22 Yanvar 2016 18:15
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com müğənni Elnarə Xəlilova ilə müsahibəni təqdim edir:

– Elnarə xanım, sizi tez-tez tamaşalarda görürük. Bu gün də dəstək olmaq üçün Yuğ Teatrına gəlmisiniz…

– Mən bu sənətin qarşısında baş əyirəm. Baxmayaraq ki, özüm də səhnə adamıyam. Etiraf edirəm ki, tamaşaya baxmaq tamamilə başqa aləmdir. Konservatoriyada mənim sənət müəllimim xalq artisti Fuad Poladov olub. Az da olsa bu sənətdən xəbərim var. Tamaşa oynamaq və eyni zamanda səhnədə tamaşaçılarla təmasda olmaq çətindir. Mən onu edə bilmərəm. Onu da deyim ki, mən kino aktrisası ola bilərəm, ancaq teatr aktrisası yox. Çünki filmlərdə obraz alınmırsa, növbəti dublda çəkilə bilirsən. Amma tamaşada “obrazın alınmadı” söhbəti yoxdur, mütləq alınmalıdır

– Bu il yaradıcılıq planlarınızda nələr var?

– Yeni bir mahnı yazdıracam, adını da dollar qoyacam (gülür). Bu hadisədən əvvəl mahnı yazdırmağa başlamışam. Artıq hazır olmaq üzrədir. Xınayaxdı mahnısıdır. İndi xınayaxdı mərasimləri geniş yayılıb. Ona görə də xınayaxdı mahnısı ifa etdim. Mahnının adı "Nazlı pəri"dir. Bəstəsi Sevda Məmmədlinindir. Milli ruhlu bir mahnıdır.

– Hazırda müğənnilər toylarının olmamasından şikayətlənirlər. Necə düşünürsünüz, bu nəylə bağlıdır?

– Toyların olmamasına devalvasiyanın təsiri var. Mən özüm belə halla rastlaşdım. Tanışlardan toy etmək istəyənlər var idi, dollar qalxdı və şadlıq sarayları menyunun qiymətlərini qaldırdıqları üçün toyu təxirə saldılar. Əslində, millətimiz kökünə qayıtmalıdır. Çadır toyu eləməlidir. Gələn il ailə qurmağımızın 10 illiyini keçirməyi planlaşdırıram. Amma şadlıq sarayında deyil, həyat yoldaşımla məsləhətləşdik ki, hansısa açıq məkanda qeyd edək. Düşünürəm ki, bu halda israf da olmayacaq. Toylarımız çox dəbdəbəli keçir, masanın üzərində beş cür salat olur. Bütün yeməklər masada qalır, o da israf olunur. Başa düşürəm ki, qonaqpərvər xalqıq, qonağı yaxşı qarşılamaq istəyirik. Amma o qədər yeməyi evə aparası deyilik axı. Dədə Qorqudun vaxtından toylar çadırlarda keçirilirdi. Çadırda toy etmək eyib deyil. Bu bizim kökümüz, tariximizdir. Çadır olmasa da açıq bir məkanda toy etmək olar.

– Ali təhsilli xanımsınız. Bir neçə diplomunuz var. Bu sizi zamanla sənətdən uzaqlaşdırmırdı ki?

– Xeyr uzaqlaşdırmadı. Hər zaman gələcəyimi düşünürəm. Həyatda hər şey etməyi bacarıram. Mənə Janna dark, Tomris deyirlər. Hər vəziyyətdə çıxış yolu tapıram. Mən ailəmi saxlamaq üçün halal zəhmətimlə pul qazanmaqdan heç vaxt utanmaram. Ailəmi böyütmək üçün hər iş görə bilərəm. İki universitet bitirmişəm. Psixoloqam, xarici dil müəlliməsiyəm. Vokal müəllimi işləyə bilərəm. Elə bir vəziyyət yaşaya bilərik, başqa sənətimiz köməyimizə gələ bilər. Hazırda toylar azdır. Toyla, konsertlə pul qazanmaq olmur. Mən də cavanlaşmıram və yavaş-yavaş yaşlanmağa doğru gedirəm. Sabah hər şey ola bilər. Niyə pis vəziyyətdə qalmalıyam? Valideynlərim uşaqlıqdan məktəbdə, universitetdə yaxşı oxumağı aşılayıblar. Eyni tərbiyəni övladlarıma təbliğ edirəm ki, məktəbi yüksək qiymətlərlə bitirib, beş almalısınız. Universitetdə də yaxşı oxumalısınız ki, sabah yaxşı işlə təmin olunasınız.

– Elnarə xanım, kanallarlarda qadağa qoyulan müğənnilər sırasında sizin də adınız var...

– İnanırsınız ki, qadağaların sayını itirmişəm. Lider, ANS, ATV kanallarında müəyyən vaxtlarda qadağalarla rastlaşmışam. Amma bu qadağaların öhdəsindən üzüağ çıxdım. Çünki mən heç kimin haqqını yeməmişəm, haram tikə qazanmamışam, heç kimin ayağından çəkməmişəm. Mən ancaq gördüyüm işə görə haqqımı tələb edə bilərəm. Yəni gördüyüm iş müqabilində haqqımı tələb etmişəm, onun qarşılığını almayanda isə çıxıb getmişəm. Ona görə də kanallar mənə qarşı bu cür tədbir görürlər və qadağalar qoyurlar. Mənə ATV kanalı uzun illər qadağa qoydu, sonra gündə beş dəfə kanalın efirində veriliş apardım. O illərin əvəzini çıxdım. Mənim ATV, eləcə də, ANS və heç bir kanalla problemim yoxdur. Həmişə onlarla dost münasibətində olmuşam. Xırda işçisindən tutmuş rəhbərliyinə qədər hamısının hörmətini saxlamışam. Mən necə tərbiyə almışamsa elə davranmışam. Dediyim kimi müəyyən məqamlarda ola bilər ki, haqqımı tələb etmişəm, onlar da bu şəkildə tədbir görüblər. Amma vaxt keçib vəziyyət mənim xeyrimə dəyişib. Ümumiyyətlə, kin saxlamaq, konfliktə getmək, ədavət aparmağı sevmirəm. Əgər adam mənə bir addım gəlirsə, mən ona 10 addım gedirəm. Bu, mənim həyatımın devizidir. Ona görə də Allah mənə hər şey verib və hər şeydə qaydasındadır. Lider kanalı ilə də münasibətim yaxşıdır.

– Siz reper Elşad Xose ilə duet ifa edən vaxt çox şıltaq qız təsiri bağışlayırdınız..

– O zaman 23 yaşım var idi və şıltaq idim. Hazırda anayam. Qızımın 9 yaşı var. Mənə bu yaşdan sonra şıltaqlıq etmək ayıbdır. Elə bilməyin ki, qocalmışam. Üç uşaq anası özünü necə hiss edirsə, mən də özümü elə hiss edirəm. Bəlkə dördüncü uşaqdan, özümü arıqlatdıqdan sonra bir də fərqlilik etdim. Biz səhnə adamıyıq və obrazdan obraza girmək işimizdir.

– Hazırda ana olmağa hazırlaşırsınız. Beşinci dəfə – qəhrəman ana olmaq istərdinizmi?

– Xeyr düşünmürəm. Bu dəfə də oğlan anası olacam, inşallah. Amma qızım bu xəbərə görə mənimlə üç gün dava etdi ki, bacım olmayacaq. Ağlayırdı, inanırsınız ki, sakitləşdirə bilmirdik. Mən qardaşı neynirəm? Atam gördü ki, sakitləşmir dedi ki, mənim balam bu qardaşın olsun, ondan sonra bacın da olar. Məni elə bir vəziyyətə çatdırdı ki, həyat yoldaşım Rövşənə dedim ki, uşaq evindən qız götürmək şansımız varmı? Rövşən dedi ki, sənə nə olub, qəribə olmusan? Deyirəm ki, Burla bacı istəyir. Əslində, uşaq götürmək savabdır. Rövşənə Ancelina Colinin yeddinci dəfə uşaq götürdüyünü də dedim. O da dedi ki, Coli qədər pulum olsa bir uşaq evi saxlayaram. Hər ikimiz eləyik. Mənim o qədər pulum olsa bir uşaq deyil, uşaq evi saxlayaram. İnandırım ki, hər birinə bir dayə, müəllim tutaram və şəxsən qayğıları ilə məşğul olaram. Məndə uşaqlara məhəbbət böyükdür.

Rəqsanə


Müəllif: