydasındadı. Narahat olmayın. Tez qaçaq.

Taeko yarıyuxulu halda yavaşdan dedi:

– Plan baş tutmadı. Mən qəfil yuxuladım. Bağışlayın məni.

– Plansız nə olubsa, sizin təqsiriniz deyil. Mənə vəd etdiyiniz kimi kələk gələ bildiniz, guya Aqni allahın ruhu sizə köçüb. Bu çox gözəl alındı. Di indi tez qaçaq.

Endo səbirsizliklə Taekonu qucaqlayıb stuldan qaldırdı.

– Axı bu düz deyil. Axı mən yuxuladım. Heç bilmirəm nə demişəm. – Taeko Endonun köksünə sığınıb peşmançılıqla dedi. – Plan baş tutmadı. Mən heç cür qaça bilmərəm.

– Heç elə şey olar? Mənimlə birlikdə gedək. Özümüzü itirib imkanı əldən versək, dəhşət olar.

– Bəs qarı?

– Qarı?

Endo yenə otağa göz gəzdirdi. Stulun üstündə açıq cadu kitabını gördü. Stolun altındasa qarı tirtap uzanmışdı. Bu elə gözlənilməz idi ki! Bıçağı öz sinəsinə sancmış qarı qan gölməçəsinin içində uzanıb qalmışdı.

– Ona nə olub?!

– Ölüb.

Taeko Endoya baxıb öz gözəl qaşlarını çatdı.

– Mən… Heç nə bilmirəm… Qarını… Endo, onu siz öldürmüsünüz?

Endo gözünü Taekoya zillədi. Yalnız indi başa düşdü ki, onların planı baş tutmayıb, ancaq, hər halda, ölən qarıydı, Taeko isə qurtulmuşdu. Endo axır ki, taleyin qəribə gücünü başa düşdü.

Taekonu əlləri üstündə aparan Endo təntənəylə pıçıldadı:

– Onu mən öldürməmişəm… Onu bura gələn Aqni allah öldürüb.

Dekabr, 1920-ci il.


Müəllif: