22 Yanvar 2016 11:39
740

Xalq artisti Gülyanaq Məmmədova “Gündəlik Teleqraf”ın suallarını cavablandırıb.

- Gülyanaq xanım, sevilən sənətkarlardansınız, fəxri adlarınız da var. Xanəndələrin həsrətində olduğu “Leyli” obrazının da ifaçısı oldunuz. Sənətlə bağlı daha hansı arzularınız var?

- Hələ doymamışam, ürəyimdə o qədər arzular var ki... “Leyli və Məcnun” əsərindən sonra “Sitarə” tamaşasında oynadım. Mədəniyyət və İncəsənət Universitetinində tələbələri dövlət imtahanı üçün hazırlamışdıq. Tamaşanı əməkdar incəsənət xadimi Hafiz Quliyevin tələbəsi Günay xanım qururdu. Hafiz müəllim mənə dedi ki, bunlara bir tələbə tap, tamaşanı oynasınlar. Bu obrazı yarada bilən tələbə qız tapa bilmədim, dedim mən Xalq artisti olsam da, bu tamaşada tələbələrə kömək edəcəyəm. Bəlkə də Leyli obrazından da çox bu tamaşaya canımı qoydum. Çox güclü əsərdir. Arzum budur ki, Cəfər Cabbarlının “Sitarə” əsərini Üzeyir Hacıbəyovun davamçısı olaraq kimsə notlaşdırsın. Məndən öncə universitetdə Teyyub Aslanov muğam bölgülərini etmişdi, bir az da mən dəyişiklik etdim, ortaya yaxşı iş çıxardıq. Bu tamaşaya heyran oldum. Arzulayardım ki, bu opera tamaşaya qoyulsun, Sitarə obrazının ilk ifasıçı kimi də mən çıxış edim. Bu operanı gənclərimizə ötürək və səhnəmizdə bir operamız da artsın.İndi Üzeyir bəy dəst-xəttində olan kadr varmı? O cür adam axtarıram.

- Əvvəllər albom hazırlamaq, konsert vermək dəbdə idi. İndisə yox. Bəzi müğənnilər deyir ki, dəbdə olmayanın dalınca qaçmaq düz deyil. Sizdəmi indiki halda konsert və albomun müğənniyə lazım olmadığını düşünürsünüz?

- Bəlkə də, Türkiyə kimi bizdə əhali çox deyil deyə disk satışı ənənəsi yoxdur. Hətta öz diskimi pulla alıb kiməsə hədiyyə verirəm, diskdən qonorar götürmürük. Türkiyədə müğənnilər bir konsertlə böyük məbləğdə pul qazanırlar. Bizsə əksinə, özümüz xərc qoyuruq. Toydan qazandığım pulu da götürüb konsert üçün sərf etməli oluram. Reklama, afişalara pul sərf olunmalıdır, konsert salonunun kirayəsi, musiqiçilərin qonararları, öz geyimimə xərclənən pullar konsertdən əldə olunan gəlirlər hesabına ancaq ödənir. Azərbaycanda heç bir müğənni konsertdən qonorar götürə bilmir. Mən də konsert vermək istəyirəm. Bilmirəm, bunun təşkilatı işləri, geyimlərilə məşğul olum, yoxsa məşq edim? Elə bir təşkilatçı olmalıdır ki, hər şeyi yüksək səviyyədə təşkil etsin, mən ancaq məşqimi edim, səhnəyə çıxıb oxuyum, heç qonorar da istəmirəm. Bacarıqlı təşkilatçı axtarıram ki, əsəblərim təşkilati işlərdə korlanmasın.

- Toylar demişkən, toya tək, yoxsa ansamblla gedirsiniz?

- Ansambla gedirəm. Yarım saatlıq dəvətlərimiz də olur. Hərdən rayonlarda toy sahibi deyir ki, imkanımız çatmır, burada çalğıçılar var, ansambl gətirməyin, amma o cür ifa çətindir. Elə olur zəif ansamblla rastlaşırsan. Tamaşaçı çox zaman hiss etmir, amma ifaçı bunu bilir. Toyda o qədər insanın nəbzini tutmaq asan deyil. Ona görə deyirlər, filankəs yaxşı toy aparır, gəlin onu çağıraq. Toyda toy tuturuq da.

- İndi əksinədi, efirdə toy tuturlar.

- Bir ara efir toyları xatırladırdı. İndi şükür, bir az qaydasına düşür. Ona görə də verilişlərə dəvətlər gələndə seçim edirəm. Amma biz bəzi müğənnilər kimi efirdə toy mahnıları oxumuruq ki, toy tutaq. Çalışıram həmişə efirdə elə əsərlər oxuyum ki, tamaşaçının zövqünü oxşayım. Deyirəm, eybi yox, toy özü gələcək, efirdə toy xətrinə işləyə bilmərəm. Rayonlarda toy daha çox yorur, yolda yoruluruq.

- Şəki toyları, yəqin, daha ucuz olur?

- (gülür) Elə çox vaxt ərk edib pulumu kəsən də şəkililər olur. Olsun, nə olar ki, biz “bu qədər məbləğ verməlisiz” deyib durmuruq, güzəştlər edirik, insanların vəziyyətini nəzərə almağa çalışırıq. Bəzən elə müğənni gəlib böyük məbləğdə pul alıb gedir ki, fikirləşirsən, axı yarım saat fonoqram oxuyub, o boyda pul alır, amma sənin üzərində toyun bütün məsuliyyəti var, bir dünya da musiqiçi gətirmişəm, qiyməti niyə endirim? Halbuki mən həmin müğənnidən daha çox əziyyət çəkmişəm.

- Gülyanaq xanım, bəstəkarlardan mahnı alırsınız, yoxsa hamısı hədiyyədir?

- Ruslan Səfəroğlundan bir-iki mahnı almışam, onu da deyim ki, çox baha qiymətə verməyib.

- Hansı janrlarda mahnılara qulaq asırsınız?

- Bütün janrlarda mahnıları dinləyirəm, ancaq cazı o qədər də sevmirəm, özümə yaxın bilmirəm. Vaqif Mustafazadə də caz korifeyi olub, onun çaldığı cazda şirinlik, melodiya var, muğama yaxındır. Biz Muğam Mərkəzində Gülyaz xanımla birgə Mircavad Cəfərovun təşkilatçılığı ilə Cəmil Əmirovun caz ansamblı ilə yüksək səviyyədə konsert vermişik. Amma birdən elə caz ifaları eşidirəm, onları anlaya bilmirəm.

- Hansı xarici ulduzun konsertində olmaq istərdiniz?

- Ən çox Selin Dionun konsertində olmaq istəyirəm.

- Sizə oxşarlığı da var.

- Selin Dionun sənətinə böyük marağım var. Güclü səsi, böyük sənəti var. Həyatı ilə də maraqlanmışam. Ondan başqa Andrea Boçelinin səsinin vurğunuyam. Mən xalq mahnılarının ifaçısıyam. Bu iki müğənninin mahnılarına həvəskar kimi müraciət etmişəm.

- Siyasətlə aranız necədi?

- Siyasətdən başım çıxmır. Həmişə deyirəm ki, biz də öz sənətimizin siyasətçisiyik. Azərbaycanımızı sənətimizlə təbliğ edirik. Məsələn, 2014-cü ildə Türkmənistan prezidentindən qızıl medal alıb gəldim, musiqimiz orada birinci yer tutdu.

- Amma bəzi sənətçilər siyasətlə daha yaxından məşğul olur. Ən son Elza Seyidcahan deputatlığa namizədliyini verdi və siyasətə qatıla biləcəyinə iddiasını ortaya qoydu.

- Elza xanımı çox sevirəm. Bəzən tamaşaçılarımız bizə Elza xanımın qeyri-adi saç düzümü, şeirləri haqda sual verirlər. Onunla illərlə Dövlət Mahnı Teatrında çalışdığım üçün xarakterinə bələdəm, ürəyi çox təmizdir. Elzada paxıllıq görməmişəm, ondan kiminsə haqqında qeybət eşitməmişəm. Qəlbində kin-küdurət yoxdur. Elza xanımın deputatlığa namizədliyini verməsini dəstəkləyirəm. Seçilməyibsə, eybi yox, inşallah, gələcəkdə seçilər. Elzanın qeyri-adi geyimləri, saç düzümü var, özünəməxsus bir yolla irəliləyir, daim diqqət mərkəzindədir, bu yolu özü seçib. Elza xanım maraqlı müğənnidir. Yazdığı mahnıların içində elə gözəlləri var ki... Bir dəfə övladlarımı yatıranda efirdə “Hisslər ağlasın” mahnısını verirdilər, gecə 1-in yarısı idi, əhvalım da şən idi, mahnı məni o qədər tutdu ki, hönkür-hönkür ağlamağa başladım. Elzaya zəng etdim ki, mənim günahım nədir ki, gecənin bu vaxtı məni ağladırsan (gülür)? “Tənha”, “Düşünmə” mahnıları mənə çox təsir edir. Hər insanın mənfi və yaxşı xüsusiyyətləri olur. Düzdür, Elzanın mənfilərini görməmişəm, necə geyinib saçınını qeyri-adi düzəldirsə, şeirləri də o cür qeyri-adidir.

- İndiyədək Sizin adınızı qalmaqallarda eşitməmişik. Ola bilməz ki, küsülü olduğunuz sənətçi olmasın.

- Gülyaz xanımla məni qalmaqallı verilişlərə çağırmırlar. Bilirlər ki, bizdə maraqlı heç nə yoxdur, maraqlı olanları çağırırlar ki, tamaşaçı baxsın. Bilirsiniz, mən küsülü qala bilmirəm. O, mənim özümə ziyan vurur. Axı kin, paxıllıq insanın özünü yıxır...

- Ailə üzvlərinizin çoxu musiqiçidir, elə deyilmi?

- Atam qara zurna ifaçısı olub, həm də gözəl dülgər idi. Qardaşım qarmon ifaçısı idi, anamın gözəl səsi vardı, bacılarımın hamısı məktəbdə tədbirlərdə ifa edirdi. Nənəm müharibə dövründə cavan qız-gəlini başına yığıb çalıb oynadarmış ki, darıxmasınlar. Hətta nənəm 1953-cü ildə kənd sovetində millət vəkili olub. Çox savadlı idi, bəlkə də, kişilərin çoxu müharibədən qayıtmayıb deyə bu cür diribaş qadını deputat seçiblər. Hamıya nəsihət verib, mərd qadın olub. Kəndin başından Zərnigarın nəvələrini soruşan kimi hamı evimizi göstərir.

- Övladlarınız üçün vaxt ayıra bilirsiniz? Özünüz baxırsınız, yoxsa köməkçiniz var?

- Bu işdə mənə bacılarım kömək edirlər. Mən də onlara əl tutmağa çalışıram. Allahın verdiyinə şükür, bacı-qardaşlar bir-birimizlə mehribanıq. Həyat nə qədərdir ki, deyirik, heç olmazsa, yaşadığımız vaxtda bacı-qardaşlarla bu səmimiyyəti saxlayaq, həyatımızdan zövq alaq, onsuz da problem həmişə olur.

- Belə çıxır, tək özünüz üçün işləmirsiniz...

- Ata-anama baxmaq borcumuzdur, Şəkidə yaşayırlar, yanlarında qardaşım qalır. Üç övladı ilə valideynlərimə qulluq edir. Onları ehtiyac içində qoya bilmərəm. Bacardığımız qədər əl tutmağa çalışırıq. Qazancımızı hamı ilə paylaşırıq. Hansı bacı-qardaşımızın problemi varsa, kömək etməyə çalışırıq, çoxu kirayədə qalırdı, köməkləşib ev şəraitlərini düzəltmişik.

Nərmin Muradova


Müəllif: