27 Yanvar 2016 17:12
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən günlərdə xalq artisti Aygün Kazımova ad gününü təntənəli şəkildə qeyd elədi. Onun ad günündə geyindiyi qırmızı libas sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmadı. Aygün Kazımova bu tənqidlərə reaksiyasını gecikdirmədi. O, instaqramda tənqid yazanlara ağır təhqirlə cavab verdi.

Teleqraf.com sənətçilərin sosial şəbəkədə tənqidi rəylərə münasibətini öyrənmək üçün sorğu keçirib. Maraqlıdır, onlar Aygün Kazımovanın bu münasibətini necə qarşılayıblar?

Səslənən fikirləri təqdim edirik:

Təranə Səmədova: “Sosial şəbəkədə təhqir yazan insanlar bloka atıb şərhini silmişəm. Aygün Kazımovanın rəyini oxuyanda mənə elə gəldi ki, bu sözləri o yazmayıb. Mən belə düşünürəm və başqa bir şey deyə bilmərəm. Mən özüm də Aygün Kazımovanın ad günündə iştirak etmişəm”.

Roza Zərgərli: “Bir müddət əvvəl mənim sosial şəbəkədə paylaşdığım fotoya görə sərt fikirlər bildirmişdilər. Mən də o, insanın yazdığı kobud sözlərə münasibət bildirdim. Sonra düşündüm ki, mən də “İnstagram”da çox müğənniləri və adi insanları izləyirəm. Nə isə xoşuma gəlməyəndə “like” etmirəm. O istifadəçi də görür ki, onun dostluğundayam və “like” etmirəmsə, deməli, bunu bəyənmirəm. Bununla kifayətlənirəm. Bəyəndiyim hər şeyi “like” edirəm və rəy yazıram. Ümumiyyətlə, kimsə məni təhqir edəndə düşünürəm ki, o, insanın tərbiyəsizliyidir. O, evində də öz əzizlərinə qarşı elə hərəkət edir. Ona görə də elə şeylərə reaksiya vermək lazım deyil. Xarici ulduzlar – Rihanna, Şakira şəkil paylaşan zaman normal münasibət bildirirlər. Bizim istifadəçilər isə sosial şəbəkədən düzgün istifadə edə bilmir. Elə düşünürlər ki, nə isə paylaşanda söymək, təhqir etmək lazımdır. Aygün Kazımovanın rəyi haqqında məlumatlı deyiləm, o barədə danışmaq da istəmirəm”.

Elariz Məmmədoğlu: “Sosial şəbəkədə elə şəkil paylaşmalısan ki, tənqid edilməyəsən. Gündəlik həyatda çəkdirdiyin normal fotoya heç kim pis reaksiya verməz. Amma xoşa gəlməyən foto paylaşanda əlbəttə ki, pis reaksiya verəcəklər. Sosial şəbəkədə nəyi paylaşmaq olar, nəyi olmaz, bunu bilmək lazımdır. Aygün Kazımovanın isə geyimini görməmişəm və rəyi haqqında da xəbərim yoxdur”.

Xuraman Şuşalı: “Məqsədəuyğun olmayan şərh yazan insanları bloka atıram. Bilirəm ki, bu insanın mənə qarşı kini var, məni sevmir. Şərhindən görürəm ki, bu adamın başında çatmır. Aygün xanımın libası və rəyi haqqında xəbərim yoxdur. Aygün Kazımova geyimi ilə həmişə insanları təəccübləndirib. O, səhnənin çılğını, şıltağıdır. Niyə tamaşaçılar onun insanları şoka salmasına adət etməyiblər? Başqa heç nə deyə bilmərəm, hər kəs özünə cavabdehdir”.

Rəqsanə


Müəllif: