22 Yanvar 2016 16:06
1 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com mətbuat nümayəndələri arasında sorğu keçirib: “Azərbaycan musiqi tarixinin ən unudulmaz qrupları hansılarıdır?”

Səslənən fikirləri təqdim edirik.

Cəvahir Səlimqızı: “Zamanında Azərbaycanda adı tarixə düşən qurplar olub. Bu sırada “Qaya” və “Karvan” qrupunun adını çəkə bilərəm. Bu məşhur qruplar yalnız Azərbaycanda deyil, ölkə kənarında da çox populyar olub. Təbii ki, buna da səbəb fərqli ifa tərzi, səs diapazonu son dərəcə maraqlı repertuar və peşəkarlıq idi. Həm də onlar musiqi aləminə bir yenilik gətirmişdilər. Həmin mahnıları indi də xatırlayıram. Təəssüf ki, o qrupları əvəzləyəcək yeniləri yaranmadı. Bu gün fəaliyyət göstərən qruplar da var, amma onlar gündəmə hesablanan qruplardır. Ayaqları Biləcəridən o yana dəyməyib. Nisbətən maraqlı və peşəkar bir qrup var – “Bəri bax”. Amma onlar da publikanı ovsunlaya bilmir”.

Ümidə Həsənli: “Ağlım kəsəndən indiyədək yalnız və yeganə olaraq “Qaya” vokal qrupunun hər zaman yaşadığını görmüşəm. “Qaya”dan bir çox tanınmış sənətçilər çıxıb. Təəssüf ki, indi “Qaya”nın alternativi olan musiqi qrupu görmürəm. Düzdür, bu illər ərzində bir çox musiqi qrupları yarandı, yaranır və yaranacaq. Lakin heç biri “Qaya” kimi oldu. Bunun əsas səbəblərindən biri də “Qaya”nın dövlət statuslu olmasıdır. Digər yaranan qruplar kommersiya xarakteri daşıdığı üçün bir müddət, bəlkə də bir neçə il gündəmdə olur, sonra isə parçalanır. Müğənnilər kimi musiqi qrupları da əsasən toy biznesi üçün çalışır. Amma sənət və böyük auditoriya üçün ya işləyə bilmirlər, ya da gücləri çatmır. İlk yaranan “Şeron” qrupunun uzunömürlü olmasını istərdim. Amma təəssüf ki, onlar da iki yerə parçalandılar və heç biri birincinin yerini tuta bilmədi. Heyfsiləndiyim ikinci məqamsa Azərbaycanda qadınlardan ibarət “Qaya” qrupu kimi ansambl yoxdur. “Qaya” dövründə dahi cazmen Vaqif Mustafazadə “Sevil” vokal ansamblını yaratmışdı. Amma cazmenin ölümündən sonra bu qrup da uzun müddət yaşaya bilmədi. Hazırda da qadınlardan ibarət belə bir qrupun olmasını istərdim. İndiyədək xanımlardan ibarət ən məşhur qrup “W-trio” olub. Qrup artıq uzun illərdir ki, fəaliyyət göstərmir, lakin hələ də unudulmur. Bu qrup Azərbaycan estradasına gözəl adlar bəxş edib. Vaqif Gərayzadənin yenidən “W-trio”nu həyata qaytarmasını və hətta əvvəlkindən də məşhur olmasını arzulayıram. Qadınlardan ibarət digər qruplar da var, amma kommersiya xarakterlidir. ən əsası, qrupların uzunömürlü olmamasının və populyarlığını qoruyub saxlamamasının səbəblərindən biri də üzvlərin tez-tez dəyişməsidir. Bu təkcə Azərbaycanda deyil, xarici ölkələrin musiqi qruplarında da eyni hallar baş verir. Xaricdə də yaranan, sonra isə dağılan bir çox məşhur musiqi qrupları olub. Məsələn, “Bitls” kimi dünyaşöhrətli qrup da indi artıq tarixdə qalıb. Məncə, Rəşad Həşimovun yaratdığı “Rast” qrupu da tarixdə qalacaq. Sevda Ələkbərzadənin qrupda olduğu zamankı məşhurluğu indi olmasa da, belə bir qrup olduğunu hamı bilir”.

İntiqam Valehoğlu: “Azərbaycanda qrup deyəndə ilk ağıla gələn "Qaya" olur. Təbii ki, sualınızın birbaşa cavabı məhz "Qaya"dır. Ancaq "Karvan"ı da siyahıdan silmək olmaz. Xanımlardan ibarət "Sevil" vokal ansamblının da musiqi mədəniyyətimizdə öz yeri var. Hər halda, sadaladığım hər üç qrupun musiqi mədəniyyətimizə xidməti olmasaydı, bu gün heç mənim yadımda qalmazdı. İndiki qruplar haqda isə hər şey aydındır. Qrup üzvlərinin 90 faizinin küsəyən gəlinlər kimi çemodanı əlində olur. Azacıq narazılıq olan kimi ayrılırlar. Şübhəsiz ki, indiki qrupların uğurlu olmamasının bir səbəbi də maliyyədir. Məsələn, o vaxt "Sevil", "Karvan", yaxud "Qaya" qruplarının üzvləri fikirləşmirdilər ki, filan toydan min rubl qazandıq, hərəmizə filan qədər düşməlidir. Çünki qastrollar, konsertlər kifayət qədər idi və qrup üzvləri də normal dövlət maaşı alırdılar.

Rəvan Nasiroğlu: “Fikrimcə, mədəniyyətimizdə həm qalacaq, həm də nümunə göstərə biləcəyimiz qrup “Qaya” qrupudur. Əslində, təsadüfi şəkildə bir-birini Asəf Zeynallı adına musiqi məktəbində tanıyan Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisovetski “Qaya” qrupunu yaratmaqla milli musiqimizə böyük töhfələr verdi. Özüm caz musiqisini sevdiyim üçün onların oxuduğu mahnılar ruhumu dincəldir. Məncə, bu gün müasir qruplar yaranmamışdan öncə qrupdakı səslərə, seçdikləri mahnılara diqqət etməlidir. Bu gün bir çox müasir qruplar ancaq toylarda oxumaq üçün yarandığından ömrü uzun olmur və tərkibi tez-tez dəyişir”.

Aytən Alməmmədova: “Azərbaycan musiqi tarixində iz qoyan qruplar çoxdur. Amma mən müasir Azərbaycan musiqi tarixində böyük iz qoymuş iki qrupdan danışmaq istəyirəm. Fikrimcə, “Dəyirman” qrupunun oxuduğu replər uzun müddət unudulmayacaq. Çünki bu qrup vaxtında öz sözünü deyə bilib. Həm də onların repertuarı istənilən dövr üçün aktualdır. Qrupun ən uğurlu mahnılarından biri "Ya Qarabağ, Ya Ölüm" bu gün də dinlənilir. Maraqlıdır ki, illər keçsə də bu qrupun üzvləri bir-biri ilə hələ də dost münasibətini qoruyub saxlaya bilib. Üstəlik, oxuduğu hər mahnısı hitə çevrilən Miri Yusif də o qrupun nümayəndəsidir. “HOST” qrupunu isə bir növ onların ən layiqli davamçısı adlandırardım. Bu qrupun yaranmasına böyük hadisə desəm, yanılmaram. Onların yenicə fəaliyyətə başladığı illəri yaxşı xatırlayıram. Metroda, avtobusda gənclərin əksəriyyətinin qulaqcıqlarından “HOST” qrupunun treklərinin səsi gəlirdi. “HOST”-un unudulması qeyri-mümkündür. Çünki onlar passiv gənclərə etiraz ruhunu aşıladılar, lazım olan məqamlarda onlara haqqını tələb etməyi öyrətdilər. Üstəlik, şan-şöhrət üçün yazmırdılar. Onlar, əslində, insanların qəliblənmiş düşüncə tərzini rep vasitəsilə dəyişdirməyə çalışırdılar. Müəyyən qədər də buna nail oldular”.

Rəqsanə


Müəllif: