18 Yanvar 2016 10:06
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com gənc yazarlar arasında “Hansı yaşıdlarınıza paxıllıq edirsiniz?” mövzusunda sorğu keçirib. Səslənən fikirləri təqdim edirik:

Aqşin Yenisey: “Paxıllıq yox, demək olar ki, hər bir yaradıcı gəncimizdə qibtə edəcəyim cəhətlər var. Məsələn, mən heç bir şey yazmaya-yazmaya bütün ədəbiyyatımızın məsuliyyətini un kisəsi kimi çiynində daşıyan yaşıdlarımı görəndə qibtə hissindən çatdıyıram”.

Səxavət Sahil: “Mən kiməsə paxıllıq eləmirəm. Heç bu barədə fikirləşməmişəm”.

Ayxan Ayvaz: “Bu dəqiqə paxıllıq edəcəyim heç kim yoxdu. Çünki ən istedadlısı mənəm”.

Sərvər Kamranlı: “Fikrimcə, hər insan dünyaya gələndə onun daxilində başqa hisslərlə yanaşı paxıllıq hissi də doğulur. Böyüdükcə, insan ətrafı dərk etdikcə, bu hiss də müəyyən mənada böyüyür. Çalışmaq lazımdır ki, bu hissi cilovlayasan, daxilinə və qarşı tərəfə ziyan vurmayasan. Paxıllıq insanın iradəsizliyindən irəli gəlir. Zəif insanlarda paxıllıq daha çox həddini aşır. Bu baxımdan yaşıdlarım arasında, ümumiyyətlə, yaradıcı mühitdə belə paxıllığını çəkəcəyim insan yoxdur. Əksinə, uğurlarına sevindiyim gənc yazarlar var. Əgər bir yazarın düşüncəsindən, hisslərindən gözəl bir şeir doğulursa, niyə o şeirə gözəl deməyək?! Hər bir yazara Allah yetəri qədər istedad verib. Çay kovski deyirdi ki, uğur doxsan doqquz faiz zəhmət, bir faiz istedadın bəhrəsidir. Elə isə zəhmətimizi paxıllıqlara xərcləməyək...”

Şəhanə Müşfiq: “Ümumən, bu mənada özümü xoşbəxt sayıram, çünki bütün ömrüm boyunca paxıllığın nə olduğunu bilməmişəm. Həm də ona görə xoşbəxtəm ki, həmişə paxıllıq edən tərəf yox, paxıllıq edilən tərəf olmuşam. Deməli, nəsə var ki, paxıllıq ediləcək dərəcədə cəzb edib insanları. O ki qaldı mənim gənc yazarlar arasında paxıllıq etdiyim insana, tam səmimi şəkildə deyə bilərəm ki, belə bir insan yoxdur. Əlbəttə yaşıdlarım arasında yetəri qədər istedadlı, güclü qələm sahibləri var, ancaq bunlar mənim paxıllığımı, ya da ən yaxşı halda qibtəmi (həsədimi) qazanmaq üçün kifayət deyil. Mənim qibtəmi qazana bilən insan çox böyük özəlliklərə sahib olmalıdır. Hələ ki, gənclər arasında belə birisini görmürəm”.

Çinarə Ömray: “Gənc yazarlar arasında paxıllıq elədiyim kimsə yodur. Niyə də paxıllıq eləyim ki?”

Sərvər Şirin


Müəllif: