20 Yanvar 2016 16:19
1 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Azadlıq Hərəkatının fəalı olmuş ziyalıların 20 Yanvarla bağlı fikirlərini təqdim edir:

Firudin Cəlilov: “Şəhidlər Xiyabanı bizim azadlıq simvolumuza çevrilib. Bu anlamda şəhidlər gününü qeyd eləməyin əhəmiyyəti böyükdür. Bu xiyaban bir simvoldur, azadlıq yolunda canından keçənlərin abidəsi kimi dəyərlidir. 20 Yanvar Azərbaycan tarixində çox böyük önəm daşıyan bir gündür”.

Səfər Alışarlı: “İyirmi yanvar hadisələri Azərbaycanın müstəqilliyinə qarşı sovet imperiyası tərəfindən atılmış ən qəddar addımlardan biri və birincisi idi. O hadisələr zamanı Azərbaycan xalqı öz birliyini, özünün istiqlal və azadlıq əzmini tam aşkar göstərdi. Xalqımız özünə qarşı bu qəddarlığı gözləməsə də, öz mənəvi və fiziki mövqeyindən geri çəkilmədi. Rus qoşunları tərəfindən belə bir təxribatın gözlənildiyini eşidəndə xalq buna həm inanırdı, həm də yox. Çünki bu hadisələrə qədər də imperiya qoşunları ilə toqquşmalar az və ya çox səviyyədə olmuşdu. 1988-89 noyabr hadisələri, ondan sonrakı komendant rejimi dövründə belə şeylərlə rastlaşmışdıq. Amma belə kütləvi qəddarlığa Azərbaycan xalqı layiq deyildi və bunu gözləmirdi. Lakin bu baş verdi. O hadisələrdən sonra Azərbaycan hakimiyyəti böyük bir acizlik nümayiş elədi. O dövrü yaşayanlar yaxşı bilir ki, xalq öz azadlıq və mübarizə əzmini davam etdirsə də gecə-gündüz Azərbaycan radiosu və televiziyası yalnız matəm musiqisi verməklə xalqı sarsıdırdı. Real vəziyyət izah olunmurdu, dövlət rəsmiləri tərəfindən heç bir addım atılmırdı, heç bir çıxışa imkan verilmirdi. Yalnız matəm musiqisi ilə bu xalqın əzmini sındırmağa çalışırdılar.

Təsadüfi deyil ki, 20 Yanvar hadisəsindən dərhal sonra Moskvada Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev daimi nümayəndəliyə gələrək o məşhur bəyanatını verdi. Hətta həmin bəyanat belə Azərbaycan xalqına o vaxtlar qəti şəkildə çatdırılmadı. Nə qəzetlər, nə radio, nə də televiziya vasitəsilə bu haqda bir kəlmə də olsun söz deyilmədi. Yalnız 1990-cı ilin may ayında Heydər Əliyevin həmin bəyanatı və o tədbirdən olan videogörüntülər kaset şəklində çox məhdud sayda Azərbaycana gətirildi. Yenə də Azərbaycan hakimiyyəti, o dövrün mətbuatı buna heç bir reaksiya vermədi. Yalnız Səfər Alışarlı o stenoqramı tərcümə eləyib, qeyri-leqal mətbuatda iki min nüsxə çap elədi, o bəyanatı ilk dəfə olaraq bu xalqa çatdırdı. Təbii ki, bu bəyanatda Heydər Əliyevin imperiya qoşunlarına qarşı sərt mövqeyi, Sovet İttifaqı Kommunist Partiyasının rəhbərinə qarşı kəskin mövqeyi Azərbaycan xalqını bir daha ruhlandırdı və onun mübarizə əzmini artırdı”.

Azər Abdulla: “Bu dəqiqə mən də Şəhidlər Xiyabanına getmək istəyirəm. Ancaq təəssüf ki, səhhətimə görə gedə bilmirəm. Mən 20 Yanvarda keçirdiyimiz o ağrını bu gün də yaşayıram. Bizim ev də o vaxt Hərbi Hospitalın yanında idi. O vaxt baş verən hadisələr indi də gözümün qarşısındadır. Həmin gün atılan güllələr elə bil canımızdan keçirdi. O faciə, o ağrı, o yara beynimizə elə həkk olunub ki, heç vaxt yaddan çıxan deyil. İyirmi yanvar hadisəsindən sonra mən silsilə şeirlər yazdım. Bütün bu ağrıları şairlər yazmaqla, rəssamlar öz rəsmlərilə, bəstəkarlar öz musiqisi ilə bugünkü gəncliyə çatdırmalıdır. Məncə, bu sənət adamlarının borcudur.

Mənə elə gəlir ki, İyirmi yanvarı təkcə iyirmi yanvar günü yox, tez-tez xatırlamalıyıq. Bütün bunlar eyni zamanda məktəblərdə, universitetlərdə də geniş şəkildə işıqlandırılmalıdır

İyirmi yanvarda nə qədər adam itirdik. Amma Azərbaycan xalqı qəflət yuxusundan oyandı. Yəni rus imperiyasının bizə münasibəti bilindi. O dövrdə sovet ideologiyası beyinləri necə yemişdisə, həmin vaxtlar ruslara qardaş kimi baxırdıq. Bu hadisələr göstərdi ki, biz onlarla qardaş deyilik. Rus imperiyası yalnız öz mənafeyini düşünürdü. Onlara nə qədər xeyir versən də əhəmiyyəti yox idi. Bunu bilmək lazımdır ki, şovinistlər bizə həmişə yuxarıdan aşağı baxıblar”.

Sərvər Şirin


Müəllif: