21 Yanvar 2016 17:13
717

Teleqraf.com məşhur aktyor, aparıcı, şoumen, Azər Axşamla müsahibəni təqdim edir:

- Azər bəy, hazırda ATV-də “Hər axşam” verilişini aparırsınız. Verilişiniz istədiyiniz reytinqi yığa bilirmi?

- “Hər axsam” verilişinin reytinqli, baxımlı olması üçün əlimdən gələni edirəm. Amma heç vaxt fikirləşmirəm ki, verilişə çıxıb filan hərəkəti edəcəm. Hər şey improvizə üzərində gedir. Əsasən səmimiyyətimi saxlamağa, insanlara xoş təəssürat bağışlamağa çalışıram. İstəyirəm ki, insanlar verilişimə baxsın və əylənsin. Təbii ki, əyləncə gülməkdən ibarət deyil. Düşündürücü əyləncə olmalıdır, bütün təbəqələri cəlb etməyə çalışmalısan.

- Siz ixtisasca akyorsunuz, amma aparıcı, şoumen kimi daha çox tanınırsınız. Bunun səbəbi nədir?

- Çünki aktyor kimi az işləyirik, yalnız seriallara çəkilirik. Gərək aktyor sırf öz sənəti ilə məşğul olsun və tanınsın. Aktyorun filmdən, çəkilişlərdən başı açılmamalıdır ki, veriliş aparsın. Əgər bir aktyor veriliş aparırsa, deməli, onun aktyor fəaliyyətində boşluq var. Bu gün Azərbaycanda seriallar və filmlər istənilən səviyyədə deyil. Əgər bir aktyor seriallarda öz paltarını geyinib çəkilirsə, deməli, hələ o səviyyədə deyilik. Aktyor serialda geyindiyi paltarla insanların arasına çıxır və tamaşaçı görür ki, bu paltar onun öz paltarı imiş. Tamaşaçı gündəlik həyatda aktyorun efirdə, çəkilişlərdə geyindiyi paltarı görməməlidir.

- Azər Axşam çəkildiyi serialları, "Aramızda qalsın", "Qız atası"nı izləyirmi?

- "Aramızda qalsın" serialını izləyirdim. Amma mütəmadi yayımlanmağa başladıqdan sonra izləmədim. Ssenarisi maraqlı olan seriyaları izləməyə başladım. Eləcə də, "Qız atası" serialının maraqlı bölümlərini izləyirəm.

- Bəs, digər seriallarımızı izləyirsinizmi?

- Çəkildiyim ekran əsərlərini izləyirəm. Mənə elə gəlir ki, ssenaridən çox şey asılıdır. Ssenari düzgün yazılmalıdır. Dramaturji xətt, obrazların xarakteri səbəbsiz dəyişə bilməz. Əfsus ki, bizdə obraz hər dəfə bir cür təqdim edilir. Tamaşaçı da düşünür ki, bu, belə ola bilməzdi. Bu gün Azərbaycanda rejissor qıtlığı var. Rejissorlar isə əksini düşünürlər. Peşəkar aktyorlarımız çoxdur. Yoldan keçəni də 4-5 ay öyrədib nə isə etmək olar. Amma aktyoru tamamilə dəyişən rejissor yoxdur. Çəkildiyim seriallarda da onu görmürəm. Düzdür, maddi problemlər də var. Gərək rejissorun maddi təminatı yaxşı olsun ki, aktyordan istədiyini ala bilsin. Hamısının kökündə maddiyyat durur.

- Bir müddət əvvəl qeyd etmisiniz ki, rejissorlar 50 manatlıq aktyorlar axtarırlar. Sizi necə, çəkildiyiniz seriallarda qonorar qane edirmi?

- Deyim ki, qane edir, yalan olar. Ailəmiz olduğu üçün deyilən qiymətlə razılaşırıq. Gərək insana özü deyil, kənar dəyər versin. Özünün özünə dəyər verməsi düz deyil. Mən deyirəm filan qiyməti istəyirəm, o vermir, məcbur olub onunla razılaşırsan.

- Dünyada şoumenlər çox imkanlıdır. Amma siz varlı deyilsiniz. Sizin aparıcılıq etdiyiniz layihələr də maraqlı olub. Bunun səbəbi nədir?

- Bəli, düz deyirsiniz. Əslində, veriliş aparmaqla yanaşı seriallarda, filmlərə də çəkilirik. Əfsuslar olsun ki, dediyiniz şeylərə çatmaq mümkün deyil. Bəli, nəinki şoumen, ümumiyyətlə, aparıcı və televiziya məkanında çalışanlar çox imkanlı deyil. Maaş yüksək olmalıdır ki, sən istədiyin səviyyəyə çatasan. Eləcə də kanalın gəliri çox olmaldır ki, sənə yüksək maaş verə bilsin. Hər şey bir-birinə bağlıdır. Televiziyanın imkanı nəyə çatır, onu verir. Bu, o demək deyil ki, sənin qiymətini bilmir. Sənin qiymətini əla bilir. Amma verəcəyi məbləğ budur. Yəni ki, televiziya istənilən məbləği qazanmalıdır ki, sənə də istədiyin məbləği verə bilsin.

- Özünüzə rəqib bildiyiniz şoumen, aparıcı, aktyor varmı?

- Mən hər birini özümə rəqib bilirəm. Çünki hər birinin özəlliyi və gözəlliyi var. Hərdən kimdənsə nəyisə götürə bilərəm və düşünə bilərəm ki, bu, mənim ağlıma gəlməmişdi. Özünə rəqib görmürsənsə, deməli, sən yoxsan, ölüsən. Aparıcı, şoumen, xəbər aparıcısı başqadır. Bəzən adi aparıcıya da şoumen deyirlər. Deyirəm ki, o, şoumen deyil. Şoumen kimi məndən zəifi də rəqibdir. Çünki öz üzərində işləyib, güclü ola bilər. Desəm ki, heç kimi özümə rəqib görmürəm, bu, yekəxanalıq və təkəbbürlülüyün son həddi olar.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, dramatik obraza çəkilmək istəyirsiniz. Komediya aktyoru kimi tanınırsınız. Dramatik obraza çəkilmək istəyi hardandır?

- Mən komediya aktyoru deyiləm. Universitetin dram və kino aktyorluğu fakültəsini bitirmişəm. Amma bu gün Azərbaycanda komediya daha geniş yayılıb deyə bizi komediya üslübunda çəkilən seriallarda görürsünüz. Onu da deyim ki, hər güldürən insan komediya aktyoru deyil. Komediya aktyoru güldürərkən düşündürən insandır. Bəzi ünsürlər var ki, bizim tamaşaçılarımızı başqa tərəfə aparırlar. Komediya şitlik deyil, düşündürməkdir.

- Necə bir dramatik obraz canlandırmaq istərdiniz?

- Əslində, tragikomediya janrında çəkilmək istərdim. Qəhrəmanın düşdüyü vəziyyət gülməli olduğu qədər də acınacaqlı olur. Bu, janrı çox sevirəm.

- Hazırda televiziya məkanında nədən narazısınız?

- Şəhər əhalisinin Rusiya və Türkiyə kanallarına baxmasından narazıyam (gülür). Biz verilişimizi elə bir səviyyəyə qaldıra bilmirik ki, yuxarı təbəqə də kanallarımıza baxsınlar. Nədir problem ki, biz o həddə çata bilmirik? Məni narahat edən məsələ budur. Əyalətlər, kəndlər baxır, amma şəhərdə müəyyən təbəqə verilişlərimizi izləmirlər. Düşünürəm ki, bunun da bir yolu var: "Çörəyi çörəkçiyə vermək lazımdır".

- Bəzi təbəqənin Azərbaycan kanallarına baxmamasını qeyd etdiniz. O, təbəqə arasında sizi tanımayanlar var?

- Yəqin ki, var. Məsələn, rus dilli insanlar var ki, məni görüb "Nə vaxtsa görmüşəm" və s. deyirlər. Bütün televiziyalar mənim üçüm əzizdir. Həmişə demişəm ki, mənim üçün yaxşı və pis televiziya yoxdur, yaxşı və pis veriliş var. “Xəzər” televiziyasında işləyəndə də deyirdim ki, ATV ən çox baxılan televiziyadır. Burada işləyəndən sonra yuxarı təbəqə insanları da deyir ki, sizi filan verilişdə görmüşəm. Yəni ki, televiziyanın, kanalın da öz statusu var.

- ATV-yə gəldikdən sonra aparıcı kimi fəaliyyətinizdə nələr dəyişdi?

- Fəaliyyətimdə çox şey dəyişməyib, istədiyim verilişi aparıram. “Xəzər”də "Başla görək" verilişini aparırdım və o verilişi də çox sevirdim. Sonra format dəyişdi.

- Siz "Lider", "Xəzər" və başqa kanallarda veriliş aparmısınız. Ümumiyyətlə, kanallarla iş birliyiniz bitəndə problem yaşamısınızmı və düşünmüsünüzmü ki, yenidən filan kanalda işləyə bilmərəm?

- Xeyr. Allaha şükür heç vaxt körpüləri yandırmıram. Hətta mənə qarşı haqsızlıq olsa belə mehriban ayrılıram. Həmişə elə etməyə çalışıram ki, mənim yerim görsənsin və xiffətimi çəksinlər. Həyatda da belə insanam. Azər kimi insanı, sənət adamını itirdim. Qoy o, vicdan əzabı çəksin. Mən rahat getməyə çalışıram. Sonradan vicdan əzabı çəkməyi xoşlamıram.

- Sizi ekranlardan şən bir insan kimi tanıyırıq. Amma internetdən müsahibələrinizi oxuyanda pessimist təsir bağışladınız...

- Pessimist deyil, realist insanam. Reallıq acı olduğu üçün bəzən pessimistliklə qarışdırırlar. Çünki reallıq o qədər acıdır ki, düşüncələri pessimistliyə aparır.

- Bir müddət əvvəl kredit ödədiyinizi, mikrorayonda, beton evdə yaşadığınızı demişdiniz. Kreditiniz yenə davam edir?

- Bəli, ipoteka ilə ev götürmüşəm, ayda 320 manat ödəyirəm.

- Dövlətə ev üçün müraciət etmisinizmi?

- Xeyr, məndən də pis yaşayanlar var. Mən onlara baxanda yaxşı yaşadığımı düşünürəm.

- Bir müddət əvvəl sənətdən gedəcəyinizi bildirmişdiniz…

- Bəli, yenə sənətdən getmək istəyirəm. Sadəcə, elə bir iş tapmamışam ki, sənətdən gedim. Sadəcə, ailəmi dolandırmaq üçün münasib iş yoxdur.

- Hər hansı biznes sahəniz yoxdur?

- Xeyr, heç vaxt olmayıb, yəqin ki, 10 il ərzində də olmayacaq.

- Amma bütün şoumenlərin biznesi var...

- Bəli. Amma bilmirəm hansı pulla biznes sahəsi qururlar? Yəqin ki, onların qohumları imkanlıdır. Mənim nəslimdə imkanlı insan yoxdur. Özümün də biznes qurmağa pulum yoxdur. Quranlara can sağlığı arzu edirəm.

- Tanınmış insansınız. Nə vaxtsa yol-hərəkət qaydalarını pozmusunuzmu və buna görə cərimənizi bağışlayıblarmı?

- Bəli, olub. Amma çox az yol-hərəkət qaydalarını pozmuşam.

- Sizə güzəştə gediblər?

- Bəli, üzr istəmişəm ki, bilərəkdən pozmadım. Demişəm, cəriməm varsa, yazın. O da deyib ki, yox, sağ olun, müəllim. Anlayış göstərdiyi üçün təşəkkürümü bildirmişəm.

Rəqsanə HƏSƏNOVA

Foto: Elçin MURAD


Müəllif: