18 Yanvar 2016 23:05
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu bina XIX əsrdə inşa olunub. Əvvəllər hamam kimi fəaliyyət göstərsə də, 2003-cü ildən Azərbaycan Dövlət “YUĞ” Teatrının binasıdır. Sözügedən məkanın Bakı şəhərinin baş planına uyğun olaraq söküləcəyi haqda mətbuata məlumat veriləndən sonra teatra yollandıq. Mənzil başınaçatanda teatrın direktoru Tərlan Rəsulov aktyorlarla binanın qarşısına toplaşıb teatrın başqa ünvana köçürülməsi barədə söhbət edirdi.

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət "YUĞ" Teatrının əsası 1989-cu ildə oktyabrın 18-də Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulub. 1993-cü ildə Dövlət Teatrı statusu verilib. 2003-cü ildə isə "YUĞ" Teatrı Bakı milyonçusu Murtuza Muxtarovun adını daşıyan küçədəki köhnə hamamın binasına köçürülüb. "YUĞ" Teatrının adı türklərin qədim yuğ mərasimlərindən götürülüb. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olub. Hazırda teatrın direktoru Tərlan Rəsulov, baş rejissoru Gümrah Ömərdir. Teatr binası kiçik foye və bir neçə otaqdan ibarətdir. Foyenin divarları afişa və fotolarla bəzədilib. Qarderobun üstündə isə kollektivinin üzvlərindin fotolarından ibarət böyük fotokollaj asılıb.

İçəri daxil olduqda bizi teatrın ədəbi hissə müdiri Elçin Cəfərov qarşıladı. Söhbətə teatrın başqa ünvana köçürülməsi barədə verilən qərarla başlayırıq: “Bakı şəhərinin baş planına uyğun olaraq Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Azərbaycan Dövlət “YUĞ” Teatrının inzibati binası da həmin ərazidə yerləşdiyi üçün binanın sökülməsi nəzərdə tutulub. Hörmətli media nümayəndələrini bu məsələyə bir qədər diqqətli yanaşmağa dəvət edirik. Söhbət teatrın bağlanmasından yox, teatr binasının sökülməsindən gedir. Teatrımız fəaliyyətini başqa bir ünvanda davam etdirəcək.

Teatr yalnız binadan ibarət deyil. Azərbaycanda binası olmayanbir çox teatrlar var. Teatrın əsas fəaliyyəti tamaşa hazırlayaraq, tamaşaçılara təqdim etməkdir. Öz binası olmadan dateatr tamaşa hazırlaya bilər. Bildiyiniz kimi, “YUĞ” Teatrı Akademik Milli Dram Teatrının nəzdində yaranıb və“dövlət teatrı” statusu aldıqdan sonra da uzun müddət həmin teatrın binasında fəaliyyət göstərib. Bu bina sonradan teatraverilib. Biz ünvan dəyişmə təcrübəsini keçmişik.

İndi də kollektiv tam gücü ilə fəaliyyət göstərməyə, var qüvvəsi ilə Azərbaycan mədəniyyətinə və incəsənətinə xidmət etməyə hazırdır.Hazırda müvafiq qurumlar tərəfindən teatrın müvəqqəti olaraq yerləşdirilməsi ilə bağlı tədbirlər görülür. Bir daha qeyd edirəm, teatr, xüsusən də, “YUĞ” teatrı yalnız binadan ibarət deyil, bizim teatr Vaqif İbrahimoğlunun yaradıcı ideyası əsasında yaranıb, burada fəaliyyət göstərənlər Vaqif müəllimin yetirmələridir. Bu teatrda çalışan hər kəs V.İbrahimoğlunun yaratdığı teatr konsepsiyasının, təfəkkürünün və ideologiyasının daşıyıcılarıdır. Teatr təfəkkürü və konsepsiyası isə hər hansıstasionar binaya bağlı deyil. Bu gün burada, sabah başqa bir məkanda fəaliyyət göstərə bilərik”.

E.Cəfərov teatrın başqa ünvana köçürülməsinin onlara təsirindən də danışıb: “Teatrın fəaliyyətini dayandırmasından söhbət gedə bilməz. Bu dəyişikliyə görə tamaşaları təxirə salmayacağıq. Sadəcə, ola bilər ki, tamaşaların nümayişinin intensivliyində müəyyən dəyişikliklər olsun. Öz binamızda həftədə 5 tamaşa oynayırdıqsa, ola bilər ki, bu ərəfədə həftədə iki dəfə səhnəyə çıxaq. Tamaşa hazırlamağın əsas mərhələsi məşqdir, onu otaqda da etmək olar. Bunun üçün səhnə vacib deyil, səhnə tamaşanın nümayişi və nümayişdən öncə bir neçə məşq üçün lazımdır. Mədəniyyət və Turizm Nazirliyinin balansında kifayət qədər teatr binası var, onların uyğun gördüyü məkanda səhnəyə çıxacağıq. Bu dəyişikliyin teatrımıza mənfi təsir göstərəcəyini, işlərimizə maneə törədəcəyini düşünmürəm”.

Ədəbi hissə müdiri teatrın repertuarından da bəhs edib: “Teatr yarandığı gündən özünəməxsus repertuar siyasəti həyata keçirir. Repertuarımızda həm milli, həm dünya klassik dramaturgiya nümunələri var. Bununla paralel olaraq müasir dövrdə yaşayıb yaradan, gənc və ya orta yaşlı dramaturqların əsərlərinə də tez-tez müraciət etməyə çalışırıq. “YUĞ” Teatrında zaman-zaman nəsr və poeziya nümunələriəsasında da tamaşa hazırlanıb. “Mən, Məhəmməd Füzuli...” adlı səhnə divanı layihəmiz olub. Layihə çərçivəsində Yuğ Teatrının 8 rejissoru Füzulinin 8 müxtəlif qəzəlini səhnələşdirmişdi.Nizami Gəncəvi, Xətainin, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin şeirləri əsasında tamaşalar olub. Kamal Abdulla, Afaq Məsud, Orxan Fikrətoğlu, Firuz Mustafa, Mehman Musabəyli, İbrahim İbrahimli, Kamal Aslanov kimi müasiryazarların əsərlərinə dəfələrlə müraciət olunub. Hazırda norveç yazar H.İbsenin "Vahimə" əsəri üzərində yaradıcılıq işləri yekunlaşdırmaq üzrədir.

Cari repertuarımızda A.P.Çexovun “Albalı bağı” (“Birinci akt”), “Mərc”, X.L.Borxesin “Tabu”, A.B.Kasaresin “Qəbir qazma üsulu”, Turqay Narın “Zibillik”, S.Mrojekin “Sərhəddə”, Makresin “Dünyanın ən gözəl ölüsü” (“Mister və Misis Cəsəd”), F.Kafkanın “Hökm” (“Kafkadan salam”)əsərləri də var. Gənc dramaturqlarıdan Ülviyyə Heydərovanın əsəri əsasında sənədli teatr üslubunda hazırlanmış “Yad.Daş”, Pərvinin eyniadlı pyesi əsasında səhnə təcəssümü tapmış “Sonuncu”tamaşaları da teatrın repertuarını bəzəyir”.

E.Cəfərov “YUĞ” Teatrının poetikasından da danışıb: Teatr özəl poetikası əsasında fəaliyyət göstərir. V.İbrahimoğlunun yaratdığı və “YUĞ” Teatrının tamaşalarında aprobasiyadan keçirdiyi Psixosof (“psixe” – ruh, “sofiya” – hikmət, yəni ruhun hikmətləri) poetikasının məzmun konteksti ruhun hikmətləri (psixe – ruh, sofiya - hikmət) və ruhun sərbəst yaradıcılığı nəticəsində əldə olunan ruhsal qənaətləri ilə müəyyənləşdirilir. Teatrın poetikası qədim türklərin "yuğlama" (həlak olmuş igidin şərəfinə qopuz /saz/ musiqisinin müşayiəti ilə təntənəli surətdə keçirilən yas məclisi) mərasimi, şamançılıq ənənəsinə dayanır. Bu teatr öz yaradıcılığında milli oyun mədəniyyəti ilə Avropa teatrının qabaqcıl tendensiyalarını üzvi şəkildə birləşdirməyə çalışır.V. İbrahimoğlu dünyasını dəyişəndən sonra da onun yaratdığı poetika əsasında işləyirik. Paralel olaraq, dünya teatr təcrübəsini dərindən öyrənməyə və yenilikləri teatrın praktiki fəaliyyətinə tətbiq etməyə çalışırıq”.

Ədəbi hissə müdiri teatrın problemlərindən də söhbət açıb: “Hər teatrın problemi var. İlk öncə yaradıcı problemlərdən danışmaq istəyirəm. Hər zaman yeni müəlliflər axtarırıq. Bir sıra müəlliflər var ki, onların əsərlərini oxuyuram. Ədəbi hissə müdiri olaraq repertuar məsələsinə cavabdehəm. Dünya teatrlarında gedən proseslərlə maraqlanırıq. Teatrımızda ingilis dilini bilən şəxslər var, rus dilini çoxları bilir. Pyesləri tərcümə etməyə çalışırıq ki, repertuarımız zəngin olsun. Yeni teatr üslubunda hazırlanmış pyeslər var ki, həcmcə kiçik, məzmun baxımdan tutumludur, müasir dövrlə səsləşir, tamaşaçıda maraq yararadır. Mən diqqəti o sahəyə yönəltmişəm. Əsasən deyirlər ki, Azərbaycanda yazar azdır. Mən elə hesab etmirəm, bizim kifayət qədər pyeslərimiz var. Qarşımıza qoyduğumuz problemlərlə səsləşən əsərləri direktora və baş rejissora , Bədii Şuraya göstərirəm. Daha sonra o əsərlərdən faydalanırıq.

İkinci problem aktyorların maaş problemidir. Bu problem bütün teatrlarda var. Bu barədə köklü islahatlar aparılmalıdır və aparılır. Müəyyən nəticələri də görünür. Bu sahədə görüləcək işlər görülmüşlərdən çoxdur. Qonşu ölkələrdə də aktyorların məvacibi yüksək səviyyədə deyil. Aktyor da ailə başçısıdır. Elə bir teatr ortamı yaradılmalıdır ki, aktyorun sosial problemləri olmasın. O da özünü yaradıcılığa həsr edə bilsin”.

Söhbəti bitirib tamaşa zalına daxil oluruq. Teatrın kollektivi ünvan dəyişikliyi ilə bağlı keçirilən iclasdan sonra fikirlərini bölüşürdülər. Onlar sanki nəfəsləri ilə qızdırdıqları soyuq divarlara xatirələrini həkk edirdilər.

Könül İbrahim

Musavat.xom


Müəllif: