27 Yanvar 2016 12:01
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun zamandır müzakirə mövzusuna çevrilən Yuğ Teatrının yerləşdiyi binadan köçürülməsi və yeni məkanla təmin olunması məsələsinə nəhayət ki, aydınlıq gətirildi.

Ötən gün Mədəniyyət və Turizm Nazirliyi teatrın taleyi ilə bağlı son qərarını verdi. Bundan sonra teatr fəaliyyətini Dövlət Kukla Teatrında davam etdirəcək. Nazirlikdən yayılan məlumata görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir: “Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət Yuğ Teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən Yuğ Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək”.

Ötən gün isə teatr öz doğma binasında (M.Muxtarov küçəsi, 83) sənət ocağının direktoru Tərlan Rəsulovun quruluşunda hazırlanan “Boy” tamaşası ilə sonuncu dəfə seyrçilərin qarşısına çıxıb. Tamaşada əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Könül Cəfərzadə iştirak edib. Xatırladaq ki, Yuğ Teatrı Vaqif İbrahimoğlu və Həsənağa Turabov tərəfindən 1989-cu ildə Akademik Milli Dram Teatrının nəzdində teatr studiyası kimi fəaliyyətə başlayıb, 1992-ci ildə teatr dövlət statusu adını alıb. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olub. Teatrla bağlı verilən qərarın Yuğ-un fəaliyyətinə necə təsir göstərəcəyini öyrənmək üçün suallarımızı teatrın direktoru Tərlan Rəsulova ünvanladıq.

- Tərlan bəy, teatrın Kukla Teatrına köçürüləcəyi qərarını necə qarşıladınız?

- Qərarı çox normal qarşıladıq. Yuğ Teatrı olaraq bizim heç bir teatrla problemimiz yoxdur. Kukla Teatrı bizə fəaliyyətimizi davam etdirmək üçün şərait yaradacaq. Onlar teatrın yuxarı zalını bizə verdilər. Biz də öz növbəmizdə Yuğ Teatrının estetikasına uyğun olaraq orada şərait yaradıb, tamaşalarımızın nümayişini davam etdirəcəyik.

- Belə çıxır ki, tamaşalar Kukla Teatrının səhnəsində nümayiş olunmayacaq.

- Xeyr, tamaşalarımızı o səhnədə göstərməyəcəyik. Tamaşalar yuxarı mərtəbədə yerləşən zalda nümayiş olunacaq.

- Bəs teatr tam olaraq nə zaman köçəcək?

- Artıq hazırlıqlar başlayıb. Çox yaxın zamanda köçəcəyik.

- Tərlan bəy, yəqin ki, sosial mediada bir müddətdir Yuğ Teatrının köçürülməsi, eləcə də binanın sökülməsi ilə bağlı başlanan etiraz şüarlarından xəbəriniz var. Hətta bu etirazlara qoşulmadığınıza görə teatrın rəhbərliyi, aktyorlar da tənqid olunur...

- Hər bir vətəndaşın söz azadlığı var. Yuğ Teatrı dövlət qurumu olmasaydı, başqa söhbət olardı... Amma faktiki Yuğ Teatrı dövlət qurumudur, Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan bir strukturdur və nazirlikdən gələn bütün əmrləri yerinə yetirməlidir. Necə ki, siz jurnalist kimi baş redaktorun tapşırdığı mövzunu işləməlisiniz, yazmaq istəməsəniz, ərizənizi yazıb işdən çıxmalısınız. Eləcə də Yuğ Teatrı...

Mən günlərlə bu mövzu ətrafında fikir bildirən hər kəsə minnətdaram. Ona görə minnətdaram ki, onlar fikirlərini bildirməyə özlərində cəsarət tapırlar. Ona görə minnətdaram ki, onlar mədəniyyət sahəsində baş verən hadisələrə biganə qalmayıblar. Və biz bununla Yuğ Teatrının pərəstişkarlarının, sevənlərinin, eləcə də teatrın təəssübünü çəkənlərin nə qədər çox olduğunu bir daha gördük. Bunu yalnız biz yox, hər kəs gördü. Onların mənəvi dəstəklərini yüksək qiymətləndirir, hamısına təşəkkür edirik. Amma bir daha demək istəyirik ki, Yuğ Teatrı yalnız binadan ibarət deyil, Yuğ özü-özlüyündə bir poetikadır, üslubdur. Bunu heç kəs dana bilməz, istər bizi sevənlər, istər bizə nifrət edənlər. İstənilən şəraitdə Yuğ Teatrı fəaliyyətini davam etdirəcək, hətta bu fəaliyyəti daha da genişləndirəcəyik. Mənə elə gəlir ki, bu növbəti sınaqdır və biz bu sınaqdan tamaşaçılarımızın, bizi sevənlərin sevincinə səbəb ola biləcək bir bacarıqla çıxacağıq.

Nərmin Muradova


Müəllif: